Bu günlərdə dünya ermənilərinin misilsiz bir riyakarlıqla saxta “erməni soyqırımı”nı tarixi təhqiqat müstəvisindən çıxararaq siyasi qalmaqallar mövzusuna çevirməsi, təbii olaraq, bəşəri bəla olan erməni terrorizminin tarixi qaynaqlarını yada salır. Bununla da erməni təcavüzkarlığını türk dünyasının üzərinə yeriməyə şirnikləndirənlərin məkrli niyyətləri bir daha aydın olur. Əgər Roma Papasına, Avropa parlamentarilərinə həqiqət bu qədər əziz idisə, onda onlar hər şeydən əvvəl ermənilərin xaraba qoyduqları Qarabağdakı müdhiş mənzərələri, 1 milyon insanın öz vətənində qaçqın-köçkünə çevrilməsini, Xocalı adlı bir şəhərin dinc əhalisi ilə birlikdə məhv edilməsini görməli, ittiham etməli idilər.
Son günlər Avropanın siyasi olimpində erməni qaniçənləri üçün axıdılan lüzumsuz göz yaşları köhnə qitənin başbilənlərinin “ikili standartlar” səhnəsində öz əlaltılarının saxta ssenarilərini utanıb- çəkinmədən tamaşaya qoyduqlarını bir daha təsdiqlədi.
150-160 il əvvəldən başlayaraq dünyanın müxtəlif ölkələrində, onlarla paytaxt şəhərlərdə, kinoteatrlarda, hava limanlarında, təyyarələrdə, qatarlarda, gəmilərdə, metrolarda terror əməlləri törədən, “Böyük Ermənistan” naminə günahsız insanları amansızlıqla qətlə yetirən ermənilərin qəddarlıqları barədə tarixi sənədləri, mətbuatdakı məlumatları, qalaq-qalaq kitabları bir daha təhlil etdikdən sonra qətiyyətlə bu qənaətə gəlmək olur ki, dünyada siyasi və mütəşəkkil terrorizmin əsasını ermənilər qoymuşlar.
Tarixi hadisələri, əsl həqiqətləri, məlum faktları daim saxtalaşdıran, bütün beynəlxalq aləmə bəlli cinayətlərinin, insanlığa qarşı ağlasığmaz qəddarlıqlarının üstündən sükutla keçən, üstü açılanda isə, guya, uydurma olduğunu dünya ictimaiyyətinə sırımağa çalışan ermənilər özlərini “yazıq xalq” kimi qələmə verirlər. Bu başabəla toplum türklər tərəfindən soyqırımlara məruz qaldıqlarını bir daha bəyan etmək məqsədilə aprelin 24-də “soyqırımın 100 illiyi”ni dünya miqyasında hüznlə qeyd etməyə hazırlaşırlar. Bu bədnam dövlətin siyasətçiləri, tarixçiləri bir həqiqəti unudurlar ki, düzüb- qoşduqları bu soyqırımdan 50-60 il əvvəl dünyanın müxtəlif ölkələrində, şəhər və kəndlərində törətdikləri saysız- hesabsız cinayətlər, qəddarlıqlar barədə mətbuatda, dərsliklərdə, kitablarda kifayət qədər faktlar var.
Çar Rusiyasının siyasəti ilə Türkiyə, İran və Rusiyadan Azərbaycana köçürülən ermənilər torpaqlarımızda sığınacaq tapdıqdan az sonra yerli əhaliyə qarşı qəddarlıqlara başlamış, dinc qocalarımızı, cavanlarımızı, körpə balalarımızı güllələmiş, rast gəldikləri insanların başlarını qılıncla vurmuş, diri- diri gözlərini çıxarmış, şəhər və kəndlərimizi yandırmış, əsl soyqırım siyasətini planlı şəkildə zaman- zaman həyata keçirmişlər. Cinayətlərinin cəzasız qaldığından şirniklənən erməni quldurlar yerli azərbaycanlılara qarşı silahlı hücumları gücləndirməklə məskunlaşdıqları əraziləri daha da genişləndirmək qərarına gəlmişlər.
“Böyük Ermənistan” ideyası onların qəsbkarlıq iştahalarını gündən- günə artırmış, qanlı “şeytan əməlləri”ni həyata keçirməklə dünyanın müxtəlif məmləkətlərində, paytaxtlarında- Moskvada, Nyu- Yorkda, Parisdə, Romada, Ankarada, Londonda, Belqradda, Afinada, Marseldə, Lüksemburqda, Kislovodskda, Rostovda, Tiflisdə, Axalkələkdə, Bakıda, Sumqayıtda, Xocalıda partlayışlar törətmişlər. Kinoteatrlarda, hava limanlarında, təyyarələrdə, metrolarda, qatarlarda, gəmilərdə terror əməlləri ilə günahsız insanları- qadınları, qocaları, cavanları, uşaqları amansızlıqla qətlə yetirmişlər.
Bütün bunları – ermənilərin qəddarlıqlarına aid kitablardakı, qəzetlərdəki məlumatları, tarixi sənədləri oxuyandan sonra bu qənaətə gəlirsən ki, dünyada terrorizmin əsasını elə ermənilər 150-160 il əvvəl qoymuşlar. Onlar bədnam əməllərini həyata keçirmək üçün dünyanın müxtəlif yerlərinə səpələnərək adlarını gürcü, kürd, ərəb, türk, fransız, ispan, azərbaycanlı adları ilə dəyişməklə hər yerdə insanlara qarşı “klassik cinayətkarlıq” metodlarından bacardıqları qədər istifadə etmişlər.
Ermənilər bu əməllərinə haqq qazandırmaq üçün həmişə özlərini “azadlıq uğrunda mübarizlər” kimi göstərməyə çalışmışlar. Onların yaratdıqları bir çox təşkilatlar, adlarından asılı olmayaraq, ancaq terrorçuluq əməlləri ilə məşğul olmuşlar. Erməni ideoloqları isə qarşılarına qoyduqları bədnam niyyətlərinə çatmaq, törətdikləri qətllərə haqq qazandırmaq üçün dəridən- qabıqdan çıxmışlar.
1885-ci ildə Vanda yaradılmış “Armenikan” terrorçu bandası və onun “Qnçak” siyasi təşkilatı insanlığa qarşı vəhşilik, qəddarlıq əməllərini həyata keçirmək məqsədilə erməni millətçilərinin və həmfikirlərinin əlində güclü silaha çevrilmişdir. “Russkaya mısl” qəzeti 1907- ci ildə 342- ci nömrəsində erməni “Qnçak” təşkilatı haqqında belə yazırdı: “Bu partiyanın proqramının əsas məqsədi Rusiya, Türkiyə və İrandakı bütün erməniləri öz bayrağı altında birləşdirməklə “Böyük Ermənistan” yaratmaq idi”.
1886-cı ildə Cenevrədə Avetis Nazarbekyan, Maro Vardanyan, Qabriel Kafyan, Ruben Xanazatyan bu təşkilatın proqramının 4-cü bəndində qeyd edirdilər ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inqilabi hökumət təbliğatdan, təşviqatdan, terrorizmdən istifadə etməklə daha güclü, daha cəsarətli insanların yetişməsinə nail olmalıdır. “Qnçak”ın proqramının digər bir bəndində isə deyilirdi: “Hər hansı şəraitdə türkləri, kürdləri öldürmək məqsədinə xidmət edən ermənilər heç nəyi əsirgəməməli, heç nədən çəkinməməlidirlər”.
1885- ci ildə məşhur alman jurnalisti Vilhelm Libknext “Forvest” qəzetində erməni hərəkatını erməni terror təşkilatı fəaliyyətinin nəticəsi hesab edərək deyirdi ki, erməni təbliğatı müsəlman əhaliyə qarşı fəaliyyətini get- gedə gücləndirir. Tiflisdə çıxan “Mşak” erməni qəzeti müsəlmanlara məsləhət görürdü ki, doğma torpaqlarını tərk edib “Ərəbistan çöllərində” məskunlaşsınlar.
1890 -1892- ci illərdə erməni terror təşkilatı “Qnçak” 65 min silahsız müsəlmanı- türkləri və kürdləri məhv etmişdir. Məlum olmuşdur ki, bu təşkilat Türkiyə təbəəsi olan etnik ermənilərdən ibarət cəza dəstələri təşkil etmiş və onların əlləri ilə saysız- hesabsız qətllər törətmişdir. Həmin dəstələr qocaları, qadınları, uşaqları xüsusi qəddarlıqla öldürmüş, dindarların əl- ayağını bağlayaraq onları İslama aid əlyazmaların və nəşrlərin yandırıldığı alovun içinə atmışlar.
“Qnçak”dan 5 il sonra Tiflisdə Xristofor Mikaelyan, Simon Zaveryan və Stefan Zoryan tərəfindən yaradılmış “Daşnaksütyun” erməni ittifaqı öz sələfinin faşist əməllərini davam etdirməyə başlamışdır. “Daşnaksütyun”un tarixini tədqiq edən erməni Vardanyan bu təşkilatın məqsədinin əsas cəhətlərini ümumiləşdirərək yazırdı: “Daşnaksütyun” komitəsinin ən vacib şüarı hər hansı görünüşündən asılı olmayaraq, türkləri güllələmək və məhv etmək idi. Bu partiyanın yaratdığı “fədailər” - erməni kamikadzeləri günahsız insanları necə gəldi “Dənizdən dənizədək Böyük Ermənistan” naminə məhv etmək ideyasını yerinə yetirməli idilər".
“Daşnaksütyun”un ideoloqları yaşadıqları bölgələrdə “etnik təmizləmələr” aparmaq, ermənilərdən başqa digər millətlərin yaşamalarına yol verməmək barədə ssenari hazırlamışdılar. Daşnakçılar bədnam proqramlarını yerinə yetirmək üçün dünyanın müxtəlif yerlərində özlərinin terrorçu şəbəkələrini, təşkilatlarını planlı şəkildə yaradırdılar. Onların insanlığa qarşı cinayətləri və qəddarlıq əməlləri bu gün qətiyyətlə belə deməyə əsas verir ki, “Daşnaksütyun” beynəlxalq terror təşkilatı kimi yaranıb fəaliyyət göstərmişdir. Onun xələfləri 1894- cü ildə Türkiyənin Bitlis şəhərində yaradılmış terrorçu “Qnçak” təşkilatının “saqqalıları” Türkiyənin onlarla şəhərlərində saysız- hesabsız terror əməlləri ilə minlərlə silahsız, günahsız insanları qətlə yetirmiş, Azərbaycanın şəhər və kəndlərində, qəsəbələrində ağlasığmaz cinayətlər törətmişlər.
1895-ci ildə onların Nyu- Yorkda yaratdıqları “Erməni Vətənpərvər İttifaqı”nın qanlı tarixinə neçə- neçə cinayət əməlləri yazılmışdır. Bu təşkilat, necə olursa- olsun, “Böyük Ermənistan” ideyasının gerçəkləşməsinə nail olmağı qarşısına əsas məqsəd kimi qoymuşdur. Ermənilərin yaratdıqları partiyalar, təşkilatlar, dünyanın müxtəlif yerlərində saysız- hesabsız cinayət aktları törətmiş, bununla da beynəlxalq terrorizmin əsasını qoymuşlar.
Bu gün özlərinə qarşı “soyqırımı”n 100 illiyini qeyd etməyə hazırlaşan bədnam qonşularımız məlum həqiqətləri, törətdikləri cinayətlər barədə müxtəlif dillərdə yazılmış bir çox kitabları, saysız- hesabsız məqalələri, sənədli filmlərdəki təkzibedilməz faktları, sübutları görə-görə, 110 il bundan əvvəl azərbaycanlılara, türklərə, kürdlərə, ləzgilərə, yəhudilərə qarşı qəddarlıqlarını bu üsulla ört- basdır etməyə çalışırlar. Yəni: qara məni basınca, mən qaranı basım. Yaxud: adımı qoyum sənə-səni də qoyum yana-yana.
Ermənilərin “soyqırımı” haraynın açıq- aydın uydurma olduğunu, onların bu haqdakı yalanlarını ifşa etməyi qarşısına məqsəd qoyan, illərdən bəri beynəlxalq təşkilatlara saysız- hesabsız sənədlər çatdıran Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 1905.az saytını yaratmışdır. Bu saytda xalqımıza qarşı 110 il bundan əvvəl ermənilərin törətdiyi soyqırımın tarixi, ağlasığmaz faciələrin ictimai- tarixi kökləri, Qarabağ probleminin mahiyyəti, bu günümüzə və gələcəyimizə hesablanmış, insanlığa zidd siyasət, azərbaycanlıların illər boyu məruz qaldıqları faciələr barədə müxtəlif dillərdə ətraflı məlumatlar verilir.
Saytın “Ermənilərin gəlişi”, “Azərbaycanlıların soyqırımı”, “Erməni soyqırımı”, “Erməni dövləti”, “Azərbaycanlıların Ermənistandan deportasiyası”, “Ermənilərin Azərbaycana təcavüzü” və digər bölmələrində təkzibedilməz sənədlərin, xəritə və tarixi faktların dili ilə geniş məlumat verilir. Bu materiallarla hər gün yüzlərlə oxucu tanış olur.
Bu gün “ermənilərin soyqırımı” harayını, onların uydurmalarını, yalanlarını olmuş həqiqət kimi qələmə vermək cəhdlərini ifşa etmək, Papa I Fransiskin, Avropa parlamenti üzvlərinin erməni havadarlığının məqsədini beynəlxalq ictimaiyyətə sənəd- sübutlarla çatdırmaq dünyanın hər yerində yaşayan türklərin, soydaşlarımızın, bütün müsəlman aləminin müqəddəs borcu olmalıdır. Bu günlərdə hamılıqla etiraz səsimizi ucaltmalıyıq. Bunun üçün bütün imkanlardan yararlanmalı, tarixi sənədləri, canlı şahid ifadələrini dünyaya yaymalıyıq.
Ənvər QAFARLI,
AVCİYA-nın Ekspertlər Şurasının üzvü,
“Təfəkkür” Universitetinin professoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.