Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında uzun illərdən bəri davam edən mübarizə XX əsrin əvvəllərində kəskin ziddiyyətlər doğurmuşdu. 1871-ci ildə Prussiya kralı I Vilhelm Almaniya imperatoru elan olunduqdan sonra ölkə militarist siyasət yeritməyə başladı. Kansler Bismark Almaniyanın Avropada hegemonluğunu əsas məqsəd kimi qarşıya qoymuşdu. 1879-cu ildə Almaniya Fransa və Rusiya əleyhinə Avstriya – Macarıstanla gizli müqavilə imzaladı. 1882-ci ildə İtaliyanın onlara qoşulması ilə “Üçlər ittifaqı” yarandı. Müstəmləkə işğalına başlayan Almaniya artıq XX əsrin əvvəllərində sənaye istehsalına görə Avropada 1-ci yerə çıxmışdı. İnhisarlar dövləti dünyanı yenidən bölüşdürmək uğrunda müharibəyə təhrik edirdi.
İngiltərə – Almaniya münasibətlərinin kəskinləşməsi Böyük Britaniyanın Fransa və Rusiya ilə toqquşmalarını arxa plana sıxışdırdı. İngiltərə 1904-cü ildə Fransa ilə, 1907-ci ildə isə Rusiya ilə saziş bağladı. Bu sazişlər “Antanta bloku”nun yaranmasını rəsmiləşdirdi.
Almaniyanın hərbi-siyasi dairələri Böyük Britaniya, Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir hissəsini ələ keçirmək, Avstriya – Macarıstan isə Balkanlarda möhkəmlənmək niyyətində idi.
Böyük Britaniya da qarşıdakı müharibənin qaçılmaz olduğunu anlayır, bu yolla Almaniyanı zəiflədəcəklərinə, onun müstəmləkələrini zəbt edəcəklərinə, Osmanlı imperiyasını bölüşdürəcəklərinə ümid edirdi. Fransa da bu fikirdə idi. Fransızlar, eyni zamanda, 1870 – 1871-ci ildə Almaniya ilə müharibədə itirdikləri Elzas və Lotaringiyanı geri qaytarmağa çalışırdılar. Rusiya isə yaranmış vəziyyətdən bəhrələnərək Balkanlarda, Bosfor və Dardanel boğazlarında hökmranlıq etmək iddiasına düşmüşdü. Beləliklə, dünya o vaxta qədər misli-bərabəri olmayan qanlı bir savaş ərəfəsində idi. Milyonların həyatı, ölkələrin taleyi böyük dövlətlərin istilaçılıq siyasətinin girovuna çevrilmişdi. Müharibənin başlanması üçün bəhanə axtarılırdı.
Birinci dünya müharibəsi ərəfəsində Osmanlının Afrikadakı torpaqları İtaliya tərəfindən ələ keçirilmişdi, Balkanlarda və Rumelidə türk hakimiyyəti sona çatmışdı. Hətta iş o yerə gəlib çıxmışdı ki, bolqar orduları İstanbulu təhdid edirdi. Boğazlar və İstanbul təhlükəyə məruz qalmışdı. Həm “Antanta”, həm də “Üçlər ittifaqı” Osmanlı dövlətinə artıq ciddi qüvvə kimi baxmırdılar. Lakin Almaniya imperatoru Osmanlının Antanta qüvvələrinin bir qismini özünə cəlb edəcəyini nəzərə alaraq, onu “Üçlər ittifaqı”na qoşmağa çalışırdı.
I Dünya müharibəsi başlananda Balkan dövlətləri artıq iki yerə parçalanmışdı. Yunanıstan, Rumıniya və Serbiya “Antanta”ya sığınmışdı. Bolqarıstan isə sonralar “Üçlər ittifaqı”na qoşuldu.
İngiltərə və Fransa güclü Almaniyaya qarşı savaşda Rusiyanın insan potensialından, çoxsaylı ordusundan faydalanmaq üçün bu ölkəyə böyük miqdarda silah-sursat və digər ləvazimat göndərirdi. Alman strateqləri Qərb cəbhəsində savaş gedərkən Türkiyənin Rusiya hərbi qüvvələrinin böyük bir hissəsini Qərbdən yayındıracağını düşünürdülər. Odur ki, Almaniya Qərbdə düşməni məğlub edərək sonra Rusiya üzərinə yerimək niyyətində idi.
Osmanlı dövləti 18-ci yüzillikdən başlayaraq xeyli zəiflədiyindən, təbii ki, bu durum hərbi sahəyə də ciddi təsir göstərmişdi. 1912 – 1913-cü illərdə Balkan savaşında, nəinki oradakı torpaqlar əldən çıxmışdı, həm də ən yaxşı ordular çox ciddi itkilərə məruz qalmışdı.
Rusiya Osmanlı imperatorluğundakı vəziyyəti diqqətlə izləyir, yeni istilaçılıq planları hazırlayırdı. Xarici işlər naziri Sergey Sazonov ingilislər və fransızlarla görüşlərində Rusiyanın tələblərini açıq-aydın ifadə edirdi: müharibə qələbə ilə bitdikdən sonra İstanbul və boğazlar Rusiyanın olmalıdır.
Avstriya – Macarıstan ordusunun baş komandanı, taxt-tacın vəliəhdi Frans – Ferdinandın hərbi manevrlərdə iştirak edərkən Serbiyadan gəlmiş terrorçu Qavrilo Prinsip tərəfindən iyunun 28-də öldürülməsi militarist dairələri hərəkətə gətirdi. Elə həmin gün Avstriya — Macarıstan Serbiyaya müharibə elan etdi. Rusiya Serbiyanı müdafiə etmək, Balkanlarda nüfuz sahibinə çevrilmək niyyətilə səfərbərliyə başladı. Almaniya məqamın yetişdiyini zənn edərək avqustun 1-də Rusiyaya, avqustun 3-də isə Fransaya müharibə elan etdi. Avqustun 4-də Almaniyanın Belçikaya hücumuna cavab olaraq İngiltərə avqustun 5-də Almaniyaya müharibə elan etdi.
Beləliklə, şahzadə Frans–Ferdinandın ölümü dünya ağalığı, dünyanın yenidən bölüşdürülməsi uğrunda müharibənin başlanması üçün böyük dövlətlərin əlində bəhanəyə çevrildi. Ümumilikdə, 1,5 milyard əhalisi olan 39 ölkə (o cümlədən, Böyük Britaniyanın 4 dominionu və Hindistan) müharibəyə qoşuldu. Hərbi əməliyyatlar Avropa, Asiya və Afrikada, bütün okeanlarda, bir çox dənizlərdə aparılırdı. Quruda hərbi əməliyyatların başlıca cəbhəsi Qərbi Avropada Fransa, Şərqi Avropada Rusiya idi. Müharibəyə qoşulan dövlətlərdə 73,5 milyon nəfər səfərbərliyə alınmışdı.
1914-cü ildə Osmanlı dövlətinin “Üçlər ittifaqı”nın tərəfində müharibəyə qoşulmasından sonra oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Türkiyəyə müharibə elan etdi. Almanlar cəbhədə öz vəziyyətlərini yüngülləşdirmək, Fransa və Böyük Britaniya qüvvələrini digər cəbhələrə yönəltmək məqsədilə Osmanlı dövlətini inandırırdı ki, türklər Şimali Afrikada müqəddəs müharibə elan etsin. Almaniya bu halda müsəlmanların ingilisləri Misirdən, fransızları Afrikadan qovacağına ümid bəsləyirdi.
“Antanta” dövlətlərinin əsas məqsədi imperatorluğun paytaxtı İstanbulu və Çanaqqala boğazlarını zəbt etmək, bununla da Rusiyadan ərzaq və əsgəri yardım gətirilməsinə nail olmaq, Almaniyanın müttəfiqlərindən biri kimi, Osmanlı dövlətini müharibənin ilk aylarında sıradan çıxarmaq idi. Çanaqqala ilk hədəf kimi təsadüfi seçilməmişdi. 1914-cü ilin sentyabr ayında Birləşmiş Krallıqda Admirallığın birinci lordu Uinston Çörçillin Baş nazir Askvitə təqdim etdiyi planda donanmanın Çanaqqala boğazından keçərək İstanbulu ələ keçirməsi təklif olunurdu. Bu plana uyğun olaraq, Britaniya və Fransa gəmilərindən təşkil olunmuş donanma qüvvələri 1915-ci ilin fevralında boğaz istiqamətində geniş hücuma başladılar.
Osmanlı dövləti avqustun 2-də Almaniya ilə imzaladığı sazişi döyüş hazırlığı bitənədək gizli saxlamaq niyyətində idi. Bu sazişdən yalnız sədrəzəm və xarici işlər naziri Sait Halim Paşanın, hərbi nazir Ənvər Paşanın, Məclisi-Məbusan başqanı Xəlil bəyin, daxili işlər naziri Tələt Paşanın xəbəri vardı. Döyüş hazırlığı sona çatana kimi Osmanlı imperatorluğu neytral qaldığını nümayiş etdirmək məqsədilə özünün bitərəfliyini elan etdi.
Rusiya ordularının Qalisiyada uğurlu əməliyyatları almanları Qərb cəbhəsində çətin vəziyyətə saldı. Bu halda Almaniya Osmanlının müharibəyə girməsi ilə bağlı təzyiqləri artırdı. Almaniya hesab edirdi ki, türk ordularının Süveyş kanalına doğru hərəkəti və Qafqazda döyüşə başlaması Qalisiya cəbhəsində onun vəziyyətini yüngülləşdirəcək. Osmanlı dövlətini dərhal döyüşə başlamağa məcbur etmək üçün alman qərargahı planlar hazırlayırdı. Avqustun 4-də Almaniya Aralıq dənizi donanmasının komandanı admiral Vilhelm Souxona iki müasir və sürətli gəmi – “Goeben” və “Breslau” gəmiləri ilə İstanbula hərəkət etmək barədə şifrəli teleqram göndərildi. Doqquz gün dayanmadan irəliləyən gəmilər, nəhayət ki, avqustun 10-da Çanaqqala boğazına yetişdi. Alman baş komandanlığının nümayəndəsi baron Kress fon Kressentştayn Ənvər Paşadan gəmilərin dərhal boğazdan içəri buraxılmasını, ingilis gəmilərinin boğaza yaxınlaşacağı halda sahil batareyaları tərəfindən artilleriya atəşinə tutulmasını tələb etdi. Ənvər Paşa əvvəl buna əməl etmək istəməsə də, baron Kressenştaynın təkidindən sonra tələblər yerinə yetirildi. Lakin beynəlxalq sazişlərə uyğun olaraq, alman gəmiləri ya 24 saat müddətində Osmanlının ərazi sularını tərk etməli, ya da tərksilah edilməli idi. Vəziyyətdən çıxış yolu kimi qərara alındı ki, gəmilərin 80 milyon markaya Osmanlı dövləti tərəfindən satın alınması elan edilsin. Bundan sonra “Goeben” gəmisi “Yavuz”, “Breslau” isə “Midilli” adlandırıldı. Almaniya yaxşı bilirdi ki, bu iki gəminin Qara dənizə çıxması ilə Osmanlı dövləti Rusiya ilə müharibəyə məcbur olacaq.
Sentyabrın 10-da Mərmərə dənizində atış təlimləri və manevrlər başlandı. Osmanlı dövləti çətin duruma düşdü. Rus donanmasının gəmiləri Qara dənizdə İstanbula doğru hərəkətə gəldilər. İngilis və fransız gəmiləri isə digər tərəfdən Çanaqqala yaxınlığında mövqe tutdular. Ənvər Paşa Çanaqqalanın müdafiə hazırlıqları başa çatmadan, səfərbərlik yekunlaşmadan və Bolqarıstanla razılaşma olmadan gəmilərin Qara dənizə çıxmasının təhlükəli olduğunu bildirərək əməliyyatı bir qədər ləngitməyin tərəfdarı olsa da, admiral Souxonun komandanlığı altında gəmilər sentyabrın 29-da Qara dənizə girərək rus donanmasına məxsus gəmiləri, daha sonra Qara dənizin şimal sahilindəki Odessa, Sevastopol, Novorossiysk, Feodosiya limanlarını atəşə tutdular.
Müharibə şiddətlə alovlandı. Oktyabrın 1-də rus ordusu Qafqazdan keçərək Osmanlı torpaqlarına soxuldu. İngilis gəmiləri isə İzmirə, Qırmızı dənizdəki Akabe limanına hücum əmri aldı. İki ingilis, iki fransız gəmisi isə Çanaqqala boğazını atəşə tutdu. Osmanlı imperatorluğu ölüm-dirim savaşına cəlb olundu. Böyük dövlətlərin çoxdan gözlədiyi fürsət ələ keçmişdi. Çoxları Osmanlı dövlətini yağlı tikə kimi asanca həzm-rabedən keçirəcəyini düşünsə də, Qərb dövlətləri Osmanlıya qarşı tək hərəkətə keçməyə cəsarət etməmişdi. Türkləri Avropadan və Anadoludan vurub çıxararaq onun torpaqlarını bölüşdürmək arzusu çoxlarına rahatlıq vermirdi. Hələ XVIII əsrin əvvəllərində rus çarı I Pyotr vəsiyyətnaməsində tövsiyə edirdi ki, Hindistana və İstanbula mümkün qədər yaxınlaşmaq lazımdır. Buralara hökm edən şəxs dünyanın gerçək hökmdarı olacaq.
Napaleon Bonapart da eyni fikirdə idi: İstanbul bir açardır. İstanbula hakim olan dünyaya hökm edəcəkdir. Əsl məsələ də budur: İstanbula kim hakim olacaqdır? I Pyotrun və Napoleon Bonapartın nəvə-nəticələri belə hesab edirdilər ki, artıq məqam yetişib. Lakin səhv edirdilər. Görünür, türkün qüdrətinə yaxşı bələd deyildilər.
“Yavuz” və “Midilli”nin Rusiyanın Qara dəniz limanlarını bombalamasından sonra “Antanta” dövlətləri Osmanlıya etirazını bildirdi. Rusiyanın ardınca noyabrın 2-dən sonra İngiltərə, Fransa, Yaponiya, Belçika Osmanlı dövlətinə müharibə elan etdilər. Noyabrın 3-də Çanaqqala boğazını hədəfə almış ingilis donanması Seddulbahir və Qumqalanı bombalamağa başladı. Boğazın müdafiəsini gücləndirmək məqsədilə Albay Cavad Paşa müdafiə işlərinin rəhbəri təyin olundu.
Böyük dövlətlərin Osmanlı torpaqlarını bölüşdürmək niyyəti Yunanıstanı da şirnikləndirmişdi. Yunanıstanın Baş naziri Venizelos ölkəsinin də müharibəyə qatıla biləcəyini bəyan edərək bir plan hazırlayıb ingilislərə təqdim etmişdi. Yunanların şərtlərinin və gözləntilərinin həddən artıq olması ingilislərin bu planı rədd etməsinə səbəb oldu. Amma bu planda Bolqarıstanın da “Üçlər ittifaqı”na qarşı savaşa girməsi məsələsi qoyulmuşdu. Bu məqam ingilislərin ciddi marağına səbəb oldu. Çünki Almaniyanın Osmanlı dövləti ilə əlaqəsi məhz Bolqarıstan ərazisindən keçməklə mümkün idi. Osmanlıya göndərilən yardımın çatması Bolqarıstan dəmir yolu olmadan müşkülə çevrilirdi.
İngiltərə Baş nazirinin yanında keçirilən toplantıda dəniz işləri naziri Uinston Çörçill əsas qüvvələri Balkanlar üzərindən Osmanlının ən zəif nöqtələrinə, Çanaqqala boğazından keçməklə İstanbul üzərinə yeritməyi təklif etmişdi. Lakin sonrakı müzakirələrdə İngiltərənin müdafiə naziri cəbhədə Fransanın ağır vəziyyətə düşməsi üzündən Çanaqqalaya əlavə qoşun göndərilməsinə etiraz etdi. Fransa Baş komandanlığı da Qərb cəbhəsindən qoşunun başqa istiqamətlərə göndərilməsinə qarşı çıxdı.
Çörçill öz planından geri durmaq istəmirdi. 1915-ci il yanvanın 3-də o, Ağ dənizdəki admiral Qardenə boğazlara dəniz qüvvələri ilə hücum planını incələməyi tapşırdı. Qarden əlavə qüvvələr olmadan bu hücumun uğur qazanacağına inanmadığını bildirdi. Lakin yanvarın 13-də Yüksək Müdafiə Şurasının toplantısında Dəniz İşləri Nazirliyinə Çanaqqala boğazına yalnız donanma qüvvələri ilə hücuma icazə verildi.
Fransa hökuməti də admiral Queprattenin komandanlığı altında dördü zirehli, dördü sualtı olmaqla, 26 gəmidən ibarət bir donanmanı Çanaqqalaya göndərdi.
Birləşmiş Krallığın donanma komandanı Lord Fişer quru qoşunları tərəfindən dəstəklənmədən dəniz qüvvələrinin döyüşə girməsini “xətalı bir macəra” adlandırsa da, “Antanta” Dövlətlərinin Müharibə Şurası 1915-ci il yanvarın 28-də donanmanın hərəkət planını bəyəndi. Qısa hazırlıqdan sonra fevralın 19-da “Antanta”nın dəniz qüvvələrinə döyüş əmri verildi. Minatəmizləyən gəmilər boğaza doğru yolu açmağa başladı. Boğazlardan döyüşərək qısa bir zamanda keçəcəklərinə inanan “Antanta” qüvvələri sərt bir müqavimətlə rastlaşıb yanıldıqlarını anladılar. Vətən inancına və inamına sarılan türk əsgəri Çanaqqalada insan olmağın şərəfini anladırdı düşmənə.
Dünyanın ən yaxşı təchiz olunmuş və ən hazırlıqlı dəniz qüvvələrinə sahib olan ingilislər Fransanın dəstəyi ilə o vaxta qədər dənizlərdə görünməmiş bir qüvvə ilə Osmanlını məğlub edərək Süveyş kanalının və Hindistana gedən yolun təhlükəsizliyini təmin etmək üçün tezliklə Fələstini də ələ keçirəcəyini düşünürdü. Fransa Livan, Suriya və Kilikiyanı öz nəzarəti altına alacağı günü gözləyirdi. İtalyanlar özlərini Antalyanın sahibi kimi görürdülər. Qılınc və qələmlə yüz illər boyu tarix yazmış türkün nəyə qadir olduğunu yetərincə anlamışdılar onlar. Tarix boyu qanlı savaşlara şahidlik etmiş bu yerlər yenə müharibə alovuna bürünmüşdü. İki boğaz, sadəcə, Aralıq dənizini Qara dənizə, Avropanı Asiyaya bağlayan keçid deyildi. Dünya tarixi burada yenidən yazılacaqdı.
1915-ci il martın 15-nə qədər Antantaya məxsus gəmilər Çanaqqala yaxınlığındakı istehkamları güclü top atəşinə tutdular. Martın 18-nə qədər boğazın girişində Rumeli yaxasındakı Səddülbahir və Ərtoğrul, Anadolu yaxasındakı Kumqala və Orxaniyyə istehkamları çətin durumda idi. Boğaza giriş qapıları ciddi təhlükə qarşısında olsa da, sonra nələr olacağı məlum deyildi.Mart ayında admiral Qardenin yerinə təyin edilən admiral De Robek yeni planla gəlmişdi.
“Antanta”nın boğazın önündəki üç tümənindən birincisinə admiral Robek özü komandanlıq edirdi. “Queen Elizabet”, “Aqamemnon” və “Lord Nelson” döyüş gəmiləri və birinci tümən səhər tezdən boğazdan içəri keçdi. Onların əsas hədəfləri Məcidiyyə, Namazgah və Rumeli Həmidiyyə istehkamları idi. Şiddətli hücum ara vermirdi. Gəmilərə qədər məsafə uzaq olduğundan türk batareyalarının atəşi hədəfə çatmırdı. Birinci tümənin ardınca dörd fransız gəmisinin dəstəyi ilə hücuma keçən admiral Queprattenin komandanlığı altındakı ikinci tümən türk batareyalarının atəşinə baxmayaraq plan üzrə öz yerini tutdu. Az sonra üçüncü tümən də hərəkətə gələrək Rumeli Məsudiyyə və Yıldız istehkamlarını hədəfə aldı.
Rumeli Mərkəz və Rumeli Məcidiyyə istehkamları mərmi yağışı altında ağır itkilər verdi. İkinci və üçüncü tümənlər yaxınlaşaraq Namazgah və Rumeli Həmidiyyə istehkamlarını bombaladılar. Lakin gəmilər Anadolu Həmidiyyə istehkamının atəşi altına düşmüşdü. Lord De Robek ikinci tümənə geri çəkilmək əmri verdi. Gəmilərdən ikisi geri çəkilərkən gecə ikən “Nüsrət” mina gəmisinin düzdüyü minalara toxundu. Düşmən böyük itkiyə məruz qaldı.
“Antanta” donanması vahimə içində idi. İtkilər getdikcə artırdı. Döyüşün gedişi “quru qoşunlarının dəstəyi olmadan donanma uğur qazana bilməz” – deyə xəbərdarlıq edən Lord Fişerin haqlı olduğunu sübut etsə də, dəniz işləri naziri Çörçill və admiral De Robek uğursuz hücumları davam etdirir, yeni planlar hazırlayırdılar. Halbuki, savaşın nəticəsi çox ağır olmuşdu. İngilislərin “HMS Ocean”, “HMS İrresistible”, fransızların “Bouvet” döyüş gəmiləri batırılmış, fransızların “Suffren” və “Qaulois” gəmiləri ağır zədələr almışdı.
Donanma qüvvələri ilə nə Çanaqqala boğazını keçə, nə də İstanbula girə biləcəyini anlayan “Antanta” dövlətləri quruda əməliyyatlara qərar verdi. Çünki düşmən donanması gəmilərin artıq üçdən birini itirmişdi. Bir müddət sonra “Antanta”ya məxsus “Solgat” zirehli gəmisi türk gəmisi, “Triumf” və “Majestik” isə alman sualtı qayıqları tərəfindən batırıldı.
“Antanta” dəniz donanmalarına qarşı dənizdən dəstək almadan döyüşən qəhrəman türk topçularının şücaətinin misli-bərabəri yox idi. O qəhrəmanlardan biri Havranlı Seyid idi. Rumeli Məcidiyyə istehkamındakı əsgərlərdən 14 nəfəri şəhid olmuş, qalan 24 nəfər ağır yaralanmışdı. Ayaqda qalan tək topun da mərmi vinci pozulmuşdu. Aldığı ağır yaralardan sonra gözünü açıb özünə gələn Seyid onbaşı 275 kiloqramlıq top mərmisini təkbaşına qaldıraraq lüləyə vermiş, sərrast atəşlə “Okean” gəmisinə ağır zədə vurmuşdu. Bu top hazırda Hərbiyyədəki Əsgəri Muzeydə nümayiş olunur.
Quruda gedən döyüşlərdə uğur qazanmağa çalışan “Antanta” komandanlığı Gelibolu yarımadasına və Arıburnu cəbhəsinə beş tümən çıxardı, üstəlik, əlavə qüvvələr cəlb etmək üçün tədbirlər gördü.
Müttəfiq orduların quruda hücumu aprelin 28-də başlandı. Türklərin müdafiədə çətin anlar yaşadığı bir məqamda yarbəy Səbri bəy iki taburluq qüvvə ilə qəfil əks-hücuma keçərək müttəfiqlərin cəbhəsini yardı. Günün sonunadək türklərin itkisi 2380 nəfər, müttəfiqlərin itkisi isə 3000 nəfər idi.
Müttəfiqlərin ikinci hücumu mayın 8-nə planlaşdırılmışdı. Hücumun zərbə qüvvəsi sol cinahdakı ingilis birləşmələri idi. Şiddətli hücum güclü müqavimətlə üzləşdi. İkinci gün mərkəzdən, üçüncü gün yenə sol cinahdan başlayan hücumların qarşısı qəhrəmanlıqla alındı. Təpələrdən atəş açan türk toplarını nə qədər çalışsa da susdura bilməyən düşmən dayanmağa məcbur oldu. Böyük qüvvə ilə hücuma keçən rəqiblər üç gün ərzində 500 metr belə irəliləyə bilməmişdi. Türklər 2000, müttəfiqlər 6500 əsgər və zabit itirmişdi.
1915-ci il iyunun 4-də başlanan hücum zamanı fransız birlikləri sol, ingilislər isə sağ cinahdan türk səngərlərinə girmişdilər. Lakin ikinci topçu batareyasının komandanı Arif Tanyeri 150 nəfər əsgərlə irəli çıxıb cəbhənin yarılmasının qarşısını aldı. Arıburnu cəbhəsində yarbay Hasan Askerinin komandanlığı altında olan 9-cu türk tüməni hücuma keçərək xeyli irəliləməyə nail oldu. Türklər üçüncü Kirte döyüşündə 4500, müttəfiqlər 7500 nəfər itki verdi.
İyunun 6-na qədər olan hər üç hücum gözlənilən nəticəni vermədiyindən ingilis komandan H.Veston və fransız komandan Qouraund qərara aldılar ki, hücum bütün cəbhə boyu həyata keçirilməsin, daha əlverişli bir nöqtəyə yönəldilsin. Müttəfiqlər üç gün davam edən top atəşindən sonra iyunun 21-də hücuma keçərək birinci Kərəvizdərə döyüşündə hədəf aldıqları təpəni ələ keçirdilər.
Zığındərə və Qanlıdərə arasındakı bölgədə iyunun 26-28-də başlanan hücumlar zamanı türklərin ön xətdəki səngərlərində sağ qalan, demək olar ki, yox idi.
Müttəfiqlər bu uğurdan ruhlanaraq, daha şiddətli bir hücum planladılar. İyulun 12-də üç saatlıq artilleriya hazırlığı zamanı türklərin mövqeyinə 60 min mərmi yağdıran “Antanta” orduları ikinci Kərəvizdərə döyüşünə başladılar. Hazırlıq atəşindən sonra ingilislər heç kimin sağ qalmadığı ön xətti tutdular. Daha sonra üçüncü xəttə çıxmağı bacaran ingilislər türklərin əks-hücumu nəticəsində geri çəkildilər. İki günlük müharibədən sonra müttəfiqlər 5800, türklər 9700 əsgər və zabit itirdilər. İngilis birlikləri avqustun 6-da başlayan Kirte bağları döyüşündə də türklərin ön cəbhə xəttini tuta bilmişdilər.
Arıburnu cəbhəsində Anzak ordu qüvvələrinə qarşı türklər ordunun ehtiyatında olan 19-cu tüməni topçu batareyası ilə Conk Bayırına göndərdi. Bu tümənin komandanı yarbay Mustafa Kamal idi. 27-ci alay da onun tabeçiliyinə verilmişdi. Türklərin Arıburnu qüvvələri Mustafa Kamalın komandanlığı altında hücuma keçdi.
General Hamilton bu hücumu belə xatırlayırdı: “Hamilə dağlar türk doğmaqda davam edir. Bizim mövqelərimizin ən yüksək və ən mərkəzi yerinə bir-birini qovan dalğalar kimi gəlirlər”.
Bu hücumun sonunda Kılıcbayır və Cəsarəttəpə türklərin əlinə keçdi.
Avqustun 10-da Mustafa Kamal Kocaçimen Tepesi – Conk Bayırı xəttində, albay Ali Rızanın komandası altında olan 8-ci və yarbay Cəmil bəyin komandası altında olan 9-cu tümənlə birlikdə hücuma keçərək müttəfiqləri geriyə oturtdu.
Avqustun 12-də general Hamilton 54-cü tüməni Tekkettepə döyüşünə yeritsə də bu ordu türklərin ciddi müqavimətinə rast gəlib böyük itki verdi. Avqustun 15-də hücuma keçən yeni ingilis birləşmələri də bir gün sonra geriyə oturduldu.
“Antanta”nın qurudan hücumları türklərin ciddi müqaviməti ilə rastlaşıb gözlənilən nəticəni vermədi. Bunu görən Bolqarıstan oktyabrın 14-də “Üçlər ittifaqı”na qoşuldu. Bununla da Almaniya ilə Osmanlı dövləti arasında dəmir yolu əlaqəsi oktyabrın 29-dan işləməyə başladı. Üç gün sonra müttəfiqlər general Hamiltonu uğursuzluqda ittiham edərək vəzifədən çıxardılar. Onun yerinə təyin edilən general Monro noyabrın 3-də vəziyyəti təhlil edərək İngilis Yüksək Müdafiə Şurasına “Gelibolu boşaldılmalı, ordular buranı tərk etməlidir” təklifini verdi. Dekabrın 7-də belə bir qərar qəbul olundu. Arıburnu və Anafartalar cəbhələrindəki müttəfiq qüvvələri Selanik cəbhəsinə aparıldı. Seddülbahir cəbhəsindəki qoşun hissələri isə 27 dekabrda çıxarılmağa başladı. Bu proses 1916-cı il yanvarın 16-da sona çatdı. Beləliklə də Çanaqqala savaşı Osmanlı dövlətinin qələbəsi ilə nəticələndi.
Heç şübhəsiz ki, bu qələbənin çoxlu səbəbləri vardı. Amma, zənnimcə, əsas səbəb türkün kimliyidir, bu səbəb türkün daxilində gizlənmişdir. Onu görmək, duymaq, anlamaq heç də asan deyildir. Lord Bayron yazırdı: “Bir əsgər üçün mutluluk deyilən bir şey varsa, o da türklərlə çiyin-çiyinə savaşmaqdır. Sakit insanlardır, buğda yarmasından hazırlanmış şorba ən xoşladıqları yeməkləridir. Sağlıqsız bu içirdilər, çamur barınaklarında yatırdılar, fəqət ən modern silah və maşınlarla təchiz olunmuş düşmənlərinə qarşı aslanlar kimi vuruşurdular. Bu insanların qəlblərində, sadəcə və sadəcə, ülvi bir Vətən sevgisi vardır. Ölümə onlar qədər gülümsəyərək gedən bir millət heç görmədim”.
Çanaqqala zəfərinin səbəblərindən biri də bax budur, məncə.
* * *
Qulağımda bir türkü səslənir. Dinlədikcə göz yaşları boğur məni. Dünya gözümdə görünməz olur. Orada, çox uzaqlarda, uğrunda “uf” demədən, canımı belə verə biləcəyim torpaqlarda, Çanaqqalada savaş gedir. Göz qırpmadan ölümün üzərinə yeriyən qəhrəmanları görürəm. Türkün qəhrəmanlığını tərənnüm edən, varlığıma hakim kəsilən türkü məni yüz il əvvələ, Çanaqqalaya, ölümsüz qəhrəmanların yanına aparır. Ağı demir qəhrəman mehmetcik, Çanaqqala savaşının gerçəklərini anladır!
Çanaqqala içində
vurdular məni,
Ölmədən məzara
qoydular məni,
Of gəncliyimə eyvah!
* * *
Çanaqqala içində
aynalı çarşı,
Ana mən gedirəm
düşmənə qarşı,
Of gəncliyimə eyvah!
* * *
Çanaqqala içində
bir uzun selvi,
Kimimiz nişanlı,
kimimiz evli,
Of gəncliyimə eyvah!
* * *
Çanaqqala üstünü
duman bürüdü,
On üçüncü fırka
hərbə yürüdü,
Of gəncliyimə eyvah!
* * *
Çanaqqala içində
toplar quruldu,
Vay bizim uşaqlar
orda vuruldu,
Of gəncliyimə eyvah!
* * *
Çanaqqala içində
bir dolu testi,
Analar, babalar
umudu kəsdi,
Of gəncliyimə eyvah!
Dur, yolçu! Buradan belə keçə bilməzsən! Dünyanın ən qüdrətli orduları buradan keçə bilmədi. Çanaqqala keçilməzdir. Qəhrəman mehmetcik, arxada Vətən var, deyib sinəsini sipər etdi düşmən gülləsinə. Bu Vətən üçün, həyatımız üçün o mehmetciyə borcluyuz! Borcunu vermədən keçə bilməzsən! Necmettin Halil Onan hocamız bu gerçəkləri belə anladır:
Dur, yolçu! Bilmədən
gəlib basdığın
Bu torpaq, bir devrin
batdığı yerdir.
Əyil də qulaq ver,
bu səssiz yığın
Bir Vətən qəlbinin
atdığı yerdir.
* * *
Bu izsiz, kölgəsiz
yolun sonunda
Gördüyün bir tümsək
Anadolunda
İstiqlal uğrunda,
namus yolunda
Can verən Mehmetin
yatdığı yerdir.
* * *
Bu tümsək, qoparkən
böyük zəlzələ,
Son Vətən parçası
keçərkən ələ,
Mehmetin düşməni
boğduğu ələ
Mübarək qanını
qatdığı yerdir.
* * *
Düşün ki, haşrolan qan,
kemik, ətin
Yatdığı bu tümsək,
amansız, çətin
Bir hərbin sonunda,
bütün millətin
Hürriyyət zövqünü
daddığı yerdir.
Dur, yolçu! Buradan belə keçə bilməzsən! Sənə yaşam haqqı verən qəhrəman türk əsgərinə – mehmetciyə son borcunu ver! Sayğı duruşunda dayan! Ona Allahdan rəhmət dilə!
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.