Korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyi, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizənin aparılması hazırda dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Çünki korrupsiya demokratik proseslərin inkişafına əngəl yaradan, ölkədə narazılığa səbəb olan əsas amillərdən biridir. Dünyanı caynağına almış bu bəlaya qarşı qətiyyətli mübarizə aparmaq cəmiyyətdə gələcəyə olan inamı artırır. Korrupsiya və rüşvətxorluq hər bir cəmiyyəti daxildən sarsıdan ağır bir yara və xəstəlikdir.
Çox təəssüf ki, son illər korrupsiya və rüşvətxorluq həm də bir sıra dövlətlərin və beynəlxalq təşkilatların digər ölkələrə təzyiq vasitəsi kimi bir alətə də çevrilib. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması, dünya birliyində reytinqinin getdikcə yüksəlməsi və Cənubi Qafqazda lider dövlətə çevrilməsi bu inkişafı gözü götürməyən qüvvələrin qısqanclığına səbəb olub. Bəzi beynəlxalq qurumlar, xüsusilə, Avropanın, həmçinin ABŞ-ın ermənipərəst mövqeyi ilə seçilən ekspertləri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək üçün korrupsiya hallarından bir təzyiq vasitəsi kimi istifadə edərək haqqımızda mənfi rəy formalaşdırmağa çalışırlar. Halbuki, bu gün Avropada, elə ABŞ-ın özündə də korrupsiya və rüşvətxorluq elə bir həddə çatıb ki, artıq bunu ört-basdır edə bilmirlər.
SSRİ-nin süqutundan sonra özlərini haqq-ədalət və insan haqlarının müdafiəçisi kimi təqdim edən bir sıra beynəlxalq təşkilatlar müstəqillik əldə etmiş dövlətlərə ayaq açaraq, guya, bu ölkələrdə demokratiyanın inkişafına dəstək vermək istəyində olmuşlar. Hadisələrin gedişi göstərdi ki, əslində, həmin qurumların əsas məqsədi gənc müstəqil dövlətlərin sonrakı inkişafını öz mənafelərinə istiqamətləndirmək imiş. Bunu həmin təşkilatların Azərbaycan haqqında hazırlanmış qərəzli, böhtanla dolu və korrupsiya halları barədə qərəzli hesabatları da təsdiqlədi. Artıq beynəlxalq aləmə də bəlli idi ki, digər postovet dövlətləri ilə müqayisədə Azərbaycan daha sürətli inkişaf yoluna qədəm qoymuş və beynəlxalq aləmdə söz sahibinə çevrilmişdir.
Bəzi beynəlxalq təşkilatlar onların təmsil olunduqları ölkələrdən alqıqları böyük məbləğdə qrantlar hesabına ölkəmizə mütəmadi olaraq təzyiqlər edirlər. Belələri üçün haqsızlıq, ikili standartlar adi hala çevrilir. Təəssüf ki, “haqq-ədalət” tərəfdarı olan belə təşkilatlar kimlərinsə əlində alətə çevrildiyini ört-basdır edə bilmir, Avropa ölkələrində, həmçinin ABŞ-da baş verən korrupsiya hallarını görməzliyə vururlar. Avropa Şurasının GRECO antikorrupsiya təşkilatının yaydığı hesabat da məhz bu məqsədi daşıyır. Bu təşkilat da, digər qərəzli qurumlar kimi, ikili standartlarını gizlədə bilməyib. GRECO Azərbaycanda antikorrupsiya tədbirlərinin görüldüyünü, qısqanclıqla etiraf etsə də, yenə qərəzli mövqeyindən uzaqlaşmır. Bizə insan haqları, vətəndaş cəmiyyəti, korrupsiya və rüşvətxorluq barədə “dərs vermək” istəyən Avropa İttifaqı və ABŞ-ın özündə korrupsiya ilə mübarizənin hansı səviyyədə olmasına diqqət yetirək. Doğrudanmı, bu ölkələr sözügedən məsələdə böyük nailiyyətlər əldə ediblər və bu istiqamətdə qətiyyətli addımlar atırlar?
Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, bu gün korrupsiya ABŞ-ın ikinci böyük bəlasına çevrilib. Digər müstəqil dövlətlərə “demokratiya dərsi” keçmək istəyən bu ölkədə insan haqlarının ən elementar səviyyələrdə pozulmasından tutmuş, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, irqi ayrı-seçkilik, polis zorakılığı ciddi narazılıq yaradır. Son vaxtlar isə korrupsiya halları daha geniş sferada yayılıb. Bunu Birləşmiş Ştatların sadə vətəndaşları da gündəlik həyatlarında müşahidə edirlər. ABŞ-da sadə vətəndaşlar arasında aparılan rəy sorğuları göstərir ki, onlar bu ölkədə işsizlikdən sonra ikinci böyük bəla kimi korrupsiyanı görürlər. Rəyi soruşulanların 80 faizi belə hesab edir ki, ABŞ-ın hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb.
ABŞ-ın İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə, 30 milyon dollar pul topladığı aşkarlanıb. Bir il ərzində ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2 min 320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.
Bir neçə il əvvəl Birləşmiş Statların Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs edilmişlər. Belə faktlar saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Əslində, heç kəsdən heç nəyi gizlətmək olmur. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin verdikləri bir məlumatda bildirilir ki, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni İraqda neft sahəsində çalışan qohumlarına himayədarlıq edirmiş.
Nyu-Cersi ştatının senatoru, ermənipərəst siyasətçi Robert Menendez də məhz korrupsiyalaşdığına görə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, 14 maddə üzrə ittiham olunub.
Göründüyü kimi, əksər dünya dövlətlərini korrupsiyada qınayan, mütəmadi olaraq bundan bir vasitə kimi istifadə edən ABŞ-ın özü bu gün ölkədə baş alıb gedən korrupsiya hallarını gizlədə bilmir. Ölkəmizə qarşı irəli sürülən korrupsiya ittihamı indi, haqlı olaraq, ABŞ-a qarşı səsləndirilir. Virciniya ştatının sabiq qubernatoru Robert Makdonnel korrupsiya cinayətində ittiham edilərək 2 il həbs cəzasına və 2 il sınaq müddətinə məhkum edilib. “Röyters”ə istinadən yayılan xəbərə görə, respublikaçı Robert Makdonnel 2009-cu ildə ştatın qubernatoru vəzifəsinə seçilmişdi. Makdonnel və onun həyat yoldaşı qiymətli hədiyyələr və yerli sahibkarlardan böyük pul vəsaitləri almaqda ittiham olunublar.
Nyu-York Şəhər Assambleyasının spikeri Şeldon Silverin rüşvətxorluğu da bu ittihamlara əsas yaradıb. Sən demə, 70 yaşlı amerikalı parlamentari qanunsuz gəlirlərini gizlədirmiş. Nəhayət, bunun da üstü açılıb. Yerli mətbuatın verdiyi məlumata görə, araşdırma zamanı sabiq spikerin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya ilə gəlir əldə etdiyi müəyyənləşib. Məlum olub ki, son bir neçə il ərzində spikerin aldığı rüşvət 4 milyon dollardan çox olub.
Nyu-Yorkda baş verən korrupsiya və rüşvətxorluq halları, özü də bunun yüksək vəzifəli şəxslər tərəfindən baş verməsi insanların hakimiyyətə olan inamını azaldır, eyni zamanda, digərlərinin ifşa olunması ehtimalını da artırırdı. Bu həyəcanlı anlar hətta Ağ evə qədər gəlib çatmışdı. Axı, burada da 6 milyardlıq korrupsiya qalmaqalı yaranmışdı. Sonradan bu fakt ört-basdır edildi.
Bu hadisələrdən sonra ABŞ-ın tanınmış ictimai-siyasi xadimləri, bir faktı etiraf etmək məcburiyyətində qaldılar. Azərbaycana qarşı daim ədalətsiz mövqe nümayiş etdirən ABŞ-ın respublikamızdakı keçmiş səfiri Riçard Kozlariçin tvitter səhifəsində yazdıqları bu baxımdan diqqəti daha çox cəlb edir: “Deyəsən, Şeldon Silverin həbsi bizə baha başa gələcək, ağır siyasi nəticələrlə üzləşməli olacağıq. Biz də Azərbaycanı qınayırıq. Çətin ki, bundan sonra Azərbaycanı qınaya bilək”. Sabiq səfirin bu etirafı, əslində, ABŞ-da Azərbaycana qarşı “qara piar” kampaniyasının davam etdiyindən xəbər verir.
Azərbaycanı korrupsiya və rüşvətxorluqda ittiham edən Avropanın bir sıra ölkələrində bu sahədə baş verənlər daha çox diqqəti cəlb edir. Halbuki, bizi qınaq obyektinə çevirənlərin özləri Avropada korrupsiyaya başçılıq edirlər. Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatında qeyd olunur ki, Portuqaliya, İtaliya, Yunanıstan və İspaniya Avropada ən çox korrupsiya halları qeydə alınan ölkələrdir. Həmçinin bildirilir ki, bu ölkələrdə korrupsiya ilə mübarizə sistemində müəyyən boşluq mövcuddur. Yunanıstanda dəfələrlə korrupsiyaya qarşı mübarizə elan olunmasına baxmayaraq, ölkədə dövlət sektorunda çalışanların yalnız 2 faizi korrupsiya əməllərinə görə cəzalandırılıb. Portuqaliyada isə bu rəqəm 5 faiz təşkil edir.
İtaliyada korrupsiyanın həcmi rekord vurur. Bunu ölkənin Hesablama Palatası açıqlayıb. Qurumun yaydığı məlumatda bildirilir ki, ölkədə korrupsiyanın həcmi durmadan artır və ildə 60 milyard dollar təşkil edir. Hesablama Palatasının məlumatında bildirilir ki, korrupsiya halları ilə bağlı açılmış cinayət işlərində üst-üstə korrupsiya halları 75,2 milyon avronu ötüb. Məlumatda qeyd olunub ki, Avropadakı ümumi korrupsiyanın 50 faizi İtaliyanın payına düşür. İtaliyada 25 milyard avronun naməlum aqibəti ilə bağlı nəqliyyat naziri ittiham olunmuş, yüksək vəzifəli məmurlar həbs edilmişdir.
Fransa Prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıq ittihamı ilə dindirilməyə çağırıldıqdan sonra istefa verib. Fauzi bir ay ərzində Ollandın istefa verən ikinci yaxın silahdaşıdır. F.Lamdaui korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qeyri-qanuni gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilir. Ümumiyyətlə, Fransada korrupsiya təkcə siyasi dairələrlə məhdudlaşmır. Bunu bir sıra beynəlxalq təşkilatlar da təsdiqləyirlər. “Transparency International” qeyri-hökumət təşkilatının məlumatında Fransada korrupsiya ilə bağlı məhkəməyə gedib çıxmış 250 fakt öz əksini tapıb. Qeyd olunur ki, bu ölkədə korrupsiya təkcə siyasi dairələrlə məhdudlaşmır. İqtisadi, şəhərsalma, rabitə və idman sahələrində də korrupsiya hallarına vaxtaşırı rast gəlinir. Korrupsiya məsələsində Fransa son 10 ildə ən pis göstəricilərə malik olub.
Avropa ölkələrini qənaətcil olmağa səsləyən Avropa Mərkəzi Bankının özünün binasına 1,3 milyard avro pul xərclənib və külli miqdarda vəsaitin mənimsənilməsi faktı aşkarlanıb.
Almaniyanın “Bild” qəzetinin məlumatına görə, bu ölkədə həkimlər arasında korrupsiya halları getdikcə artmaqdadır. Araşdırma nəticəsində məlum olub ki, hər 4 alman həkimdən biri öz pasiyentlərindən əlavə haqq kimi pul alır. Həkimlərin əksəriyyəti düşünür ki, nəzarət və cəzalandırma tədbirləri zəif olduğundan, onların həbs edilmə ehtimalı çox azdır və pasiyentlərdən əlavə vəsait alarkən onlar özlərini təhlükəsiz hiss edirlər.
Göründüyü kimi, Avropanı və ABŞ-ı korrupsiya və rüşvətxorluq bürüdüyü hallarda bu ölkənin ekspertləri Azərbaycanda fakt axtarırlar. Halbuki, son illər Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə bir sıra beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdənin dedikləri də bunu təsdiqləyir: “Sabitlik üçün korrupsiyanın qarşısı alınmalıdır. Buna bütün ölkələr maraq göstərir. Ukrayna və Azərbaycan da daxil olmaqla korrupsiyanın aradan qaldırılması istiqamətində bəzi fəaliyyətlər var. Misal üçün, vətəndaşa elektron xidmət göstərmək sahəsində. Pasport və ya sürücülük vəsiqəsi alanların bu xidmətlərdən daha asan istifadəsi, korrupsiya ilə üzləşməməsi üçün xidmətlər mövcuddur. Azərbaycanda bu sahədə “ASAN xidmət” var”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.