Bu adam qitə miqyaslı beynəlxalq təşkilatın rəsmi təmsilçisi olduğuna görə, hər yerdə olduğu kimi, Azərbaycanda da hörmət və ehtiramla qarşılanır və dedikləri dinlənilirdi. Ancaq burnunu hər yerə soxaraq istənilən ölkənin daxili işlərinə qarışmağa cəhd etdiyinə görə hamının gözündən düşüb. Hadisələr göstərir ki, onun üçün Vətən və xalq kimi dəyərlər artıq tamamilə əhəmiyyətsiz bir məfhuma çevrilib.
Kütləvi informasiya vasitələrindən də oxuduğumuz kimi bir növ köçəri həyatı yaşayan bu adam öz xalqı və ölkəsi barədə nə isə düşünməyi qətiyyən ağlına gətirmir. Bəlkə də elə ona görədir ki, öz xalqına və dövlətinə xəyanət edən bütün xainlər onun gözünün işığıdır. Elə Azərbaycanın dövlət mənafelərini işğalçı Ermənistana satdığına görə ittiham olunan Yunuslar ailəsi kimi. Bu barədə başqa yazıda söz açacağıq. İndi isə sərlövhəyə çıxardığımız komissarın ikiüzlülüyü barədə danışaq.
“Azadlıq” radiosunun ermənicə yayılan “Radio Azatutyun” redaksiyasının əməkdaşı komissara sual verir ki, “Siz insan hüquqları üzrə Avropa komissarı kimi, 2008-ci ildə İrəvanda törədilmiş 1 mart faciəsinin nəticələrini nə zaman gündəliyə gətirəcəksiniz? Axı orada 10 adam öldürülmüş, çoxlu sayda deputat yaralanmış, onlarca müxalifətçi cəzalandırılmışdı”. Özünü mələk kimi göstərməyə çalışan komissar cavab verir ki, həmin hadisə yeddi il qabaq olduğuna görə bütün detallar haqqında dəqiq məlumat toplamaq çətindir. Biz indi dörd il həbs cəzası verilmiş 15 yaşlı nümayişçi Şagen Arutyunyan haqqında danışmalıyıq.
Aradan bir neçə həftə keçəndən sonra isə, həmin komissar Avropa Şurasının “CE” internet saytında verilmiş “Erməni-türk əlaqələrinin bərpası və insan hüquqları” adlı məqaləsində yüz il əvvəl olduğu güman edilən hadisələr barədə ürək ağrısı ilə söz açır. İndi buna deyən lazımdır ki, ay rəzil insan, yeddi il çoxdur, yoxsa yüz il? Yeddi il əvvəl İrəvanda tökülmüş qan haqqında danışa bilmirsənsə, 100 il əvvəl Anadoluda nələrin baş verdiyi barədə hansı üzlə söhbət açırsan?
Aprelin 18-də “novostink.ru” internet saytında həmin məqalə barədə ətraflı söhbət açılıb. Əslində, sülhə çağırmalı olan adam yazır: “Aprelin 24-də ermənilərin Osmanlı imperiyasında kütləvi qırılmasının, köçürülməsinin və dünyanın müxtəlif yerlərinə səpələnməsinin 100 ili tamam olur. Həmin hadisələr Anadoludakı ermənilərin, demək olar ki, tamamilə məhv edilməsi ilə nəticələnmişdi”. Daha bir sual yaranır: Əgər həmin illərdə Anadoludakı ermənilər tamamilə məhv edilmişdisə, onda ötən həftəyə qədər Türkiyə kimi qüdrətli dövlətin Baş nazirinin müşaviri vəzifəsində çalışmış Etyen Mahçupyan və onun kimi minlərlə vəzifə sahibi olan erməni haradan peyda oldu?
Yüz il əvvəlki “hadisələrə” qiymət vermək istəyən Avropa komissarı utanmadan, xəcalət çəkmədən bəyan edir ki, Osmanlı imperiyasının ölkə ərazisindəki erməniləri köçürməsi və onların əmlakının qarət edilməsi insan hüquqlarının kütləvi şəkildə pozulması idi. İndi dünya xəritəsində mövcud olmayan bir dövlətdə baş verdiyi söylənilən hadisələri insan hüquqlarının pozulması kimi qələmə verən komissar niyə anlamır ki, məhz həmin ermənilərin işğalçılıq və separatçılıq siyasətinin davamı olaraq 1988-ci ildən başlanan deportasiya, qarət və talanlar nəticəsində bir milyondan artıq azərbaycanlı bu gün Ermənistan ərazisindən və məhz sənin təmsil etdiyin Avropa Şurasının üzvü olan Azərbaycanın işğal edilmiş 20 faiz ərazilərindən didərgin salınıb. Hansı köçürmə haqqında danışmaq asandır - yüz il əvvəlki, yoxsa sənin də siyasətə qoşulduğun illərə təsadüf edən dövrdəki ? Əgər Avropada zərrəcə haqq-ədalət olsaydı, məhz bu ikiüzlülüklərə görə səni komissarlıqdan geri çağırardılar. Amma Avropa o gündədir ki, ona elə sənin kimi burnunu hər yerə soxmaqdan çəkinməyən sırtıq komissarlar lazımdır.
Yeri gəlmişkən, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa insan hüquqları komissarı Nils Mujineksin İntiqam Əliyevin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib ki, “əgər kimsə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti öyrənmək istəyirsə, ilk növbədə, erməni təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkündən başlamalıdır”. Deputat əlavə edib ki, əgər Azərbaycanda kimsə həbs edilirsə, deməli, bunun hansısa səbəbləri var, hansısa cinayət əməlinə yol verib: “Azərbaycan hüquqi dövlətdir, hər kəs qanun qarşısında bərabərdir və əgər kimsə cinayət əməlinə yol verirsə, qanun qarşısında cavab verməlidir. Bununla məşğul olan müvafiq dövlət qurumları var. Azərbaycanın Konstitusiyası var, beynəlxalq standartlara uyğun qanunları var və nə addım atılırsa, qanun çərçivəsində atılır. Hansısa beynəlxalq təşkilatların bu məsələləri müzakirə etməsi ölkənin daxili işinə qarışmaq deməkdir”.
Milli Məclisin deputatı Fəzail Ağamalı da Avropa insan hüquqları komissarı Nils Mujineksin İntiqam Əliyevin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətinə münasibət bildirərkən maraqlı fikirlər səsləndirib: “Nils Mujineks kimi adamlar Azərbaycanın inkişafından narahat olan müxtəlif qüvvələrin dirijorluğu ilə fəaliyyət göstərirlər. Onların məqsədi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirmək, Azərbaycanın güclənən mövqeyinə zərbə vurmaqdır. Burada, əlbəttə, müxtəlif ölkələrin, müəyyən dairələrin maraqları var. O dairələr Azərbaycanda öz maraqlarını təmin edə bilməyəndə müxtəlif təşkilatların bayrağı altında Azərbaycana qarşı təxribat hazırlamaq, iftira söyləmək, böhtan atmaqdan yorulmurlar. Nils Mujineksin dedikləri də həmin insanların növbəti addımıdır”.
Deputat sual edib ki, əgər bu insanlar hüquq müdafiəçisidirlərsə, niyə erməni təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün bir iş görmürlər? “Bu hərəkətlərin arxasında hansısa quvvələrə xidmət etmək niyyəti dayanır. Bu təşkilatların mahiyyəti ayrı-ayrı qüvvələrin, dövlətlərin Azərbaycana qarşı düşmənçilik münasibətinin ifadəsindən başqa bir şey deyil”.
Nils Mujineksin anormallığını göstərən daha bir fakt barədə isə Rusiyanın kütləvi informasiya vasitələrində oxuduq. “RİA Novosti” yazır ki, bir müddət əvvəl Rusiyada sürücülük vəsiqələrinin verilməsi haqqında yeni qaydalar qüvvəyə minib. Orada bir neçə kateqoriyadan olan adamlara (söhbət seksual azlıqlardan getdiyinə görə konkret ünvanları göstərmirik) adıçəkilən vəsiqələrin verilməsi məqsədəuyğun sayılmır və səbəbi də izah olunur. Ancaq Nils Mujineks burnunu oraya da uzadır və hökm edir ki, sürücülük vəsiqəsi hamıya verilməlidir. Doğrudur, Rusiya mətbuatı bu adama öz yerini göstərir. Amma, o öz yerində oturacaqmı?
Oturmaz. Çünki ona xüsusi tapşırıqlar verilib. Qərbin dediklərinə “ləbbeyk” söyləməyən istənilən ölkədə qaşınmayan yerdən qan çıxartmalısan. Geridə qalan illər göstərir ki, mister Nils bu işin həqiqi ustasıdır. Neyləsin, onun da çörəyi su bulandırmaqdan çıxır. Onun bulandırdığı su isə Qərb balıqçıları üçün təkcə su kimi deyil, həm də hava kimi lazımdır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.