Qərb demokratiyasının “anatomiyası”

Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində bir sıra Qərb dövlətlərinin və onların nəzarətində olan “Amnesty İnternatioanal”, “Human Rights Watch”, “Fridom Hause” və digər özünü dünyada insan hüquq və azadlıqlarının himayədarı kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının, habelə onların əlində alətə çevrilən yerli qrupların ölkəmizə  qarşı qarayaxma və şəratma kampaniyası xeyli intensivləşmişdir. Onların hamısının bir ümumi adı vardır — islamofob qüvvələr.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, “belə anda biz beynəlxalq islamofob qüvvələrlə üz-üzə gəlirik. Yəni antiazərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamofob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Məqsəd isə odur ki, müsəlman dünyasında onların təqdim etdiyi kimi, həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır — İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi, modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır”.

Bu reallıqlar fonunda baş verən bir fakt — Avropa Olimpiya Təşkilatının öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirməsi Azərbaycanın inkişafını həzm edə bilməyən həmin qüvvələrin yuxusuna haram qatmışdır. Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən bu qaragüruhçu  qüvvələr əvvəlcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli  məqsədlərini reallaşdırmaq istəyirlər. Həmin qüvvələrin reallaşma əmsalı sıfra bərabər olan məqsədi isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə qarşı təxribat törətməklə onun boykot edilməsinə nail olmaqdan ibarətdir. Xarici dairələr və yerli qruplar ölkəmizə qarşı təxribat xarakterli fəaliyyətlərini (özfəaliyyətlərini) ört-basdır etmək üçün ənənəvi “örtükdən” — “demokratiya pərdəsi”ndən istifadə edirlər.

Bu yerdə təbii sual yaranır: Niyə məhz demokratiya normalarına riayət edilməsi Qərb üçün bu və ya digər dövlətlə əməkdaşlığın qurulması üçün ilkin şərt olaraq irəli sürülür? Bu, Qərb üçün nədən bu qədər aktualdır? Əlbəttə, kimlərsə etiraz edib deyə bilərlər ki, Qərb bir çox hallarda ayrı-ayrı dövlətlərin demokratiya prinsiplərinə riayət etməməsinə göz yuma bilir. Hətta demokartiyanın parodiya şəklinə salındığı bir sıra monarxiya rejimləri ilə mənafeyi və maraqları nəzərə alındığı təqdirdə sıx tərəfdaşlıq münasibətləri də qurur. Lakin bu sferada proseslərin dalana dirəndiyi halda Qərbin demokratiyanın ixracı və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hərbi güc tətbiqi  praktikası da geniş yayılmışdır.  Məntiqləri də ilk baxışdan kifayət qədər cəlbedici təsir bağışlayır: “demokratik ölkələr bir-birləri ilə müharibə etmirlər”. Nəticədə biznes qazanır. Təhlükələr minimuma enir. Sabitlik hökm sürür. Əslində isə bütün bunlar Qərbin uydurduğu illüziyalardır. “Demokratiya oyunu”nun üst qatıdır. Alt qatda qılaflanmış mətləblər gizlənməkdədir. Bu yazıda həmin alt qatlara nüfuz edib, bəzi həqiqətlərə ayna tutmaq niyyətindəyik. Əvvəlcə, gəlin, araşdıraq görək Qərb üçün demokratiya nə deməkdir?  Cavab sadədir. Bu, ilk növbədə:

-müstəqil KİV, -QHT-lər üçün fəaliyyət azadlığı, -vətəndaş cəmiyyətinin inkişafı, -hakimiyyətin bölgüsü, -real hakimiyyət dəyişkənliyidir.

Bəs bütün bunlar Qərbin nəyinə lazımdır?

Ardıcıllığa əməl etməklə analiz edək.  Bunun üçün ilkin olaraq “müstəqil KİV nədir?” sualına cavab tapmağa çalışaq. Bu, dövlətə məxsus olmayan və onun tərəfindən nəzarət edilməyən KİV deməkdir. Məsələ ondadır ki, əgər KİV dövlətin nəzarətindən çıxıbsa, deməli, o, kiməsə məxsusdur və onun nəzarətindədir. Bəs dövlətə deyilsə, o, kimə məxsus ola bilər? Təbii ki, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən və böyük biznes imkanları olan beynəlxalq siyasi dairələrə. Nəticədə həmin dairələr, bir çox hallarda transmilli korporasiyalar hədəf seçdikləri ölkələrdə belə KİV-lər vasitəsilə ictimai fikri nəzarətdə saxlayır, onunla istədikləri kimi manipilyasiya edə bilirlər. Müstəqil adlandırdıqları KİV-lərin olmadığı təqdirdə isə həmin qüvvələr olkədaxili ictimai fikri nəzarətdə saxlaya bilmirlər. Deməli, bu qüvvələrin niyə demokratiyanın mühüm elementi kimi ilk növbədə müstəqil KİV-lərin mövcudluğunda maraqlı olmasının motivlərini başa düşmək elə də çətin deyildir.

Qərb niyə hədəf seçdiyi ölkələrdə QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla yanaşır? Əvvəla, onu qeyd edək ki, QHT-lər ilk növbədə öz ölkələrinin siyasətinə hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən edirlər. İstənilən təşkilatın fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsində maliyyələşmə imkanları ilə bağlı  məsələ həlledici rola malikdir. QHT-lər, isə adətən, fəaliyyət göstərdikləri ölkələrin hökumətlərindən maliyyələşmirlər. Onda bəs maliyyəni kimdən alırlar? Əsasən, xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri. Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən mahnını da sifariş edir. Zənnimizcə, Qərbin QHT-lərə belə canıyananlığının motivlərini əlavə şərh etməyə lüzum yoxdur.

Qərb, demokratiyanın vacib elementi olan vətəndaş cəmiyyətinın inkişafında maraqlı olduğunda israrlıdır. Bəs onun bu davranışının motivlərini necə izah etmək olar? Məlum olduğu kimi, bəhs edilən cəmiyyətdə rəsmi hakimiyyət ilə bağlılığı olmayan, lakin motivasiyalı vətəndaşlar qrupu iqtidarın mövqeyini bu və ya digər məsələlərlə bağlı dəyişmək üçün hüquqi təsir etmək mexanizmlərinə malik olurlar. Onların fəaliyyətləri “müstəqil  KİV”-lər tərəfindən informativ olaraq dəstəklənir, QHT-lər tərəfindən isə istiqamətlənir. Nəticədə xaricdən əldə edilən qrantlar hesabına fəaliyyət göstərən və maliyyələşdirildiyi mənbələrdən  asılı vəziyyətə salınan  vətəndaş cəmiyyəti institutları dövlətin işinə birbaşa müdaxilə etmək mexanizmlərinə malik olurlar. Bu reallıq Qərbin  təzyiq rıçaqları sırasında xüsusi mövqeyə malik “beşinci kalon” yaratmaq niyyətini həyata keçirmək üçün unikal şəraiti təmin etmiş olur.

Bəs Qərb niyə inkişaf etməkdə olan ölkələrdə hakimiyyətin bölğüsü prinsipinə bu qədər həssaslıqla yanaşır? Məlum olduğu kimi, hakimiyyətin bölgüsü onun müstəqil qolları arasında tarazlığın saxlanması anlamını özündə ehtiva edir. Elə bu səbəbdən də  Qərb demokratiyanın ixracı hesabına həmin vəziyyətin laxlamasında maraqlıdır. Bu məqsədi həyata keçirmək üçün isə “müstəqil” KİV, QHT və vətəndaş cəmiyyətinin  imkanlarından istifadə olunur. Nəticədə tarazlıq hakimiyyətin bu və ya digər qanadının xeyrinə pozulmuş olur. Başqa sözlə, “parçala, hökm sür” prinsipi  tam işlək vəziyyətə gətirilir. Bax elə buna görə də o, Qərbə lazımdır.

Nəhayət, Qərbin hakimiyyət dəyişikliyi prinsipinə xüsusi prioritet verməsinı nə ilə izah etmək olar? Cavab sadədir. Əslində, Qərb üçün  yuxarıda sadalanan mexanizmlər köməkçi funksiyanı yerinə yetirir. Əsas vəzifə məhz hakimiyyətin dəyişkən olması ilə bağlıdır. Yararsız hakimiyyəti yararlı, yararlını loyal, loyalı isə marionetka hakimiyyət ilə əvəz etmək. Bu halda sonuncunu əlcək kimi istifadə etmək və yenisi ilə əvəz etmək  prosesi adi məişət hadisəsi səviyyəsinə qədər ucuzlaşmalıdır.

Deməli, apardığıməz təhlillərdən belə bir nəticə hasil olur: Qərb üçün demokratiya bütün təbii sərvətlərdən daha vacibdir. Çünki demokratiya onun  üçün total nəzarət mexanizmidir. “Demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almış qüvvənin — Qərbin bu reallıq fonunda  neftin, qazın, tranzit yollarının, hərbi bazaların və s. öz-özünə ayaqları altına səriləcəyinə dair tükənməz inamı vardır. Qərbin müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübəsi bu inamın əsasında dayanan amildir.

Nəhayət, qeyd etdiyimiz kimi, Qərbdə geniş yayılmış və ilk baxışdan kifayət qədər cəlbedici görünən “Demokratik ölkələr bir-biri ilə müharibə aparmırlar” ifadəsinin alt qatında gizlənən mənanı diqqətdən qaçırmaq olmaz. Məna belədir: Qərb ölkələri demokratik ölkələrlə müharibə aparmırlar, çünki həmin ölkələri güc tətbiq etmədən nəzarətdə saxlamaq imkanına malikdirlər.

Kimsə belə bir nümunə gətirə bilərmi ki, Qərb dairələri hansısa ölkənin rəhbərliyini əhalisini ac-yalavac  saxladağına görə qeyri-legitim hesab edib? NATO-nun eyni səbəbdən hansısa ölkəni bombaladığının şahidi olmusunuzmu? Qərb dövlətlərinin korrupsiyanın tüğyan etdiyi dövlətlərə qarşı sanksiyalar  tətbiq etməsi ilə bağlı hər hansı bir informasiyaya rast gəlmisinizmi? Hansısa ölkədə işsizliyin dözülməz həddə çatmasına görə beynəlxalq birliyin ona qarşı müvafiq cəza mexanizmlərini işə salmasına dair fakt diqqətinizi cəlb edibmi? Yəqin ki, cavab birdir:yox. Bu qənaət həqiqəti ifadə edir. Digər həqiqət isə ondan ibarətdir ki, çağdaş dövrümüzdə  dünya hökmranlığına nail olmağın Qərb modeli könüllü-məcburi demokratikləşmədən və son variant olaraq hərbi güc tətbiqindən keçir. Müharibələr  indiki  reallıqlarda Qərb üçün olduqca bahalı “məşğuliyyətə” çevrildiyindən, daha ucuz məsrəfli demokratiya ixracı siyasəti optimal yol kimi qəbul olunur. Etiraz edərsənsə, “qoğalı” “qamçı” əvəzləyə bilər. Bu da Qərbin “demokratik” xəbərdarlığıdır.

Bu yerdə ABŞ-ın “qurucu ataları”ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün “Demokratiya — iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır... Təbii ki, bu halda ”demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu “hüquqları qorunmaqla”, “demokratik yolla” qurdların həzmi-rabiyyəsindən keçəcəkdir." Tomas Ceffersonun qənaətinə görə isə “ABŞ üçün ”azadlıq — yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir".

Bu məqamda klassik Azərbaycan şairi Qasım bəy Zakirin hələ XIX əsrdə qələmə aldığı “Özü lüm-lüm udur batində, əmma, zahirdə dediyi mənaya  bir bax” kimi böyük siyasi mənası olan misraları xatırlamaq yerinə düşər. Sanki böyük şairin “qəhrəmanları” təkcə bəzi üzdəniraq “bəy”lərimiz deyil, həm də bugünki Qərb demokratlarıdır. İnsan hüquqları və demokratiyadan dəm vuran, əslində isə, korrupsiya girdabına yuvarlanmış Qərb demokratları. Mətləbə keçək.

Bu, bir həqiqətdir ki, 2012-2014-cü il seçkiləri ABŞ tarixində ən bahalı  seçkilər hesab olunur. Onlar, əsasən, korporativ vəsaitlər hesabına reallaşdırılmışdır. Sual yaranır: Niyə Amerika kompaniyaları mühüm siyasi kampaniyalara belə böyük pullar xərcləməkdə maraqlıdır? Cavabı sadədir: Əvəzində bəzən 10 dəfə çox qazanc əldə edirlər. Axı necə? ABŞ-ın nüfuzlu Sunlight Foundation Fondunun hazırladığı hesabat bu suala tutarlı cavab verir. Hesabatda qeyd olunur ki, siyasi kampaniyaya qoyulan hər dollara görə, korporasiyalar  hökumətdən  biznesin inkişafına federal dəstək adı altında 760 dollar vəsait alırlar. Tədqiqatda  o da vurğulanır ki, 2007-2012-ci illərdə 200 ən böyük korporasiya-sponsor siyasətçilər üçün lobbi fəaliyyətinə və onların seçkiqabağı kampaniyalarına 5,8 milyard dollar vəsait xərcləsələr də, əvəzində federal hökumətdən 4,4 trilyon dollar vəsait almışlar. Müqayisə üçün qeyd edək ki, federal hökumət həmin müddətdə sosial ödənişlər hesabına yaşayan 50 milyon insana  cəmi 4,3 milyard dollar pul vəsaiti odəmişdir.

Hesabatda başqa bir vacib məsələyə də diqqət cəlb olunur və qeyd edilir ki, həmin 200 kompaniyanın 2008, 2010 və 2012-ci illərdə 2 prezident və 1 parlament seçkiləri dövründə əldə etdikləri 4,4 trilyon dollar, əslində, il ərzində bütün əhalinin ödədiyi vergilərin 2/3-nə bərabərdir. Hesabatda xatırladılır ki, vergilərin həcmi 6,5 trilyon dollar təşkil etmişdir.

Nüfuzlu beyin mərkəzinin tədqiqatında həmin korporasiyalar “daimi xoşbəxtlər dünyasının sakinləri” kimi təqdim olunur və qeyd edilir ki, onlar siyasi oyunları — hoqqabazlıqları hesabına Vaşınqtonda  kimin hakimiyyətdə olmasından asılı olmayaraq federal hökumətdən külli məbləğdə pul ala bilirlər. Bu yerdə necə deyərlər, “əl əli yuyar, əl də üzü” prinsipi tam gücü ilə işləyir.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsinin 2010-cu ildə qəbul etdiyi “Birləşmiş vətəndaşlar” haqqında qərarı korporativ pulların maneəsiz olaraq seçki prosesinin maliyyələşdirilməsi prosesinə daxil olmasına şərait yaratdı. 2012-ci il prezident seçkilərində bu reallıq öz təsdiqini tapdı. ABŞ-ın tanınmış Center for Responsive Politics təşkilatının yaydığı məlumatda qeyd olunur ki, 2012-ci il prezident seçkiləri bahalığı baxımından ABŞ tarixində unikal hadisə hesab oluna bilər. Seçkilərə rekord səviyyədə — 6,3 milyard dollar vəsait xərclənmişdir. 2014-cü ildə Konqresə aralıq seçkilərdə də maksimum səviyyədə xərc qeydə alınmışdır — 4 milyard dollar.

ABŞ Ali Məhkəməsinin iddiasına görə, federal seçkilərə korporativ  maliyyə dəstəyinin göstərilməsi “korrupsiyanın artmasına gətirib çıxartmır”. Lakin faktların sadəcə konstatasiyası fərqli reallığı üzə çıxarır. Haqqında bəhs etdiyimiz Sunlight Foundation Fondunun ABŞ Ali Məhkəməsinin məlum qərarı ilə bağlı apardığı tədqiqatlar əks reallığı ortaya çıxarmışdır. Məlum olmuşdur ki, 200 korporasiyadan 29-u seçki kampaniyasına maliyyə dəstəyi verdiyinə  və lobbi fəaliyyəti göstərdiyinə görə 1000 dəfə artıq gəlir əldə etmişdir. 102 kampaniyanın gəliri 10 dəfədən artıq olmuşdur. 138 kampaniya isə  bir neçə dəfə artıq  gəlir əldə etmişdir.

Məsələn,  hesabatda qeyd olunur ki, Lockheed Martin silah korporasiyası son prezident seçkilərinə 8,4 milyard dollar, lobbiçilik fəaliyyətinə isə 84,1 milyard dollar xərcləsə də, əvəzi olaraq hökumətdən biznesə yardım adı altında 332 milyard dollar vəsait almaqla bu “siyasi oyun”da hökumətin ən yaxın və ən böyük  tərəfdaşına çevrilmişdir. Bundan savayı, əczaçılıq kompaniyası olan McKesson və maliyyə idarəetməsi üzrə firma Carlyle Group da hökumətin leqal korrupsiya siyasətinin mühüm vəsilələrindən biri kimi özünü təsdiqləmişdir.

ABŞ-la bağlı digər böyük və leqal korrupsiya  faktı. 2008-ci ildə yaradılmış ABŞ hökuməti nəzdində Əfqanıstanın Bərpası üzrə Xüsusi Müfəttiş Xidmətinin (XMX) 2013-cü ilin 30 sentaybr tarixində yaydığı hesabatda təkzibedilməz faktlar və arqumentlər əsasında sübüt edilir ki, ABŞ-ın Əfqanıstanın iqtisadi bərpası ilə bağlı  son 12 ildə ayırdığı fantastik həddə olan 96,6 milyard dollar vəsaitin böyük bir hissəsi ünvanına çatmamışdır. Xərclənən vəsaitin nəticəsinin olmamasını da Əfqanıstanda bir acı həqiqət olaraq etiraf edirlər. Uruzqan əyalətindən Milli Assambleyanın yuxarı palatasının üzvü Hacı Əmənulla Əziminin fikrincə, “Şura hökuməti Əfqanıstana qoyduğu vəsaiti ağılla xərcləyirdi. Onun qurduğu Salanq keçidi indiyədək ölkənin əsas nəqliyyat arteriyası olaraq qalmaqdadır, Naqlu elektrik stansiyası isə bugünədək Kabulu və ətraf rayonları elektrik  enerjisi ilə təmin etməkdədir.ABŞ isə olduqca böyük pullar xərcləsə də, əslində, Şura hökumətinin həyata keçirdiyi layihələrlə müqayisədə son dərəcə uduzur.”

Müqayisə üçün qeyd edək ki, SSRİ-nin “beynəlmiləl borcu” yerinə yetirmək üçün Əfqanıstana göstərdiyi maddi dəstək müxtəlif hesablamalara görə, 15-30 milyard səviyyəsində olmuşdur.

Niyə ABŞ-ın Əfqanıstana ayırdığı olduqca böyük vəsaitin lazımi effekti yoxdur? Cavab sadədir. Bu, korrupsiya ilə bağlıdır. Qeyd etdiyimiz hökumət təşkilatının 240 səhifəlik hesabatı ilə tanışlıq belə bir qənaətə gəlməyə əsas verir.

Transparency İnternational təşkilatının tərtib etdiyi reytinqdə Şimali Koreya və Somali ilə birlikdə məhz Əfqanıstan dünyada ən çox korrupsiyaya uğramış dövlətlər sırasındadır. XMX-nin hesabatında isə qeyd edilir ki, Əfqanıstanda korrupsiya əməlində iştirakçılar siyahısında əfqanlar deyil, amerikalılar şəksiz liderdir.

Kabulda Pakistan səfirliyinin məsul işçisi olan İman Həsənin yaydığı məlumatda deyilir ki, “Barak Obama Administrasiyası Həmid Kərzayi hökumətinə qarşı antikorrupsiya siyasətinə başlasa da, dərk etmirlər ki, Əfqanıstana ayrılan ABŞ vəsaitinin yalnız 20 faizinə yerli hökumətin sərəncam vermək hüququ vardır, qalan 80 faiz vəsaitin taleyini isə ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Beynəlxalq İnkişaf  Üzrə Agentlik (USAİD) müəyyən edir. Həmin mənbənin məntiqincə, xərclənən külli miqdarda vəsaitin konkret nəticələri yoxdursa, bunun hesabını heç də əfqanlardan deyil, amerikalılardan soruşmaq lazımdır.

XMX-nin təkzibedilməz faktlarına əsasən, ABŞ-ın 2001-2006-cı illərdə Əfqanıstanda iqtisadi bərpa işlərinə “sərf etdiyi” vəsaitin əks olunduğu sənədlər müəmmalı şəkildə yox olmuşdur. Bu yerdə Əfqanıstan Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Xan Can Alakozayın fikirlərindən sitat gətirmək yerinə düşər: “Amerikalılar gələnədək əfqanlar  belə böyük miqyaslı korrupsiya ilə tanış deyildilər”. Onun fikrincə, məsələn, 100 milyon dollarlıq layihənin ən yaxşı halda 25 faizi təyinatı üzrə xərclənə bilər. Qalan 75 faizi isə ABŞ-ın müvafiq qurumları müxtəlif maxinasiyalar vasitəsilə mənimsəyirlər.

“Məsələ ondadır ki, ABŞ hökumətindən kontraktı yalnız bu olkədə qeydiyyatdan keçmiş kampaniya ala bilər”. Bu sözlər Əfqanıstanda Korrupsiya ilə Mübarizə İctimai Komitəsinin (İntegrity Watch Afganistan) sədri  Yam Torabiyə məxsusdur. Onun sözlərinə görə, ABŞ hökumətindən kontrakt alan kompanya ilkin məbləği azı 10 dəfə qaldırır. Əgər bir binanı 200 min dollara tikmək mümkündürsə, hökumətin qəyyumluq etdiyi kompaniya müqavilədə məbləğı 10 dəfə qaldırıb 2 milyon dollar göstərir. Bununla da məlum zəncirvari sxem üzrə “ötür-ötür” oyununa start verilir. Beləliklə, vəsaitin böyük bir hissəsi hətta Əfqanıstana gəlib çatmadan kimlərinsə, daha doğrusu, amerikalıların cibinə axır.

Başqa bir maraqlı fakt. Bir neçə il öncə, Əfqanıstanda xəstəxanalardan birinə ABŞ-dan dəyəri 41 milyon dollarlıq tibbi avadanlıq və medikament göndərilməli idi. Həkimlərin hesablamasından sonra məlum oldu ki, cəmisi 1 milyon dollar bu məqsəd üçün xərclənmişdir. Bu məsələnin araşdırılmasına yuxarıda adını qeyd etdiyimiz XMX-nın müdaxilə etməsindən sonra proses dalana dirəndi. Məlum oldu ki, ABŞ hərbçilərinin 6000 sənədi “itibdir”. Qəribədir, məhz bu “itən” sənədlərdə qalan 40 milyonun taleyi haqqında məlumatlar saxlanırmiş. Zənnimizcə, bu yerdə əlavə şərhə ehtiyac yoxdur. Necə deyərlər, “məsələdən benzin qoxusu gəlir”.

Qərbin bir parçası olan və demokratiyanın “beşiyi”  statusuna ABŞ-la bərabər şərik çıxan “qoca” Avropada korrupsiya sahəsində vəziyyət daha acınacaqlıdır.

Avropa İttifaqının antikorrupsiya agentliyi olan OLAF təşkilatının illik hesabatında qeyd olunur ki, iqtisadi birliyin 28 dövlətinin korrupsiya səbəbindən maliyyə itkiləri  hər il orta hesabla 323 milyard avro təşkil edir. Avropa Komissiyası strukturunda  Ədliyyə Baş Direktoratının rəhbəri Fransuaza Le Bay Avropa Parlamentində çıxışı zamanı bildirmişdir ki, Avropa İttifaqı ölkələrində korrupsiyanın real vəziyyətini qiymətləndirmək çox çətindir. Çünki, cinayətkar sxemin izi milli hökumətlərin kompetensiyası başladığı yerdə müəmmalı şəkildə  itir. Buna baxmayaraq, əlimizdə tam əsas var ki, söyləyək: korrupsiya milyonlarla avro ilə deyil, milyardlarla avro ilə ölçülür.

Le  Bay ilə bərabər  avropalı parlamentarilər qarşısında çıxış edən OLAF təşkilatının rəhbəri Covanni Kessler də açıq şəkildə etiraf etmişdir ki, Avropa fondları səviyyəsində baş verən korrupsiya cinayətləri praktiki olaraq təhqiq edilmir. Bu isə öz növbəsində Avropada korrupsiyanın yayılması üçün münbit şərait yaradır.

Göründüyü kimi, “qoca qitə”nin  nüfuzlu antikorrupsiya qurumları və onların rəhbərləri Avropada korrupsiyanın acınacaqlı vəziyyəti ilə bağlı faktiki olaraq həyəcan təbili çalırlar. Bu, reallıqdır. Bu yerdə böyük Avropa sərkərdəsi və dövlət xadimi Napoleon Bonapartın aşağıdakı fikirlərindən sitat gətirmək yerinə düşər: “Kimin nədə problemi varsa, ən çox elə ondan danışır”. Napoleon məntiqi bizə Qərbi düzgün anlamağa və nəticə çıxarmağa əlavə imkan yaradır.

Nəticəmiz isə sadə və məntiqidir. Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfıra bərabərdir. Səbəbi isə aydındır. Azərbaycanda belə ekpserimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə döğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir  fraqment, bir ləkə kimi qalacaqlar.

“Ziyanın yarısından qayıtmağın özü bir xeyirdir”- kəlamından çıxış edərək, Prezident İlham Əliyevin həmin antiazərbaycan qüvvələrə ünvanladığı olduqca ibrətamiz və xəbərdaredici fikirləri ilə yazıya yekun vururam: “Əlbəttə, antiazərbaycan qüvvələr bizə qarşı durmadan fəaliyyət göstərir. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.”

Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Siyasi Araşdırmalar
İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası
beynəlxalq əlaqələr komissiyasının katibi,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında