Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsi və dünya birliyinə inteqrasiyası artıq beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini Bakıda keçirməyə üstünlük verirlər. Son illər Bakı mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib. Bu da Azərbaycana olan inam və etibarın nəticəsidir. Belə nüfuzlu tədbirlərin respublikamızda keçirilməsi həm Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən amil, həm də dövlətimizin maraqlarını təmin edən faktdır.
Mütəmadi olaraq mədəniyyətlərarası və sivilizasiyalararsı dialoqların, həmçinin beynəlxalq humanitar forumların ölkəmizdə keçirilməsi Azərbaycanı dünyada sülhpərvər və humanist ənənələrə söykənən bir dövlət kimi tanıdıb. Təbii ki, gənc müstəqil bir dövlətin qısa vaxt ərzində beynəlxalq aləmdə söz sahibinə çevrilməsi ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin, eyni zamanda, antimilli dairələrin qısqanclığına səbəb olmalı idi. Ona görə də həmin qüvvələr Azərbaycana qarşı çirkli niyyətlərini həyata keçirmək üçün daim məqam axtarmış, necə deyərlər, pusquda dayanıb əlverişli fürsət yaranmasını gözləmişlər. Ölkəmizdə keçirilən ən böyük, beynəlxalq miqyaslı tədbirlərdən biri “Eurovision-2012” musiqi yarışması zamanı da bunun şahidi olduq. Ancaq həmin xəyanətkar qüvvələr çirkin niyyətlərinə nail ola bilmədilər. Bunun ardınca keçirilən müxtəlif beynəlxalq əhəmiyyətli tədbirləri, həmçinin 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı xüsusilə qeyd edilməlidir. Azərbaycan tarixində ilk dəfə dünya səviyyəli turnir təşkil edildi və bu, ölkəmiz üçün yeni təcrübə idi. Dünya çempionatının yüksək səviyyədə təşkili həm iştirakçılar və qonaqlar, həm də beynəlxalq futbol federasiyaları tərəfindən müsbət qiymətləndirildi.
Avropa Oyunları kimi mötəbər bir yarışın, həm də ilk dəfə gənc müstəqil bir dövlətdə keçirilməsi, şübhəsiz, iqtisadi qüdrətimizin və beynəlxalq aləmdə getdikcə artan reytinqimizin göstəricisidir. Əvvəla ona görə ki, bu, beynəlxalq idman qurumlarının, Avropa dövlətlərinin respublikamıza olan etibarının göstəricisidir. Bütün bu uğurlar antimilli qüvvələrin yuxusuna haram qatıb. Belə xəyanətkarlar və satqınlar min fitnə-fəsada əl ataraq, ölkəmizin ünvanına müxtəlif yalan və böhtanlar yağdırır və bununla da beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmağa çalışırlar. Belə qara piar fəallarından biri də Avropa insan haqları komissarı Nils Mujineksdir.
Beynəlxalq təşkilatın adından çıxış edən N. Mujineksin bu vəzifədəki fəaliyyətinə nəzər saldıqda açıq-aşkar məlum olur ki, o, erməni lobbisinin sifarişlərini yerinə yetirir. Əslində, o, muzdlu hüquq müdafiəçisidir. Çünki onun ”qayğısına qaldığı" özünün dediyi “repressiya qurbanları” ermənilərlə əlbir olub Azərbaycanda iğtişaşlar törətmək, qarşıdurma yaratmaq istəyən vətən xainləridir. N. Mujineks 2012, 2013, 2014-cü illərdə Azərbaycana səfər edib. Respublikamızda 3 dəfə olan “insan haqları komissarı” ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasını və bu işğal nəticəsində bir milyondan artıq soydaşımızın ata-baba yurdlarından didərgin salınaraq qaçqın və və məcburi köçkün vəziyyətinə düşmələrini “görməyib”. Onu yalnız Azərbaycanda özünü əxlaqsız kimi tanıdan Xədicə İsmayılovanın, ermənilərlə qohumluq əlaqələrini gizlətməyən və xalqımıza qarşı həmişə qisasçılıq mövqeyində olan Leyla və Arif Yunusların aqibəti maraqlandırıb. İnsanları öz məqalələri ilə təhqir edən, onlara şər-böhtan atan, şərəf və ləyaqətlərini alçaldan Xədicə İsmayılovanın müdafiəsinə qalxan Nils Mujineksin sərsəm fikirləri ictimaiyyət tərəfindən təəccüblə qarşılanmışdır. İnsan haqları komissarı Bakıda səfərdə olanda bildirmişdir ki, jurnalistin “təhqir etmək hüququ” tanınmalıdır. Onun deməsindən belə çıxırdı ki, Xədicə İsmayılova kimi istəsə təhqir edə bilər, ancaq şərəf və ləyaqəti alçaldılanlar öz hüquqlarını müdafiə edə bilməzlər. Bu da Avropa komissarının düşüncə tərzi. Üzdəniraq Avropa insan haqları komissarı Nils Mujineks Azərbaycanda I Avropa Oyunları ərəfəsində yenidən “insanların hüquqlarının müdafiəsinə” qalxıb. Ancaq bu dəfə də ermənilərin nökəri rolunda. Onun müdafiəsinə qalxdığı “repressiya qurbanları” kimlərdir? Təbii ki, ilk növbədə özü kimin ermənilərin nökərləri. Onları da Azərbaycanda hamı yaxşı tanıyır.
Avropa insan haqları komissarı N.Mujineks Leyla və Arif Yunuslarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Ümumiyyətlə, onun maraq dairəsində olanlar əsasən öz ölkəsinin inkişafını gözü götürməyənlər və xarici himayədarlarının sifarişləri ilə qarşıdurma, çaxnaşma yaratmaq istəyənlər və “siyasi məhbus” adı ilə alver edənlərdir. Görünür Leyla və Arif Yunuslar, Rəsul Cəfərov kimi üzdəniraq hüquq müdafiəçiləri “siyasi məhbus” alverindən qazandıqları pulları həzm-rabedən keçirərkən Avropa insan haqları komissarını da unutmamışlar. Yoxsa xəyanətkar hüquq müdafiəçiləri N.Mujineksin ofisində mütəmadi olaraq görüşüb “dəyərli məsləhətlər” almazdılar.
Son vaxtlar mətbuatın gündəmində olan məsələlərdən biri də özlərini “hüquq müdafiəçiləri” adlandıranların qaldırdığı haray-həşirlərlə bağlıdır. Belə saxta hüquq müdafiəçiləri öz mənafeləri uğrunda apardıqları mübarizəni cəmiyyətin maraqlarını qorumaq adı ilə təqdim etməyə çalışsalar da, bu yerdə “pişiyin quyruğu” görünür. “Quyruğu” görünənlərdən ikisi üzdəniraq hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar Azərbaycan ictimaiyyətinə çox yaxşı tanışdırlar. Onların kim olduğu və hansı məzhəbə xidmət etdikləri hamıya məlumdur. Mətbuata verdiyi açıqlamasında L.Yunusu ermənilərlə əlbir olmaqda ittiham edən politoloq Zərdüşt Əlizadə özünü ölkənin bir nömrəli “hüquq müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışan bu adamın həyat yoldaşının erməni olduğunu iddia etmişdi. O yazmışdı ki, görün, biz nə qədər tolerant ölkədə yaşayarıq ki, öz vətəndaşlarımızın hüquqlarını qorumağı ermənilərə etibar edirik.
Leyla Yunusun “siyasi məhbus” adı ilə alver etməsini onun həmkarları–hüquq müdafiəçiləri də təsdiq ediblər. Onlar Leyla Yunusu nəzərdə tutaraq deyirlər ki, bir çox hüquq müdafiəçiləri siyasi dustaqların hesabına yetərincə dividendlər qazanırlar. Onların bəziləri hədiyyələr alır, iş düzəldir, xeyir götürürlər”. L.Yunusun erməni sevgisi özünü hərdən bütün çılpaqlığı ilə büruzə verir. Xəyanətkar hüquq müdafiəçisi Ermənistana səfərlərinin birində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan düşmən ölkənin paytaxtında ən yaxşı halda xəyanət kimi dəyərləndirilə biləcək növbəti antimilli bəyanatını səsləndirmişdi: “Ermənistanda 2008-ci il martın 1-də baş verənlər təəccüblü deyil. Azərbaycanda 2003-cü ildə baş verənlər Ermənistanda 2008-ci il martın 1-də təkrarlanıb”(?!) Görəsən, L.Yunus bu sözləri işlətdiyinə görə erməni qayın-baldızlarından nə qədər pul qoparıb? Onun Yerevanda səsləndirdiyi fikirlər bilavasitə erməni təbliğatına işləməsi təəssüratını yaratmırdımı?
Azərbaycan işğala son qoyulacağı təqdirdə, Dağlıq Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizliyinə təminat verəcəyini dəfələrlə bəyan edib. Leyla Yunus isə hər dəfə Yerevanda çıxışında bildirir ki, “onun hüquqlarının pozulduğu bir ölkədə ermənilərin hüquqlarının qorunacağına zəmanət yoxdur”. Bu, həmin Leyla Yunusdur ki, Qarabağ müharibəsindən ikicə il sonra çıxıb efirdən dedi ki, “bəsdirin də, Qarabağda ölən azərbaycanlılar üçün ağladız, bir az da Qarabağda ölən ermənilər üçün ağlayın”.
Göründüyü kimi, adını “hüquq müdafiəçisi” qoymuş bir erməni törəməsinin mətbuatda qaldırdığı hay-küy əsassızdır və heç bir hüquqi çərçivəyə sığışmır. Onun bütün fəaliyyəti şəxsi ambisiyalar üzərində qurulub. Leyla Yunusun qəddar və qaniçən ermənilərə haqq qazandırması barədə saysız-hesabsız faktlar var. Belə bir xəyanətkarın müdafiəsinə qalxan N.Mujineksin məqsədi aydındır. Görünür, bu yolla o, erməni lobbisindən daha çox qopartmaq fikrindədir. Özü də ay yarımdan sonra Bakıda daha möhtəşəm bir beynəlxalq tədbirin – I Avropa Oyunlarının keçirilməsi ərəfəsində “insanların hüquqlarının müdafiəsdinə qalxması” onun erməni lobbisindən nə qədər pay alacağından xəbər verir. Üzdəniraq komissar bu hərəkəti ilə antiazərbaycan dairələr və erməni lobbisinin Azərbaycana qarşı “qara piar” kampaniyasına təkan verdiyini gizlətmir.
Ekspertlərin fikrincə Avropa insan haqları komissarı Nils Mujineksin Leyla və Arif Ynuslarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi onun məkrli niyyətinin bir hissəsidir. Bəs kimdir Nils Raymond Mujineks? Qoy oxucularımız da bu muzdlu komissarın kimliyi ilə yaxından tanış olsunlar. O, ABŞ-da latış siyasi mühacirləri ailəsində dünyaya göz açıb. 1990-cı illərin əvvəllərində Baltika ölkələrini Rusiyadan tam qoparmaq üçün bütün rəhbər siyasi postlara mühacir ailələrində doğulmuş Ameika vətəndaşlarının gətirilməsi əməliyyatı zamanı o da Latviyaya göndərilir. 1994-2000-ci illərdə Latviya İnsan Hüquqları və Etnik Tədqiqatlar Mərkəzinə rəhbərlik edir. Bu mərkəz Leyla Yunusun “Sülh və Demokratiya İnstutu”nun Qərb donorları ilə əsas əlaqələndiricilərindən biri idi. Hətta L. Yunusun institutundakı miqrasiya və konfliktologiya departamentinin (rəhbəri Arif Yunus) tədqiqatlarının adları belə N. Mujineksin imzası ilə çap olunmuş tədqiqatların adları ilə eyniyyət təşkil edir. Sanki bunlar eyni qələmdən çıxıb, sadəcə Mujineksin tədiqatlarındakı ruslarla bağlı məqamları A. Yunus ermənilərlə bağlı “faktlarla”, latqallarla bağlı məqamları isə Azərbaycanın etnik azlıqları ilə bağlı məqamlarla əvəzləyib. N. Mujineks 2002-2004-cü illərdə Latviyanın ictimai inteqrasiya naziri postunu tutub. 2010-2012-ci illərdə İrqçilik və dözümsüzlük əleyhinə Avropa Şurası komisiyasının rəhbəri, 2012-ci ildən Avropa Şurasının İnsan haqları üzrə komissarıdır. Azərbaycanla bağlı bəyanatlarda ölkəmizdə bütün “tərəfdaşlarının”( Leyla Yunus, Arif Yunus , İntiqam Əliyev) həbsdə olmalarının ona “əzab verdiyini” vurğulayır. Beləliklə də, adıçəkilən şəxsləri müdafiə etməsinin səbəbinin “tərəfdaşlarını itirməmək” istəyindən irəli gəldiyini etiraf edir.
N. Mujineks 2005-ci ildən Latviyanı Avropa Şurasında təmsil edir. Azərbaycan əleyhinə ilk müraciətini də məhz o vaxt edib. Leyla Yunusun xalq diplomatiyasını təqdir edən Mujineks nə Latviyanın inteqrasiya naziri, nə də Avropa ombudsmanı olarkən öz ölkəsində əhalinin tən yarısını təşkil edən şəxslərin hüquqlarının müdafiəsi yadına düşməyib. Latviyanın rusdilli əhalisi haqqında hələ də təhqiramiz “qeyri-vətəndaşlar”( rusca “neqrajdane”-qısa variantda “neqr”) ifadəsi işlədir. Xatırladaq ki, hüquqi nihilizmin təcəssümü olan bu yanaşma 1940-cı ildən üzü bəri Latviyada məskunlaşmış şəxslərə şamil edilir. Halbuki, qeyd etdiyimiz kimi 40-cı ildən sonrakı müddətdə Mujineks ailəsi ABŞ-a mühacirət edib vətəndaşlıq alıb, sonra yenidən Latviyaya qayıdıb və siyasi post tutub.
Mujineksin nə tədqiqatlarında, nə də nazir və ümumavropa ombudsmanı postunda olarkən Latviyanın latışlara qədərki köklü əhalisi: livlər və latqallar haqqında da ciddi bir açıqlamasına rast gəlmirik. Nə də onun Rusiya və Latviya arasında köhnə ədavəti kənara qoyub yeni münasibətlər başlamaq barədə çağırışlarını eşitmişik. Əvəzində o, Türkiyədə erməni azlığı, Ermənistan və Türkiyə cəmiyyətlərinin barışması, Türkiyənin “soyqırımı” etiraf etməsi, sərhədlərin açılması, ermənilər və azərbaycanlılar arasında “xalq diplomatiysı” kimi məsələlərə aid dəfələrlə çağırışlar edib. Ümumavropa ombudsmanı kimi Ermənistanla bağlı iradları da, adətən, gender balansına çağırışdan o yana keçmir. Sanki bu ölkənin monoetnik dövlətə çevrilməsi, buradakı sonuncu milli azlığın -yezidi kürdlərin ümumi kürd mədəni mühitindən təcrid edilib assimilyasiyaya uğraması, assimilyasiya olmayanların isə bu və ya digər yollarla deportasiyaya məcbur edilməsi problemi yoxdur.
Mujineks Ermənistan və Türkiyənin 8 QHT-sinin iştirakı ilə həyata keçirilən “Erməni-türk münasibətlərinin normallaşdırılması” layihəsinin əsas dəstəkçilərindən biri olduğunu da etiraf edir. Erməni işğalı, 1 milyon azərbaycanlının didərgin düşməsi kimi faktların üstündən sükutla adlayan Mujineks Ramil Səfərovun Azərbaycana ekstradasiya edilib azadlığa çıxmasına ermənilərdən də kəskin reaksiya verib. Belə erməni sevgisinin kökündə isə yenə Baltikyanı ölkələrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki siyasi tarixi durur. O zaman Sovet İttifaqının dağıdılması prosesi məhz oradakı “dissidentlər” və Qarabağdakı separatçılarla başlanmışdı. Dağlıq Qarabağdakı separatizm və Baltikyanı ölkələrin müstəqillik hərəkatı Sovet İttifaqının süqutunu sürətləndirən detanotor rolunu oynayırdı. Xalq cəbhələri, antirus nümayişləri əksər hallarda pribaltikalı emissarların təşkilatçılığı ilə baş tuturdu. O zamankı mərkəzi mətbuat Yerevan və Tbilisi mitinqlərinin, Ukrayna “Rux”unun təşkilatçıları sırasında pribaltikalı emissarların olduğunu iddia edirdi. Nədənsə, Sovet İttifaqını dağıtmaq qərarı vermiş dünya gücləri Ermənistana “demokratik”, Azərbaycana isə Sovet İttifaqının dağılmasını istəməyən “mühafizəkar” sovet respublikası rolu ayırmışdılar. Amma Baltikyanı ölkələr ilə hələ o zaman sıx işləyən fəallar da var idi. Məsələn, Leyla Yunus o zaman da Baltikyanı respublikaların qeyri-formal mediasının sevimlisi idi. 1991-ci ildə Çaykəndinin erməni silahlı qüvvələrindən azad edilməsinə etiraz əlaməti olaraq Azərbaycan və Ermənistan müxalifətinin “qardaşlaşması” da məhz Riqada baş tutmuşdu. Baltikyanı respublikaları antirusiya cəbhəsinin avanqardına çevirmək üçün ABŞ-dan göndərilmiş şəxslərdən olan Mujineks indi ümumavropa ombudsmanıdır. Onun əsas tərəfdaşlarından olan Dağlıq Qarabağ separatizminin başçıları indi Ermənistanda siyasi rəhbərlikdədir. Onun Azərbaycan üzrə “əsas tərəfdaşları”– Riqada ermənilərlə qardaşlaşma görüşünün, sonralar isə “xalq diplomatiyası”nın aktiv iştirakçıları, nəhayət ki, ifşa edilərək həbs olunublar.
Budur, Mujineks öz tərəfdaşlarını azad etmək üçün yenə də müraciətlə çıxış edir. Bütün bunlardan sonra Avropa insan haqları komissarının da erməni əlaltısı olmasına şübhə yeri qalmır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.