Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin göstəricisidir

Respublikamızın sürətli inkişaf yolunda inamla irəliləməsi beynəlxalq aləmin ölkəmizə olan marağını daha da artırır. Artıq Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə çoxalır. Dünyanın ən nüfuzlu təşkilatlarının öz tədbirlərini ölkəmizdə keçirmələrinin əsas səbəblərindən biri də məhz beynəlxalq birlikdə bizə olan inam və etimaddır. Son illər Bakının beynəlxalq humanitar forumların mərkəzinə çevrilməsi onu göstərir ki, Azərbaycanın beynəlxalq tribunalardan səsləndirdiyi tezislərin, fikirlərin, təşəbbüslərin hər biri öz təsdiqini tapır.

Ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoqlarda iştirak edən qonaqlar bütün dünyada tanınmış və beynəlxalq arenada böyük nüfuza malik olan şəxslərdir. Bu, Azərbaycanın artıq mədəniyyətlərarası dialoq məkanına çevrilməsindən xəbər verir. Bu gün respublikamız dünyada dəstəklədiyi multikulturalizmin real icraedicisidir. Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər multikulturalizm dəyərlərini həyata keçirən və bu dəyərləri təşviq, təbliğ edən ölkəyə çevrilməyimizdən xəbər verir. Təbii ki, mədəniyyətlərarası dialoqların, humanitar forumların Bakıda keçirilməsi və belə tədbirlərə ev sahibliyi etməyimiz, Azərbaycanın ciddi və çoxşaxəli xarici siyasət gündəliyinin zənginliyini ortaya qoyur.

Mədəniyyətlərarasl dialoqun Bakıda keçirilməsi zamanı dünyanın bütün qitələrindən gəlmiş lider və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, parlamentarilər və diplomatlar, yerli hakimiyyət orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatları, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət ekspertləri və tanınmış ziyalılar iştirak edirlər. Həmin dialoq bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biridir. Çünki bu forumda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır.

Son illər mədəniyyətlərarası dialoqların Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. Bunu dünyanın tanınmış ekspertləri, diplomatları, habelə mədəniyyət xadimləri də təsdiqləyirlər. Məsələn, UNESCO-nun baş direktoru İrina Bokova mədəniyyyətlərarası dialoqların Azərbaycanda keçirilməsini yüksək dəyərləndirərək demişdir: “Belə forumların Azərbaycanda keçirilməsi təsadüfi deyil, çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır”.

Bu beynəlxalq tədbirlər universal xarakter daşıdığına görə həm də sülhün, mədəni anlaşmanın, yoxsulluğun aradan qaldırılmasının hərəkətverici amilinə çevrilir. Onu da qeyd edək ki, belə tədbirlərin keçirilməsində təşkilatçılıq missiyasını yerinə yetirmək bir o qədər də asan məsələ deyil. İlk növbədə iqtisadi qüdrətə malik, ictimai-siyasi sabitliyi davamlı və “xalq-hakimiyyət” sıx vəhdəti olan ölkələr belə nüfuzlu tədbirləri keçirməyə qadirdilər. Azərbaycanda isə mədəniyyətlərarası dialoqun keçirilməsi artıq ənənə halını alıb. Yaxın keçmişə nəzər salsaq, bir daha şahidi olarıq ki, ölkəmizdə möhtəşəm bir tədbir—Dünya dini liderlərinin Bakı Sammiti keçirilmiş, 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi etmişdir. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul olunmuşdur. 2009-cu il Bakı “İslam Mədəniyyətinin paytaxtı” elan olunmuş, həmin il İKT-yə üzv dövlətlərin, eləcə də Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. Belə əhəmiyyətli tədbirlərin keçirilməsi üçün respublikamızda əlverişli mühit mövcuddur. Onu da qeyd edək ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır. Respublikamıza gələn qonaqlar ölkədə hökm sürən yüksək tolerantlıq mühitini ilk təmasdan hiss edirlər. Bakıda yanaşı yerləşən müsəlman məscidi, katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm nəticəsidir.

Son illər ölkəmizdə keçirilən humanitar forumlar və sivilizasiyalarası dialoqların sayaının getdikcə artması Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatların, eləcə də dünya birliyinin etimadını qazanmasaından xəbər verir. Siyasi, iqtisadi, idman, mədəniyyətlə bağlı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

Bir neçə il əvvəl Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Krans Montana Forumu da beynəlxalq aləmin də diqqət mərkəzində olmuşdur. Həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişlər. İyirmi üçüncü dəfə keçirilən tədbirdə Gürcüstanın, keçmiş Yuqoslaviya Respublikasının, Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri iştirak etmişlər. Onu da qeyd edək ki, bu qurum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik forum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - “Prix De La Fondation” mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Bu mötəbər qurumun forumunun Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzundan, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsindən irəli gəlmişdir.

 Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoqları yüksək qiymətləndirmişdir. O, tədbir üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş, Azərbaycanın dünyada və regionda xüsusi əhəmiyyət kəsb edən bir dövlətə çevrildiyini vurğulamışdır: “Ölkəniz həm sosial, həm mədəni, həm də humanitar sahələrdə get-gedə dünyaya daha çox açılır. Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji təchizatçılarından biridir. Cənab Prezident, mən bildirirəm ki, bu, Sizin fəaliyyətiniz sayəsində hasilə gələn işlərdir. Buna görə də biz Sizə minnətdarıq. Böyük hörmət və iftixarla mən burada birinci xanımı salamlayıram. Biz bilirik ki, Heydər Əliyev Fondu çox iş görür, həmçinin müxtəlif təhsil, mədəniyyət ocaqlarında yeniliklər həyata keçirir”. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilməsini iqtisadi qüdrətimizin artması və ölkədə ictimai-siyasi sabitliyin davamlı olması ilə əlaqələndirmişdir: “Azərbaycan, Bakı siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi, formalaşdığı yerlərdən birinə çevrilibdir. Azərbaycan, Bakı artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi məkanına çevrilmişdir. Məhz buna görə, çox şadıq. Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir. Ona görə ki, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olmuşdur. Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririk və bunun gücləndirilməsinə çalışırıq”.

Dövlətimizin başçısı qeyd etmişdir ki, qloballaşan dünyada başqa yol, başqa bir alternativ yoxdur. Ona görə də müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub. Çünki Azərbaycan çox böyük tarixə malik olan bir ölkədir.

Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə - o cümlədən, “Eurovisison-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi, BMT Təhlükəsizlik Şurasına, Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi beynəlxalq təcrübələrin sınağından uğurla çıxmasından xəbər verir. Mühüm əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək sahəsində qazanılan zəngin təcrübə yaxın vaxtlarda reallaşacaq birinci Avropa Oyunlarının da yüksək səviyyədə başa çatmasına zəmin yaradacaq. Belə tədbirlərdə iştirak edən nüfuzlu qonaqlara bir daha aydın olur ki, Azərbaycanın torpaqlarının 20 faizi hələ də işğal altındadır. Ermənistanın beynəlxalq hüquqa zidd olan işğalçılıq siyasəti, eyni zamanda, regionda olan sabitliyə çox böyük zərbə vurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ən yüksək beynəlxalq dairələrdə işğalçılıq siyasətini rədd edən digər sənədlərin qəbul edilməsinə baxmayaq, dünya birliyi bu ədalətsizliyə hələ də dözür, Ermənistana sanksiyalar tətbiq olunmur. Mədəniyyətlərarası dialoqlarda və digər tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqlar belə ikiüzlülüyü, riyakarlığı və ikili standartları yada salır və ifşa edirlər.

Dövlətimizin başçısı hər dəfə keçirilən tədbirlərdə ilk növbədə xalqımızı ən çox narahat edən problemi—torpaqlarımızın bu vaxta qədər işğal altında saxlanılmasıını və dünya birliyinin bu ədalətsizliyə göz yumduğunu diqqətə çatdırır. Bu fikirlər humanitar forumlarda, mədəniyyətlərarası dialoqlarda və digər beynəlxalq tədbirlərdə iştirakçıların diqqətinə çatdırılır: “Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olması beynəlxalq hüquqa ziddir. Bu, eyni zamanda, regionda olan sabitliyə çox böyük zərbə vurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Ən yüksək beynəlxalq dairələrdə qətnamə qəbul etmək, sonra da onları icra etməmək. Bu, axı, beynəlxalq ikiüzlülükdür! Nəyə görə biz hamımız öz səsimizi qaldırmayaq? Nəyə görə tələb etməyək ki, həmin qətnamələr icra olunsun, işğal olunan torpaqlar azad edilsin?”

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında