Qərbi Avropa ölkələrində və ABŞ-da dini, irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması halları baş alıb gedir

Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə böyük bir məsuliyyəti üzərinə götürmüş və bununla da  mühüm əhəmiyyətli tədbirlərin keçirilməsinə qadir olduğunu bir daha təsdiqləmişdir. Ölkəmiz belə bir tədbirə ev sahibliyi etməklə dünyaya yalnız iqtisadi qüdrətini deyil, eyni zamanda, siyasi, mədəni-humanitar inkişafını da göstərmək imkanı əldə edib.

Postsovet dövlətləri, habelə, Avropanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, demokratik proseslərin inkişafına xüsusi önəm verməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atması və dünyaya ədalətli, azad, şəffaf seçki keçirməyə qadir olduğunu dəfələrlə sübut etməsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. Bu tərəqqini gözü götürməyən bəzi xarici dairələr və əsas fəaliyyətlərini  ermənipərəst qüvvələrin çirkli pulları hesabına  quran bir sıra beynəlxalq qurumlar Qərbin göstərişi ilə  dövlətimizə qarşı qara piar kampaniyası təşkil etməklə məşğuldurlar.

Ölkəmizə böhtan atan, qərəzli hesabatlar hazırlayan, əsası olmayan ittihamlar irəli sürənlər nədənsə  beynəlxalq aləmdə, xüsusilə, Qərbdə baş verən haqsızlıqları, ədalətsizlikləri, həmçinin insan hüquq və azadlıqlarının hansı səviyyədə qorunmasını “görmür” və bu ədalətsizliklərə  biganə yanaşırlar. “Öz gözlərində tiri qoyub, başqasının gözlərində tük axtaranlar”- piar kampaniyasının önündə gedənlər-"Freedom House", “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatlar, həmçinin bir sıra ermənipərəst ekspertlər Azərbaycana böhtan atmaqla, əslində, ölkəmizin inkişafını gözü götürmədiklərini təsdiqləmiş olurlar.

Haqqında söhbət açdığımız qərəz və yalan bizim üçün təzə deyil, köhnə “bayatıdır”. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, indi də məqsəd I Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışmaqdır. Hazırda Qərbin böhtançı və qərəzli beynəlxalq təşkilatların qarşısına qoyduğu vəzifə hamıya bəllidir: insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək inkişaf etməkdə olan müsəlman ölkələrinə qarşı kampaniya aparmaq.

Bu gün Avropada və ABŞ-da dini – irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması nədənsə hər hansı bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır. Yalnız bir dəfə  Beynəlxalq İnsan Haqları Təşkilatı olan “Amnesty İnternational”, 2010-cu il yanvar ayından etibarən son 4 ildə 111 ölkədə qeydə alınan insan haqları ilə bağlı hesabat dərc etmişdir. Həmin hesabatda ABŞ, Almaniya, Rusiya, Çin və Avropa ölkələrində qeydə alınan insan haqları sərt tənqid edilmişdir. Göründüyü kimi, dünyaya demokratiya dərsi keçmək istəyən ölkələrdə insan haqlarının pozulmasının dözülməz həddə çatdığı bildirilmişdir. Bu hesabatda ABŞ daha sərt şəkildə tənqid olunmuşdu. Qeyd olunmuşdu ki, Ağ ev rəhbərliyi  dünyada qəddarlığı ilə ad qazanmış Quantanamo əsir düşərgəsini bağlamaqla insan haqlarının qorunması sahəsində irəliyə doğru addım atdığını sübut etmək istəmişdi. Ancaq son illər bu ölkədə baş verən hadisələr,  bu sahədə heç nəyin dəyişmədiyini, sadəcə olaraq, görüntü xarakteri daşıdığını əks etdirir. ABŞ-da yaşananlar elə-belə, adi olaylar deyil. Həmin hadisələr, yüzlərlə insanın döyülməsinə və qətlinə yol açan kütləvi etirazlar, cinayətlər və iğtişaşlardır.  Belə hadisələr Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə də mütəmadi olaraq baş verir. Həmin dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, hakimiyyəti  haqlı tənqid edən kütləvi informasiya vasitələrinin və  jurnalistlərin  sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur. ABŞ isə  yaxın müttəfiqi olan dövlətlərdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasını heç vaxt görmür.

Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamafobiya Qərbdə sanki  həyat tərzinə çevrilməkdədir. Avropa ölkələrində İslam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun nəticəsidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Budurmu insan haqlarının qorunması istiqamətində Avropa nümunəsi? Avropada İslama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsini görməzliyə vuran Qərbin “yalan məlumatlar istehsalı ilə məşğul olan maşını” yalnız Azərbaycanı güdməklə məşğuldur. Böyük Britaniyada, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, islamafobiya qərblilərin məşğuliyyətinə  çevrilməkdədir. Özlərini demokratiyanın beşiyi kimi təqdim edənlər həmin beşiyin günahsız insan qanı ilə dolub-boşaldığını adi bir hadisə kimi qəbul edirlər. Son illər ABŞ-n müxtəlif ştatlarında qaradərili insanların polis əməkdaşları tərəfindən insanların gözləri qarşısında vəhşicəsinə qətlə yetirilmələri də görünür, bu ölkənin insan haqlarının müdafiəçiləri üçün adi bir şeydir.

Təəccüblüdür, görəsən, əsas fəaliyyətlərini insan hüquq və azadlıqlarının qorunması üzərində quran bir sıra beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən niyə sükutla  keçirlər?  Bunun əsas səbəbi həmin təşkilatların maliyyələşdirilməsinin elə Qərb dövlətləri tərəfindən həyata keçirilməsidir. Əgər qərəzli beynəlxalq təşkilatlar onlara verilən tapşırıqları layiqincə yerinə yetirməsələr, çörəkləri kəsilə bilər. Hazırda beynəlxalq ictimaiyyətə də bəllidir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Bu  dövlətlərdə etnik və dini ayrı-seçkilik o həddə çatıb ki, qaradərili insanlar və müsəlmanlar ictimaiyyətin gözləri qarşısında məhv edilir. Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət yaranıb ki, burada köçəri xalqlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə, polis müdaxilə etmir. Afrikadan gəlmiş miqrantların verdikləri məlumata görə, Avropa ölkələrində onlara qarşı zorakılıq halları açıq şəkildə aparılır və geniş yayılıb. Özü də bu zorakılıq polisin gözü qarşısında baş verir. Belə ayrı-seçkiliyin nəticəsidir ki, son vaxtlar Avropa ölkələrində diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Almaniyada türklərin və balkan əsillilərin daha çox təzyiqlərə məruz qalmaları da bunun nəticəsidir. 

Ekspertlər narahatlıqla yazırlar ki, Avropa ölkələrində irqi  və dini ayrı-seçkilik geniş vüsət alıb. Bu faktı Avropa Birliyinin 27 ölkəsində məskunlaşmış azlıqlar arasında aparılmış rəy sorğusunun nəticələri də təsdiqləyib. Aparılmış rəy sorğusu haqqında olan məlumatda bildirilir ki, 23 min 500 nəfər insan arasında keçirilmiş sorğunun nəticəsinə görə, respondentlərin böyük əksəriyyəti son günlər ərzində rasizmin qurbanı olub. Onların yerli  hakimiyyət qurumlarına inamları olmadığından polis orqanlarına müraciət belə etməyiblər. Amma, nədənsə, beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin özlərini demokratiyanın beşiyi sayan Qərb dövlətləri bütün bunlara göz yummaqda davam edirlər. Son illər baş verən hadisələr təsdiqləyir ki, harada Qərbin maraqları qorunursa, orada insan haqlarının pozulmasına, işğalçılıq faktlarına, terror aktlarına və irqi ayrı-seçkiliyə göz yumurlar. Fikir verin, Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Qərb erməni vəhşiliyinə hələ də göz yumur.  Əgər dünya birliyi Azərbaycanın haqlı mövqeyinə, torpaqlarımızın işğal olunması faktına, bir milyondan artıq soydaşımızın ocaqlarından didərgin salınmasına,  Xocalıda törədilmiş dəhşətli soyqırımına göz yumursa, onların ölkəmizin daxili işlərinə qarışmağa nə mənəvi, nə də hüquqi baxımdan haqqı çatır. Bütün bunlar Qərbin heç də dünyada insan hüquq və azadlıqlarının qorunmasında maraqlı olmamasından xəbər verir. Bu gün Avropa ölkələrində yaşanan qeyri-insani hadisələrə susqunluq nümayiş etdirilməsi də bunu bir daha təsdiqləyir.

Əgər beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrə obyektiv yanaşsalar, yəqin ki, insan haqlarının pozulması faktlarının daha çox  bu ölkələrdə baş verməsi aşkarlanar. Məsələn, son illər ABŞ-da baş verən hadisələr onu göstərdi ki, bu ölkədə insan haqlarının qorunmasına böyük ehtiyac var. Bu dövlətdə insan hüquqlarından, əsasən, öz dövlət maraqlarının dünyada qorunması üçün istifadə edilir. Başqa dövlətlərin təbii sərvətlərini ələ keçirmək üçün bu üsuldan daha çox istifadə edilir.  Beynəlxalq ictimaiyyət İraq hadisələrində də bunun şahidi oldu. Ərəb ölkələrində diktatorların devrilməsi adı altında minlərlə günahsız insan qətlə yetirildi, yaşayış məntəqələri yerlə-yeksan edildi. Hazırda bu ölkələrdə yenə də  günahsız insanların qanı axıdılmaqda davam edir. Əsas məqsəd isə həmin ölkələri öz əsarətləri altına almaq, təbii sərvətlərini ələ keçirməkdir. Bu gün insan hüquq və azadlıqlarına yanaşmada sui-istifadə halları, bundan bir vasitə kimi istifadə olunması Qərbin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Qərb ölkələri, xüsusən, ABŞ heç bir dəyəri nəzərə almadan öz standartlarını başqa dövlətlərə tətbiq etməyə çalışırlar. Bu sırada tolerantlıq və milli bərabərlik, yerli mədəniyyətin, adət-ənənələrin sıradan çıxarılması, siyasi nəzarət üçün dövlətlər üzərində təsir imkanlarını saxlamaq əsas yer tutur. ABŞ-da qaradərili insanların vəhşicəsinə qətlə yetirilməsinə etiraz olaraq az qala Amerika cəmiyyəti bütünlüklə ayağa qalxsa da, heç bir tədbir görülmədi. Əksinə, mitinq iştirakçıları hakimiyyətin zorakılığı ilə üzləşdi və polis aksiya iştirakçılarına qarşı insanlığa sığmayan hərəkətlərə yol verdi və bu yollarla mitinqlər dağıdıldı. Amma, belə bir hadisə başqa bir ölkədə baş versəydi, yəqin ki, ABŞ öz tərəfdarları ilə birlikdə həmin ölkəyə insan hüquq və azadlıqlarını pozduğuna görə, sanksiyalar tətbiq edəcək və ya onu iqtisadi blokadaya alacaqdı.

ABŞ siyasətini qəbul edən dövlətlər  az qala dövlətçilik ənənələrini  itirirlər. Məsələn, Fransada baş verən hadisələrə diqqət yetirək. Bu ölkədə  “erməni soyqırımı”nı inkar edənlər həbs edilməlidir”, “çarşabla ictimai yerlərdə görünmək olmaz” kimi qadağalar, İslam dininə aid təriqətlərin fəaliyyətinin nəzarətə götürülməsi hansı demokratiyanın və ədalətin göstəricisidir? Azərbaycanda isə məxsusi fransız məktəbi açılır, bu xalqın dili və mədəniyyəti təbliğ edilir.

ABŞ-da bu gün təhsil sahəsində də ayrı-seçkilik açıq şəkildə özünü büruzə verir.  Bu ölkədə ağdərili irqin daşıyıcılarının hüquqları  daha yüksək səviyyədə qorunur. Bu ölkədə hələ də hesab edirlər ki, “qaradərililər Darvin nəzəriyyəsinin məhsulları”dır.

ABŞ-da və Qərb dövlətlərində baş verən bu özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər artıq “demokratiya fədailəri”nin özlərinin belə bir suala cavab vermələrinin zərurətini ortaya qoyur: Bu dövlətlərin demokratik dəyərlərə nə qədər sadiq olduqları həyata keçirdikləri siyasətlə uzlaşırmı?  Əsla yox! Elə isə, nə haqla başqalarına “demokratiya dərsi” keçirlər?

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında