Azərbaycan geosiyasətinin mükəmməl elmi-politoloji tədqiqi

Qloballaşan çoxqütblü dünyada cərəyan edən geosiyasi proseslərə çevik reaksiyası ilə seçilən, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yürüdən, coğrafi məkan münasibətlərindən irəli gələn problemləri adekvat dəyərləndirən dövlətlər tez bir zamanda qarşıya qoyduqları məqsədlərə yetişə bilirlər. Ərazisinə, iqtisadi və hərbi qüdrətinə baxmayaraq, dövlətlərin bir çoxu yerləşdikləri regionun əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən faydalı şəkildə bəhrələnməyə, milli maraqlarını maksimum səmərəli realizə etməyə çalışır.

Hər bir dövlətin uzunmüddətli milli maraqları, məkan xarakteristikası və bu əsasda yürütdüyü xarici siyasət arasındakı qarşılıqlı əlaqələr müasir dövrdə məhz geosiyasət elmi vasitəsilə tədqiq olunur. Geosiyasət hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yerini – onun yerləşdiyi coğrafi məkanı, ərazisini, təbii sərvətlərini, iqtisadi-hərbi gücünü, əhalisinin sayını, demokratik inkişaf səviyyəsini, əmək resurslarını, qonşularla münasibətlərini və digər amilləri öyrənən elm sahəsi kimi ötən əsrin birinci yarısında formalaşmışdır.

Keçmiş İttifaq dövründə geosiyasət müstəqil elm sahəsi kimi tədqiq olunmamış, eyni zamanda, dövlətlər arasındakı geosiyasi münasibətlər sırf “soyuq müharibə” dövrünün ideoloji qəlibləri prizmasından təhlil edilmişdir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra bu sahədə aparılan elmi tədqiqatlar müəyyən mənada səthi və pərakəndə təsir bağışlamış, Azərbaycan dilində geosiyasət mövzusunda dərsliklər yazılmamışdır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə işıq üzü görmüş “Azərbaycanın geosiyasəti” kitabı bu istiqamətdə ilk fundamental, sistemli araşdırma olmaqla, nəzəri-politoloji səviyyəsi, aktuallığı, faktoloji zənginliyi, ensiklopedik səciyyə daşıması ilə diqqəti çəkir. Əsərlə ümumi tanışlıq belə, onun geosiyasət mövzusunda sanballı nəşr – dərs vəsaiti olduğunu əminliklə söyləməyə ciddi əsaslar verir.

Beynəlxalq münasibətlər sisteminin tədqiqi sahəsində bir-birindən maraqlı politoloji tədqiqatların müəllifi kimi tanınan professor Əli Həsənov “Azərbaycanın geosiyasəti” əsərində həmin vəzifənin öhdəsindən uğurla gəlmişdir. Siqləti etibarilə fundamental sayıla biləcək əsərin müəllifinin nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirmək, uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq qabiliyyəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən yüksək erudisiyalı, peşəkar tədqiqatçı olmasından irəli gəlir. Müəllifin yeni dərsliyi indiyə qədər işıq üzü görmüş və sanbalı, aktuallığı, dərin politoloji təhlil səviyyəsi ilə ictimai rezonans doğurmuş bir sıra elmi əsərlərin məntiqi davamıdır.

Müəllifin “Geosiyasət” (2012) əsərinin davamı olaraq ərsəyə gətirdiyi “Azərbaycanın geosiyasəti” dərsliyində dünyanın aparıcı ölkələrinin Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı geosiyasi maraqları fonunda respublikamızın xarici siyasəti qarşısında duran hədəflər araşdırılır, milli inkişaf və təhlükəsizlik maraqlarının təmini ilə bağlı dövlət siyasətinin əsasları şərh edilir. Ölkənin geosiyasi kodunun, xarici və milli siyasət konsepsiyasının hazırlanması, milli maraqlarının çərçivəsinin müəyyənləşdirilməsi və təmin edilməsi kimi çoxsaylı geosiyasi məsələlər politoloji prizmadan təhlil olunur.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf edilən, giriş, dörd bölmə və fəsillərdən ibarət olan “Azərbaycanın geosiyasəti” dərsliyində müəllif əsas diqqəti geosiyasətin ayrıca bir elm sahəsi olaraq meydana gəlməsi və inkişaf tarixinə, habelə, əhəmiyyətinə, ölkəmizin geosiyasi maraqlarının şərhinə yönəltmişdir. Kitabda geosiyasətin müstəqil elm sahəsi kimi yaranması, əsas anlayışlarının formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət mütəxəssislərinin, müasir tədqiqatçıların baxışları təhlil olunur.

Müəllif düzgün olaraq qeyd edir ki, müasir dövrdə geosiyasət elminin əsas vəzifəsi təkcə akademik formada bəşəriyyətin birgəyaşayış normalarını və təhlükəsizliyini planlaşdırmaqla yekunlaşmır. Bu elmin vəzifəsi, eyni zamanda, beynəlxalq siyasətdə müxtəlif açıq və qapalı cəmiyyətləri dəyərləndirmək, fərqli iqtisadi-sosial, ekoloji, dini, mədəni vəziyyəti olan ölkələrdə qarşılıqlı əlaqələri düzgün planlaşdırmaq, münasibətlər yaratmaq baxımından hər bir dövlətin ali rəhbərlərində, siyasi və ictimai xadimlərdə, idarəçilik, hərbi təhlükəsizlik və strateji planlama ilə məşğul olan məmurlarında, bir sözlə, milli elitada geosiyasi düşüncə yaratmaqdan ibarətdir. Dərs vəsaitinin “Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları” adlanan birinci bölməsinin I fəslində orta əsrlərdən, xüsusilə də ilk mərkəzləşdirilmiş Azərbaycan dövləti olan Səfəvilər dövründən başlayaraq, ölkənin geosiyasi fikir tarixi müxtəlif mənbələr əsasında araşdırılır, müxtəlif dönəmlərdə diplomatiya və xarici siyasət sahəsində əldə olunan uğurlardan, eləcə də yol verilən qüsurlardan danışılır. Bu fəsildə həmçinin, müasir milli inkişaf siyasətinin əsasları tarixi mərhələlərə və faktlara nəzərən elmi-politoloji təhlil sücgəcindən keçirilir, bir sıra yeni yanaşmalar ortaya qoyulur.

Azərbaycanın xüsusilə də Birinci dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti, həmin dövrdə Cənubi Qafqazda cərəyan edən siyasi proseslər– Zaqafqaziya Seyminin dağılması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, habelə AXC-nin diplomatik fəaliyyətinin əsas istiqamətləri, onun iflasa uğraması səbəbləri dərin tarixi araşdırma əsasında diqqətə çatdırılır. Bu fəsildə diqqəti əsas çəkən məqam həm də budur ki, müəllif yalnız indiyə qədər mövcud olan tarixi mənbələrə istinadla kifayətlənmir, eyni zamanda, bir sıra yeni tarixi fakt və məxəzləri ilk dəfə olaraq üzə çıxarır. Bu fəsildə, həmçinin bədnam qonşularımızın XX əsrin əvvəllərində Azərbaycanın torpaqlarının işğalı məqsədilə xaricdəki havadarlarının dəstəyi ilə həyata keçirdikləri ərazi ilhaqı, soyqırımı və terror siyasəti, azərbaycanlıların tarixi əraziləri hesabına Ermənistan dövlətinin yaradılması kimi faktlar yer almışdır.

Dərs vəsaitinin “Azərbaycan Respublikasının müasir milli inkişaf siyasəti: xarakteristikası, əsas vəzifələri və tələbləri” adlanan II fəslində milli inkişaf siyasəti yeni elmi postulat olaraq diqqətə çəkilir, onun əsas prinsipləri, vəzifələri və tələblərindən bəhs olunur. Müəllif yazır ki, hər bir dövlətin daxili və xarici siyasətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləmlə, region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini, onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışlarını müəyyən edən Milli İnkişaf Strategiyası olur. Müəllif bu strategiyanı ölkənin həyata keçirdiyi praktiki daxili və xarici siyasətin, ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini sabitliyin, yaxın və uzaq ölkələrlə münasibətlərin davamlı və təhlükəsiz inkişafını təmin edən əsas vasitə kimi dəyərləndirir.

Kitabda Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin birdən-birə yaranmadığı, bir neçə mərhələdən keçərək tədricən formalaşdığı qeyd edilir. Respublikamızın dövlət müstəqilliyinin bərpasından ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəlişinə qədərki ilkin dövr milli inkişaf siyasətinin formalaşmasında xaos, anarxiya və çoxsaylı problemlərlə səciyyələnən ağır mərhələ kimi təsnif edilir. Müəllif yazır ki, müstəqillik əldə etdikdən sonra bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı inkişaf strategiyasına üstünlük verəcəyi dəqiq bilinmirdi və müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin xarici siyasət və diplomatiya sahəsində də səriştəsizliyi vəziyyəti daha da ağırlaşdırırdı. Lakin Azərbaycan xalqının vaxtında etdiyi müdrik seçim və böyük strateq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişini o dövrkü hakimiyyət qarşısında qəti tələb kimi irəli sürməsi ölkənin xarici qüvvələr üçün poliqona çevrilməsinə, daha böyük miqyasda ərazi itkisinə məruz qalmasına imkan verməmiş, Azərbaycanın beynəlxalq miqyasda müstəqil subyekt olaraq mövcudluğunu sürdürməyə qadir və qabil bir dövlət olduğunu dünyaya sübut etmişdir. Əsərdə vurğulanır ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin milli inkişafının keyfiyyətcə yeni - ikinci mərhələsi başlanmışdır.

Uzun illər Heydər Əliyev komandasında çalışmış professor Əli Həsənovun bu fikri xüsusi maraq doğurur ki, ümummilli liderin 1993-2003-cü illərdə irəli sürdüyü ideya və fikirlər, iqtisadi, siyasi, sosial-mənəvi sahədə reallaşdırdığı kurs və praktiki addımlar milli inkişaf siyasətinin formalaşması və bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin - demokratik cəmiyyətin və ictimai həyat normalarının konseptual əsaslarını yaratmışdır: “Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir”.

Dərsliyin II fəslində Heydər Əliyevin birləşdirici lider olaraq Azərbaycan xalqının milli bütövlüyü və həmrəyliyi naminə həyata keçirdiyi siyasətin fundamental istiqamətləri, ən başlıcası, kamil ideologiya kimi özünü praktikada doğrultmuş azərbaycançılıq ideologiyasının elmi-fəlsəfi əsasları geniş tədqiq edilmişdir. Müəllifin bu tezisi ilə də tam razılaşmaq olur ki, Heydər Əliyev yeni şəraitdə etnik mənsubiyyəti xüsusi qabartmadan birləşdirici – azərbaycançılıq ideologiyasının – ümumvətəndaşlıq, Azərbaycana məxsusluq, Vətənə bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, dövlətin sevinci və kədəri, dəyərləri, problemləri qarşısında ümumi məsuliyyət daşımaq hissi kimi yeni yanaşmanın - müstəqil dövlətçilik üzərində qurulmuş milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya qoymuşdur.

Burada ümummilli lider Heydər Əliyevin Azərbaycanın xarici siyasətinin əsas hədəflərinin müəyyənləşdirilməsi, dünyanın aparıcı güc mərkəzlərinin Cənubi Qafqaz regionunda toqquşan geosiyasi maraqları fonunda balanslı diplomatiya yürütməsi, xalqımızın milli maraqlarını layiqincə təmin etməsi sahəsindəki böyük və əzmkar səylərinə də geniş yer ayrılmışdır. Müəllifin qənaətincə, Azərbaycanın hazırda qlobal və regional geosiyasi çəkisini artıran ən başlıca amillərdən biri də onun bir dövlət olaraq tam formalaşması, özünü təmin edən mili iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına malik olması, əhali tərəfindən dəstəklənən milli inkişaf kursuna, güclü orduya və s. zəruri təsisatlara yiyələnməsi, bütün bunlara əsaslanaraq müstəqil daxili və xarici siyasət yürütməsidir.

Bu fəsildə, həmçinin, Azərbaycanın milli inkişaf siyasətinin əsas prinsipləri, vəzifələri və tələbləri, güclü və səmərəli dövlət idarəçiliyinin, liberal iqtisadi sistemin formalaşdırılması, tarazlı daxili inkişaf istiqamətində atılan əzmkar addımlar yüksək peşəkarlıqla təhlil olunmuş, milli ideyanı şərtləndirən amillərə toxunulmuşdur.

Dərs vəsaitinin “Azərbaycan Respublikasının müasir geosiyasi inkişaf xüsusiyyətləri, əsas geosiyasi vəzifələri və perspektivləri” adlanan III fəslində postsovet məkanın, Xəzər-Qara dəniz və Cənubi Qafqaz regionu ölkələrinin geosiyasi maraqları kontekstində respublikamızın yürütdüyü xarici siyasətdən, rəsmi Bakının siyasi iradəsilə həyata keçirilən transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrindən bəhs olunur. Bu fəsildə müəllif daha çox Azərbaycanın yerləşdiyi regiondakı geosiyasi üstünlüyünü təmin edən iqtisadi, siyasi və multikulturoloji amilləri diqqətə çəkir.

Müəllifin bu fikri də maraq doğurur ki, ölkəmizin əlverişli geoiqtisadi dəyəri  yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ümumilikdə Azərbaycanı Avrasiyanın iqtisadi, siyasi və sosial-mədəni cəhətdən dinamik inkişaf edən ölkəsinə–dövlətlərarası münasibətlərdə ciddi siyasi aktora çevirmişdir: “Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmaqla, bu əsasda etibarlı tərəfdaş kimi tanınmaqla, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə beynəlxalq dəyərini artırmış, xarici aləmlə münasibətlərini intensivləşdirmək imkanı qazanmışdır”.

Dərsliyin bu fəslində Azərbaycanın siyasi iradəsi ilə regionda uğurla gerçəkləşdirilən və Avrasiya qitəsində yeni geosiyasi atmosferin formalaşmasına təsir göstərən enerji layihələrindən - Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya qaz kəmərlərinin bəhs olunur. Müəllif həmçinin, TANAP, TAP kimi transmilli enerji, Trans-Qafqaz nəqliyyat-enerji (TRASEKA), Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin sayəsində Azərbaycanın və onun tərəfdaşlarının enerji ixracı risklərinin, demək olar ki, tam aradan qaldırıldığını yazır.

XXI əsrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi vəzifələri və perspektivləri elmi-politoloji cəhətdən geniş təhlil edən müəllif hesab edir ki, Cənubi Qafqazın lider dövləti statusunu bundan sonra da əzmlə qoruyub saxlamaq, Avrasiyanın alternativ enerji daşıyıcılarının tranzit qovşağı və əsas təminatçılarından biri kimi qalmaq; enerji ixracı marşrutlarını şaxələndirmək və yeni bazarların axtarışı siyasətini davam etdirmək; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasişəsinin dinc yolla həllinə nail olmaq; balanslaşdırılmış, praqmatik xarici siyasəti davam etdirmək; ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda hər iki dövlətlə dostluq və tərəfdaşlıq münasibətlərini qorumaq və s. kimi mühüm vəzifələr respublikamızın yaxın perspektiv üçün fəaliyyət gündəliyinin əsas tezisləri sırasındadır.

Dərsliyin II bölməsi “Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri” adlanır. Bu bölmənin “Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti”, “Postsovet məkanının ümumi geosiyasi xarakteristikası: MDB və Rusiya: fərqli maraqlar və regional geosiyasi fəaliyyətin əsas xüsusiyyətləri”, “Orta Asiya və Xəzər hövzəsinin ümumi geosiyasi xarakteristikası: yerli, regional və transmilli maraqlar sistemi”, “Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional geosiyasi xarakteristikası və transmilli maraqlar sistemi” adlanan fəsillərində Azərbaycanın ayrı-ayrı dövlətlər və təşkilatlarla münasibətləri təhlil olunur, ölkəmizin uzunmüddətli hədəfləri açıqlanır.

“Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri” adlanan III bölmənin “Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası: beynəlxalq, regional və yerli maraqlar sistemi. Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası” adlanan birinci fəslində Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik Xəzər hövzəsindəki enerji siyasəti təhlil edilir. Burada, həmçinin, Azərbaycanın neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolu, Xəzərin hüquqi statusu və hövzə ölkələrinin bu problemə yanaşmaları, habelə respublikamızın karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq geoiqtisadi nəticələri şərh olunur. 

Nəhayət, dərsliyin “Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri: beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları” adlanan IV bölməsində beynəlxalq təhlükəsizlik sisteminin əsasları və geosiyasi tələbləri; Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasəti; Xəzər-Qara dəniz hövzəsinin təhlükəsizlik mühiti; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi; respublikanın milli təhlükəsizlik siyasəti, əsas milli maraqları, geosiyasi kodu və təhlükəsizlik perspektivləri analitik təhlil süzgəcindən keçirilmişdir.

 

 *    *    * 

 

Tarix elmləri doktoru, professor Əli Həsənovun gərgin zəhmət hesabına,  elmi araşdırmada tətbiq olunan kontent analiz, komporativ təhlil və klaster kimi ümumi metodların mükəmməl tətbiqi sayəsində ərsəyə gəlmiş “Azərbaycanın geosiyasəti” dərsliyi müstəqillik dövründə Azərbaycanın həm milli inkişaf, həm də təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından dəyərli tədqiqat işi olub, mühüm elmi-politoloji, eləcə də praktik məzmun kəsb edir. Respublikamızın və region dövlətlərinin geosiyasəti barədə kifayət qədər dolğun təsəvvür formalaşdıran kitab təkcə siyasətşünas, tarixçi və filosofların deyil, bütövlükdə milli intellektual elitanın diqqətini cəlb edəcəkdir.

Xalid NİYAZOV,
siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında