(əvvəli qəzetin 15 aprel 2015-ci il tarixli sayında)
2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxtki Baş naziri Rəcəb Tayyib Ərdoğan, eləcə də iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılmış və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı, qaz alqı-satqısına dair sazişlər imzalanmışdır. Qaz tranzitinə dair imzalanan saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.
Bundan başqa, Azərbaycan və Türkiyə arasında hökumətlərarası enerji protokolu, investisiyaların təşviqi və qarşılıqlı qorunması, Anadolu Agentliyi ilə AZƏRTAC arasında, Xarici İşlər nazirliklərinin Diplomatik akademiyaları arasında, ailə və sosial siyasət sahəsində, meşəçilik, meteorologiya, mətbuat və informasiya, polisin təhsili sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çoxdur. 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi 20 milyard dollara çatacaq ki, bunun da 15 milyard dolları SOCAR-ın payına düşəcək. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr Türkiyə ilə Azərbaycan əməkdaşlığının gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir. Adıçəkilən nəhəng layihələrdən sonra, 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırmışdır. Beləliklə də, yaxın beş ildə TANAP layihəsinin icrasına nail olunacaq və Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.
2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi ikitərəfli Azərbaycan – Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. O vaxt Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 7 protokol imzalandı ki, bunun da hər iki dövlət üçün çox mühüm əhəmiyyəti vardır. Sənədlərin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının iki dövlət arasında genişlənən bu prosesi daha da sürətləndirdiyi bildirildi.
2013-cü il noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmiş və iclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə – siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi, ikitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu. 2015-ci il yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçirilmiş və şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunmuşdur.
Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcəkdir. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Bununla yanaşı, 2013-cü ildə TAP layihəsi–Trans–Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə olmuşdur.
Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. 2013-cü il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, “Şahdəniz- 2” enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan 20 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açmış və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdırsa, “Şahdəniz- 2" XXI əsrin ən iri enerji layihəsidir.
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümü qeyd edildi. Simvolik haldır ki, məhz həmin gün “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir və bu nəhəng transmilli layihənin icrasında ölkəmiz öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürmüşdür.
Nəhayət, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihənin Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Bu tarixi hadisə Azərbaycan- Türkiyə strateji tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər.
XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd etmişdir ki, müasir müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft və regional inkişaf strategiyasını dövlət başçısı İlham Əliyev uğurla davam etdirir və bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab verir. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tezliklə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz dəhlizinin üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi çıxış edəcəyini diqqətə çatdırmışdır. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla, həmçinin Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırmaqla yanaşı, beynəlxalq yük daşımalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır.
Hazırda bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, xalqların rifah halının yüksəlməsinə də öz mühüm töhfələrini verməkdədir. Heç şübhəsiz ki, İstanbulda keçirilən növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir və toplantıda aparılan müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın mövqeyi çatdırılmaqla yanaşı, birgə fəaliyyətimizin bəzi üstün tərəfləri də gündəmə gətirilərək bildirildi ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan aktorlarıdır.
Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Hazırda ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dosenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.