Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin Avrasiyada söz sahibinə çevrilməsinin dünyadakı antiazərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi günün danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də bədxahlarımız “qaşınmayan yerdən qan çıxarmağa” çalışaraq, rəsmi Bakının ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Həmin cəfəngiyatları o dövlətlərin təmsilçiləri söyləyirlər ki, onların öz ölkələrində insan hüquq və azadlığı, sözün həqiqi mənasında, ayaq altına atılıb və demokratiyanın ancaq adı qalıb. Bu məzmunlu bəzi faktlara diqqət yetirək.
Onu da xatırladaq ki, Azərbaycanda insan hüquqlarının pozulmasını iddia edən dairələr, əslində, ABŞ-da, Qərbi Avropada tüğyan edən haqsızlıqları, vətəndaşların polis sərtliyi ilə qarşı-qarşıya qalması faktlarını “unudur” və yaxud bilərəkdən ört-basdır etməyə çalışırlar. Ancaq biz həmin dəlilləri, sübutları onların yadına sala bilərik. Bu gün hamıya kifayət qədər bəllidir ki, hər hansı bir ölkədə ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri, eyni zamanda, qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirən ABŞ-da və Avropa İttifaqına üzv dövlətlərin özlərində insan hüquqları kobud surətdə pozulur, dini-etnik və ictimai zəmində ayrı-seçkilik hallarının sayı durmadan artır. Həmin ölkələrdə polis zorakılığı ilə müşayiət olunan dağıdıcı proseslər cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinə sirayət etməkdədir.
Kütləvi informasiya vasitələri yazırlar ki, Böyük Britaniyada, İspaniyada, İtaliyada, Yunanıstanda keçirilən irimiqyaslı etiraz nümayişlərində insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi, sağlamlığa zərər verən gözyaşardıcı qaz və başqa kimyəvi vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərin nümayişçilərin üzərinə buraxılması, insanların atların ayaqları altına salınması, şübhəli bilinən kəsin həbs olunması zamanı ən sərt üsullardan istifadə edilməsi dünyanın gözü qarşısında baş verir.
Məsələn, bir neçə ay əvvəl Romanın “Müstəqillik meydanı”nda minlərlə nümayişçi ilə polis arasında baş verən toqquşma nəticəsində xeyli insan ciddi bədən xəsarəti almışdı. İtaliya mətbuatının yazdığına görə, etiraz aksiyasının genişlənməsinə səbəb isə 600 nəfər İtaliya vətəndaşının alman şirkətindən ixtisar olunması və bunun nəticəsində onların sosial problemlərlə üzləşmələri idi. Fəhlələr işdən çıxarıldıqlarına etiraz edərək, Almaniyanın İtaliyadakı səfirliyi qarşısında aksiya keçiriblər. Polis isə güc tətbiq edərək onlara divan tutub. Bundan sonra nümayişçilərin etirazı daha da şiddətlənib. Nümayişi dağıtmaq üçün polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Yəni almanlar İtaliyada insan hüququnu elə almancasına “təmin ediblər”.
Avrozonaya daxil olan ölkələrlə yanaşı, özünü “demokratiyanın beşiyi və ixracatçısı” kimi qələmə verən ABŞ-da da insanlara qarşı həyata keçirilən vəhşi üsullar dünyanın gözü qarşısında baş verir. Çox təəssüf ki, ABŞ polisinin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı amansız rəftarına göz yumulur. Buna misal kimi bir daha Ferqüssonda baş verən hadisələri, Los-Anceles dairəsində yerləşən Skid-Rou rayonunun mərkəzində polislərin evsiz adamı səbəbsiz yerə güllələməsini, yenə də ABŞ-ın Madison şəhərində silahsız qaradərili gəncin polis əməkdaşının açdığı atəş nəticəsində öldürülməsini göstərmək olar. Yeri gəlmişkən, son aylar ABŞ-da qaradərili insanların öldürülmədiyi həftə olmur. Ən dəhşətlisi isə odur ki, həmin insanları bilavasitə dövlət təmsilçisi olan polislər, özü də günün günorta çağı, insanların gözü qarşısında öldürürlər. Sonra isə həmin polislər tamamilə cəzasız qalırlar. İş o yerə çatıb ki, Prezident Barak Obama Ədliyyə Nazirliyinə xüsusi tapşırıq verib: Küçədə insan güllələyən polislərə bəraət verilməsinə son qoyulsun.
Azərbaycanda insan hüquqlarının pozulduğunu deyən beş-on bədxahdan fərqli olaraq mütərəqqi toplumları təmsil edən yüzlərlə avropalı yazır ki, Bakıda məscid və kilsə ilə yanaşı, yəhudi sinaqoqu da fəaliyyət göstərir və həmin ibadətgahların hamısı möminlərlə doludur. Məhz həmin ekspertlər ürək ağrısı ilə yazırlar ki, Böyük Britaniyada məscid yandırılıb. Budurmu insan hüququ və ya vicdan azadlığı? Avropalıların qara yaxmağa çalışdığı Azərbaycanda jurnalistlərin və mətbuat vasitələrinin bütün problemləri dövlət səviyyəsində həll olunduğu halda, İtaliyada hər ay bir jurnalist həbs olunur, Yunanıstanda İctimai Televiziya bağlanır və sair. Yəni Qərbdə demokratiya deyil, demokratiyanın milli, irqi və dini mənafelərə uyğun təhrif edilmiş formasının inkişafı aşkar olaraq görünməkdədir.
Fikrimizi bəzi konkret faktlarla davam etdirək. “The New York Times” qəzeti yazır ki, Staten Island yaşayış məntəqəsində Deniel Pantaleo adlı polis 6 uşaq atası olan 43 yaşlı Erik Harneri qanunsuz siqaret satdığına görə həbs etmək istəmişdi. Lakin polis Afrika əsilli vətəndaşa qarşı kobudcasına boğucu fənd işlədib. Nəticədə, astmadan əziyyət çəkən Erik Harner elə hadisə yerindəcə vəfat edib. Sonra məlum olub ki, cinayət törətmiş həmin polis azadlığa buraxılıb.
İnsanlar ölkənin bütün şəhərlərində üzərində Erik Harnerin ölməzdən öncə dediyi “mən nəfəs ala bilmirəm” sözləri yazılan plakatlarla küçə və meydanlarda etiraz aksiyaları keçiriblər. Rəsmi orqanların bu hadisəyə reaksiyası necədir? Onlar məsələni müxtəlif bəhanələrlə uzadıb, eyni zamanda, vətəndaşı boğub öldürən polisə bəraət qazandırıblar. Bu, amerikalı jurnalistin fikirləridir. ABŞ vətəndaşı olan qaradərili siyasətçilərdən biri isə Erik Harnerin “bədahətən” dediyi həmin ifadəyə siyasi məzmun verib: “İnsan hüquqları olmayan ölkədə nəfəs almaq mümkün deyil”.
Yeri gəlmişkən, BMT-nin insan hüquqları üzrə komitəsi ABŞ-ı Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına əməl etməməkdə suçlayıb. Britaniyalı professor Naycel Rodlinin başçılıq etdiyi komitə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz nəzarət etməkdə ittiham edib, bunu insanların şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirib.
Dünyanın ən mötəbər beynəlxalq təşkilatının ittihamı onu göstərir ki, Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif regionlarında belə insanların fəaliyyətinə nəzarət edir, sonra isə onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir, qanunsuz əməllərə təhrik edir. Bunların nəticəsində minlərlə insanın şəxsi həyatı pozulur, təhlükələrə məruz qalır. O cümlədən, “rəngli inqilablar” adı altında dövlətlərə, cəmiyyətlərə ziyan vurulur. Geridə qalan illərin təcrübəsi göstərir ki, həmin proseslərdə çoxlu sayda insan həyatını itirir, ölkələr uzunmüddətli daxili ixtilaflardan əziyyət çəkirlər. İraq, Suriya, Ukrayna, Liviya və başqa nümunələr hamının gözü qarşısındadır. Bəzi dairələrin “demokratiya gətirmək” istədiyi ölkələrin hamısında xaos, anarxiya, vətəndaş müharibəsi, bir sözlə, demokratiyanın əksi olan bütün hallar hökm sürür. Daha bir fakt. İsrailli mütəxəssis Arye Qut Amerikanın yanlış siyasət yeritməsi nəticəsində Yaxın Şərqin bir sıra ölkəsində qan axıdıldığını və bunun davam etdiyini deyir: “Buna görə də Cənubi Qafqazın ən uğurlu dövləti olan Azərbaycanı ittiham etmək ikiüzlülük və ləyaqətsizlikdir”.
Yaxşıdır ki, bəzi dövlətlər bu haqsızlığı lazımınca qiymətləndirir və insan hüquqlarını kobud şəkildə pozanların hamısını öz adı ilə çağırırlar. Məsələn, mətbuat yazır ki, Çin Dövlət Şurasının 2013-cü il üzrə hazırladığı illik hesabatda ABŞ-da insan haqlarının pozulduğunu sübut edən konkret faktlar yer alıb. Hesabatda Amerikanın pilotsuz təyyarələrinin hücumları nəticəsində Pakistanda 926 dinc sakinin həlak olduğu bildirilir. Hətta “Amnesty International” və “Human Rights Watch” təşkilatları da Vaşinqtonu beynəlxalq hüququn normalarını pozmaqda ittiham ediblər. Bunlardan başqa, həmin hesabatda ABŞ-ın qadın, əlil və uşaqların hüquqlarına aid olan bir sıra beynəlxalq müqavilələrə qoşulmadığı da xüsusi vurğulanıb.
Bu məzmunlu başqa bir sənədi isə rusiyalı diplomatlar hazırlayıblar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin hazırladığı sənəddə də ABŞ-da insan haqlarının pozulması faktları sadalanır. Sənəddə seçki hüquqlarının təminində problemlərin olduğu, həbsxanalarda məhbuslara işgəncələr verilməsi, uşaqların təhqir edilməsi, insan alveri və başqa hallara rast gəlindiyi vurğulanır. Yeri gəlmişkən, 2008-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmək üçün ölkəmizə gəlmiş ABŞ müşahidəçilərindən biri, xanım siyasətçi mətbuata verdiyi müsahibədə demişdi ki, mən öz ölkəmizdə də belə demokratik və ədalətli seçkinin keçirilməsini arzulayardım.
Bir sözlə, bu gün dünyaya demokratiya dərsi keçmək istəyən ölkələrdə demokratiya deyilən dəyərdən əsər-əlamət qalmadığını artıq hamı bilir. Dünya ictimaiyyəti onu da bilir ki, son 20 ildə Azərbaycanda nəinki mitinqçilərə təzyiq edilməyib, onlar itlərlə, atlarla cəzalandırılmayıb, əksinə, polis həmişə nümayiş iştirakçılarının təhlükəsizliyini qoruyub. Avropada və ABŞ-da hamı yaxşı bilir ki, Azərbaycanda nəinki hansısa jurnalist cəzalandırılmayıb, əksinə, dövlət mətbuat vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı addımlar atıb və bütün dünyada yeganə olan “Jurnalist şəhərciyi” layihəsini uğurla həyata keçirir. Azərbaycanın Seçki Məcəlləsini “Avropanın ən mükəmməl seçki məcəlləsi” adlandıranlar da, bizim Konstitusiyamıza “İnsan hüquqlarının ən yüksək səviyyədə qorunmasını təmin edən Əsas Qanun” deyənlər də avropalılardır. Ancaq biz kimdənsə təqdiredici fikirlər eşitmək üçün deyil, bilavasitə demokratik dəyərlərin bərqərar edilməsi üçün həmin addımları atırıq. Elə bədxahlarımızın cəfəngiyatları da bizim üçün bir əhəmiyyət kəsb etmir. Qoy çərənləsinlər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.