Prezident İlham Əliyev: Azərbaycanda dinamik inkişaf təmin edilir Üç ayda ölkədə qeyri-neft sektoru 7 faiz artmışdır

Son illərdə Azərbaycanda aparılan düzgün və düşünülmüş iqtisadi siyasət nəticəsində ölkənin dinamik inkişafı təmin edilmişdir. Neft-qaz sektorundan asılılığın qarşısını almaq məqsədilə əlverişli investisiya mühiti yaradılmış, nəticədə ölkəyə xarici investisiya axını təmin edilmiş, şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafı sürətləndirilmiş, bununla da Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına nail olunmuşdur.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır. Azərbaycanda dinamik inkişaf təmin edilir”.

Ölkə başçısının qeyd etdiyi kimi, dünyada neftin qiymətinin kəskin düşməsi belə, ölkəmizin iqtisadi inkişafına ciddi təsir etməmişdir. Bunu birinci rübün sosial-iqtisadi göstəriciləri də təsdiq edir. Respublika Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ümumi daxili məhsul istehsalı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,3 faiz artaraq 11,5 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 34,7 faizi sənaye sahələrində, 12,5 faizi tikinti kompleksində, 15 faizi ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,2 faizi nəqliyyatda, 2,2 faizi rabitə müəssisələrində, 3 faizi aqrar bölmədə, 16,2 faizi digər sahələrdə yaradılmışdır.

Azərbaycan iqtisadiyyatının bir çox sahələrində son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Bu istiqamətdə də əldə olunan nəticələr uğurludur. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 7 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artmışdır.

Ümumiyyətlə, ölkəmizdə sənayenin dinamik inkişafı həmişə diqqət mərkəzində saxlanılır. Bu barədə ölkə Prezidenti İlham Əliyev demişdir: “Bildiyiniz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır”.

2015-ci ilin birinci rübündə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,6 faiz, o cümlədən neft hasilatı 1,8 faiz, əmtəəlik qaz hasilatı isə 11,2 faiz artmışdır. Sənaye məhsulunun 58,7 faizi mədənçıxarma bölməsində, 30,9 faizi emal bölməsində, 9,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində istehsal olunmuşdur.

Üç ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 3 faiz, kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı 1,5 dəfə, hazır metal məmulatların istehsalı 8 faiz, tikinti materialları istehsalı 28,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 9,7 faiz artmışdır.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9 faiz artmışdır. Üç ay ərzində istehsal olunmuş məhsulun 99,7 faizi istehlakçılara göndərilmişdir. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu il aprel ayının 1-dək 312,8 milyon manatlıq hazır məhsul olmuşdur.

Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamla cari il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Aprel ayının 1-nə kimi ölkədə 116,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 7,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 3 min hektar sahədə dən üçün qarğıdalı, 28,8 min hektar sahədə kartof, 25,1 min hektar sahədə tərəvəz, 64 hektar sahədə pambıq, 3,2 min hektar sahədə bostan bitkiləri, 774 hektar sahədə dən üçün günəbaxan, 1,7 min hektar sahədə şəkər çuğunduru, 46 min hektar sahədə çoxillik otlar əkilmişdir.

Bu ilin yanvar ayı ilə müqayisədə birinci rübdə mal-qaranın sayı 0,2 faiz artaraq 2701,9 min, qoyun və keçilərin sayı 1,6 faiz artaraq 8784,4 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 2,5 faiz artaraq 109,8 min ton, süd istehsalı 4,3 faiz artaraq 426,9 min ton, yumurta istehsalı 5,1 faiz artaraq 390,1 milyon ədəd olmuşdur. Cari ilin üç ayında tarlalardan 13 min ton və ya keçən ilin müvafiq dövründəkindən 9,8 faiz çox tərəvəz toplanmışdır. Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5,9 faiz, heyvandarlıq məhsulları istehsalı 3,3 faiz artmışdır.

Son illər ən çox diqqət çəkən sahələrdən biri inşaat sektoru olmuşdur. Hazırda respublikamızın paytaxtında, eləcə də bölgələrdə tikinti və quruculuq işləri böyük vüsət alıb. Bakı şəhəri və ölkənin regionları sözün əsl mənasında nəhəng inşaat meydançasına çevrilib. Bir-birinin ardınca gözəl binalar, geniş yollar və nəhəng sənaye obyektləri istifadəyə verilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında inşaat işlərinə 3232,8 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox vəsait yönəldilmiş və onun 2421,4 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 14,5 faiz artım əldə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 1768,4 milyon manatı daxili mənbələrdən daxil olmuşdur.

Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına üç ay ərzində 414,5 min kvadratmetr yaşayış evləri, növbədə 135 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 1658 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Atıcılıq Mərkəzi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. istifadəyə verilmişdir.

Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən birinci və ikinci dövlət proqramları Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır. Bu proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Azərbaycan Respublikasında müasir nəqliyyat sisteminin yenidən qurulması və nəqliyyat sektorunun səmərəli idarə olunması ölkədə uğurla həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Məlum olduğu kimi, bu siyasətin əsas mahiyyəti yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətlər vasitəsilə bu vacib sahəyə artmaqda olan tələbatı təmin etməkdən, ölkəmizin əlverişli coğrafi mövqeyi və geniş tranzit imkanlarını tam istifadəyə verməkdən ibarətdir. Hazırda ölkəmizdə Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri böyük uğurla həyata keçirilir.

Yanvar-mart ayları ərzində nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 50,4 milyon ton yük və 429,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 2,6 faiz, sərnişin daşınması 3,8 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,9 faiz, dəmir yolu ilə 7,5 faiz, hava nəqliyyatı ilə 65,8 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 3,9 faiz, hava nəqliyyatı ilə 4,1 faiz artmışdır.

İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar-mart aylarında ötən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 379,4 milyon manat təşkil etmişdir. Ötən üç ayda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5760,3 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 1675,6 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi 9,6 faiz, pullu xidmətlərin həcmi isə 5,3 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 2894 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 2866,3 milyon manatlıq qeyri-ərzaq malları almışlar.

Son illər ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində rəqabət qabiliyyətli yerli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında da maraq getdikcə güclənir. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır – həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-fevral aylarında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 4041,7 milyon dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 57,8 faizini və ya 2334,6 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 42,2 faizini (1707,1 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 627,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 25,5 faiz, o cümlədən ixrac 20,4 faiz, idxal isə 42 faiz artmışdır. Əmtəə mübadiləsinin 9,9 faizi və ya 400,7 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 43 faizi və ya 1737,5 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 47,1 faizi (1903,5 milyon dolları) digər dövlətlərlə aparılmışdır.

Ölkəmizə idxal olunmuş malların 19,8 faizi və ya 338,3 milyon dollarlığı MDB üzvü ölkələrindən, 21,5 faizi və ya 366,7 milyon dollarlığı Avropa İttifaqı ölkələrindən, 58,7 faizi (1002,1 milyon dolları) digər dövlətlərdən daxil olmuşdur. Ölkədən ixrac edilmiş malların 2,7 faizi və ya 62,4 milyon dollarlığı MDB üzvü ölkələrinə, 58,7 faizi və ya 1370,8 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 38,6 faizi (901,4 milyon dolları) digər dövlətlərə göndərilmişdir.

Cari ilin iki ayında qeyri-neft məhsullarının ixracı keçən ilin müvafiq dövrünün göstəricisini 72,6 faiz üstələyərək 349,9 milyon dollar təşkil etmişdir. Qeyri-neft məhsullarından kənd təsərrüfatı mallarının ixracı 60,2 faiz, digər sənaye təyinatlı malların ixracı isə 2,4 dəfə artmışdır.

Yanvar-fevral ayları ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,5 manat təşkil etmişdir. 2015-ci ilin birinci rübündə ölkə əhalisinin gəlirləri 5,3 faiz artaraq 9,5 milyard manata çatmışdır. Gəlirlərin 75,7 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olmuş, büdcədən 2,7 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 80,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,1 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 1,4 milyard manatı iqtisadiyyatın inkişafına, 359,1 milyon manatı sosial müdafiə və sosial təminata, 200,8 milyon manatı təhsil və səhiyyəyə yönəldilmişdir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında