Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik
təsisatlar var və onlar uğurla fəaliyyət göstərir.
Bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı,
internet azadlığı var. Heç bir senzura yoxdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanmış postovet respublikaları ilə müqayisədə Azərbaycanın sürətli inkişafı və dünya birliyinə inteqrasiyası ölkəmizin reytinqini getdikcə artırmışdır. Bu gün respublikamızın dünyada söz sahibi olması və Cənubi Qafqazın lider dövlətinə çevrilməsi beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Hazırda Azərbaycan dünyada böyük hörmətə malik olan müstəqil dövlətdir və etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində nüfuzu getdikcə artan respublikamız mötəbər beynəlxalq təşkilatların ən fəal üzvlərindən bir olmaqla yanaşı, həmin qurumların fəaliyyətinə öz dəyərli töhfələrini də verir.
Artıq regional məsələlərin həllində Azərbaycanın böyük rol oynadığı öz təsdiqini tapıb. Demokratik proseslərin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə, söz azadlığına və müstəqil mətbuatın fəaliyyətinə yaradılan əlverişli şərait, eyni zamanda, üzv olduğumuz nüfuzlu təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetirməklə, bir daha beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyimizi nümayiş etdirirk. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı həmin quruma iki dəfə sədrlik etdiyi müddətdə, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə də demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, haqq-ədalətin bərpa olunmasına və münaqişələrin aradan qaldırılmasına dəyərli töhfələr vermişdir.
İyirmi dörd ilə yaxın müstəqillik tarixi dövründə Azərbaycanda azad cəmiyyət formalaşmışdır. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, ölkəmizdə bütün azadlıqlar - söz, vicdan, mətbuat, internet azadlığı mövcuddur və bu gün hər hansı bir sahədə senzura yoxdur. Hazırda bir milyondan artıq Azərbaycan vətəndaşı “facebook” və digər sosial şəbəkələrdə öz fikirlərini açıq şəkildə söyləyir, istənilən məsələyə sərbəst şəkildə münasibətlərini bildirir. Heç kimə sirr deyil ki, dünyanın bir sıra ölkələrində senzuralar, məhdudiyyətlər mövcuddur. Ancaq bizim ölkəmizdə vəziyyət tamamilə başqadır. Dövlət başçımızın vurğuladığı kimi, bizdə isə bunlar azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir.
İnternetə azad çıxışın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir. Təbii ki, müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək mümkün deyil. Son illər ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verilmiş, internet resursları sürətli inkişaf yolu keçmiş və internetə çıxışa, ondan istifadəyə heç bir məhdudiyyət qoyulmamışdır. Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir. Artıq Azərbaycanda elektron demokratiya formalaşıb və onun bilavasitə təminatçısı ölkə Prezidenti İlham Əliyevdir. Azərbaycanda “Elektron hökumət”in qurulması, “ASAN xidmət”in yaradılması və respublika boyunca genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir. Azərbaycanda hər bir kəs tutduğu mövqedən asılı olmayaraq, özünü internetdə azad formada ifadə edə bilir.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı ölkəmizdə azad cəmiyyət formalaşdığını diqqətə çatdıraraq demişdir: “Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir”.
Azərbaycanda azad sözə, fikir azadlığına, müstəqil mətbuatın fəaliyyətinə yaradılmış əlverişli şərait isə xüsusi qeyd edilməlidir. Bu sahədə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən söz və məlumat azadlığının davamlı şəkildə inkişafı göz önündədir. Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin ölkədə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, həmçinin beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst şəkildə təhlil etmələri üçün hər cür imkan və şərait yaradılıb. Hər hansı bir müdaxilə olmadan və ya süni əngəl yaradılmadan kütləvi informasiya vasitələrinin nümayəndələri istədikləri informasiyanı toplayaraq ictimaiyyətin diqqətinə çatdırır. Mövqeyindən asılı olmayaraq, müstəqil mətbuata və jurnalistlərə dövlət tərəfindən göstərilən diqqət və qayğının yüksək səviyyədə olması danılmaz faktdır.
Azərbaycanın uğurlarını gözü götürməyən “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational” və Sərhədsiz Reportyorlar kimi bir sıra qərəzli beynəlxalq qurumlar öz hesabatlarında ölkəmizdə “söz azadlığının boğulması”, “jurnalistlərin təqib olunması”, “müstəqil mətbuatın fəaliyyətinə məhdudiyyətlər qoyulması”, “insanlara öz fikrilərini sərbəst ifadə etməyə şərait yaradılmaması” kimi ifadələr işlədəndə hətta müxalifyönlü mətbuatın nümayəndələri də öz təəccüblərini gizlətmir və deyirlər ki, görünür, bu təşkilatlar Ermənistanla Azərbaycanı dəyişik salıblar. Çünki mövqeyindən asılı olmayaraq, aparıcı kütləvi informasiya vasitələrinə mütəmadi olaraq dövlət tərəfindən maliyyə yardımı edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrdə qalib jurnalistlərə pul mükafatları verilir. Ən başlıcası isə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına mənzillər tikilərək jurnalistlərə pulsuz verilir. Həmin yardımlardan müxalifyonlü jurnalistlər də yararlanırlar. Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Bütün bunlardan sonra kütləvi informasiya vasitələrinə və jurnalistlərə təzyiqlər barəsində hesabatlar hazırlayan beynəlxalq təşkilatlar yalnız özlərini gülüş hədəfinə çevirirlər.
Ölkəmizə qarşı daim qərəzli olan bir sıra beynəlxalq təşkilatların diqqətinə bir daha çatdırmaq istərdik ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı fərman Azərbaycanda azad, kənar təsir olmadan özünü tənzimləyən mətbuatın təməlini qoydu. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etdi və kütləvi informasiya vasitələrinin inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər mütəqil mətbuatın inkişafına öz önəmli töhfələrini verir.
Vətəndaşların öz fikirlərini sərbəst ifadə etmək, təşkilatlanma və toplaşma azadlığı tam şəkildə təmin edilib. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənən aksiyaların keçirilməsi üçün müvafiq ərazilər ayrılıb. Siyasi təşkilatlar bundan yararlanır, vaxtaşırı nümayişlər keçirirlər. Son 20 gün ərzində “Milli Şura” adlı qondarma qurumun iki dəfə mitinq keçirməsi üçün icazə verilmiş, hətta, aksiya iştirakçılarının təhlükəsizliyi dövlət tərəfindən təmin edilmişdir. Baxmayaraq ki, həmin mitinqlərdə hakimiyyətin ünvanına sərt böhtanlar, iftiralar səsləndirilmiş, yenə də aksiyanın sona qədər davam etdirilməsi təmin olunmuşdur. Bütün bunlar ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsinin nəticəsidir. Bu, ölkəmizdə azad cəmiyyət formalaşmasının, dünya birliyinə sürətli inteqrasiyanın və müasirləşmənin bariz nümunəsidir. Cəmiyyətin demokratikləşdirilməsi insanlarda müsbət əhval-ruhiyyə yaradır və ölkə başçısına olan inam və etimadı daha da artırır. Biz ötən seçkilərdə də bunun şahidi olduq. Azad, demokratik, ədalətli və şəffaf keçirilən seçkilərdə seçicilər heç bir maneə ilə üzləşmədən seçki məntəqələrinə gedərək öz səslərini ən layiqli namizədə verirlər.
Respublikamızda vətəndaş cəmiyyətinin formalaşmasına mane olan, insanlar arasında çaşqınlıq, qarşıdurma yaratmaq istəyən milli satqınlar, antimilli qruplar Azərbaycandakı davamlı ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan xarici himayədarlarının təsiri ilə öz çirkin niyyətlərinə çatmaq istəyirlər. Belə ünsürlər, xüsusilə gənclərin beynini zəhərləməyə çalışır, müxtəlif fondlar vasitəsilə, guya hansısa layihələrin icrası üçün vəsait ayırır, əslində isə, gəncləri öz dövlətinə, xalqına qarşı qoymaq üçün işlər aparırlar. Görünür belələri unudurlar ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı xalqdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir.
Prezident İlham Əliyev bu il martın 19-da Novruz bayramı münasibətilə ümumxalq şənliyindəki nitqində də Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesinin yüksək səviyyədə olduğunu bildirmişdir: “Azərbaycanda bütün azadlıqlar təmin edilib. Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.