Prezident İlham Əliyev: Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq...

Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunu elə mükəmməl şəkildə hazırlayıb ki, onun heç bir prioriteti kimin üçünsə qaranlıq və ya anlaşılmayan səviyyədə deyil. Dünyanın istənilən qütbündə əyləşmiş, siyasətdən və ya diplomatiyadan xəbəri olan hər bir şəxs Azərbaycanın xarici siyasətindəki balanslaşdırıcı məqamları və qarşılıqlı ehtirama söykənən prinsipləri yüksək qiymətləndirir.

Bizim səsimizin ən mötəbər beynəlxalq tribunalardan qətiyyətlə səslənməsinin əsas səbəbi də budur. Siyasətimiz hamı üçün açıq, diplomatiyamız isə hamıya hörmət və ehtiramla dolu olduğuna görə bütün dünyada üzümüz ağdır. Ancaq bunlara baxmayaraq, dünya ictimaiyyətinə dönə-dönə xatırlatmaq zərurəti var ki, bugünkü dəyişən həyatda Azərbaycan öz mövqelərinin heç birindən çəkilmir və çəkilməyəcəkdir. Prezident İlham Əliyev də məhz bu məntiqdən çıxış edərək bütün yerli və beynəlxalq tribunaların hamısından qətiyyətlə söyləyir ki, biz öz siyasi məqsədlərimizə nail olmaq üçün müəyyən etdiyimiz hədəflərin böyük əksəriyyətinə çatmışıq, qalanlarına isə mütləq nail olacağıq.

 Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 aprel tarixli iclasındakı nitqində də bu məqamlara xüsusi diqqət ayırdı. Dövlət başçımız qeyd etdi ki, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür: “Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa, biz bunu edirik, deyilsə biz bunu etmirik”.

Əlbəttə, bütün bunlar dövlətimizin imicini yüksəldir, bizə başucalığı gətirir. Bu gün dünyada gedən ictimai-siyasi proseslər fonunda görünən Azərbaycan həqiqətləri ilə, sözün həqiqi mənasında, fəxr etməli oluruq. Çünki həmin proseslər bəzi dövlətləri alətə, oyun vasitəsinə, Ermənistan kimilərini isə “for-posta” çevirir”. Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil siyasət apardığını dövlət başçımız Nazirlər Kabinetinin iclasında belə qiymətləndirdi: “Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz, təbii olaraq, bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə, bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi”.

Bu zaman bir məqamı xüsusilə vurğulamaq zərurəti var. Belə ki, bəzi dövlətlərdə, xüsusən, Azərbaycanla eyni zamanda dövlət müstəqilliyi qazanmış region ölkələrində xarici siyasət kursunun nəinki ildən-ilə, hətta, bir ildə iki-üç dəfə dəyişikliyə məruz qaldığının şahidi oluruq. Həmin dəyişikliklərin isə əsas səbəbini, təbii ki, təməldə axtarmaq lazımdır. Bəs Azərbaycanda həmin sahədə vəziyyət necədir? Bu sualın cavabını da cənab Prezidentin nitqində tapırıq: “Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib. İlin əvvəlindən mən Türkiyəyə iki dəfə səfər etmişəm, Almaniyaya, Bolqarıstana, Vatikana və Səudiyyə Ərəbistanına səfərlər etmişəm. Yəni, 3 ay ərzində edilən bu səfərlər artıq Azərbaycanın çoxşaxəli xarici siyasət apardığını göstərir. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, bizim müqəddəs ocaqlarımız bu ölkədə yerləşir, Vatikan isə xristian aləminin mərkəzidir”.

Maraqlı və dönə-dönə qeyd edilməli məqamlardan biri də odur ki, Ermənistan istisna olmaqla, Azərbaycan heç bir ölkə ilə əlaqələrini pozmamışdır. Heç bir ölkə ilə bizim aramızda gərginlik yoxdur. Üstəlik, son illər ərzində biz kifayət qədər dost qazanmışıq, bir çox ölkələr bizimlə əməkdaşlıq etmək istəyir. Xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, Prezidentimizin beynəlxalq tədbirlərdə iştirakı bunu bir daha göstərir. Hamı etiraf edir ki, Azərbaycan bu gün dünya miqyasında öz güclü yerini tutmuş ölkədir. Elə öz güclü yerimizi tutduğumuza görədir ki, dövlət başçımızın səsini dünyanın ən aparıcı beynəlxalq təşkilatlarının tribunasından eşidirik. Həmin məqamı cənab Prezident belə vurğulayır: “Mən ilin əvvəlində dünyanın iki aparıcı iqtisadi və siyasi forumlarında iştirak etmişəm – Davosda və Münxendə. Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı. O da sirr deyil ki, bu tədbirlərə məhdud sayda qonaqlar dəvət edilir. Bu tədbirlərdə dünyanın həm üzləşdiyi problemlər açıq və qapalı şəkildə müzakirə edilir, eyni zamanda, orada imkan yaradılır ki, hər bir iştirakçı öz baxışlarını ifadə etsin, öz fikirlərini bölüşsün. Azərbaycanın mövqeyi bir çox məsələlərlə bağlı çox böyük önəm daşıyır. Təkcə enerji siyasəti deyil, ümumiyyətlə, geosiyasi məsələlər, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq və sabitlik. Çünki baxın, indi dünyanın hər bir yerində qarşıdurma, müharibə, ziddiyyət, böhran, çevrilişlər və digər xoşagəlməz hallar müşahidə edilir. Bir il deyil, iki il deyil, artıq 10 ilə yaxındır ki, hər tərəf yanır. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır və təbii ki, bu, dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.

 

Təbii ki, dövlətimizin bu uğurlarını gözü götürməyən, antiazərbaycan qüvvələr bizə qarşı gizli və açıq şəkildə mübarizə aparırlar. Dövlət başçımız bu barədə öz fikirlərini dəfələrlə səsləndirib. Ölkəmizin uğurlu inkişafını qəbul edə bilməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirdikcə dövlət başçımızdan layiqli cavablarını alırlar. Ona görə də nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verməyəcəkdir. Rəqiblərimiz xalqın iradəsi və dövlət başçımızın qətiyyəti qarşısında həmişə məğlub olacaqlar. Buna baxmayaraq Azərbaycan üçün həlli müşkülə çevrilmiş bir problem də vardır. Bu isə beynəlxalq aləmdəki ikili standart müəlliflərinin və ermənipərəst siyasi dairələrin əlində əsir-yesir olmuş Ermənistan dövlətinin davam etdirdiyi işğalçılıq siyasətidir.

Dövlət başçımız Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasının bir neçə səbəbi olduğunu növbəti dəfə xatırlatdı: “Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar ki, həll olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq. Azərbaycan, əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır”.

 Daha maraqlı bir məqam. Dövlət başçımızın ilin əvvəlində Münxendə səsləndirdiyi “Erməni əsgəri ölmək istəmirsə, Ağdama gəlməsin” - ifadəsi region ölkələrində fəaliyyət göstərən mətbuat vasitələrinin ən çox müraciət etdiyi fikirlərdən birinə çevrilmişdi. İndi isə cənab Prezident öz fikirlərini bir az da konkretləşdirdi: “Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun!”

Fakt isə odur ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından rədd olmaqdan başqa yolları qalmayıb. Bunu artıq İrəvanda da anlayanlar az deyil. Hamının anlamasına isə çox qalmayıb.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında