İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman
qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik,
öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün
çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq.
Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş
İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ciddə şəhəri, 6 aprel 2015-ci il
Bakıya, Azərbaycana səfər edən hər kəs əvvəlki vəziyyəti indiki ilə müqayisə etdikdə
ölkənizdəki tərəqqini, irəliləyişi dərhal görür. Bu işlər ölkənin mənafeyinə, tarixinə və
özünəməxsusluğuna uyğun olaraq davam edir. Eyni zamanda, Azərbaycanın
İslam Əməkdaşlıq Təşkilatının istər siyasi, istər iqtisadi, istərsə də əlaqələrimizi
möhkəmləndirdiyimiz digər sahələrdə dəstəklənməsində hər zaman
tutduğu mövqeyinə görə olduqca minnətdarıq.
İyad bin AMİN MƏDƏNİ
İslam Əməkdaşlıq Təşkilatının baş katibi
Ciddə şəhəri, 6 aprel 2015-ci il
Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycanın xarici siyasət kursundakı bütün istiqamətlər kimi, Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlıq da xalqımızın və dövlətimizin maraqlarını tamamilə ifadə edir. Çünki bu ölkə ilə bizi BMT çərçivəsində, Avrasiyaya inteqrasiya prosesində, Asiya ölkələri ilə qarşılıqlı-faydalı münasibətlərdə, İslam Əməkdaşlıq Təşkilatında çoxsaylı tellər bağlayır.
Təsadüfi deyil ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev öz siyasi fəaliyyətlərində Ər-Riyadla əməkdaşlığın genişləndirilməsini daim diqqət mərkəzində saxlayıblar. Dövlət başçımızın Avrasiyanın güclü iqtisadiyyata və siyasi nüfuza malik olan bu ölkəsinə sonuncu rəsmi səfəri də həmin diqqətin bariz göstəricisi idi.
Prezident İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla görüşü zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunması, İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyinin vurğulanması, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının yüksək qiymətləndirilməsi regionun və dünyanın siyasətçi və ekspertlərinin böyük marağına səbəb oldu. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldığı barədə xəbərə həm dostlarımız, həm də bədxahlarımız özünəməxsus münasibət bildirdilər. Kral Salman bin Əbdüləziz Əl Səudun münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının bu mövqeyinin heç vaxt dəyişməyəcəyini diqqətə çatdırması isə, xüsusilə qeyd edilən məqamlardan idi.
Ertəsi gün — aprelin 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşündə səsləndirilən fikirlər, aparılan müzakirələr bir daha sübut etdi ki. Azərbaycan bu gün İslam dünyasının ən fəal və ən nüfuzlu üzvlərindən birinə çevrilib. Baş katib qeyd etdi ki, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının istər siyasi, istər iqtisadi, istərsə də əlaqələrimizi möhkəmləndirdiyimiz digər sahələrdə verdiyi töhfələr təqdirəlayiqdir: “ Bakı bu yaxınlarda İƏT əmək nazirlərinin görüşünü təşkil etmişdir. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul etdi. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə İslam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib”. Bütün bunları yüksək qiymətləndirən baş katib Azərbaycan Prezidentinə öz təşəkkürlərini də çatdırdı: “Cənab Prezident, verdiyiniz töhfəyə görə İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər adından minnətdarlığımı bildirirəm".
Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə ikitərəfli münasibətlərimizə dair bir çox məsələləri və regional prosesləri müzakirə etdiyini yada salan Azərbaycan Prezidenti qeyd etdi ki, biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik. Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş və dostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. Ancaq Azərbaycan Prezidentinin başqa bir fikri dost ölkədə daha böyük maraqla qarşılandı:
“Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq. Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyərləri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik”.
Azərbaycan Prezidenti müasir dünyada gedən bəzi proseslərə işarə edərək xalqımız və dövlətimiz adından dəyərli və qətiyyətli fikirlər səsləndirdi: “İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq”.
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində reallaşdırdığı tədbirlərdən biri də Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşü oldu. Son on ildə bu bank ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunması yüksək qiymətləndirildi və vurğulandı ki, Azərbaycan ilə İslam İnkişaf Bankı arasında neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq edilir.
Ekspertlər yazırlar ki, dövlət başçımızın Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil, Neft və Minerallar naziri Əli Əl Naimi və Maliyyə naziri İbrahim Əl Asaf ilə görüşləri Ər-Riyad ilə Bakı arasındakı çoxtərəfli əməkdaşlığın daha geniş miqyasları əhatə etməsinə zəmin yaradacaq. Azərbaycan Prezidentinin bilavasitə ulu öndər Heydər Əliyev kimi İslami dəyərlərə xüsusi önəm verməsi, bütün ailə üzvləri ilə birlikdə həm Məkkeyi-Mükərrəmi, həm də Mədineyi-Münəvvəri ziyarət etməsi, Kəbə evində və İslam peyğəmbərinin (s.) məzarı önündə namaz qılması isə müqəddəs dinimizin bədxahlarına qətiyyətli bir mesaj kimi qiymətləndirildi.
BMT Təhlükəsizlik Şurası və Avropa Şurasının Nazirlər Komitəsi kimi mötəbər beynəlxalq təşkilatlara sədrlik etmiş, kosmosa öz rabitə peykini çıxarmış, sivil, dünyəvi və demokratik dövlət quruculuğu yolunda bir çox Qərb ölkələrini geridə qoyan uğurlara imza atmış ölkənin Prezidenti Kəbədə namaz qıldı, İslam Peyğəmbərinin (s.) məzarı önündə baş əydi. Təsadüfi deyildir ki, İslam dininin hər iki müqəddəs ocaqlarının qapıları istisna olaraq Azərbaycan Prezidenti üçün açıldı. Həmin anların televiziya lentinə köçürülmüş məqamlarını seyr edən istənilən azərbaycanlının ürəyində fəxr və iftixar hissləri yaranırdı. Təkcə ona görə yox ki, İslam aləmində bizə xüsusi inam və etimad formalaşıb, həm də ona görə ki, Azərbaycan Prezidenti dinləri siyasiləşdirmək istəyən, bütün bəd əməllərini dinlə bağlamağa çalışan qüvvələrə öz qətiyyətli mesajını göndərirdi: Azərbaycan ictimai-siyasi proseslərdə Qərbin yanında olsa da, biz qəlbən, ruhən İslam dünyasının bir parçasıyıq. Aqillərin fikrincə, bunun bir adı var: Bütün bəşəri dəyərlərə ehtiram.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.