Səudiyyə Ərəbistanı Yəməndə güclənmiş qiyamçı husilərlə mübarizədə mühüm müttəfiqlərindən birini–Pakistanı itirmək ərəfəsindədir. Belə ki, Pakistan parlamentinin Yəməndə aparılan müharibəyə qoşulmağın əleyhinə dair qətnamə qəbul etdiyi bildirilir. Doğrudur, parlamentin məlum qətnaməsi icraedici hakimiyyət üçün mütləq deyil. Bununla belə, iqtidar partiyasının nüfuzlu nümayəndələri tərəfindən də təsdiqlənən qətnamənin bir kənara qoyulması da şühbə doğurur. Mütəxəssislər isə deyirlər ki, regionun ən güclü ordularından birinə malik Pakistan olmadan Səudiyyə Ərəbistanına və müttəfiqlərinə strateji əhəmiyyət kəsb edən əraziləri qaytarmaq çox çətin olacaq.
Aprelin 7-də Pakistan hökumətinin Səudiyyə Ərəbistanının Yəmənə hərbi kontingent göndərmək barədə xahişinə reaksiya verdiyi bildirilirdi. Rəsmi Ər-Riyadın Yəməndə qiyamçı husilərə qarşı aparılan beynəlxalq hərbi əməliyyata dəstək verilməsini xahiş etdiyi vurğulanırdı. Ancaq rəsmi İslamabadın gözlənilən cavabı vermədiyi məlum olmuşdu. Baş nazir Nəvaz Şərifin cavabında beynəlxalq koalisiyaya qoşulmağa tələsməyəcəklərini və hətta İran ilə məsləhətləşmələr aparacaqlarını açıqladığı bildirilirdi. İranın müzakirələrə qoşulmasının vacib olduğunu vurğulayan cənab Şərif həmçinin hesab edirdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasətinin doğru olmasını təyin etmək lazımdır. Belə bir açıqlama rəsmi İslamabadın Səudiyyə Ərəbistanına və müttəfiqlərinə hərbi əməliyyatlarda iştirak etməyə hazır olmadığına dair eyhamı kimi də qiymətləndirilirdi.
Rəsmi Ər-Riyadın Pakistandan istədikləri barədə məlumatın parlamentin iclasında müdafiə naziri Havayya Asif tərəfindən verildiyi bildirilirdi. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı Pakistandan hərbi gəmilər, təyyarələr və quru qoşun dəstələri təqdim etməklə koalisiyanı gücləndirməyi xahiş edir. Amma Pakistanın koalisiyaya qoşulması ehtimalı ölkədə birmənalı qarşılanmadı. Müxalifətin və ictimai təşkilatların hakimiyyətə təzyiqinin artması barədə məlumat verilirdi. Millət vəkillərinin də müdafiə nazirinin hesabatından narazı qaldıqları açıqlanırdı. Pakistanlı deputatlar hərbi əməliyyatların miqyasına dair məsələyə aydınlıq gətirilməsini tələb edirdilər.
Yuxarı palatada müxalifətin lideri Aytzaz Əhsanın müdafiə nazirini tənqid etdiyi və hərbi məmurun çıxışının “dümanlı” olduğunu iddia etdiyi vurğulanırdı. Aprelin 10-da isə Pakistan parlamentinin ölkənin Yəmən münaqişəsində neytral qalmasını şərtləndirən qətnamə qəbul etdiyi məlum oldu. Qəbul edilmiş qətnamədə Pakistanın Yəmən münaqişəsində birtərəf qalması arzu olunur və Səudiyyə Ərəbistanı Krallığının qeyri-şərtsiz dəstəkləndiyi vurğulanır.
Pakistan hökumətinin krallığın ərazi bütövlüyünə təhdid törədəcək istənilən təhlükələrin qarşısının alınmasında üzərinə düşən öhdəliklərini yerinə yetirəcəyini bildirdiyi qeyd olunur. Yəni rəsmi İslamabad krallığın şiələrin çoxluq təşkil etdiyi neftlə zəngin şərq vilayətində vəziyyətin nəzarət altında saxlanacağına dair öhdəliklərinə əməl edəcək. Qeyd etmək yerinə düşər ki, Pakistanın Səudiyyə Ərəbistanı qarşısındakı müttəfiqlik öhdəlikləri yaxınlıqda yerləşən dövlətlərdə ictimai-siyasi vəziyyətin kəskinləşməsi zamanı mütləq reaksiya verilməsini əhatə etmir. Buna görə də, rəsmi İslamabadın ehtiyatlı davranmasının hüquqi tərəfini də məhz belə izah etmək mümkündür. Bəs Pakistan hökumətinin Yəməndə hərbi əməliyyatlarda iştirak etməsi üçün vəziyyət nə dərəcədə pisləşməlidir? Ümumiyyətlə, pakistanlıları belə düşünməyə vadar edən səbəblər nələrdən ibarətdir?
Əslində, Pakistanın ciddi yolayrıcında olduğu bilinirdi. Məsələ bundadır ki, 180 milyon əhalisi olan Pakistanda, təqribən, 30 milyon şiə yaşayır. Ölkənin baş naziri Nəvaz Şərif də Yəmən əməliyyatına qoşulacağı təqdirdə sünni-şiə qarşıdurmasının yaranacağından ehtiyat edir. Ordu komandanlığında da şiələrin təmsil olunduğu məlumdur və onların Yəmənə hərbi müdaxiləyə qarşı çıxacaqları şübhə doğurmur. Bundan başqa, “Taliban” və digər hərbi qruplaşmalarla mübarizə aparan rəsmi İslamabadın Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi “Qətiyyət fırtanası” koalisiyasına qoşulması Pakistan büdcəsi üçün əlavə yükün yaranmasına gətirib çıxaracaq.
Pakistanı ehtiyatlı davranmağa vadar edən amillərdən biri də İranla ümumi sərhədinin olmasıdır. Hindistanla gərgin münasibətləri olan Pakistanın daha bir qonşu ilə münasibətlərinin pisləşməsinə yol verməsi arzuolunan perspektiv deyil. Buna görə də, rəsmi İslamabad ehtiyatlı davranmağa və milli maraqlarına zidd addımlar atmamağa çalışır. Pakistanın da qəti şəkildə rədd cavabı verəcəyi təqdirdə “Qətiyyət fırtanası” əməliyyatının uğurla yekunlaşmasına ciddi əngəl törədəcəyi düşünülür. Çünki, hava zərbələrindən sonra quru əməliyyatların keçirilməsinə ehtiyac yaranacaq.
Yerüstü əməliyyat aparmaq məsələsində region ölkələri arasında ən çox təcrübəsi olan Pakistansız gözlənilən səmərəni əldə etmək çox çətin olacaq. Xüsusilə də Pakistanın quru qoşunları olmadan Yəməndə strateji ərazilərin husilərdən təmizlənməsi müşkül məsələyə çevriləcək.
Səbuhi Məmmədov,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.