Xoş gördük, adını-ünvanını neçə illərdən bəri eşidib, üzunü görmədiyim öyünclü diyar, qəhrəman Çanaqqala! Ruhuna-duyğusuna həqiqətdən cox, şanlı və müqəddəs bir əfsanə kimi vurulduğum sevimli şəhər! Keçilməz qapını bir türk oğlunun üzünə necə açdığını duymağa və yazmağa bundan sonra bu ömrüm qədər yaşasam belə nə imkanım, nə də qüdrətim çatacaq. Amma bir anlıq mənə elə gəldi ki, doğulduğum gündən sənə doğru yol gəlirəm...
Çanaqqala limanından o tayda— yarımadanın əsrarəngiz sinəsində görünən pannoda yazılanları da təkcə həzin bir duyğunun nişanəsi kimi yox, möhtəşəm bir komandanın əmri kimi qarşıladım:
Dur yolcu! Bilmədən gəlib bastığın,
Bu torpaq, bir dövrün batdığı yerdir...
Bir anlıq anladım ki, bir dövrü ağılasığmaz bir qəhrəmanlıqla yox edib, yeni bir tarixə baş vuran, şəhid qanı ilə suvarılmış bir torpağın hüzurundayam!
Hüzurunda bu 55 illik bir ömür yolunda qeyb etdiklərimi qazandıqlarımla yanaşı qoymağa da cəsarətləndim. Amma gördüm ki, təəssüflər olsun, günahkaram! 100 il sonra zəfərinlə öyünmək istədim, amma itirdiyim Şuşa, Xankəndi, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, ruhumun dağ çəkilib yandırılan Xocalı, Qaradağlı, Bağanıs Ayrım, ən nəhayət, Dağlıq Qarabağ boyda bir ağrı mənə rahatlıq vermədi. Bir xalqın tarixinə yazılan bu acı həqiqətlərin baiskarları sırasında, bu torpağın suyu, çörəyi və havası ilə böyümüş hər birimizin “günah payı” var. Çünki, bu torpaq uğrunda, onun müqəddəsliyi yolunda çox sözlər verməyi bacardıq, amma can verməyi bacarmadıq! Bu yerdə əziz və müqəddəs şəhidlərimizin ruhu məni bağışlasın!
Zəfərindən-inamından dərs almağa gəlib sığına biləcəyim yeganə həqiqət odu. Adını da Canaqqala zəfəri qoyduq! Nə deyim, nə umum səndən?! Bir onu bilirəm ki, qoy Sənin 100 il bundan əvvəl qazandığın, amma bu gün də bütün türk dünyasına qol-qanad verən bu zəfər tarixin bizlərə də möhtəşəm bir ibrət dərsi olsun...
Çanaqqala: böyük qələbədən yüz il sonra
...Egey dənizinin İzmir sahillərindən İstanbula döğru 300 kilometrdən artıq yolu indi də necə gəldiyimi xatırlaya bilmirəm. İzmirli həkim dostum Zəki Hozerin və Bakıdakı “Mr.Fix” şirkətinin rəhbəri türk qardaşım Nəcməddin Taşbağın söylədikləri bir xəyal kimi keçdi fikrimdən: möhtəşəm və müqəddəs bir torpağa qədəm qoymusan, qardaşım! Buralar təkcə türkün tarixinə deyil, dünyanın düzəninə yeni bir tarixi bəxş edən torpaqlardır...
Balıkəsir və Troyadan sonra Çanaqqala sərhədlərinə, sanki, birdən-birə göylərdən düşmüşdüm. Adamlar, heç nəyin fərqində olmayan kimi, gündəlik iş-güclərində idilər. Təkcə hər addımda qarşılaşdığım “Çanaqqala kecilməz!...” şüarları 100 illik bir tarixin şərəf və qürurunu mənə daddırmaqda idi. “18 Mart Çanaqqala Universiteti”nin professorları— həmyerlilərim, ünlü şair Məmməd İsmayıl və Aydın İbrahimovun, araşdırmaçı Bayram Ərin söhbətləri bu tarixi diyarda, təkcə Türkiyənin yox, həm də bütün dünyanın yeni tarixinin yazıldığını bir daha ortaya qoymaqda və sübut etməkdə idi.
Türkiyə tarixinin şanlı səhifələrindən birini, bəlkə də, ən əzəmətlisi 1915-ci ilin martında Çanaqqalada yazıldı və türkün tarixinə də “Canaqqala zəfəri” adı ilə həkk olundu. İndi, 100 il sonra da bu tarix təkcə qan yaddaşımızı oyatmır, həm də öyünc və fəxr yerimiz kimi hər bir türk oğlunu qürurlandırır. Ən önəmlisi də işğala, köləliyə, əzilməyə, yox olmağa, əcnəbi işğalına razı olmayan və “xəstə adam” adlandırılan bir xalq, nəinki yoxdan var olmağı bacarır, həm də bütün dünyanın ən yeni tarixini yazır və təsdiq edir.
Doqquz (bəzi mənbələrdə on) müxtəlif cəbhədə dünyanın hegomon dövlətlərinə qarşı vuruşan Anadolunun hər bir bucağından gələn türk oğulları “Çanaqqala keçilməz!” şüarı ilə bu şanlı qalanı keçilməz etdilər. Canlarını mərmilərə sipər edən, son damla qanlarına qədər vuruşan bu oğullar Çanaqqala boğazından düşmən gəmilərinin keçməsinə cox böyük tarixi şücaətləri ilə imkan vermədilər.
İnsanlıq tarixinin ən böyük və ən çətin savaşlarından birinin yaşandığı Çanaqqala döyüşlərinin 100- cü ildönümünü şəhər böyük bir təmtəraqla qarşılamaqdadır. Turist və qonaqların çoxluğu ilk baxışdan diqqəti cəlb edir, hətta şəhərin mərkəzi hissəsində yerləşən otellərdə yer tapmaq xeyli cətinləşib. Tarixin böyük zəfər savaşını özündə əks etdirən “Çanaqqala kecilməz!...”, “Çanaqqala mənəvi paytaxtımızdır!” kimi şüarlar hər anda diqqəti cəlb edir.
Şəhərin rəhbər dairələri də tədbirlərin yaddaqalan olması və möhtəşəm keçirilməsi üçün bütün imkanlarını səfərbər ediblər. Çanaqqala valisi Əhmət Çinar
100 illik zəfər tarixinin dəyərli bir miqyasda qeyd olunması arzusu ilə Türkiyədəki valiliklərə, böyükşəhər bələdiyyələri başkanlarına, holdinqlərə, bank rəhbərliklərinə, federasiyalara, idman klubları kimi qurumlara 1144 dəvət məktubu göndərmişdir. Həyata keçirilməsi planlaşdırılan 100-ə yaxın layihə koordinasiya mərkəzinə təqdim olunmuş və bu iş uğurla davam etdirilməkdədir.
Valinin məktubunda deyilir: “Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə layihə və təkliflərinizi gözləyirik! İnsanlıq tarixinin ən böyük və ən çətin savaşlarından birinin yaşandığı Çanaqqalada ata-babalarımız yenə insanlıq tarixinin ən şanlı dastanlarından birini yazdılar. Çanaqqala imperialist zulmünün bir dövrünün batdığı, Böyük Türkiyənin yenidən doğulduğu yerdir. Cənnət Vətənımizin hər ailəsindən, hər kəndindən bir igidinin–şəhidinin heç yaşlanmadan yaşadığı bir cənnətdir. Bütün millətimizin ürəyinin bir parçası bu şəhərdədir! Çanaqqala mənəvi paytaxtımızdır! Bu şəhər hamımızın şəhəridir!
İmperialist əfəndilərin göstəriş və təkidi ilə, bəlkə də, nə üçün, nə məqsəd arxasınca gəldiklərini belə bilmədən bu torpaqlarda yatan, Mustafa Kamal Atatürkün “Bu məmləkətin torpaqları üstündə qanlarını tökən qəhramanlar! Burada, bir dost Vətənın toprağındasınız. Huzur və rahatlıq içində uyuyunuz...” dediyi ağızı süd iyli ana uşaqlarının, 250 mindən çox şəhidimizin, saysız qazilərimizin və əcdadımızın Vətən və Allah sevgisinə qarşılıq olaraq cənabi Allahın millətimizə bəxşiş etdiyi Çanaqqala ruhu, millətimizin və bütün məzlum millətlərin mənəvi yüksəlişi olmuşdur. İndi hamımızın önündə möhtəşəm bir borc var: Çanaqqala zəfərinin 100-cü ilini birlikdə Çanaqqala dastanının şanına, Çanaqqalada savaşan qazilərimizin və can verən şəhidlərimizin şərəfinə yaraşan və dünyanın diqqətini qazanacağımız bir şəkildə qeyd edəcəyik. Bu böyük bir fürsətdir!
Övladlarımızın canına Çanaqqala ruhunu, ürəklərinə Vətən sevgisini yerləşdirmək, böyük ölkəmizin və millətimizin üca dəyərlərini və gözəlliklərini bütün dünyaya tanıtmaq üçün...
Osmanlı dövləti Çanaqqala müharibəsi ərəfəsində
XIX əsr Osmanlı dövlət tarixinin, bəlkə də, ən ağır dövrü kimi yad edilməkdədir. Əsrlər boyunca bütün dünyaya meydan oxuyan, üç qitəyə sahiblik edən, qüdrət və təntənənin nişanəsi olan Osmanlı ordusu dövlətin zəifləməyə başlaması ilə böyük problemlərlə üzləşdi və daxili bir bəlaya çevrildi. Müharibələrdə iştirak etməmək, cəbhədə baş alan kütləvi fərarilik, komandanları, dövlət adamlarını və hətta sultanları qətlə yetirmə kimi azğınlığın səbəbkarı olan ordu— Yeniçəri ocağı, əslində, imperiyanın böyük çöküşünün sübutu idi.
Sultan II Mahmud 1826-cı ildəki böyük həmləsi ilə üsyankar Yeniçəri ordusunu ləğv etdi və yeni ordu quruculuğuna başladı. Osmanlı tarixçiləri bu hadisəni “Vaka-i hayriyyə”, yəni “Xeyirli hadisə” kimi təqdim etdilər. Amma bu arada dövlət xarici təhdidlər təhlükəsi ilə üzləşmişdi və bu müdaxilələr günbəgün şiddətlənməkdə idi. 1828— 1829-cu illərdə baş verən Osmanlı— Rusiya müharibəsi bunu bir daha təsdiq etməklə, yeni qurulan ordunun kifayət olmadığını ortaya qoydu. Bu məğlubiyyət təkcə rusların deyil, Osmanlı torpaqlarında gözü olan Qərb dövlətlərinin də yeni planlar ortaya qoymasına ilham verdi.
Təxminən 600 ildən artıq müddətdə üç qitəyə hakim olan Osmanlı səltənəti artıq XX əsrin əvvəlində süqut edirdi. Xarici və daxili mübarizələr Osmanlı dövlətini çökdürür, torpaqlarını və gücünü azaldırdı. Sonda Şimali Afrikada Trablis və Balkan döyüşlərində bir-birinin ardınca uduzan Osmanlı dövləti Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermiş, hörmətini və gücünü itirmişdi.
Artıq Osmanlı dövlətinin ölümü gözlənilir və digər ölkələr bölüşdürülmə planları hazırlayırdı. Rusiya boğazları ələ keçirib isti dənizlərə çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalının və Hind yolunun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayırdı. Fransa Livan, Suriya və Kilikiyanın idarəsini arzulayırdı. Almanlar Şərqə yayılma siyasəti güdür, italyanlar isə Antaliyaya sahib olmağı istəyirdilər.
Beləliklə, XIX əsr boyunca Osmanlı dövlətinə gah Qərbin, gah da Rusiyanın müdaxilələri nəticəsində dövlət xeyli zəifləmiş, Osmanlı İmperiyası XX əsrə böyük torpaq itkiləri və borc içində girmişdi. Bu dövr Osmanlı dövlət siyasətinin çökdüyü, hökumətdaxili çəkişmələrin və inqilabların tüğyan etdiyi— sonralar utanc gətirən bir tarix kimi yaşanırdı.
Belə bir ərəfədə hakimiyyətə gələn İttihad və Tərəqqi Partiyası hakimiyyətdə olduğu dörd il içində dövləti böyük oyunların qurbanına çevirdi. Nəticə olduqca acınacaqlı və fəlakətli idi: Almaniyanın məğlubiyyəti, ardından bağlanan Mudros sülh müqaviləsi Osmanlının bütün güvəncini yerlə- yeksan etdi. Anadolu hegomon dövlətlərin işğalına məruz qaldı. Lakin türkün xilaskar oğlu Mustafa Kamal Atatürkün başladığı milli mübarizə hərəkatı qısa zamanda Türkiyənin xilas yolunu müəyyən etdi, yadelliləri Anadoludan uzaqlaşdırmaqla, yeni tipli dövlətin— Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndi.
Atatürkün başladığı mübarizə ilə, əslində, türk ordusu yeni bir mücadilə tarixinə imza atdı və özünü təsdiq etdi. Siyasi çəkişmələrin səbəb olduğu torpaq itkiləri dayandırıldı, işğalçı güclər tədricən ölkədən çıxarıldı. Atatürkün çox böyük uzaqgörənliklə ortaya qoyduğu “Ölkədə sülh, dünyada sülh” şüarı Türkiyə Cümhuriyyətinin təməlini qoymadı, həm də onun varlığını təsdiq etdi.
Bəşəriyyət tarixinə qanlı səhifələr “bəxş edən” Birinci Dünya müharibəsi ölüm və fəlakətləri ilə ilk qlobal savaş idi. Bu müharibə nəticəsində ölkələrin sərhədləri dəyişdi, yeni dövlətlər meydana çıxdı. Müharibəyə imperiya kimi başlayan Rusiya, Osmanlı və Avstriya-Macarıstan sonda yeni dövlətlər kimi meydana çıxdılar.
Əslində, XX əsrin əvvəllərində dünyanın böyük bir müharibəyə doğru getdiyi açıqca görünürdü. Ona görə də bəzi dövlətlər bir- biri ilə ittifaq qurur, tərəflərin tarazlıq yaratmaq meyilləri ortaya çıxırdı. Belə bir dövrdə özünə Avropada dost və müttəfiq axtarışına start verən yeni Osmanlı hökuməti Rusiyanın təsiri ilə İngiltərə və Fransa təcrid edildikdən sonra Almanya ilə əlaqələrin qurulmasına daha çox meyl göstərdi. Bundan sonra tərəflər arasında 2 avqust 1914-cü il tarixli gizli müqavilə bağlamışdı. Əslində, müharibə təhlükəsinin artması kapitalist dövlətləri arasındakı mənfəət çəkişmələrindən, dünyanın yenidən bölünməsi arzusundan qaynaqlanırdı. Bu savaşın başlanması üçünsə 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan imperatoru vəliəhdinin Bosniyada bir Serb millətçisi tərəfindən öldürülməsi barıt çəlləyinə atılan qığılcım oldu. Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə Birinci Dünya müharibəsi başladı.
Tarixə nəzər salanda Osmanlı dövlətinin ilk əvvəl bitərəf olduğunu elan etməsi diqqəti şəkir, amma ölkədə səfərbərlik işlərinin aparılması və bu yöndə bir sıra tədbirlərin görülməsi müharibə ab-havasının Türkiyədən də uzaqda olmamasını sübut etməkdə idi. Bu arada “Goben” və “Breslav” adlı iki alman gəmisi İngiltərə donanmasının hücumundan qaçaraq Osmanlı dövlətinə sığınmış, türk hökuməti isə bu gəmiləri 85 min markaya aldığını bildirmiş və adlarını da dəyişdirərək “Yavuz” və “Midilli” qoymuşdu. Oktyabr ayının sonlarında Qara dənizə çıxan bu gəmilər, Odessa və Sevastopol limanlarını bombalamağa başlamış, beləliklə, Osmanlı dövləti 30 oktyabr 1914-cü ildə Birinci Dünya müharibəsinə girdiyini təsdiq etmişdi.
Osmanlı dövlətini müharibəyə qatılmasının səbəblərini açıqlayan tarixçilər müxtəlif versiyalar ortaya qoymaqdadırlar. Ən önəmli amil İttihad və Tərəqqi Partiyası öndərlərində şiddətli bir alman heyranlığı, Almanyanın müharibənin qalibi olacağına inamı idi. Şübhəsiz ki, buraya Balkan müharibəsi dövründə itirilən torpaqları geri almaq ümidi, Almaniyanın yeni texnologiyasından yararlanmaq istəyi kimi digər amilləri də əlavə etmək olar.
Hər halda, İttihad və Tərəqqi hökumətinin müharibəyə girmək istəməsi, təkcə bu arzuların doğrulması kimi yox, həm də dünyanın ortaya qoyduğu bir reallıq idi. Osmanlı dövləti müharibəyə girdikdən sonra çoxsaylı və fərqli cəbhələrdə savaşlara qatıldı. Bu ölkə böyük məğlubiyyətlər yaşasa da, türk tarixinin səhifələrinə yazılan çox şanlı zəfərlərə də sahib çıxdı. Çanaqqala zəfəri də bu tarixin ən şərəfli səhifəsi idi.
(ardı var)
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
Bakı–Çanaqqala–Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.