Üçüncü çağırış Milli Məclisin sonuncu payız sessiyası öz işinə başlamışdır

Sentyabrın 30-da üçüncü çağırış Milli Məclisin sonuncu payız sessiyası öz işinə başlamışdır. Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Deputatları sessiyanın başlanması münasibətilə təbrik edən Oqtay Əsədov demişdir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı son illər dünyanın ən sürətli və dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Azərbaycan parlamenti də ölkədə həyata keçirilən quruculuq işlərindən kənarda qalmamış, dövlətimizin başçısının müəyyənləşdirdiyi strateji inkişaf xəttinin qanunvericilik bazasının təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərmişdir.
Üçüncü çağırış Milli Məclis bu günədək 1058 qanun və qərar qəbul etmişdir. Dövlətin qanunvericilik bazası daha da möhkəmlənmiş və təkmilləşmişdir.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüş, 70-dən çox ölkəyə 820-dək səfər həyata keçirilmiş, 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatların 510-a yaxın nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Qarşıdan gələn parlament seçkilərinə toxunan O.Əsədov seçkilərdə iştirak edən deputatlara uğurlar arzulamış, builki parlament seçkilərinin Azərbaycanda demokratiyanın inkişafı yolunda mühüm addım olacağına əminliyini ifadə etmişdir.
Milli Məclisin sədri demişdir ki, seçkilərlə əlaqədar olaraq, sessiya bir qədər tez başa çatacaqdır. İş planı da buna uyğun hazırlanmışdır. Görüləcək əsas işlərdən biri Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməkdən ibarət olacaqdır. Büdcə layihəsinin yaxın vaxtlarda Milli Məclisə daxil olacağı gözlənilir.
Sessiya dövründə digər qanun layihələrinə baxılması da nəzərdə tutulmuşdur.
O.Əsədov Milli Məclisin payız sessiyasının səmərəli olacağına inamını ifadə etmiş, deputatlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra cari məsələlərə baxılmışdır. Deputatlar Milli Məclisə noyabrın 7-də keçiriləcək seçkilər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkə vətəndaşlarının sosial problemlərinin aradan qaldırılması, əmək haqlarının artırılması və digər məsələlər ətrafında çıxışlar etmiş, rəy və təkliflərini bildirmişlər.
O.Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Milli Məclisin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunmuşdur.
Bildirilmişdir ki, qanunvericilik işləri planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvercilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, həmçinin Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, eləcə də tikinti, şəhərsalma və gömrük məcəllələrinin layihələri, "İnvestisiya fondları haqqında", "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" və s. qanun layihələri daxil edilmişdir.
Müzakirələrdən sonra qanunvercilik işləri planı 106 səs lehinə olmaqla təsdiq edilmişdir.
Sonra parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov gündəlikdəki ikinci məsələ - "Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Konstitusiya Qanunu (ikinci səsvermə) barədə məlumat vermişdir. Qanun layihəsi ikinci səsvermədə 110 səs lehinə olmaqla qəbul olunmuşdur.
Fasilədən sonra Azərbaycan ilə bir sıra ölkələr arasında imzalanan sənədlər təsdiq olunmuşdur. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məlumatından sonra "Azərbaycan Respublikası hökuməti və Avstriya Federal hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında", "Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların giriş vizasından azad edilməsi haqqında" və "Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" sazişlər təsdiq olunmuşdur.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etmişdir. Müzakirələr zamanı belə bir konvensiyanın Azərbaycanın maraqlarına cavab verdiyi qeyd olunmuş və deputatlar məsələnin lehinə səs vermişlər.
Daha sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikası hökuməti ilə Avropa İttifaqı arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair" və "Azərbaycan Respublikası hökuməti və Çexiya Respublikası hökuməti arasında hava nəqliyyatı haqqında" sazişlər barədə məlumat vermişdir.
İclasda "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında" qanun layihələri də təsdiq olunmuşdur.
Parlament "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" sazişi, "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyanı, eləcə də Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi, ticarət, iqtisadi əməkdaşlıq və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında sazişləri təsdiq etmişdir.
Deputatlar "Azərbaycan Respublikası hökuməti və Finlandiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq haqqında" sazişə də müsbət münasibət bildirmişlər.
Milli Məclisin iclasında bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklər də edilmişdir. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişiklik edilməsi və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə" Milli Məclisin 1995-ci il 13 iyun tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında", 1994-cü il 8 fevral tarixli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Auditor xidməti haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunlara, "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında", həmçinin "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" qanunların tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər olunmuşdur.
İclasda Hacıqabul və Ağsu rayonlarının inzibati ərazi bölgüsündə də qismən dəyişikliklər edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında