“Charlie Hebdo” jurnalına qanlı hücum bütün dünyada şiddətlə hiss edilən və böyük çatlarla müşayiət olunan güclü zəlzələ təsirini yaratdı. Avrasiya coğrafiyası dünyanın iki böyük dininə — Xristian və İslam dininə mənsub insanların əsrlər boyu ən sıx yaşadığı bir məkandır. Bu böyük məkanda insanların dinc, yanaşı, birgəyaşayışı, ölkələrin siyasi, sosial-iqtisadi sabitliyi əsrlər boyunca iki böyük din arasında olan əlaqələrin vəziyyətindən asılı olmuşdur.
Müəyyən dövrlərdə bu əlaqələrin pozulması milyonlarla insanın ölümü ilə nəticələnən qanlı müharibələri alovlandırmış, dünyanın siyasi xəritəsini kökündən dəyişdirmişdir. Halbuki, iki dini təmsil edən xalqların bir-birinin zəngin elmi-mədəni irsindən müştərək istifadə etmələri nəticəsində insanlıq dünya tarixində tərəqqi yolu ilə böyük addımlarla irəliləmişdir. Onu da qeyd etmək lazımdır ki, insanlığın inkişafında müasir sivilizasiyanın qazandığı böyük uğurlar iki dünya — Şərq ilə Qərb dünyası arasında olan əməkdaşlıgın müştərək nəticəsidir.
Avrasiyanın nüvəsini təşkil edən Xristian və İslam dininə mənsub xalqlar arasındakı əlaqələr Paris hadisələri ilə yenidən böyük təhlükə altına düşdü, yüz illər ərzində yaranmış ictimai-siyasi tarazlıq çat verməyə başladı. Belə vəziyyət Xristian dünyasında İslama qarşı düşmənçiliyin artmasına, irqçi və dini zəmində xoşagəlməz proseslərin canlanmasına səbəb ola bilər.
Avrasiyada sabitliyi pozacaq belə bir təhlükəli prosesin qarşısının alınması və yaxud azaldılması üçün bu hadisələrin sosial-iqtisadi köklərinin sağlam şəkildə elmi cəhətdən izahına böyük ehtiyac var. Elm adamları hər zaman dünyanın qarşısında duran ən mühüm problemlərin həll edilməsi yollarını tapmağa yardımçı olmuş, insanlığa düzgün yol göstərmişlər. Bu təhlükəli gedişatın qarşısının alınması üçün də dünyanın öncül elm adamları iştirak edir və edəcəklər. Bu istiqamətdə biz də bir sıra fikirlərimizi hörmətli oxucuların yüksək diqqətinə təqdim etmək istəyirik.
Parisdə törədilmiş son təxribat hadisəsi ilə dünyada sabitliyin son dərəcədə pozulmasının səbəbləri araşdırılarkən ilk əvvəl Qərb dünyasının öz daxili problemləri göz önünə gəlir. Dünyanın və ilk növbədə Qərbin böyük tərəqqiyə qovuşmasını təmin etmiş iqtisadi sistem XX əsrin sonları — XXI əsrin əvvəllərində durğunluq və böhranlar dövrünə qədəm qoymuşdur. Tez-tez meydana çıxan və qlobal xarakter alan böhranlar bütün dünyanı sarsıdır. Dünyanın ən mükəmməl inteqrasiya birliyi olan Avropa İttifaqı ölkələri dərin tənəzzül içindədir. İşsizlik həll edilməsi çətin olan problemə çevrilmişdir. Hesab edirik ki, dünyada sabitliyin pozulması dünyanı idarə edən güclər üçün Qərb əhalisinin diqqətinin adı çəkilən ağır problemlərdən yayındırılması üçün lazımdır.
İnsanlıqdan uzaq olan və güclü zəlzələ kimi bütün dünyanı sarsıdan bu terroru doğuran əsas səbəblərdən biri də İslam dünyasındakı mövcud durum və problemlərdir. Yaxın Şərq və Əfqanıstanda yaşanan faciələr bu cografiyada terrora yaşıl işıq yandırmışdır. Bunun kökündə isə dünyanı idarə edən qlobal güclərin dünya ağalığına can atmasıdır. Böyük Orta Şərq layihəsi çərçivəsində bu tarixi və zəngin mədəni irsə sahib xalqların parçalanaraq kiçik dövlətlərə çevrilməsi, yəni parçala və hökm sür siyasəti burada terrorizmi körükləyir.
Bizim fikrimizcə, “Charlie Hebdo”ya qarşı terrorun yaratdığı təhlükəli təmayüllərin, səhv davranış və siyasətlərin arxasında bu hücumun yaranmasında ayrı-ayrı terrorçuların, terror qruplarının deyil, bütün İslam dünyasının günahlandırılması dayanır. İslam dövlətləri bu terroru pisləmələrinə baxmayaraq Qərb mediası və siyasətçiləri bütün İslam dünyasına və İslami dəyərlərə təhqirlər yağdırırlar. Hücumdan dərhal sonra Parisdə təşkil edilən Respublika yürüşünə tolerantlıq niyyəti ilə qatılan Baş nazir Əhməd Davudoğlunun Fransa Prezidenti tərəfindən soyuq qarşılanması bu fikrin çoxsaylı dəlillərindən biridir. Rusiyanın tanınmış siyasət adamı Boris Nemtsov “Exo” jurnalında yazırdı: “İslam gənc dindir. O yeddinci əsrdə yaranmışdır. Yəni İslam xristianlıqdan 600 il gəncdir. Və əgər xristianlıq XXI əsrdə yaşayırsa, İslam XIV-XV əsrdədir. Bunu da demək lazımdır ki, XIV-XV əsrlər inkişaf edən inkvizisiya sınaqları və şənlik atəşləri altında yeretiklərin canlı-canlı yandırıldıqları dövrdür. İndi İslam orta əsrlərin inkvizisiya dövründədir".
Boris Nemtsov “İndi İslam orta əsrlərin inkvizisiya dövründədir” deyərkən böyük xətaya yol verirdi. Belə ki, Orta əsrlərdə özünü göstərən xristian inkvizisiyaları ilə müasir İslamda terrorizm hərəkətlərini eyniləşdirmək olmaz. Əgər Orta əsrlərdə özünü göstərən Xristian inkvizisiyalarını o dövrün Qərb dövlətləri dəstəkləyir və həyata keçirirdilərsə, “İslam” adı altında terror hərəkətlərini İslam dövlətləri deyil, ayrı-ayrı terrorçular və terror qrupları tərəfindən reallaşdırılır. Terror heç bir müsəlman dövlətinin dövlət siyasəti deyil. Boris Nemtsovun yanaşması iki böyük dünya arasında sülhün yaranmasına kömək etmir, əksinə düşmənçiliyi daha da qızışdırılır.
Gərginlik və qarşıdurma “İslam ilə xristianlıq” və ya “Şərq ilə Qərb” arasında olmaqdan daha çox İslama oryentalist, imperialist və pozitivist gözlə baxan Qərb ilə İslam arasında cərəyan edir. Liderlərin sakitləşdirici bəyanatlar vermələrinə baxmayaraq, son günlərdə müsəlmanlara aid məscidlərə, iş yerlərinə, dərnəklərə hücumlar sürətlə artır. Gözlənildiyi kimi, sağ, milliyyətçi və irqçi partiyalar yüksəlişə nail oldular. Bir sözlə, karikatura böhranı və Paris terrorundan sonrakı hücumlar hər iki dünyanın radikallarını meydana çıxarmış, Avrasiyada sabitliyə böyük təhlükə yaratmışdır.
Xristian və İslam dinlərinin barışmaz olduğunu vurğulayan qüvvələr böyük səhvə yol verirlər. Artıq dinlərarası dialoq adlı xoşniyyətli hərəkatı gündəmə gəlmiş və bu çərçivədə əhəmiyyətli işlər görülür. Dünyada hər iki dinə mənsub xalqların uzun dövr dinc yanaşı yaşamasını reallaşdıran Rusiya modelinin olduğunu da vurğulamaqda fayda vardır. Əlaqələr çeçen xalqının müstəqillik mübarizəsinə kölgə salan və Rusiya tərəfindən terror olaraq xarakterizə edilən hadisələri nəzərə almasaq, Rusiyada hər iki böyük səmavi din mənsubları, demək olar ki, sülh və tolerantlıq içində yaşayırlar. Sovet imperiyasından qopmuş gənc dövlətlərdə dinlərarası sülh və əmin-amanlıq mühiti hökm sürür. Azərbaycan bu sahədə bütün dünya üçün nümunədir.
Beləliklə, Avrasiya məkanında sabitlik və əmin-amanlığın yeganə yolu soyundan, dinindən, dilindən asılı olmayaraq hər kəsin inancını olduğu kimi qəbul etməkdən geçir, bu sahədə hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsinə inanırıq. Mətbuat azadlığının qorunmasının insanların inancını təhqir etmək mənasına gəlmədiyini hamı qəbul etməlidir.
Dünyamalı VƏLİYEV,
iqtisad üzrə elmlər doktoru,
AMEA Şərqşünaslıq İnstitutunun
Şərq-Qərb şöbəsinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.