Azərbaycan - Özbəkistan dostluq və tərəfdaşlıq münasibətləri tarixi köklər üzərində inkişaf edir

Prezident İlham Əliyevin Daşkəndə rəsmi səfəri əməkdaşlığın dinamikasına yeni təkan verəcək

{nl}

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində, eləcə də bütün münaqişələrin bütövlükdə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsində prinsipial, ardıcıl, qətiyyətli mövqeyinə görə biz Özbəkistana çox minnətdarıq.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, siyasi həllinə ardıcıl şəkildə tərəfdar olmuş və tərəfdardır, eyni zamanda, hesab edir ki, problemin həllinin başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir.
İslam KƏRİMOV, Özbəkistan Respublikasının Prezidenti

{nl}

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ilin payızında dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərə getdiyi ölkələrdən birinə - Özbəkistana növbəti rəsmi səfər etdi. Həm Qafqazda, həm də Mərkəzi Asiyada ictimai-siyasi proseslərin olduqca mürəkkəb bir şəkil aldığı indiki günlərdə dünya ictimaiyyəti bu səfəri çox böyük maraqla izləyirdi.
Çünki söhbət sadəcə bu iki ölkə liderinin görüşməsindən deyil, həm də hər iki regionun - Qafqazın və Mərkəzi Asiyanın iki lider ölkəsinin, həm təbii sərvətlərinə, həm də iqtisadi qüdrətinə görə böyük inkişaf dinamikasına yiyələnmiş iki ölkənin qarşılıqlı münasibətlərindən gedir. Avropadakı tərəfdaşlarımız böyük maraqla gözləyirdilər ki, Prezident İlham Əliyevin qətiyyətlə dəstəklədiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə Daşkəndin münasibəti necə olacaq? Türk dünyasının mütəşəkkil qaydada, heç zaman görünməyən bir intensivliklə birləşməsini qısqanclıqla qarşılayanlar İstanbulda keçirilmiş məlum sammitdən sonra Prezident İlham Əliyevin Daşkəndə rəsmi səfərini də elə qısqanclıqla qarşılayır, diqqətlə izləyirdilər. Bəziləri narahatlıqla düşünürdülər ki, son günlər beynəlxalq aləmin böyük önəm verdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edənlər sırasında Özbəkistan da qətiyyət göstərəcəkmi? Bütün bu sual, maraq və intizarlar fonunda səfər baş tutdu, uğurla nəticələndi və iki türk dövlətinin qarşılıqlı, səmərəli əməkdaşlığının inkişafına yeni töhfələr verildi.
Dövlət başçımız Özbəkistanda 2004-cü ildə rəsmi səfərdə olmuş, dost ölkənin Prezidenti İslam Kərimov isə 2008-ci ildə Bakıya rəsmi səfərə gəlmişdi. Qarşılıqlı səfərlərin bir qədər fasilələrlə olmasına baxmayaraq dövlət rəsmilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində dövri olaraq görüşür və tərəfləri maraqlandıran istənilən məsələ ətraflı şəkildə müzakirə edilir. Azərbaycanla Özbəkistan demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunur və bir-birinin mövqelərini müdafiə edirlər. Prezident İlham Əliyevin növbəti səfəri zamanı imzalanan sənədlər, aparılan müzakirələr və keçirilən görüşlər isə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm zəmin yaratmış oldu.
Səfər çərçivəsində dövlət başçılarının imzaladığı Birgə Bəyannamə də daxil olmaqla 9 mühüm sənəd imzalandı. Aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması, dövlət teleşirkətləri arasında əməkdaşlıq edilməsi, rəssamlıq və memarlıq qurumları arasında əməkdaşlıq, baş prokurorluqlar arasında hüquqi yardımın təmin edilməsi, daxili işlər nazirlikləri arasında iki illik qarşılıqlı fəaliyyətin razılaşdırılması, xarici işlər nazirliklərinin 2012-ci ilədək Əməkdaşlıq Proqramının təsdiq edilməsi, hökumətlərarası vizasız gəliş-gedişin təmin edilməsi, eləcə də hökumətlərarası iqtisadi əməkdaşlıq sahəsində müvafiq sənədlər imzalandı. Ancaq Prezident İslam Kərimov öz azərbaycanlı həmkarının Daşkənd səfərini bir qədər başqa prizmadan qiymətləndirməyi üstün tutdu: "Mənim fikrimcə Sizin səfərinizin əhəmiyyətini həm də onda görmək olar ki, bu gün yaşadığımız mürəkkəb dövrdə - təkcə dünya miqyasında deyil, Qafqaz regionunda və Mərkəzi Asiya regionunda yaranmış mürəkkəb şəraitdə Sizinlə görüşlərimiz, fikir mübadiləsi aparmağımız, dövlətlərimizi maraqlandıran aktual, son dərəcə vacib və kəskin məsələləri müzakirə etməyimiz, düşünürəm ki, çox böyük və mühüm əhəmiyyətə malikdir".
Cənab Kərimovun Azərbaycan Prezidenti ilə görüşüb məsləhətlər aparmağa böyük önəm verdiyini dilə gətirməsi, bu görüş və müzakirələrin mühüm əhəmiyyətə malik olduğunu söyləməsi dövlət başçımız tərəfindən kifayət qədər qətiyyətlə cavablandırıldı: "Sizi bir daha əmin etmək istərdim ki, Azərbaycan əvvəllər olduğu kimi, gələcəkdə də bütün beynəlxalq arenalarda həmişə Özbəkistanın istənilən təşəbbüsünü dəstəkləyəcəkdir. Biz bunu əvvəllər artıq nümayiş etdirmişik. Bizim bu məsələ ilə bağlı mövqeyimiz gələcəkdə də birmənalı olacaqdır".
Yuxarıda qeyd etmişdik ki, Prezident İlham Əliyevin Daşkənd səfəri ərəfəsində müxtəlif qütblü politoloq və ekspertləri müxtəlif suallar düşündürürdü. Xüsusən, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iqtisadi layihələrə rəsmi Daşkəndin münasibətini öyrənmək istəyənlər daha çox idi. Öyrəndilər. İslam Kərimov dövlət başçılarının geniş tərkibdə görüşündə dedi: "Qeyd etmək istərdim ki, qlobal maliyyə - iqtisadi böhran şəraitində birgə fəaliyyət proqramının müəyyən edilməsi, iki dövlətin müəssisə və şirkətləri arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı əmtəə dövriyyəsinin inkişafının əldə olunmuş sürətinin qorunub saxlanması və artırılması olduqca aktuallaşır. Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına nəql marşrutları, bir daha təkrar edirəm ki, getdikcə aktuallaşır. Bu baxımdan həmin marşrutda Cənubi və Mərkəzi Avropa bazarlarına çıxan yeni perspektivli Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə imkan verən mühüm nəqliyyat qovşağı kimi Bakı limanından istifadə olunmasına maraq artır". Bu isə o deməkdir ki, cənab Kərimov Ermənistanın regiondakı iqtisadi layihələrdən kənarda qalmasından narahat olan qüvvələrin narahatlıqlarını daha da artırmış oldu.
Əslində Özbəkistan Prezidenti Azərbaycan dövlət başçısının Daşkənd səfəri çərçivəsində keçirilən bütün görüş və müzakirələrdə həm Ermənistanın, həm də işğalçı dövlətə himayədarlıq edən qüvvələrin narahatlığına səbəb olacaq fikirlər səsləndirmiş, qətiyyətli ifadələr işlətmişdi. Prezidentlərin təkbətək görüşündə isə dost ölkənin dövlət başçısı bədxahlarımıza daha ağır zərbə vurmuşdu: "Fürsətdən istifadə edib jurnalistlərin qarşısında bir daha demək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ barədə mövqeyi dəyişmir, dəyişilməzdir və daimidir. Bu mövqenin mahiyyəti bundan ibarətdir ki, Dağlıq Qarabağ problemi dinc, siyasi yolla həll edilməlidir. Lakin bir prinsipə dönmədən riayət edilməlidir. Bu, sərhədlərin toxunulmazlığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipidir".
Fikrimizcə, dövlət başçımızın qardaş türk ölkəsinə - Özbəkistana rəsmi səfərinin bəzi məqamları barədə qələmə aldığımız yazını prezidentlərin mətbuat üçün bəyanat verməsi zamanı İlham Əliyevin öz fikirlərini tamamladığı cümlələrlə yekunlaşdırmaq daha məqsədəuyğun olardı: "Bu gün biz mühüm Bəyannamə imzaladıq. Bu sənəddə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunulur. Bəyannəmədə regional, beynəlxalq təhlükəsizlik, iqtisadi xarakterli digər mühüm məqamlar da qeyd edilmişdir. Biz bütün istiqamətlər üzrə münasibətlərimizi qətiyyətlə inkişaf etdirmək əzmindəyik və bu gün konkret nəqliyyat layihələrini, iqtisadi əməkdaşlıq məsələlərini hərtərəfli müzakirə etmişik. Ümid edirik ki, nəzərdə tutduqlarımızın hamısını həyata keçirəcəyik".

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında