İranın nüvə proqramına dair çərçivə razılaşmasının imzalanmasının regionda siyasi, iqtisadi inkişafa, təhlükəsizlik məsələlərinə təsiri gözləniləndir

12 il davam edən danışıqlardan sonra, nəhayət, 2015-ci il aprelin 1-də İsveçrənin Lozanna şəhərində ‘’İran İslam Respublikasının nüvə proqramına dair birgə kompleks fəaliyyət planının parametrləri’’ adlanan çərçivə sazişi imzalanıb. Danışıqlarda İranla yanaşı ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqı təmsil olunublar. Bu razılaşma tərəflər arasında çoxillik ‘’buzların əriməsi’’ təəssüratını yaradır.

Əvvəlcə tarixə qısa bir nəzər salaraq qeyd edək ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) üzvüdür və nüvə silahının yayılmaması barədə sazişi 1968-ci ildə imzalayıb. Sazişin hazırlanmasında məqsəd nüvə silahına malik olan ölkələrin onu başqasına verməsinin və ya onların özlərinin belə bir silah hazırlamasına yardımının qarşısının alınmasıdır. Bununla belə, sənəddə hər bir ölkənin mülki məqsədlərlə əlaqədar nüvə texnologiyalarının işlənməsi hüququ tanınır. Atom elektrik stansiyalarının normal fəaliyyəti üçün təqribən 3-5 faiz həcmində zənginləşdirilmiş urana ehtiyac var, bu rəqəm 20 faizdən yüksək olduqda, nəzəri cəhətdən nüvə silahının istehsalı üçün əlverişli göstərici hesab olunur. Təcrübədə isə hərbi məqsədli istifadə üçün uran 85 faiz və ya daha çox zənginləşdirilir.

İranın nüvə proqramı ilə bağlı konflikt 2002-ci ildə bir nəfər dissidentin Natanz və arakda gizli nüvə obyektlərinin olduğunu bəyan etməsindən sonra yaranıb. Bölgəyə buraxılan IAEA ekspertləri ehtimalları təsdiqlədikdən sonra Britaniya, Almaniya və Fransa danışıqlara başlamaq məqsədilə 2003-cü ilin yayında xarici işlər nazirlərini İrana göndərirlər. 2004-cü ildə İranla ‘’üçlük’’ arasında saziş imzalanır və rəsmi Tehran uranın zənginləşdirilməsi proqramını dayandırdığını elan edir. Lakin 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra İran nüvə obyektlərinin işini bərpa edir. Qərbi ciddi narahat edən bu addım İrana qarşı sanksiyaların tətbiqinə səbəb olur. 2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsindən sonra 2008-ci ildə formalaşdırılmış ‘’altılıq’’ ölkələri ilə danışıqlar yeniləndi . Beləliklə, bu il martın sonuna qədər qəbul edilməsi nəzərdə tutulan çərçivə sazişi aprelin 1-də imzalandı. İranın nüvə proqramı üzrə yekun razılaşmanın isə 2015-ci il iyunun 30-a qədər imzalanması nəzərdə tutulub.

 

Kim daha çox güzəştə gedir: ABŞ, yoxsa İran?

 

‘’Hər şey razılaşdırılmayınca, heç nə razılaşdırılmayıb’’ prinsipinin əsas götürüldüyü çərçivə sənədi İranın mülki məqsədlərlə məhdud həcmdə uranı zənginləşdirməsinə razılıq verir. Çərçivə razılaşmasının açıqlanan detallarının bəziləri bunlardır: İran sahib olduğu sentrifuqaların sayını 19 mindən 6104-ə endirəcək, onlardan 5060-ı növbəti 10 il ərzində uranın zənginləşdirilməsi üçün istifadədə olunacaq. İstifadə edilən bütün sentrifuqalar daha təkmil olan sonrakı seriyalar deyil, birinci nəsil İran sentrifuqaları olmalıdır. Uranın zənginləşdirilməsi Natanzdakı müəssisədə həyata keçiriləcək. İran ən az 15 il ərzində uranı 3,67 faizdən artıq zənginləşdirməyəcəyini üzərinə götürür. İran 15 il ərzində uranı zənginləşdirmək məqsədilə heç bir yeni obyekt tikməməlidir. İran Fordodakı obyektdə 15 il ərzində uranı zənginləşdirməyəcək, bu müəssisə nüvə, fizika, texnologiyalar sahəsində tədqiqat mərkəzinə çevriləcək. Ərak reaktoru üçün lazım olan ağır suyun artıq qalan hissəsi 15 il ərzində beynəlxalq bazarda satılacaq. İran 15 il ərzində ağır su reaktorları yaratmayacaq.

Şəffaflıq məsələlərinə gəlincə, istifadədən kənarlaşdırılan sentrifuqalar IAEA-nın nəzarətindəki anbarlarda saxlanılacaq. IAEA ekspertləri İranın bütün nüvə obyektlərinə nəzarət edəcək, nüvənin zənginləşdirilməsində şübhəli bilinən istənilən əraziyə buraxılacaq. Nəzarətçilər 25 il boyunca İrandakı uran yataqlarına və nüvə obyektlərinin təchizat zəncirinə nəzarət edəcək.

Sanksiyalar barədə göstərilir ki, IAEA İranın əsas tələblərə əməl etdiyini təsdiqləyəndən sonra ABŞ və Aİ-nin nüvə proqramı səbəbindən tətbiq olunan sanksiyaları aradan qaldırılacaq. İstənilən vaxt İran öhdəliklərini yerinə yetirməsə, sanksiyalar bərpa olunacaq. ABŞ-ın İrana terrorizm, insan haqlarının pozulması, ballistik raketlərlə əlaqədar sanksiyaları qüvvədə qalacaq.

Qeyd edək ki, çərçivə sazişi İsrail tərəfini narazı salıb. Çünki Təl-Əviv İranın nüvə proqramının tamamilə ləğvini tələb edir, bu ölkəyə az da olsa uran zənginləşdirməyə icazə verilməsini İsrailin gələcəyinə təhlükə kimi dəyərləndirir. İsrailin baş naziri Benyamin Netanyahu çərçivə sazişinə münasibətində bildirib ki, bu addım Yaxın Şərqdə nüvə yarışına səbəb olacaq. ABŞ Konqresinin respublikaçı üzvləri də bu məsələdə İsrail rəhbərliyinin mövqeyini müdafiə edir. Ümumiyyətlə, əldə olunan ilkin razılaşmanı tənqid edənlər İranın mülki məqsədlə olsa da, nüvə obyektlərindən istifadə etməsinə razılaşan ABŞ-ın böyük güzəştə getdiyini, danışıqlarda kifayət qədər qətiyyət nümayiş etdirmədiyini iddia edirlər. Bəziləri isə, əksinə, ilkin razılaşma ilə nüvə sentrifuqalarının üçdə ikisindən imtina edən və sənəddə nəzərdə tutulan digər çoxsaylı tələbləri qəbul edən İranın sanksiyalardan qurtulmaq üçün böyük güzəştə getdiyini düşünür.

 

İranla mümkün razılaşmanın gözlənilən regional və qlobal təsirləri

 

Sanksiyaların aradan qaldırılmasının İran üçün hansı nəticələri ola biləcəyinə dair ekspertlərin fikrincə, bu ilk növbədə, İranın ticarət məhdudiyyətlərinin və dondurulmuş hesabların aradan qalxması deməkdir. Məlum olduğu kimi, sanksiyalar İranın neft ixracının 2011-2013-cü illərdə 60 faiz azalmasına, ölkənin aylıq bir neçə milyard dollar gəlirdən məhrum olmasına gətirib çıxarıb, ÜDM-in həcmi azalıb, inflyasiya 40 faiz artıb. İrana milyardlarla dollar borcu olan Çin və Hindistan kimi ölkələrin borclarını ödəməsinə qadağa qoyulub. Hesab olunur ki, sanksiyaların aradan qaldırılmasından sonra qısa müddətdə İran neft ixracını artıra, bank sisteminin Aİ regionu ilə əlaqələrini genişləndirə, milyardlarla dollar gəlir əldə edə bilər.

Bir məqamı da nəzərə almaq lazımdır ki, çərçivə sazişində də göstərildiyi kimi, İranın öhdəliklərinin icrasını dayandıracağı təqdirdə sanksiyalar istənilən vaxt bərpa oluna bilər. İran rəhbərliyi sazişin bütün şərtlərinə sonadək əməl edəcəyini bəyan edib. Buna baxmayaraq, gələcəkdə tərəflər arasında anlaşılmazlığın yaranmayacağına dair heç kim zəmanət verə bilməz. Bu isə bəzi investorları İran şirkətləri ilə əməkdaşlıqdan və ya İran iqtisadiyyatına yatırımlardan çəkindirə bilər. Çünki hər hansı layihənin gerçəkləşməsi, ona çəkilən xərclərin ödənməsi və nəhayət, gəlirin əldə olunması bəzən illərlə vaxt tələb edir. Bu səbəbdən, razılaşmaların hər an pozulması və sanksiyaların bərpası təhlükəsi bəzi investorları riskdən çəkindirə bilər.

İranla çərçivə razılaşmasının əldə olunması xəbəri dünya bazarlarında neftin qiymətinin bir qədər azalmasına səbəb olub. Əsas neft ixracatçılarından olan İranın sanksiyalardan azad olacağı təqdirdə bazara daha çox neft çıxarmasının qiymətlərə təsir göstərməsi gözləniləndir. Bu amil neft idxalçıları üçün müsbət hal olsa da, ‘’qara qızıl’’ ixrac edən digər ölkələrin gəlirlərinə mənfi təsir göstərir. Ekspertlərin fikrincə, İran üzərindəki sanksiyaların qaldırılması, əsasən, Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu o deməkdir ki, Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən bu ölkənin bank-maliyyə və digər sahələri üzrə əməkdaşlıqdan məhrum olan xarici şirkətlər İrana üz tuta bilərlər. Bu isə Rusiyaya tətbiq olunan sanksiyaların Aİ ölkələrinə vurduğu ziyanı azalda bilər.

İqtisadi məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə razılaşmanın əldə olunması istiqamətində gedən proseslərin beynəlxalq siyasi münasibətlər və təhlükəsizlik müstəvisində təsiri də maraq doğurur. İsraili narazı salan bu proses ABŞ-İran münasibətlərində istiləşmə və yaxınlaşma ilə müşayiət oluna bilər. Regionda İranın nüfuzunun artmasından narahat olan və nüvə reaktorları tikmək niyyətini bəyan edən Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb dövlətləri İrana qarşı İsraillə bir qədər də yaxınlaşa bilərlər. Digər tərəfdən, İranın əsas tətəfdaşlarından olan Rusiya bu ölkənin ABŞ və Aİ ilə siyasi, iqtisadi təmaslarının artmasına qısqanclıqla yanaşa bilər.

Beləliklə, iyunun sonunadək imzalanması nəzərdə tutulan İranın nüvə proqramı üzrə yekun sazişin regional və qlobal miqyasda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə mühüm təsirin olacağı gözləniləndir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında