Kəlbəcərə qayıdacağımız gün uzaqda deyil

Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının
işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın
öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan
daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır...
7 rayon qeyd-şərtsiz qaytarılmalıdır, eyni zamanda, azərbaycanlılar
Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşması həm regiondakı, həm də beynəlxalq aləmdəki bədxahlarımızı ciddi şəkildə narahat edirdi. Ona görə də həmin qüvvələr əsrlərdən bəri türk dövlətlərinə qarşı ərazi iddiaları ilə alışıb yanan ermənilərdən bir alət kimi istifadə edirdilər ki, gənc müstəqil Azərbaycan dövləti münaqişəyə cəlb edilsin, parçalansın, zəifləsin və bir dövlət kimi tarix səhnəsindən silinib getsin. Bədxahlarımız bütün fitnə-fəsadlarını qurdular, Azərbaycan münaqişəyə və müharibəyə cəlb edildi, ölkəmizin ərazisinin 20 faizi xarici havadarlarına güvənən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu, respublikamız 1 milyondan çox qaçqın-köçkün ordusunun problemləri ilə üz-üzə qaldı və bütün bunlara baxmayaraq heç bir qüvvə bizim dövlətimizi və dövlətçiliyimizi tarix səhnəsindən silə bilmədi. Çünki ermənilərin çoxlu havadarları vardısa, bizim də güclü liderimiz, müdrük öndərimiz var idi.

Bu günlər xalqımız ötən əsrin sonlarında üzləşdiyimiz tarixi faciələrdən birinin - Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının növbəti ildönümünü qeyd edir, həmin günlərin ağrı-acılarını yaşayır. Həmin işğal faktı dünya ictimaiyyəti tərəfindən də kəskin reaksiyalarla qarşılanmışdı. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə əlaqədar 30 aprel 1993-cü ildə 822, Ağdamın işğalından sonra 29 iyul 1993-cü ildə 853, Füzuli, Cəbrayıl, Qubadlının zəbt edilməsi ilə əlaqədar 14 oktyabr 1993-cü ildə 874, nəhayət, Zəngilanın Ermənistan tərəfindən tutulması ilə əlaqədar 12 noyabr 1993-cü ildə 884 saylı qətnamələr qəbul edib.

Suveren Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması təsdiqlənmiş və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə hörmət edilməsinə qəti şəkildə çağırış etmişdir. Həmçinin bildirilmişdir ki, başqa ölkələrin ərazilərinin əldə edilməsi məqsədilə güc işlədilməsi beynəlxaq hüquqa ziddir. BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və doğma ata-baba yurdlarından didərgin salınmış insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunmasını tələb etmişdir.

Bundan başqa, həmin dövrdə BMT-nin Baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyən yeddi bəyanatla çıxış etmişdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, İraqın Küveyti işğal etməsi, keçmiş Yuqoslaviyada, Əfqanıstanda, Ukraynada baş verən hadisələr zamanı qəti mövqe nümayiş etdirən və böhranın nizamlanmasına nail olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın bu günə kimi həmin qətnamələrə əməl etməməsinə sərt reaksiya vermir.

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün kütləsinin yaranması ilə əlaqədar BMT Baş Assambleyası 1993-cü ildəki plenar iclasında müvafiq qətnamə qəbul etmişdir. Qətnaməyə görə Azərbaycandakı qaçqın və məcburi köçkünlərə beynəlxalq yardım göstərilməsi nəzərdə tutulurdu.

Hadisələrdən uzun müddət deyil, cəmi 22 il ötdüyünə görə hamı bütün hadisələri yaxşı xatırlayır. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini üzərinə götürmüş Minsk Qrupunun həmsədr və ekspertləri də yaxşı bilirlər ki, Ermənistan hərbi birləşmələrinin 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi,  kəndlər, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Xatırladaq ki, Kəlbəcər rayonu Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyət kəsb edən bölgəsi idi.

Azərbaycanın həm inzibati, həm də iqtisadi xəritəsində mühüm əhəmiyyət kəsb edən bu rayonun ümumi sahəsi 3054 kvadratkilometrdir. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 kilometr qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin   əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

 Azərbaycan dövlətinin qayğısı, ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin gündəlik diqqəti nəticəsində kəlbəcərlilərin bütün sosial-iqtisadi problemləri həll olunub. Dağlıq Qarabağın və ətrafdakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli addımlar atır. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü iş aparılır. Rəsmi informasiya mənbələrinin də dönə-dönə vurğuladığı kimi, artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınıb. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir.

Bu gün düşmən tapdağı altında olan Kəlbəcərdə nələri itirmişik?  Bu rayon başdan-başa antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun “Qaragöl”, “Zalxa” gölləri sahillərində, “Ayıçınqıl” və “Pəriçınqıl” dağlarında qayalara həkk edilmiş təsvirlər dünyanın tədqiqatçı alimləri tərəfindən öyrənilmişdir.

Məlum olmuşdur ki, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəllərinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə inkişafı demək idi. 1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazisində qədim yaşayış məskəni aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və  ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər insanların yaşayış məskəni olmuşdur. Ancaq bu rayonun dəyəri təkcə zəngin tarixi və təbii sərvətləri ilə qurtarmır.  Kəlbəcərin işğalı zamanı 458 nəfər yerli sakin həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.

İşğal nəticəsində Kəlbəcər rayonunda 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi mənzil dağıdılıb, 38 min hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 70 milyard manat ziyan vurulub.

Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Cəlal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni  dağıdıblar.

Bir sözlə, itirdiklərimiz böyükdür. Ancaq o yerlərə qayıdacağmıza, öz ata-baba yurd yerlərimizi yenə də abadlaşdıracağımıza olan ümidimiz, inamımız daha böyükdür. Dövlət başçımızın qətiyyəti, xalqın iradəsi və beynəlxalq ictimaiyyətin Azərbaycanın dünya üçün hansı əhəmiyyəti kəsb etdiyini başa düşməsi belə deməyə əsas verir ki, həmin gün o qədər də uzaqda deyil.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında