Xaricdən qrant almaq üçün dəridən-qabıqdan çıxanlar...

Yenə gözlərini yumub ağızlarını açacaqlar

Dünən  AXCP sədri Əli Kərimlinin yaxın qohumlarından biri  Saatlı rayonunun Azadkənd kəndindən telefon əlaqəsi yaradaraq dedi ki, eşitdiyimə görə, bizim o bivec qohumumuz (Əli Kərimlini nəzərdə tutur) yenə də mitinq keçirmək istəyir.  Onun xəcalətindən adam arasına da çıxa bilmirik. Ə.Kərimlinin qohumunun deməsinə görə, 3-4 gün  əvvəl kəndə tanımadığı adamlar gəlmişdi və tində-bucaqda bəzi kənd sakinləri ilə xısın-xısın söhbət edirdilər. Sonradan məlum olub ki, onları Əli Kərimli göndərib ki, kənddən mitinqə adam gətirsinlər.

AXCP sədrinin qohumu onu da dedi ki, mitinqə gedənlərə yol pulu, yemək pulu, üstəlik, əlavə pul da veriləcəyi vəd olunurdu. Ancaq bu yalan  vədləri vaxtilə çox eşidən kənd sakinləri, hətta, Ə.Kərimlinin yaxın qohumları da  Bakıdan gələn naməlum qonaqlara rədd cavabı veriblər. Özləri də bildiriblər ki, deyəsən, Əli Kərimlinin pulu azalıb. O, mitinq keçirmək adı ilə xarici himayədarlarından qrant almaq istəyir. Axı, o biri uşaqları da bu gün-sabah orta məktəbi bitirib xarici ölkələrdə ən bahalı ali məktəblərə qəbul olunmaq istəyirlər. Bəs təhsil haqqını necə ödəməlidirlər? Hətta, kənd sakinləri Ə.Kərimlinin atasına da narazılıqlarını bildirərək deyiblər ki, oğlunun başına ağıl qoysun. Əl çəksin bizim uşaqlardan.

Adı olub özü olmayan “Milli Şura” deyilən qurumun son 20 gündə ikinci mitinqinə də icazə verilib. Özü də şəhərin mərkəzində – Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda. Üstəlik, mitinq iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını dövlət öz üzərinə götürüb. Təbii ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və sərbəst toplaşmaq azadlığına uyğun olaraq piket, mitinq, yürüş keçirmək hüququna malikdir. Bu aksiyalar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Belə aksiyaların keçirilməsi üçün müvafiq ərazilər də müəyyənləşdirilib. Bakı şəhərində də 11 rayonun hər birində müvafiq yerlər ayrılıb. Mitinq və ya piket keçirənlər insanların istirahətinə və nəqliyyatın hərəkətinə mane olmamalıdır. Göründüyü kimi, müxalifətin mitinqi üçün şəhərin mərkəzində yer ayrılıb. İndi radikal müxalifət nümayəndələrindən sual olunur: “Bəs niyə “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi erməni lobbisinin çirkli pulları hesabına fəaliyyət göstərən qərəzli və böhtançı təşkilatlara donosbazlıq edərək deyirsiniz ki, Azərbaycanda vətəndaşlara öz fikirlərini sərbəst ifadə etmək üçün hər cür əngəllər törədilir, azad söz boğulur və sairə.

Əgər “Milli Şura” adlı qurumun keçirdiyi “mitinqlərə” gələn yoxdursa, bunun günahını başqalarında axtarmaq lazım deyil. Bu, o deməkdir ki, xalq artıq sizin yalanlarınızdan cana doyub. Pulları azalan kimi mitinq keçirmək həvəsinə düşənlər papaqlarını qabaqlarına qoyub birdəfəlik düşünməlidirlər ki, öz Vətənindən donosbazlıq etmək bizim millətə xas olan xüsusiyyət deyil.

“Milli Şura” adlı qurumun  keçirdiyi mitinqlərin əsas səbəbi ya seçkilərdə məğlubiyyətlərini ört-basdır etmək, ya da ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin sifarişlərini yerinə yetirmək olub. Son vaxtlar isə bu səbəblər sırasına biri də əlavə olunub: ərköyün uşaqlar sürücülük vəsiqəsi olmadığı halda, kimlərinsə maşınını idarə edir, ağır qəza törədir, sonra isə qanun qarşısında cavab verməli olur. O zaman müxalifətin ölkədə baş verən “antidemokratik proseslərə” etiraz etməsi üçün “tutarlı səbəb” yaranır və  mitinq keçirmək qərarına gəlirlər. Musavat  Partiyası başqanının müavini Tofiq Yaqublunun, “Milli Şura” adlı qondarma qurumun sədri Cəmil Həsənlinin qızlarının törətdikləri avtomobil qəzalarını, AXCP sədri Əli Kərimlinin oğlunun ictimai-siyasi sabitliyi pozmaq cəhdlərini xatırlayın. Belələri müxalifət adını mənimsəyərək, sanki qanunlara da tabe olmaq istəmirlər.

“Milli  Şura ” adlı qondarma qurumun budəfəki mitinqinin əsas səbəblərindən biri qrant davasıdırsa, digər səbəbi də əldəqayırma qurumun sədri Cəmil Həsənlinin avtomobil qəzası törətmiş qızına verilmiş  qanuni cəzadır. Martın 15-də keçirilmiş mitinqin əsas səbəbi də elə C.Həsənlinin qızının qanuni cəza alması idi. Dolların bahalaşması isə bir bəhanə idi. Son vaxtlar dünyanın əksər ölkələrində milli valyutalarla dollar arasında fərq yaranıb. Ancaq Azərbaycan yeganə ölkədir ki, bundan istifadə edərək qiymətləri süni surətdə qaldıranlara qarşı kəskin mübarizə aparılır. Hansı şirkət qiymətləri süni surətdə qaldırırsa, dərhal müvafiq təşkilatlar tərəfindən sərt cəzalandırırlır. Bundan ötrü “Milli Şura”nın hay-həşir salıb ölkədə çaşqınlıq yaratmasına heç bir əsas yoxdur.

Son mitinqlər bir daha göstərdi ki, artıq müxalifətin çağırışlarına səs verən yoxdur. Aldadıb meydana topladıqları 300-400 nəfərin qarşısında gözlərini yumub ağızlarını açan “natiqlər” mitinqə az iştirakçının gəlməsinin səbəbini özlərində axtarsınlar. Bunun əsas səbəblərindən biri də bir vaxtlar radikal müxalifət nümayəndəsi kimi tanınan Tahir Kərimlinin səsləndirdiyi fikirdə öz əksini tapıb: “Müxalifət liderləri uğursuzluqlarının səbəblərini öz şəxsiyyətlərində və keçmişlərində axtarmalıdırlar”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında