Beynəlxalq birlikdə ikili standartların mövcudluğu obyektivlik prinsipinin pozulduğundan xəbər verir

Azərbaycanın sürətli inkişafı, dünya birliyinə inteqrasiyası və beynəlxalq aləmdə söz sahibinə çevrilməsi bu uğurları gözü götürməyən qüvvələrdə ciddi qısqanclıq yaradıb. 24 illik müstəqillik tarixi ərzində dünya birliyinin inkişaf etmiş dövlətləri sırasına qoşulmaqda olan Azərbaycana qarşı təzyiqlər ermənipərəst dairələr tərəfindən daha açıq şəkildə təşkil olunur.

Bu gün özünü dünyada demokratiyanın beşiyi kimi tanıdan  bir sıra dövlətlərin, o cümlədən, “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Sərhədsiz reportyorlar” və bu kimi təşkilatların böhtanla dolu hesabatları müstəqil siyasət yeridən ölkələrə, xüsusilə, sürətli inkişaf yolunda olan Azərbaycana təzyiq vasitəsi  kimi özünü açıq şəkildə büruzə verir.  İnsan hüquq və azadlıqlarının müdafiəsi adı altında manipulyasiya edən, müstəqillik yoluna yenicə qədəm qoymuş ölkələrə demokratiya  pərdəsi altında  “rəngli inqilablar” bəxş edən,  bir çox hallarda isə hərbi müdaxiləyə əl atan dövlətlərin hegemonluğu artıq beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur. Belə dövlətlərin və beynəlxalq təşkilatların ikili mövqe nümayiş etdirmələri beynəlxalq ictimaiyyətin onlara olan inam və etimadını artıq heçə endirib.

Son 12 il ərzində Azərbaycanda bütün sahələr üçün inkişafın yeni mərhələsinin  başlandığı beynəlxalq aləmdə də öz əksini tapıb. Ölkəmizdəki real vəziyyətdən bixəbər halda hesabat hazırlayan bir sıra beynəlxalq təşkilatların müəyyən sifariş yerinə yetirdiyi, insan hüquqları, demokratik dəyərlər, vətəndaş cəmiyyəti kimi dəyərlərdən sui-istifadə edən bəzi dövlətlərin, xüsusilə, Qərbin ikili standartlardan hələ də əl çəkməməsinin nəticəsidir. Belə riyakar siyasət artıq beynəlxalq ictimaiyyət tərəfindən də etirazla qarşılanır.

Respublikamıza qarşı təzyiq vasitəsi kimi hazırlanan yalan və böhtan üzərində qurulmuş “hesabatlarla” və digər qərəzli yanaşmalarla  bağlı məsələyə münasibətində Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) baş direktoru Klod Monike jurnalistlərə açıqlama verərkən bunu qərəzli, həqiqəti əks etdirməyən hərəkət adlandırıb: “Bu təşkilatların hesabatlarını oxuyanda Azərbaycanın qeyri-demokratik ölkə olduğunu düşünmək olar, lakin Azərbaycana gəldikdə burada azad cəmiyyət və tam demokratik ölkə görmək olur. Ölkədə işləyərək rifahını təmin edən, azad hərəkət edən insanlar saysız qədərdir. Hazırda Azərbaycan artan iqtisadiyyata malik, inkişaf edən bir ölkədir. Bəzi təşkilatların yaydığı hesabatlar isə yalandan başqa bir şey deyil”.

Bu gün Qərbin Azərbaycana qarşı təzyiq vasitələrindən biri də guya ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə şəraitin yaradılmaması və ayrı-ayrı şəxslərin siyasi əqidələrinə görə təqib olunmasıdır. Halbuki, son illər Azərbaycan Prezidenti tərəfindən imzalanmış əfv sərəncamları beynəlxalq aləmdə, həmçinin ABŞ-da da  yüksək qiymətləndirilmişdir.

Təkcə bir faktı qeyd edək ki, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtdan indiyə qədər Azərbaycanda 59 əfv sərəncamı imzalanmışdır. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir-birinin ardınca imzaladığı əfv sərəncamları ilə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bir faktı qeyd edək ki,  dövlət başçısının humanizm prinsiplərinə sadiqliyi nəticəsində son  11 ildə 35 min 300 nəfərdən çox məhkum azadlığa buraxılıb.

Dövlət başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imza atıb.  2007-ci ildə 9877, 2009-cu ildə 9564, 2013-cü ildə 10 min  040 məhkum barəsində amnistiya tətbiq edilib. Artıq ənənə halını almış humanizm prinsipləri 2015-ci ildə də davam etdirilmişdir.

ABŞ Dövlət Departamenti Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamını alqışlayaraq bildirmişdir ki, biz hökumətin bu yöndə atdığı addımı alqışlayırıq. Dövlət Departamenti əminliklə bildirmişdir ki, Azərbaycan hökuməti insan hüquqlarının təmin olunması istiqamətində daha çox addım atacaq. Konqresmen Stiv Koen də bəyanatında  Azərbaycan Prezidentinin humanizm prinsiplərinə sadiqliyini, əfv  sərəncamını yüksək qiymətləndirmişdir. Bəyanatda deyilir ki, bu sərəncam Azərbaycanın humanist siyasətinin daha bir təsdiqidir.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, ikili standartlar buradan da yan keçməyib. Paradoksa diqqət yetirin: bu bəyanatlardan  sonra ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqinlərin birində Azərbaycanı insan haqlarına əməl etməməkdə günahlandırıb, rəsmi Bakının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmədiyini deyib. Şübhəsiz, real faktlara söykənməyən bu fikirlərin heç bir  əsası yoxdur. Bir-birini təkzib edən ABŞ rəsmilərinin mövqelərini belə sürətlə dəyişmələrinə nə ad vermək olar? Məgər onlar Ermənistanda baş verənləri, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, günahsız soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri, terror aktlarını, soyqırımlarını, nəhayət,  işğalçılıq siyasətini görmürlərmi? Təbii ki, belə “görməməzlik” ifadəsini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa haqqında da demək mümkündür. Bir neçə il əvvəl bu ölkədə çox gülünc və ikrah hissi doğuran bir məsələnin – “Fransada erməni soyqırımını tanımayanların cərimə olunması barədə” qanunun qəbul olunmasına cəhd göstərilməsinə nə ad vermək olar? Bu, ikili standartlar və ya ayrı-seçkilik deyilmi? Bəs ermənilərin törətdikləri soyqırımılarının milyonlarla qurbanları niyə demokratiyanın və insan haqlarının beşiyi kimi tanınan dövlətlər tərəfindən bir dəfə də olsun diqqətə çatdırılmır? Belələri öz gözlərində tiri qoyub başqalarının gözlərində tük axtarırlar.

Nədənsə, Qərbdə son illər  insan haqlarının kobud şəkildə pozulması faktlarından danışılmır. Halbuki, bununla əlaqədar BMT-nin, Çinin, Rusiyanın, habelə, bir sıra tanınmış beynəlxalq təşkilatların hesabatları da var. Ancaq bütün bunlar görməzliyə vurulur, yenə də Azərbaycanda nöqsan axtarmaq üçün dəridən-qabıqdan çıxır, antimilli dairələri ələ almaq üçün milyonlar xərcləyirlər. Halbuki, belə faydasız yerə xərclənən vəsaitlə elə öz ölkələrində aclıq və səfalət içərisində yaşayan insanlara yardım edə bilərlər.

Bu gün özlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi kimi göstərmək istəyən dövlətlərin, eləcə də beynəlxalq qurumların ikili standartları problemin hələ də aradan qaldırılmamasında əsas rol oynayır. Gəlin, açıq etiraf edək ki, ATƏT-in Minsk qrupu  Dağlıq Qarabağ münaqişəsinin həllində daim  ikili yanaşma nümayiş etdirib. Xatırladaq ki, 1989-ci il iyunun 19-da  Dağlıq Qarabağla bağlı ABŞ Senatında qətnamə qəbul olunmuşdur. Halbuki, o zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  hələ yenicə qızışırdı. Həmin  qətnamədə Azərbaycan Dağlıq Qarabağdakı ermənilərin haqlarını tapdamaqda ittiham olunurdu. Həmin il noyabrın 17-də  Dağlıq Qarabağa hərtərəfli dəstək verilməsi haqqında ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qərar qəbul etmişdir. Məhz “Dağlıq Qarabağ xalqı” ifadəsi də ilk dəfə həmin qərarda işlədilmişdi. ABŞ Senatının açıq-aşkar ayrı-seçkilik və tərəfbazlıq  mövqeyindən istifadə edən Ermənistan Ali Soveti də 1989-cu il dekabr ayının 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu faktlar da bir daha təsdiqləyir ki, bu gün Qərbin demokratiya pərdəsi altında həyata keçirdiyi  siyasətin əsasını ayr-seçkilik və antidemokratiya, insan haqlarının kobud şəkildə pozulması təşkil edir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın asanlıqla Ermənistana  birləşdirilməsinin mümkünsüzlüyünü hiss edən və xalqın iradəsi, qətiyyəti qarşısında aciz qalan qərəzli  beynəlxalq təşkilatlar və bir sıra  Qərb dövlətləri insan hüquq və azadlıqlarının pozulmasını bəhanə edərək bu yolla ölkəmizə təzyiq etməyə başladı. Bu gün də Qərbin  ölkəmizə təzyiq vasitəsində insan hüquq və azadlıqlarının müdafiəsi əsas bəhanələrdən biridir. Beynəlxalq aləmdə baş verən hadisələr göstərir ki, son vaxtlar Qərbdən belə müdaxilələr və təzyiq vasitələri  tez-tez olur. Postsovet ölkələrinə nisbətən sürətlə inkişaf edən Azərbaycana qarşı təzyiq vasitələri artıq açıq müstəviyə qədəm qoyub. Halbuki, insan hüquq və azadlqlarının müdafiəsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərə və bu sahədə qəbul edilən qərarlara az ölkələrdə rast gəlmək olar. Bunu ikili standartlar nümayiş etdirən beynəlxalq birlik də bilir. Ancaq kimlərinsə sifarişlərini yerinə yetirmək məcburiyyətində qalıblar.

Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmaması, Ermənistanın təcavüzkar siyasətinin qarşısının bu vaxta qədər alınmaması və işğalçı dövləti adı ilə çağırılmaması dünyada mövcud olan ikili standartların bariz nümunəsidir. Bunu faktlar da təsdiqləyir: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Ermənistanın Azərbaycana qarşı birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır.

BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərinin Ermənistanın dövlət rəsmiləri tərəfindən kobud şəkildə pozmasına baxmayaraq, beynəlxalq birlik hələ də gözləmə mövqeyindədir. Halbuki, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistanın təcavüz faktları açıq şəkildə öz əksini tapıb. Əgər böyük dövlətlər, xüsusilə özlərini demokratiyanın beşiyi, haqq-ədalətin və insan hüquqlarının müdafiəçisi kimi göstərənlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Ancaq ikili standartlar, həmçinin Azərbaycan kimi müstəqil bir dövlətin Şərqdə Günəş kimi parlaması daxili qısqanclığı daha da alovlandırır.

Bu gün bir sıra beynəlxalq təşkilatların, həmçinin bəzi Qərb dövlətlərinin həyata keçirdikləri antiazərbaycan siyasəti, işğalçı Ermənistana yardım etməklə onlara dəstək vermələri ikili standartlardan əl çəkmədiklərini bir daha təsdiqləyir. Lakin bütün bunlara baxmayaraq, ölkəmizin ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Son zamanlar Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda da işğala son qoyulmasının vacibliyi bildirilir. Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında