Azərbaycanın müstəqillik əldə etməsindən 24 il keçməsinə baxmayaraq, bu qısa zaman kəsiyində ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olub. Söz yox ki, müstəqilliyimizin ilk illərində respublikamız çox ciddi siyasi-iqtisadi problemlərlə qarşılaşmış, hətta, parçalanmaq həddinə gəlib çatmışdı. Daxili qruplaşmaların qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi və siyasi böhran müstəqilliyimizə çox böyük zərbə vurmuşdu. Ancaq ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət tədricən sabitləşmiş, ölkədə siyasi və iqtisadi islahatlar aparılmağa başlanılmış və müstəqil Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. O vaxtdan başlayaraq Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, müstəqilliyimiz daha da möhkəmlənmiş, güclənmişdir. Təsadüfi deyildir ki, beynəlxalq aləmdə nüfuz sahibi olan ekspertlər, ictimai-siyasi xadimlər və diplomatlar Azərbaycanın bu gün dünya miqyasında çox dəyərli ölkə, tərəfdaş kimi tanıdıqlarını etiraf edirlər.
Son illər həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki reytinqini daha da artırıb. Əsrlər boyu başqa dövlətlərin, imperiyaların tərkibində yaşaşaq da, öz milli xüsusiyyətlərimizi, adət-ənənələrimizi, mili-mənəvi dəyərlərimizi qoruyub saxlamışıq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı öz taleyinin sahibidir. Ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Sürətli iqtisadi inkişaf, ictimai-siyasi sabitliyin qorunub saxlanılması dünya birliyində ölkəmizə olan inamı daha da artırmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzlüyü zamanı keçirilən seçkilərdə də bunun şahidi olduq. Dünyanın 155 ölkəsinin bu seçkidə ölkəmizi dəstəkləməsi bir daha təsdiqlədi ki, Azərbaycan müasir beynəlxalq münasibətlərin nüfuzlu aktoruna çevrilib.
Son on iki ildə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun beynəlxalq nüfuza malik ən güclü və suveren dövlətinə çevrilib. Son illər baş verən hadisələr də – respublikamızın kosmik ölkələr ailəsinə üzv olması, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, Bakının nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsi – təsdiqləyir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən sivil dövlət kimi etibarlı strateji tərəfdaş imicini qazandırıb.
2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Şərqi Avropa bölgəsini təmsil edəcək yeni qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi, eləcə də birinci Avropa Oyunlarına ciddi hazırlıq işlərinin aparılması və bu möhtəşəm tədbirin də yüksək səviyyədə başa çatacağına yaranan əminlik bunun başlıca göstəricisidir.
Azərbaycan həqiqətlərinin yayılmasında, dövlətimizin beynəlxalq imicinin artmasında ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərin rolu böyükdür. Humanitar, mədəniyyət və digər sahələrdə keçirilən tədbirlər artıq ənənə halını alıb. 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan milli mədəniyyətini daha geniş səviyyədə təbliğ edə bildi. Bakıda keçirilən “Eurovision-2012" mahnı müsabiqəsi özünün möhtəşəmliyi ilə beynəlxalq müsabiqələrin tarixinə daxil olub. Ölkəmizdə keçirilən tədbirlərin, müsabiqələrin ən yüksək səviyyədə təşkili beynəlxalq aləmə bir daha sübut edir ki, Azərbaycan öz milli ənənələrinə, mədəniyyətinə sahib çıxmaqla bərabər, Qərb mədəni məkanına da sürətlə inteqrasiya edir. Təbii ki, qısa zaman kəsiyində qazanılmış bu uğurlar ölkəmizin inkişafını gözü götürməyən antimilli dairələr və hələ də ikili standartlar nümayiş etdirən bir sıra beynəlxalq qurumların təlaşlarına səbəb olub. Onlar işğalçılıq siyasətindən bu gün də əl çəkməyən, digər dövlətlərin və beynəlxalq təşkilatların ianəsi və humanitar yardımı hesabına yaşayan Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, yardımlar edir, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin reallaşdırılması istiqamətində prinsipiallıq göstərmirlər. Bundan daha da azğınlaşan Ermənistan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstərməkdə davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində nitqi zamanı bu və digər məsələr barəsində ətraflı məlumat vermişdir. Ölkə başçısı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair mötəbər beynəlxalq təşkilatlar tərəfindən qətnamələr qəbul edildiyini xatırlatmış və həmin sənədlərin bu vaxta qədər icra olunmadığına təəssüfünü bildirmişdir: “İşğal davam edir, biz etnik təmizləmənin obyekti olmuşuq, ölkəmizin tarixən ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır ki, işğala məruz qalır. ATƏT, Avropa Parlamenti, AŞPA, BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatlar münaqişənin nizamlanması ilə bağlı qətnamə və qərarlar qəbul ediblər və onlardan heç biri yerinə yetirilmir. Belə bir təəssürat yaranır ki, onların həyata keçirilməsi üçün heç bir mexanizm yoxdur”.
Prezident vurğulayıb ki, cəmiyyətimizin bütün üzvləri tamamilə əmindirlər ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan xalqı, bir milyondan çox məcburi köçkün və qaçqın hazırda işğal altında olan öz doğma torpaqlarında, evlərində yaşamaq hüququnu əldə edəcəklər.
Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstərməsi, danışıqlar prosesinə qeyri-konstruktiv yanaşması, təəəssüf ki, beynəlxalq birlik tərəfindən görməzliyə vurulur. Bunun acı nəticələri artıq özünü göstərməkdədir. Əfsuslar olsun ki, bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsində başlıca rol oynayır.
Dövlət başçısı münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu tərəfindən səylər göstərildiyini, keçən il üç görüş keçirildiyini qeyd edərək, sonuncu uğurlu hesab edilən görüşdən bir həftə keçməmiş Ermənistanın növbəti təxribata əl atdığını diqqətə çatdıraraq demişdir. “Ermənistan tərəfi Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə sadiqik. Bir daha bildirmək istəyirəm: oktyabrın sonunda Parisdə keçirilən görüşdə demişik ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq, sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona görə çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda, təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri dedilər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarca erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə, Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır”.
Milli Ordumuzun getdikcə möhkəmlənməsi, ayıq-sayıqlılığı, düşmənin çirkin niyyətlərini gözündə qoyması hər birimizdə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağından xəbər verir. Bu gün Azərbaycan Ordusunun təmas xəttində vəziyyətə tam şəkildə nəzarət etməsi, düşmənin kəşfiyyat-diversiya qrupunun bütün cəhdlərinin qarşısını vaxtında alması dövlətimizin başçısı tərəfindən də yüksək dəyərləndirilmişdir: “Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.
Dövlət başçısı ona görə daha da güclü orduya sahib olmağın vacibliyini vurğulayaraq demişdir ki, ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Bu gün Azərbaycan Ordusu hazırlıq, texniki təchizat, silah baxımından dünyanın ən qabaqcıl orduları sırasındadır.
Artıq dünya birliyi də bu gün Azərbaycanın bölgənin aparıcı ölkələrindən biri və həyata keçirdiyi siyasətin ədalətli olduğunu təsdiqləyir. Müstəqil dövlətimizin bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlığının və qonşularla mehriban münasibətlərinin olması beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Dünyada bərabərliyin, haqq-ədalətin tərəfdarı olan Azərbaycan digər ölkələrlə öz siyasətini bu prinsiplər əsasında qurur. Azərbaycanın sürətli inkişafı, ordu quruculuğu sahəsində həyata keçirilən qətiyyətli tədbirlər və inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıq bir daha ondan xəbər verir ki, qarşıya qoyulan məqsədlərə nail olacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.