ABŞ azərbaycanlıları Kapitoli qarşısında etiraz aksiyası keçirmişlər

Sentyabrın 28-də ABŞ Konqresində fəaliyyət göstərən erməni məsələləri üzrə işçi qrupu, Ermənistanın ABŞ-dakı səfirliyi və Dağlıq Qarabağın separatçı rejiminin ABŞ-dakı "nümayəndəliyi"nin təşkilatçılığı ilə Kapitolidə qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyinə həsr edilən tədbir keçirilmişdir.
AzərTAc-ın xüsusi müxbirinin əldə etdiyi məlumata görə, tədbirdə erməni məsələləri üzrə işçi qrupunun həmsədri, Nyu-Cersi ştatının təmsilçisi Frənk Pallone və Nyu-York ştatından Konqres üzvü Elliot Engel çıxış etmişlər. Hər iki konqresmen xalqların öz müqəddəratını təyin etməsi hüququ barədə danışaraq qondarma "respublikaya" dəstəklərini ifadə etmişlər. Frənk Pallone vurğulamışdır ki, Dağlıq Qarabağın müstəqilliyi hazırda nə ABŞ, nə də digər dövlətlər tərəfindən tanınmasa da, onun başçılıq etdiyi işçi qrupu bunun dəyişməsi üzərində işləyir. Tədbirdə, həmçinin Ermənistanın ABŞ-dakı səfiri və qondarma "Dağlıq Qarabağ respublikası"nın "spikeri" Aşot Qulyan çıxış etmişlər.
Kapitolidə tədbir keçirilən zaman isə Amerikada yaşayan Azərbaycan icmasının fəalları ABŞ Konqresi qarşısında etiraz aksiyasına toplaşmışlar. Həmvətənlərimiz Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərini zəbt etməklə özünü müstəqil qurum elan edən və heç kim tərəfindən tanınmayan separatçı rejimin nümayəndələrinin ABŞ qanunverici orqanına dəvət edilməsi, Konqresin bəzi üzvlərinin ABŞ-ın rəsmi siyasətinə zidd olaraq qanunsuz qurumla iş aparmasını pisləmişlər. Azərbaycan icmasının fəalları etiraz aksiyasında plakatlar qaldıraraq Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsi olduğunu, ermənilərin 1992-ci ilin Xocalı qətliamına və işğal etdikləri Azərbaycan torpaqlarında apardıqları etnik təmizləməyə görə məsuliyyət daşıdıqlarını, ABŞ vergiödəyicilərinin pullarının erməni lobbisinin səyləri nəticəsində separatçı rejimə ayrıldığını xatırlatmışlar. Amerika ictimaiyyətinin diqqətinə o da çatdırılmışdır ki, ABŞ hakimiyyəti Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.
Aksiyada iştirak edən ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktorlar şurasının üzvü Bədir Məmmədli bildirmişdir ki, Kapitolidə tədbir üçün yalnız otaq kirayələyən Amerika erməniləri keçirdikləri toplantını Konqresin tədbiri kimi qələmə verməyə çalışırlar. Halbuki, bugünkü tədbirə qatılanların əksəriyyəti elə ermənilərin özləridir. Buna baxmayaraq o, ABŞ Konqresinin divarları daxilində belə bir tədbirə yol verilməsini Azərbaycanın ərazi bütövlüyünə təhqir kimi qiymətləndirmişdir. Bədir Məmmədli demişdir: "Konqresin əksər üzvləri qondarma "Dağlıq Qarabağ respublikası"nı müstəqil qurum kimi tanımır. Burada iştirak edən konqresmenlər ermənilərin maliyyə yardımına ehtiyacı olanlardır. Lakin, biz buraya yığışmaqla onlara nümayiş etdirmək istəyirik ki, Amerika azərbaycanlıları həmişə sayıqdır. Onlar ABŞ və Azərbaycan maraqlarına zidd olan addımlara yol verməyəcəklər."

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında