Bir neçə ay bundan əvvəl İsrailin beynəlxalq münasibətlər üzrə eksperti Arye Qut Amerika yəhudilərinin ingilis dilində çıxan nüfuzlu “Algemeiner” qəzetində dərc etdirdiyi “Ermənistanda antisemitizm” sərlövhəli məqaləsində göstərib ki, Ermənistanda antisemitizm və ksenofobiya əfsanə deyil, kədərli reallıqdır. Arye Qut məqaləsində yazır: “Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanda azlıq təşkil edən yəhudilər və yəhudi xalqının irsi kəskin şəkildə azalıb. Ermənistanda antisemitizm əhval-ruhiyyəsinin güclənməsi və hələ də davam etməkdə olan iqtisadi tənəzzül yəhudiləri Ermənistanı tərk edib getməyə məcbur edib.
Ermənistanda yəhudiləri hələ də ələ salırlar. Bu, antisemitizm kitablarının nəşrində, televiziyada antisemit verilişlərin təşkilində, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir olunmasında özünü büruzə verir. Sirr deyil ki, belə faktlarla başqa ölkələrdə də qarşılaşmaq olar, bunun səbəbi əhalinin bir hissəsinin nadanlığıdır. Lakin Ermənistanda antisemitizm baxışları və fikirləri erməni siyasətçilərinin və KİV nümayəndələrinin yeritdikləri xəttin ayrılmaz tərkib hissəsidir”.
Bir neçə gün bundan əvvəl Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkənin qanunvericilik orqanının müzakirəsinə Holokostun tanınması barədə qətnamə layihəsi çıxarıb. Deputat öz qərarı barədə KİV-lərə belə izahat verib: “Bəziləri deyirlər, nə qədər ki, İsrail “erməni soyqırımını” tanımayıb, biz də Holokostu tanımamalıyıq". Arye Qut yazır: “Bu, bir daha təsdiq edir ki, Ermənistanda antisemitizm dövlət səviyyəsində həyata keçirilir. Nürnberq prosesindən sonra bütün dünya birliyi Holokostu Avropa yəhudilərinə qarşı soyqırımı kimi qəbul etdiyi halda, sən demə, Ermənistan heç bu fikirdə deyil, İsraildən isə ”erməni soyqırımını" tanımasını tələb edir. Alman faşizmi Avropada 6 milyon yəhudini məhz yəhudi olduğuna görə məhv edib; ermənilər isə Osmanlı imperiyasının ərazisində onlara dövlət yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanı olublar. Burada tanınmış alim Moşe Bekkerin bu sözləri ilə razılaşmamaq olmaz: ermənilər belə bir fikirlə barışa bilmirlər ki, Avropa yəhudilərinin müsibəti bütün dünyada tanınıb, “erməni soyqırımı” məsələsi isə daim dolaşığa düşür".
Ermənistanda antisemitizmin olmadığından necə danışmaq olar ki, bir neçə il bundan əvvəl Yerevan Yazıçılar Evində Romen Yepiskoposyanın erməni və rus dillərində nəşr edilmiş “Milli sistem” adlı kitabının təqdimatı olmuşdu. O zaman Ermənistanın yəhudi icmasının rəhbəri adlandırılan Rimma Varjapetyan yəhudi xalqının şərəf və ləyaqətini, faşistlər tərəfindən məhv edilmiş altı milyon yəhudinin xatirəsini müdafiə etmək əvəzinə demişdi ki, “bu kitab elə bir vasitədir ki, onun köməyi ilə nə isə bir milli sistem formalaşdırmağa başlamaq olar”. Burada “yəhudi icmasının” üzdəniraq başçısına belə bir məntiqi sual vermək olar: əgər o, özünü yəhudi xalqının nümayəndəsi hesab edirsə, o zaman həyasızcasına “Holokost əfsanədir” deyən qatı antisemit və erməni şovinisti Romen Yepiskoposyanla necə razılaşa bilir? Yəqin onun başı yalan və böhtanlara elə qarışıb ki, tanınmış yəhudi ictimai xadimi Simon Vizentalın sözlərini unudub: o yazırdı ki, “yəhudilər Holokostu heç vaxt unutmamalıdırlar və o, yəhudi tarixində hər bir yəhudi üçün, bütövlükdə bütün yəhudilər üçün bir dönüş məqamı olmalıdır, bu tarixdə nasizmin yenidən təkrarlanmasına və Holokostun inkar edilməsinə yol vermək olmaz”. Xanım Varjapetyan nə edir? Neonasistlərə və antisemitlərə havadarlıq edir, təkcə ona görə ki, onlar ermənidirlər.
Burada Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun alimi Moisey Bekkerin məlumatını misal gətirmək yerinə düşər. O göstərirdi ki, bir neçə il bundan əvvəl məhz Rimma Varjapetyan “Ermənistanda antisemitizm” adlı hesabatında “Daşnaksutyun” təşkilatının fəal üzvü, daha çox “Dro” ləqəbi ilə tanınmış məşhur erməni antisemiti Dramastamat Kanayanın erməni tarixi dərsliklərində və Ermənistanın kütləvi informasiya vasitələrində göylərə qaldırılması faktını qeyd etmişdi. Xatırlatmaq lazımdır ki, İkinci Dünya müharibəsi illərində general Dro minlərlə yəhudinin qırılmasında şəxsən iştirak edib. İndi azad Ermənistan uğrunda “mübarizə aparan” məhz bu qatı antisemit və faşist, Varjapetyanın fikrincə, ölkənin indiki başçılarına öz qəsbkarlıq planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara qarşı nifrət ruhunda tərbiyə etmək rəmzi kimi gərəkdir. Sən demə erməni tarixi dərsliklərində faşist və yəhudi qırğını iştirakçısının qəhrəman kimi qələmə verilməsi antisemitizm və nasist cinayətkarların fəaliyyətinə təkcə erməni olduqlarına görə haqq qazandırmaq istəyən “yəhudi” qadın Varjapetyan tərəfindən faşizmə haqq qazandırılması demək deyil.
İsrail eksperti Arye Qutun fikrincə, tarix İkinci Dünya müharibəsi zamanı Vermaxtın tərkibində 20 min nəfərlik erməni legionunun amansızlığını heç vaxt unutmayıb. Millətçi sərkərdə Dronun başçılıq etdiyi (o özü minlərlə yəhudinin qırılmasında şəxsən iştirak edib) erməni legionunun məqsədi yəhudilərə və alman ordusuna “xoş gəlməyən” digər şəxslərə qarşı basqınlar və qırğınlar törətmək olub. Bununla yanaşı, erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum Azərbaycan tarixçisi Rövşən Mustafayevin “Ölüm tanqosu” adlı kitabında erməni silahlı dəstələrinin yəhudi soyqırımında iştirakına aid çoxsaylı faktlar göstərilir. Həmin “Dromedar” komandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabatı misal göstərmək olar. Rövşən Mustafayev öz kitabında yazır: “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17 645 yəhudi, 2504 karaim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Aluşta, Qarasubazar, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib”.
Sergey Veremeyev qeyd edir ki, bu gün Rusiyanın yaxın müttəfiqi olan Ermənistanda Dro və Njdeyə geniş pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri döyülür, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Veremeyev deyir: “Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bunun arxasında dövlət durur. İş o yerə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradıldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu yeni qurumla əməkdaşlıq etmək istədiyini bildirib”. Ermənistan Müdafiə Nazirliyi yanında Milli strateji tədqiqatlar institutuna 30000 nəfərdən çox yəhudini qırmış bir faşistin və antisemitin adının verilməsinə nə ad qoymaq olar? Avstriya tarixçisi Erik Fayql öz kitabında yazır ki, 1942-ci ilin dekabrında Dro Himlerlə görüşüb. Erik Fayql yazır: “Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi”.
Rəsmi Moskva faşistlərə və onların əlaltılarına bəraət cəhdlərinə qarşı həmişə qətiyyətlə çıxış edib. Lakin belə bir fakt böyük narahatlıq doğurur ki, Rusiyanın bir çox KİV-ləri və mədəniyyət məkanı bu faşistləri milli qəhrəmanlar kimi təqdim edən kanal ola bilər. Ermənistan Respublikasının Rusiyadakı səfirinin 2014-cü il dekabrın 17-də “Literaturnaya qazeta”da dərc olunmuş müsahibəsini xatırlamaq kifayətdir. Müsahibədə o, aşağıdakıları deyib: “Xalqımızın görkəmli oğlu Qaregin Njde belə hesab edirdi ki, həyatın başlıca qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin özünütəkmilləşdirmə vasitəsi kimi mübarizədən ibarətdir. Bu mübarizə durmadan ölkənin və xalqın tərəqqisinə nail olmaq cəhdində özünü büruzə verir”. Bundan əvvəl, 2013-cü ildə isə Moskvada təntənəli şəraitdə Qaregin Njdenin özü haqqında filmin təqdimatı olmuşdu. Biz tez-tez eşidirik ki, rəsmi Moskva Baltik ölkələrini və Ukraynanı faşistlərə bəraət qazandırmaq cəhdlərində günahlandırır, lakin erməni faşistləri Droya və Njdeyə sadəcə göz yumurlar. Bu isə yolverilməzdir və mümkün deyil, Rusiyanın Böyük Vətən müharibəsində qələbənin 70 illiyini təntənəli surətdə qeyd etməyə hazırlaşdığı bir zamanda veteranlar qarşısında biabırçılıq və ayıbdır.
Arye Qut yazır: “Düşünürəm ki, erməni general Dronun varisləri XX əsrin sonunda Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və naziri Seyran Ohanyanın simasında Azərbaycanın Xocalı şəhərində qanlı kütləvi qırğın törədiblər. Serj Sarkisyanın belə bir ifadəsini xatırlatmaq kifayətdir: ”Xocalıyadək azərbaycanlılar elə bilirdilər ki, biz mülki əhaliyə əl qaldırırıq - bu stereotipi qıra bildik". Bu, real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun Ermənistanda hakimiyyət başında olan bütün dəstəsi Dronun və Njdenin həqiqi və layiqli davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik və qəddarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunun dəhşətli faciələrindən biri olub. Bu kütləvi qırğının amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq. Bu, artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr şəhəri və ətraf yerləri tərk etməyə macal tapmamış heç bir xocalılıya qətiyyən rəhm etməyiblər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 adam öldürülmüş, 487 adam yaralanmış, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir düşərək misli görünməmiş əzab-əziyyətlərə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir".
Belə bir şəraitdə Ermənistanın yəhudi əhalisinin əksəriyyətinin ya Ermənistandan qaçmasına, ya da diqqət çəkməmək üçün ermənilərlə nikah bağlamasına təəccüblənmək lazım deyil. Təəssüf ki, Ermənistan hökuməti ölkədə çiçəklənən antisemitizmi cilovlamaq üçün əslində heç bir tədbir görmür. “Nə qədər ki, Ermənistan məhdud millətçilik siyasəti yeridəcək, öz iqtisadi və siyasi problemlərində başqalarını günahlandıracaq, Ermənistanda qalan bir neçə yüz yəhudinin əzabları davam edəcək”, - İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti Arye Qutun çıxardığı nəticə məhz budur.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.