Şriftin ölçüsü:
30.09.2010 03:41 | Oxunma sayı: 413
Prezidentlərin görüşü münasibətlərin sonrakı inkişafına yeni təkan verəcək
Beləliklə, Azərbaycan və ABŞ liderləri görüşərək dünyaya aydın mesaj verdilər: Azərbaycan ilə ABŞ arasında yaranmış strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf etdiriləcək. Prezidentlər görüşdə vurğuladılar ki, iki ölkə arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsi məmnunluq doğurur. Dövlət başçılarının görüşündə deyilən fikirlərdən belə nəticə çıxarmaq olar ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinin inkişaf dinamikasını diqqət mərkəzində saxlamaqla yanaşı, rəsmi Bakının Dağlıq Qarabağ probleminin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi barədə səsləndirdiyi arqumentlərlə də razılaşdı.
Artıq hamıya məlumdur ki, Xəzər hövzəsi regionunda cərəyan edən hadisələr dünya siyasətinin axarını müəyyənləşdirən böyük dövlətlərin diqqət mərkəzindədir. Son illər Xəzər hövzəsi ölkələrində neft və qaz yataqlarının istismarında baş vermiş böyük dəyişikliklər, xüsusilə də Azərbaycanın karbohidrogen resurslarının Qərbə daşınmasında əldə etdiyi uğurlar regiona olan marağı daha da artırır. Qərb də anlayır ki, Xəzər hövzəsi regionun dünya üçün mühüm enerji mənbəyidir və regional müstəvidə cərəyan edən hadisələrin diqqət mərkəzində saxlanılması vacib əhəmiyyət daşıyır. Xüsusilə də Qərbin alternativ enerji dəhlizlərinin yaradılmasında maraqlı olduğu bir dövrdə Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisi daha yaxşı hiss olunur və ölkəmizə diqqəti artırır.
Bu gün Qərb analitikləri etiraf edirlər ki, Azərbaycan Xəzər hövzəsində böyük neft ehtiyatı ilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkədir və Qərbin enerji daşıyıcılarının istismar olunmasında Azərbaycanla əməkdaşlıq yüksək qiymətləndirilir. Belə yüksək əməkdaşlıq əlaqələrinin yaranmasında Azərbaycan tərəfinin də böyük rol oynadığını qeyd etmək vacibdir. Məhz Azərbaycan hökumətinin həyata keçirdiyi praqmatik siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri fəaliyyət göstərir. Azərbaycanın regional müstəvidə cərəyan edən istər siyasi, istərsə də iqtisadi proseslərə müsbət təsir göstərməsi faktı artıq hamı tərəfində qəbul olunur. Azərbaycanın Cənubi Qafqaz regionunun böyük dövləti kimi, regional enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ümumbəşəri dəyərlərin müdafiə olunmasında əvəzsiz rol oynaması da diqqətdən yayınmır. Bu fakt da artıq danılmazdır ki, hazırda Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Unikal coğrafi mövqeyə və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionda mövqelərini xeyli gücləndirmişdir.
ABŞ dövlət katibi Hillari Klintonun cari ilin iyun ayının 1-də keçirilmiş XVII Beynəlxalq Xəzər neft-qaz konfransının açılışı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu həqiqətlərə bir daha toxunmuşdu: "Ölkəniz dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısı kimi tanınır. Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən ölkə nümunəsidir. Ölkənizin resurslarını düşünülmüş formada hasil etmək səyləri minlərlə Azərbaycan vətəndaşı üçün iş yerlərinin açılması və sürətli iqtisadi tərəqqilə nəticələndi".
Bunun da öz növbəsində Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini vurğulayan H.Klinton xüsusilə əlavə etmişdi ki, Azərbaycan regional qonşular olan Türkiyə və Gürcüstan ilə sıx işləyərək, Şərq- Qərb enerji dəhlizini, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz boru kəmərlərinin inşasını uğurla başa çatdırmaqla yanaşı, həyata keçirdiyi bu layihələrlə işə sadiqlik və əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətləri də nümayiş etdirdi. Sadalanan layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olmaqdan fərəh hissi duyduğunu açıqlayan ABŞ-ın dövlət katibi bildirmişdi ki, Birləşmiş Ştatlar Azərbaycanın neft və qaz yataqlarının istismarında və enerji təchizatı yollarını şaxələndirmək istiqamətində Prezident İlham Əliyevin göstərdiyi səyləri dəstəkləyir. "Bu, istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirərək, Azərbaycana bir hasilatçı ölkə kimi fayda verəcək",-deyən xanım H.Klinton təbrik məktubunda xüsusilə vurğulamışdı ki, Birləşmiş Ştatlar yaxın gələcəkdə Avropaya qazın nəqli üçün "Cənub dəhlizi"nin həyata keçirilməsində Azərbaycanın davamlı liderliyini səmimiyyətlə arzulayır.
Alternativ enerji dəhlizlərinin artırılmasında həddən artıq maraqlı olan ABŞ Azərbaycanın bu məsələdə oynadığı rolu yüksək qiymətləndirir. ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın bununla bağlı səsləndirdiyi "ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirir" bəyanatı Birləşmiş Ştatların belə bir həssas məsələdə ölkəmizə böyük diqqət ayırmasından xəbər verir. Bu onu göstərir ki, rəsmi Vaşinqton ABŞ-Azərbaycan dövlətləri arasında yaranmış etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafında və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır, Azərbaycan neftinin və qazının Qərb bazarlarına çıxması istiqamətində atılan addımları dəstəkləyir və bunu vacib amil sayır.
Ümumiyyətlə, ABŞ ilə Azərbaycan arasında energetika sahəsində yaranmış əməkdaşlıq əlaqələri dönməz xarakter almışdır və iki ölkə arasında bir sıra vacib sahələri əhatə edən məsələlərlə bağlı fəal dialoq aparılır. 2001-ci ildən Azərbaycan terrorizmlə mübarizədə ABŞ-ın etibarlı müttəfiqi kimi tanınır. Təsadüfi deyil ki, azərbaycanlı hərbi qulluqçular İraqda sabitliyin bərpası prosesində yaxından iştirak etdilər. Eyni sözləri Əfqanıstan barədə də demək olar. Əfqanıstanda da azərbaycanlı əsgərlər antiterror koalisiyanın tərkibində sabitliyin qorunmasında iştirak edirlər.
ABŞ Prezidenti Barak Obama da ötən il Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda Azərbaycanın qlobal hədəflərə qarşı mübarizənin aparılması, regional sabitliyin gücləndirilməsi və ümumi təhlükəsizlik problemlərin aradan qaldırılmasında ölkələrimiz arasındakı tərəfdaşlıqdan qürur hissi duyduğunu açıqlamışdı: "Əməkdaşlıq üçün yeni imkanları inkişaf etdirdiyimiz bir anda gələn aylar və illər ərzində həmin tərəfdaşlığın dərinləşməsini səmimiyyətlə arzulayıram. Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə möhkəm münasibətləri yüksək dəyərləndirir və həm öz regionunda, həm də dünyada sabitliyə töhfə verən çiçəklənən və demokratik dövlət kimi Azərbaycanın suverenliyi və inkişafına sadiq olaraq qalır". Göründüyü kimi, ABŞ siyasi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolunu yüksək qiymətləndirir və ölkəmizlə münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.
Bu günlərdə Azərbaycan və ABŞ prezidentlərinin görüşündə də Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu və ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğuladı. Hər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, təhlükəsizlik sahələrində əlaqələrimizin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edildi. Görüşdə Azərbaycan ilə Birləşmiş Ştatların beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətinə toxunuldu və Azərbaycanın bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirildi.
Prezidentlərin görüşündə energetika sahəsində ölkələrimiz arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi xüsusi qeyd olundu. Görüşdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırdı. Prezidentlərin görüşündə münaqişənin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğu bildirildi.
Bir sözlə, prezidentlərin görüşü bir daha göstərdi ki, ABŞ Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və Azərbaycanın lider ölkə kimi regional sülhün və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş siyasətini dəstəkləyir. Ən əsası, prezidentlərin görüşü iki ölkə arasında yaranmış strateji münasibətlərin günün tələbləri səviyyəsində inkişafına yeni təkan verəcək.{nl}
Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.