2015: Qondarma “erməni soyqırımı” kampaniyasına ABŞ-ın respublikaçı Konqresindən “sürpriz”

Məlum olduğu kimi, 2014-cü il  noyabın 4-də ABŞ Konqresinə keçirilən 114-cü çağırış aralıq seçkilərdə müxalif  Respublikaçılar Partiyası hakim Demokratlar Partiyası üzərində tam qələbə qazanmışdır. “Fil”lər Konqresin hər iki palatasında nəzarəti ələ keçirə bilmişlər. Başqa sözlə, onlar 2012-ci ilin 6 noyabr tarixində qazandıqları nisbi üstünlüyü maksimum möhkəmləndirə bilmişlər.

2012-ci ildə 113-cü çağırış Konqresin Nümayəndələr Palatasında Demokratlar Partiyası 201, Respublikaçılar Partiyası isə 234 yerə sahib olmuşdular. Senatda isə qüvvələr nisbəti hakim partiyanın xeyrinə idi: 55:45. Bu seçkilərdən keçən növbəti 2 il ərzində mövqelərini möhkəmləndirən respublikaçılar Nümayəndələr Palatasında mövqelərini artıraraq  247 yerə malik ola bilmişlər. Rəqibinin göstəricisi isə 188-ə enmişdir. Senatda da vəziyyət Respublikaçılar Partiyasının xeyrinə dəyişmişdir: 54:46. Müxalif partiya əvvəlki göstəricisini  9 səs artırmağa nail olmuşdur. Deməli, 2015-ci il yanvarın 1-dən etbarən ABŞ-ın yeni çağırış qanunverici orqanı – Konqres respublikaçıların, ali icra hakimiyyəti isə, yəni Ağ ev demokratların nəzarəti altında fəaliyyət göstərməyə  başlamışdır. ABŞ tarixindən bəllidir ki, siyasi qüvvələrin belə konfiqurasiyası əksər hallarda ölkədaxili siyasi böhranlarla xarakterizə olunur. İndiki şərait də bu baxımdan istisna təşkil etməyə bilər. Bu vəziyyətin məğlub tərəfi və onun rəhbəri Barak Obamanı son dərəcə narahat etdiyi anlaşılandır. Bəs görəsən, respublikaçıların qələbəsi niyə Ermənistan dövlətinin, dünyadakı erməni lobbisi və diasporunun həyəcanına səbəb olmuşdur? Qondarma “erməni soyqırımı”nın 100 illiyinin qeyd ediləcəyi bir ildə – 2015-ci ildə Konqresdə respublikaçıların hakim mövqeyi niyə ermənilər üçün bu qədər qorxulu görünür? Onlar nədən ehtiyat edirlər? Bu və digər suallara cavab tapmağa çalışaq.

Əvvəla, ermənilərin Konqresdə əsas lobbi liderlərindən biri olan  senator Robert Menendes daha xarici əlaqələr komitəsinin sədri vəzifəsini icra etmir. Xatırladaq ki, ABŞ-ın erməni diaspor şəbəkəsi ifrat ermənipərəst mövqeyinə görə onun fəaliyyətinə A+ qiymətini verirdi. Bu, erməni icması üçün ağır itki kimi qiymətləndirilir. Onu həmin postda respublikaçı senator Robert Korker əvəz etmişdir. Bu şəxs 2013-cü ilin aprel ayında xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbulunun əleyhinə səs vermiş 5 senatordan biri olmuşdur. Belə bir senatorun Senatın mühüm bir komitəsinə rəhbərlik etməsi ermənilərin “yuxusuna haram qatmışdır”.

İkincisi, Konqresin Nümayəndələr Palatasının yeni rəhbərliyinin davranışı da ermənilərin “kürkünə birə salmışdır”. Tərkibində 438 konqresmenin olduğu bu palatanın spikeri Con Bonerdir. Onun bu ilin aprel ayında Ankaraya səfəri zamanı səsləndirdiyi aşağıdakı fikirlər erməni lobbisi və diasporu üçün “günün günorta çağı şimşək effekti”ni doğurmuşdur: “Konqres erməni məsələsi ilə məşğul olmayacaq. Bu məsələ Konqresin gündəliyinə salınmayacaq. Biz tarixi yazmırıq, biz tarixçilər deyilik”.

Üçüncüsü, yuxarıda sadalanan reallıqlar fonunda ABŞ-da 2016-cı il prezident seçkilərində respublikaçıların qalib gələcəyini və ali icra hakimiyyətinə  də sahiblik edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bu perspektivi, şübhəsiz, ABŞ-ın erməni lobbisi və diasporu da real variant olaraq nəzərdən keçirir. Eyni zamanda, onu da diqqətdən qaçırmır ki, yeni  potensial respublikaçı prezident öz qələbəsini, ilk növbədə, Barak Obamanın siyasətinin tənqidi əsasında təmin edəcəkdir. Deməli, məsələyə bu məntiqlə yanaşsaq, demokrat prezidentin  hələ 2008-ci il prezident seçkiləri öncəsi qondarma “erməni soyqırımı”nı tanıyacağını nəinki şifahi, hətta yazılı olaraq təsdiqləməsi faktı da respublikaçı prezident tərəfindən tənqid predmeti ola bilər. Zənnimizcə, bu yerdə ermənilərin halına “Sən saydığını say, gör fələk nə sayır” misalı daha çox uyğun gəlir.

Beləliklə, apardığımız təhlil bir daha göstərir ki, ABŞ Konqresində respublikaçıların hakim mövqeyə yiyələnməsi, xüsusən də qanunverici orqanda bir sıra həlledici postların Türkiyənin ədalətli mövqeyini dəstəkləyən qüvvələrin  inhisarına keçməsi ermənilərin qondarma “erməni soyqırımı” ilə bağlı 2015-ci ilə planlaşdırdıqları kampaniyaya “qırmızı işıq” yandıra bilər və hazırda bu ehtimalın reallaşma əmsalı heç zaman olmadığı qədər böyükdür.

Elman NƏSİROV,
Azərbaycan Respublikasının Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyası
Siyasi Araşdırmalar İnstitutunun direktoru,
YAP beynəlxalq əlaqələr komissiyasının  katibi,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında