Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşamışlar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 mart 2015-ci il
Bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək.
Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində
Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində
sülh yolu ilə, tezliklə həll edilməsini dəstəkləyirik.
Məmnun HÜSEYN
Pakistan İslam Respublikasının Prezidenti
Bakı, 11 mart 2015-ci il
Azərbaycan diplomatiyasının və dövlətimizin xarici siyasətinin uğurudur ki, bu gün gənc müstəqil respublikamızın dostları və tərəfdaşları bədxahlarımızdan qat-qat çoxdur. Hətta, Avrasiyanın ən qüdrətli dövlətləri sırasında olan bir neçə ölkə var ki, onlar bilavasitə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyinə görə rəsmi Yerevanla heç bir diplomatik əməkdaşlıq münasibətləri yaratmır. Belə ölkələrdən biri də dövlət başçısı Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasıdır.
Qeyd edək ki, bu iki Avrasiya ölkəsinin – Azərbaycanla Pakistanın arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr çoxdur. Bizim dövlət müstəqilliyimizin ilk günlərində Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə məhz Pakistan olmuşdur. Həmin tarixi hadisədən cəmi bir neçə ay sonra bu iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Elə o gündən bəri Dağlıq Qarabağ məsələsinin həlli yolunda aparılan müzakirələrdə Pakistan Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. Qarşılıqlı addımlar da atılır. Belə ki, BMT qətnaməsinə əsaslanaraq Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həllində dəstəkləyir.
1995-ci ilin oktyabrında Pakistanın sabiq prezidentinin Azərbaycana səfəri və ümummilli liderimiz Heydər Əliyevin sonrakı ilin aprel ayında Pakistana unudulmaz səfəri zamanı iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələr imzalanmış və iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənmişdir. Tez-tez baş verən yüksək səviyyəli qarşılıqlı səfərlər regional məsələlər üzrə iki ölkə arasında mövcud olan mövqelərin oxşarlığına və qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. Ölkələr müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq etmək üçün bir sıra mühüm sazişlər imzalayıblar. Elə Prezident Məmnun Hüseynin indi haqqında söz açdığımız səfəri çərçivəsində də tərəflər üçün xüsusi əhəmiyyət kəsb edən bir neçə sənəd imzalanmışdır. Bu barədə aşağıda qeyd edəcəyik. Prezident İlham Əliyevin 2005-ci ilin aprelindəki İslamabad səfərindən sonra ölkə parlamentlərinin sədrlərinin də qarşılıqlı səfərləri baş tutmuş və əməkdaşlığımız yeni müstəviyə qalxmışdır.
Dost ölkənin Prezidenti Məmnun Hüseynin martın 11-də Azərbaycana başlanan rəsmi səfərinin İslamabad-Bakı münasibətlərindəki doğmalığı və yaxınlığı daha da artıracağına hər iki ölkədə birmənalı şəkildə inanırlar. Elə region siyasətçiləri də bu fikirdədirlər. Səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub. Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə yanaşı, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” və
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyası arasında 2015-2017-ci illər üzrə Əməkdaşlıq Proqramı” dostluq əlaqələrimizi genişləndirəcək sənədlərin sırasını artırmışdır.
Dövlət başçıları Bakı - İslamabad dostuğunun bu günü və sabahı barədə mülahizələrini isə, bilavasitə, çoxsaylı jurnalistlərin önündə dilə gətiriblər. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.
İmzalanan yeni sənədlər barədə danışan Azərbaycan Prezidenti xüsusilə vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr istənilən səviyyədədir: “Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində, bu sənəd əməkdaşlığımızın, demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.
Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik".
Tərəflərin bir-birinin mənafeyini beynəlxalq təşkilatların fəaliyyətində yüksək səviyyədə qoruduğunu yada salan dövlət başçımız qeyd edib ki, biz Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrdə həmin dəstəyi daha çox görürük: “ Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq.
Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu".
Prezident İlham Əliyevin fikrincə, dövlətlərimiz arasındakı siyasi-diplomatik münasibətlərin tərəfləri qane edən səviyyədə olması bizim ticari-iqtisadi əməkdaşlığımızın da yüksəlməsinə şərait yaradacaq : “Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər”.
Təbii ki, Azərbaycan dövlətinin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün ölkəmizin güclü ordusu və dövlətimizin hərbi qüdrətə malik, sədaqətli müttəfiqləri də olmalıdır. Həmin məqamı hamıdan yaxşı bilən dövlət başçımız mətbuat təmsilçilərinə dedi ki, biz hərbi sahədə də fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək.
Pakistan Prezidentinin fikirləri də mətbuat təmsilçiləri tərəfindən böyük maraqla qarşılandı. “Biz, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlərlə bağlı çox faydalı və səmərəli fikir mübadiləsi apardıq”- deyən Pakistan Prezidenti Məmnun Hüseyn, eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımızın olduğunu dilə gətirdi: “ Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik”.
Azərbaycan – Pakistan dostluq və tərəfdaşlıq münasibətlərinin indiki səviyyəyə qalxmasında ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri olduğunu böyük bir qədirbilənliklə yada salan Pakistan Prezidenti məmnunluq ifadə etdi ki, bu gün Azərbaycanda həmin siyasət uğurla davam etdirilir: “Cənab Prezident, Sizin atanız və Azərbaycan xalqının ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etmişdi. Qardaşım Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik”.
Dost ölkə rəhbərinin Bakı səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu ölkədə reallaşdırılan humanitar layihələrə görə “ Hilal-e-Pakistan” ordeninin təqdim olunması rəsmi İslamabad tərəfindən atılmış daha bir qədirbilənlik addımı idi. Bakıda keçirilən “Azərbaycan- Pakistan biznes Forumu” isə dövlət başçılarının tərəflər arasındakı iqtisadi əməkdaşlığı da siyasi əməkdaşlıq səviyyəsinə qaldırmaq barədəki planlarının reallaşdırılması istiqamətində atılan addımlardan biri kimi yadda qaldı. Həmin məqsədi dəqiq ifadə etmək üçün yenə də dövlət başçımızın dediklərindən sitat gətirməyə ehtiyac duyulur: “Bizim bu əməkdaşlığı gücləndirmək üçün aydın niyyətimiz var”. Niyyət aydın olanda isə təbii ki, uğurların, sevinclərin miqyası daim böyüyür. Biz bunu Bakı - İslamabad əməkdaşlığının timsalında çox aydın şəkildə gördük.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.