Avropa strukturları Ermənistanda insan hüquqlarının pozulmasına və qanunsuzluqlara niyə göz yumur?!

Ermənistan xarici işlər naziri E.Nalbandyan ATƏT-in Bazel ministerialında jurnalistlərə verdiyi açıqlamada Azərbaycanın daxili vəziyyətinə də toxundu. Guya, Azərbaycanda demokratiya, insan hüquqları pozulurmuş, ermənilərlə normal münasibəti təbliğ edənlər həbs olunurmuş. Ermənistanın xarici işlər naziri belə sərsəm fikirlərlə tez-tez gündəmə gəlir.

Avropadakı erməni icmaları isə Ermənistan prezidenti S.Sərkisyanla görüşəndə Avropa dövlətlərindəki azərbaycanlıların güclənməsindən şikayətlənirlər. Brüsseldə və Çexiyada səfərdə olarkən Ermənistan prezidenti Avropa ölkələrindəki ermənilərə Azərbaycanda demokratiya və insan hüquqlarının pozulmasına dair uydurma və böhtanları  bütün dünyaya yaymağı tövsiyə edir. Bundan sonra erməni icmaları Qərbdəki bəzi beynəlxalq təşkilatlara, Azərbaycandakı bəzi QHT-lərə, mətbuat orqanlarına sifarişlər verib,  qrantlar ayırıb.

Bu tapşırıqlar qrant formasında sənədləşdirilən kimi Ermənistan prezidenti S.Sərkisyan Çaxkadzorda Beynəlxalq Erməni Gəncləri Təşkilatlarının təmsilçiləri ilə görüşərkən yaxın 3-4 il ərzində ermənilərin öz arzularına çatacaqlarını bəyan edib. İndi Avropadakı bəzi strukturlar Azərbaycanın daxilindəki dönüklər və xəyanətkarlar vasitəsilə həmin “proqnozu” reallaşdırmağa cəhd göstərirlər. S.Sərkisyanın məqsədi bəllidir: Azərbaycanın imicini zədələmək, ermənilərin antidemokratik Azərbaycanda yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, Ermənistanın daxilində öz hakimiyyətinin ömrünü uzatmaq.

Ermənistan prezidentinin Azərbaycana böhtan atması gözlənilən idi. Çünki Ermənistanda insan hüquqlarının pozulmasından, daxildə vəziyyətin pisləşməsindən diqqəti yayındırmağa çalışır.

Ermənistanda son prezident seçkiləri ilə bağlı ATƏT DTİHB -in yekun rəyi bu günə qədər yoxdur. Çünki 2013-cü ilin fevral ayında rəqabətliliyin olmadığı, iri müxalifət partiyalarının iştirak etmədiyi, administrativ resurs tətbiq olunduğu, seçici siyahılarının dəqiq olmadığı, inam çatışmazlığı problemi olan prezident seçkiləri zamanı baş verən qüsurlar o qədər çoxdur ki, onu yekunlaşdırmaq ATƏT DTİHB-in imkanı xaricindədir.

ABŞ səfiri C.Heffern səsvermə günündən əvvəlki iki gün ərzində prezidentin seçki qərargahının rəhbəri O.Abramyan (həm də parlamentin spikeri idi) və MSK-nın başçısı T.Mukuçyanla gizli görüşlər keçirib. Politoloqlar belə hesab edirlər ki,  Sərkisyan hakimiyyətini məhz bu görüş  sayəsində qoruyub saxlaya bilib.

İsveç Krallığının xarici işlər naziri K.Bildt ATƏT DTİHB-in hesabatları ilə bağlı sensasiyalı fikirlər yaydı. Nazir Ermənistandakı seçkilərdə heç bir irəliləyiş olmadığını, geriləmənin olduğunu vurğuladı.

İCES müşahidə missiyasının rəhbəri, yəhudi mənşəli siyasətçi A.Tsinger seçicilərin S.Sərkisyana “sarı vərəqə” göstərdiyini bildirdi.

“Qəribə seçki” adını almış bu seçkilərdə prezidentliyə namizədlərdən birini güllələdilər, digərini həbs etdilər. Prezidentliyə namizədlərin ən çox üstünlük verdiyi təbliğat vasitəsi isə aclıq aksiyası idi.

Rusiyada keçirilən seçkilərdə Qərbin reallaşdırdığı bütün layihələrin “xaç atası” Q.Melkonyants Ermənistandakı prezident seçkilərinin nəticələri ilə bağlı mütəxəssis rəyini açıqladı. S.Sərkisyan 41.07%, R.Ovannisyan isə 52.4% səs toplayıb. Rusiyadakı seçkilərin antidemokratikliyi ilə bağlı Q.Melkonyantsa inanan ABŞ və Avropa strukturları bu dəfə onun Ermənistanda seçkilərlə bağlı apardığı hesablamalarının metodologiyasını qəbul etmədi. Halbuki, Q.Melkonyantsın faktiki olaraq rəhbərlik etdiyi “Qolos” təşkilatı ABŞ tərəfindən yaradılıb və maliyyələşir.

Həm prezident, həm də parlament seçkilərində S.Sərkisyan Qərbi aldada bilmişdi ki, Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşacaq. Buna görə də Avropa təşkilatları Ermənistandakı seçkilərə demoktratik don geydirməyə çalışırdı.

Ermənistanda heç bir seçki qansız ötüşməyib. Hətta yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı Ermənistanda ölüm faktı qeydə alınıb. Məhz o zamankı avrokomissar Ş.File yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsverməyə bir gün qalmış, ölüm hadisəsinin qeydə alındığı vaxtda Ermənistana gəldi və nə qədər qəribə olsa da Ermənistanda demokratik seçki keçirildiyini iddia etdi.

Avropa Xalq Partiyası özünü prezident seçkilərinin qalibi adlandıran, “İrs” partiyasının sədri, ABŞ vətəndaşı R.Ovannisyanı tədbirinə dəvətdən  imtina etdi. Çünki prezident S.Sərkisyan belə istəmişdi.

Bu həmin S.Sərkisyandır ki, 2008-ci ilin martında hakimiyyətə gəlməsi 10 nəfərin ölümü hesabına baş tutmuşdu. 2008-ci ilin 1 mart hadisələrinin istintaqı bu günə qədər başa çatmayıb. AŞPA Avroparlament və onların müxtəlif strukturları bu günədək 1 mart hadisələrinin istintaqı ilə bağlı rəsmi Yerevana qarşı  heç bir ciddi tələb irəli sürməyiblər. AŞPA-nın İnsan Hüquqları üzrə komissarı Nils Mujniyeks Ermənistanda olarkən 2008-ci ilin 1 mart hadisələrinin qurbanlarının ailə üzvləri ilə görüşməyə cəsarət etmədi.

“A1+” telekanalının fəaliyyəti bu günədək bərpa edilməyib. Heç bir Avropa strukturunun bu barədə aydın mövqeyi yoxdur.

27 oktyabr 1999-cu il parlament gülləbaranının  qurbanları da siyasi repressiyanın qurbanlarıdır. Ermənistanda qanunsuzluğa etiraz edən  siyasətçiləri öldürürlər. Necə deyərlər, adam yoxdursa, problemi də yoxdur”.

Beləliklə, Avropa Ermənistanda demokratiya, insan hüquqları və mətbuat azadlığı sahəsində böyük problemləri nəinki ört-basdır etdi, hətta bunları demokratiyanın insan hüquqlarının və mətbuat azadlığının uğuru kimi təqdim etdi.

Aşağıdakı faktlar sübut edir ki, Avropa bu gün də Ermənistanda demokratik dəyərlərin tapdanmasına, qanunsuzluğa göz yumur:

- Monoetnik, monokonfessional Ermənistan Azərbaycanın polietnikliyini və polikonfessionallığını qüsur hesab edir;

- Ermənistanda dini azadlıq yoxdur. Erməni Apostol kilsəsi tam hökmrandır;

- Şant Arutyunyan “Milli inam” partiyasının lideridir. Özü 6 il, yetkinlik yaşına çatmamış oğlu Şeqaron 4 il müddətinə həbs edilib.Yerevanda mitinqlər təşkil etmişdilər;

- Müxalifətçi “Predparlament” üzvləri avtoyürüşlər təşkil edirdilər, maşınları yandırıldı, özləri döyüldü;

- Volodya Avetisyan S.Sərkisyan və S.Ohanyanın döyüş yoldaşı olub. Onları tənqid edən kimi korrupsionerə çevrildi və həbs edildi.

“Demokratiya” sahəsində avropalı qurumlarla belə “böyük iş təcrübəsinə malik” olan S.Sərkisyan Ermənistanı və erməniləri fəlakətə sürükləməkdə davam edir.

Ermənistanın xarici işlər naziri  E.Nalbandyanın ATƏT-in Bazel ministerialında Azərbaycanla bağlı uydurmaları da S.Sərkisyanın bədnam planının tərkib hissəsidir.

Mübariz ƏHMƏDOĞLU,
Siyasi İnnovasiya və
Texnologiyalar Mərkəzinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında