Avropa İttifaqı: böhran və geosiyasət

Avropa İttifaqının son zamanlar bir çox problemlərlə üzləşdiyi barədə informasiyalar yayılır. Təşkilat daxilində meydana çıxan problemlər öz həllini tapmır. Burada separatizm meylləri, bir sıra dövlətlərin müstəqil siyasət yeritmək iddiası, millətçiliyin radikal məzmun alması, işsizlik kimi məsələlər ön plana çıxıb. Onları aradan qaldıra biləcək səmərəli proqramlar isə hələ ki, yoxdur. Üstəlik, xarici siyasətdə də müəyyən mürəkkəbliklər üzə çıxmağa başlayıb. Belə ki, Ukrayna böhranının fonunda Aİ-nin Rusiya ilə münasibətləri necə qurmalı olduğunu Brüssel özü üçün aydınlaşdırmayıb. Mütəxəssislər təşkilatın xarici siyasətində prinsiplərin yeniləşdirilməsinə ehtiyac olduğundan danışırlar. Lakin Avropa buna hazırdırmı?

 

Risk faktoru: Aİ-nin daxili reallıqları

 

2015-ci ilin gəlişi ilə Avropa İttifaqının gələcək taleyi haqqında proqnozlar verilməyə başlayıb. Mütəxəssislər bu məsələyə bütövlükdə dünyada gedən geosiyasi proseslər kontekstində nəzər yetirirlər. Şübhə yoxdur ki, Avropa qlobal miqyasda ciddi təsir gücünə malik olan məkandır. Onun iqtisadi, mədəni, elmi və hərbi gücü hamılıqla etiraf olunur. Bununla yanaşı, hətta böyük güclər üçün belə çətin mərhələlər var. Çoxsaylı risk faktorları müəyyən fəsadlar yarada bilər. Aİ ilə əlaqədar isə müxtəlif ssenarilər irəli sürülür.

Hazırda Aİ daxilində maliyyə-iqtisadi böhran davam edir. Yunanıstanda radikal sol partiyanın seçkidə qalib gəlməsilə avro ilə bağlı vəziyyət yenidən mürəkkəbləşməkdədir. Avropa Komissiyasının sədri J.-K.Yunker xəbərdar edir ki, “yunanlar yanlış seçim etdikləri halda nələrin ola biləcəyini yaxşı dərk etməlidirlər’’. Məsələ burasındadır ki, solçular Aİ-nin perspektivinə elə də inanmırlar. Onlar daha müstəqil və suveren olmağa üstünlük verirlər.

Əslində, Aİ-də inteqrasiya əleyhdarları yalnız Yunanıstanda deyil. Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya kimi ölkələrdə də bu mövqedə olan siyasətçilər vardır. Onların arasında daha çox rəsmi London təşkilatdan çıxmağa çalışır. 2017-ci ildə bununla bağlı referendum keçirilə bilər. Lakin bir sıra ekspertlərin fikirlərinə görə, bunun bir qədər tez, 2015-ci ilin yayında da baş verməsi mümkündür.

İndiki mərhələdə ümumən Aİ-yə daxil olan ölkələrdə inteqrasiya əleyhdarları kimi çıxış edən siyasi təşkilatların sayı artır. Bu, artıq bir tendensiya kimi qəbul edilir. Zaman-zaman həmin tendensiyanın daha geniş miqyas alması və bir sıra dövlətlərdə aparıcı mövqeyə çıxması istisna olunmur. Bu səbəbdən Aİ-də parçalanma ssenarisinin reallaşması mümkündür.

Həmin proqnoz kontekstində 2015-ci ildə Aİ iqtisadiyyatının qeyri-müəyyən vəziyyətdə ola biləcəyi haqqında deyilənlər düşündürücü görünür. Təşkilat ekspertlərinin fikirlərinə görə, bu il iqtisadi inkişaf maksimum 1,1% ola bilər. Üstəlik, Aİ-yə daxil olan ölkələr arasında inkişaf templəri də fərqli olacaqdır. Məsələn, Almaniyada artım gözlənildiyi halda, təşkilatın digər dövlətlərində tənəzzül proqnozlaşdırılır.

Bu prosesin çox təhlükəli olduğunu dərk etmək gərəkdir. Çünki belə olduğu halda, Aİ-nin bir sistem kimi inkişafı mümkün deyil. Elm sübut edir ki, cəmiyyətin real tərəqqisi yalnız ona daxil olan altsistemlərin harmonik inkişafı şəraitində gerçək və dayanıqlı olur. Aİ-yə üzv ölkələrin bir qisminin inkişaf etməsi, digərlərinin isə tənəzzülə uğraması onun perspektivini ciddi şübhə altına alır. İndi ümid böhran vəziyyətində olan ittifaq üzvlərinin dövlət büdcələrinin optimallaşdırılmasına qalıb. Bunun ümumiyyətlə baş tutub-tutmayacağı məlum deyil. Çünki təşkilatın maraqları ilə ayrı-ayrı ölkələrdəki vəziyyət arasında ziddiyyətlər aradan qalxmayıb.

Həmin bağlılıqda Avropa Mərkəzi Bankının “risklər üstünlük təşkil edir’’ kimi nəticə çıxarması təsadüfi görünmür. İnflyasiya və işsizlik məsələləri avropalıları çox narahat edir. Yunanıstan, İspaniya və Portuqaliyada işsizlik səviyyəsi hələ də yüksəkdir. Fransa və İngiltərədə də vəziyyət ürəkaçan deyil. Bu sahədə kəskin dəyişikliklər gözlənilmir. “Stratfor’’ qlobal araşdırmalar mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik C.Fridman hesab edir ki, 2014-cü ildə Aİ iqtisadi, siyasi və sosial problemlərin həllində irəliyə gedə bilməyib.

Bu, artıq ciddi faktordur. Bütün cəhdlərinə baxmayaraq, Aİ özü öz daxilində dönüş yarada bilmirsə, nikbin proqnozlara ümid etmək çətindir.

 

Xarici siyasət: Rusiya ilə əməkdaşlıq formulu axtarışında

 

Vurğulanan aspektdə son illər Avropa İttifaqı daxilində müşahidə edilən bir məqama ayrıca diqqət yetirmək lazımdır. Təcrübə göstərir ki, bir zamanlar zəif iqtisadiyyata malik olan Şərqi və Mərkəzi Avropa ölkələri Qərbi Avropa dövlətlərindən daha intensiv inkişaf edirlər. Müəyyən müddətdən sonra onlar aparıcı mövqeyə çıxa bilərlər. Buna isə ənənəvi olaraq Aİ-də söz sahibi olan ölkələr qısqanclıqla yanaşırlar. Böyük Britaniyanın təşkilatdan çıxmağa can atması arxasında digərləri ilə yanaşı, bu faktor da dura bilər.

Şübhəsiz ki, təşkilatın iki hissəyə bölünməsi tendensiyası təhlükəli gedişatdır. Onun qarşısını necə almaq olar? Hələlik bununla bağlı düşünülmüş bir proqram yoxdur. Hətta bu, normal hesab edilir. Problemə müasir mürəkkəb geosiyasi proseslər aspektində yanaşdıqda isə, bir qədər fərqli mənzərə yaranır.

Məsələn, Ukrayna böhranı fonunda Aİ-nin xarici siyasəti necə qurulmalıdır? Təşkilata üzv olan Şərqi və Mərkəzi Avropa ölkələri bu dövlətə coğrafi olaraq çox yaxındırlar. Baltikyanı isə tarixən Kiyevlə sıx əlaqədə olub. Bu məqam Aİ-də inkişaf potensialı getdikcə artan dövlətlərin bu və ya digər dərəcədə münaqişəyə cəlb olunmasına aparıb çıxara bilərmi?

Bu, tamamilə mümkün ssenaridir. Çünki Rusiya vəziyyətini düzəltmək üçün istənilən addımı ata bilər. İndi Brüsseldə Ukrayna hadisələri fonunda xarici siyasətdə düzəlişlər etmək barədə düşünürlər. O cümlədən həmin müstəvidə Krımın Rusiyaya birləşdirilməsi faktının hansı rolu oynaya biləcəyi maraq doğurur.

Hər şeydən əvvəl, vurğulamaq lazımdır ki, Aİ-nin uzun illər xarici siyasətdə gözlədiyi müəyyən prinsiplər yenilənməlidir. Konkret olaraq neoliberal dəyərlərə əsaslanan geosiyasi kurs artıq əvvəlki səmərəni vermir. Avropa özünü sonsuza qədər genişləndirə, bütün ölkələri Aİ-yə, yaxud NATO-ya daxil edə bilməz. Bunun perspektivsizliyini məhz Krım məsələsi nümayiş etdirdi.

Rusiya sübut etdi ki, coğrafi sərhədləri Qərbin razılığı olmadan dəyişə bilər. Deməli, Avropa özünün genişlənmə kursunda bunu nəzərə almalıdır. O, üç mövqedən birini seçə bilər. Birincisi, Moskva ilə açıq münaqişəyə girib, onu inadından döndərə bilər. Təcrübə göstərir ki, bu, Aİ-nin imkanı xaricindədir. NATO kifayət qədər güclü olsa da, böyük müharibə heç bir tərəfə sərf etmir.

İkincisi, digər geosiyasi güclərlə ittifaqa daxil olub, Rusiyanı zərərsizləşdirə bilər. Bunun da perspektivi bəlli deyil. Çünki Kremlin özünü dəstəkləyən böyük dövlətlər var. Məsələn, Çin. Pekin hazırda kifayət qədər təsirə malikdir. Bununla yanaşı, hazırkı tarixi mərhələdə hansısa böyük dövləti zorla neytrallaşdırmaq çox çətindir. Rusiya isə çox güclü hərbi potensialı olan dövlətdir.

Üçüncüsü, Rusiya ilə birgə inkişaf modelini işləyib hazırlaya bilər. Bu, ABŞ-Çin əməkdaşlığı üçün nəzərdə tutulan “G2’’ formatına bənzəyir. Hesab edilir ki, son ssenari Aİ-nin maraqlarına daha çox cavab verir. Lakin burada da Krım və Ukraynanın şərq əyalətlərindəki vəziyyəti diqqətə almaq lazım gəlir. Bu kimi faktlar şəraitində Avropa Rusiya ilə geosiyasi ittifaqda ola bilərmi? Təbii ki, belə olduqda, o, öz prinsiplərinə zidd mövqe tutmuş olur. Bu səbəbdən sonuncu ssenarini də hələlik ciddi qəbul etmək çətindir.

Yuxarıda göstərilən məqamlara Avropa daxilində miqrasiya və milliyyətçilik problemlərinin getdikcə kəskinləşdiyini də əlavə etmək olar. Sirr deyil ki, son illər təşkilata üzv olan dövlətlərdə milliyyətçilik radikal məzmun almışdır. Bu da bütövlükdə həm daxili siyasətdə çətinliklər yaradır, həm də Brüsselin vahid xarici siyasət yeritmək imkanlarına mənfi təsir göstərir. Separatçılıq gücləndiyi (məsələn, basklar və şotlandların fəallığı artdığı) halda Aİ-nin hansı vəziyyətə düşəcəyini demək çətindir.

Belə çıxır ki, bir zamanlar bütün dünya üçün nümunə olan Aİ ciddi problemlərlə üzləşməkdədir. Onun daxili və xarici siyasətində qeyri-müəyyən məqamların sayı artır. Bunun qlobal miqyasda fəsadlar verə biləcəyi mümkündür. Yaranmış vəziyyətdə Aİ-nin geosiyasi güc olaraq nə kimi addımlar atacağından çox şey asılıdır. Brüssel hələlik bu istiqamətdə tam aydın mövqe nümayiş etdirmir. Görünür, o, Amerikanın təsirindən hələ də çıxa bilməyib. Maliyyə-iqtisadi böhran, işsizlik, avronun qarşılaşdığı çətinliklər və digər məsələlər Aİ-nin əl-qolunu bağlayır.

Kamal ADIGÖZƏLOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında