Bir neçə aydan sonra Azərbaycan daha bir mötəbər tədbirə-I Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesini yüksək səviyyəyə çatdırıb.
Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacağı I Avropa Oyunlarının Budapeşt və Roma şəhərlərində keçirilən təqdimat mərasimlərində iştirak edən diplomatik korpusun nümayəndələri, dövlət məmurları, parlament üzvləri və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri hazırlıq işlərinin gedişindən məmnunluqla danışmış və bu mühüm əhəmiyyətli tədbirin də uğurla başa çatacağına əminliklərini ifadə etmişlər. Təqdimat mərasimlərində ölkəmizin mədəniyyətini, qədim tarixini, adət-ənənələrini, I Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən videoçarxların nümayiş etdirilməsi Azərbaycan haqqında daha geniş təəssürat yaratmışdır.
Mərasim iştirakçıları eyni zamanda, Azərbaycanın müxtəlif sahələrini əks etdirən sərgi ilə tanış olmuş, qonaqlara milli mətbəximizdən yeməklər təqdim edilmişdir. Sərgi çərçivəsində qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar da paylanılmışdır. Bütün bunlar Avropa Oyunları Təşkilat Komitəsinin yüksək qiymətə layiq olan tədbirlər silsiləsidir.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir. Çünki Avropa Oyunları birinci dəfədir ki, keçirilir. Olimpiya Oyunlarının Avropa qitəsində yaranmasına baxmayaraq, hələ bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, təbii ki, böyük nailiyyətdir və bu da Avropanın, eləcə də beynəlxalq birliyin ölkəmizə olan inam və etimadının nəticəsidir.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə tarixi qərarın qəbul edilməsi təsadüfi deyildir. Belə bir əhəmiyyətli qərarın qəbul edilməsində, ilk növbədə, ölkəmizin dünya birliyindəki nüfuzu, getdikcə artan reytinqi və əlaqələrinin genişlənməsi həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən, demokratik prinsiplərə xüsusi önəm verən, insan hüquq və azadlıqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan, müasir, güclü ölkə kimi özünü təqdim edə bilmişdir. Müstəqilliyimizin cəmi 24 il tarixi olsa da, postsovet ölkələri və Avropanın bir sıra dövlətləri ilə müqayisədə xeyli irəliyə getmişik. Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Respublikamızın beynəlxalq nüfuzunun yüksək səviyyədə olmasını BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz, bu quruma iki dəfə, həmçinin, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməyimiz, eləcə də, dünyanın nüfuzlu beynəlxalq qurumlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də təsdiqləyir.
Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin ildən-ilə möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi ölkəmizin gələcək maraqlarının daha dolğun şəkildə təmin olunmasına zəmin yaradır. Bu da Azərbaycanın inkişafını gözü götürməyən antimilli qüvvələri və onlarla əməkdaşlıq edən satqın radikal müxalifət nümayəndələrini ciddi təşvişə salıb. Belə bədxahlar I Avropa Oyunları ərəfəsində min hiylə və məkrə əl ataraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Biz “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirildiyi dönəmdə də bunun şahidi olduq. O zaman həmin xəyanətkarlar heç bir səbəb olmadan gah aclıq aksiyası keçirir, gah da müxtəlif şayiələr yayırdılar. Bütün bunlara baxmayaraq, digər mötəbər tədbirlər kimi, Avropanın mahnı yarışması da müvəffəqiyyətlə başa çatdı.
Ölkəmizin uğurlarını gözü götürməyən düşmən qüvvələr son vaxtlar yenidən fəallaşmağa başlayıblar. Onlara “tutarlı faktlar” verən radikal müxalifət nümayəndələri, xüsusilə də AXCP sədri Əli Kərimli, onun əlaltıları I Avropa Oyunları ərəfəsində müxtəlif antimilli hərəkətlər edərək ölkəmizə qarşı piara başlamışdır. Görünür, Ə.Kərimli hələ də dərk edə bilmir ki, idman sağlamlıqdır, dostluqdur, həmrəylikdir, xalqları bir-birinə daha da yaxınlaşdırır. Mənəvi cəhətdən xəstə olan bir şəxsin belə şeyləri dərk etməməsini təbii hesab edirəm. Mən Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui- Marın dediklərini bir daha AXCP sədrinin diqqətinə çatdırmaq istərdim: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idman Azərbaycanın milli missiyasına çevrilib. Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir”.
Fikir verin, dünyanın tanınmış ictimai-siyasi xadimləri, diplomatları belə fürsətdən yetərincə istifadə etmək üçün əlverişli məqamın yarandığını bildirdikləri halda, Əli Kərimli ölkədə qarşıdurma yaratmaqla tədbir iştirakçılarının diqqətini özünün məkrli oyunlarına cəlb etmək istəyir.
Beynəlxalq miqyaslı tədbirlərin birində ölkəmizdə gedən uğurlu demokratik proseslərdən, azad, ədalətli, şəffaf seçkilərin keçirilməsindən, Prezidentin əfv sərəncamlarından razılıq edilən bir zamanda AXCP sədri Əli Kərimlinin Azərbaycanda insan haqlarının pozulması, vətəndaşların öz fikirlərinı sərbəst ifadə etmələrinin qarşısının alınması, “siyasi məhbuslar” və digər yalanlarla dolu müraciətinin yayıldığı bildirildi. Moldovadan olan deputat həmkarım demişdi ki, mən öz ölkəmdə müxalifət nümayəndəsiyəm. Ancaq beynəlxalq tədbirlərdə ölkəmizin milli maraqlarını, nüfuzunu bütün vasitələrlə qoruyuram. Respublikamıza qayıtdıqdan sonra yenə də müxalifət olaraq qalacağam.Vətənimin mənafeyi mənim üçün hər şeydən üstündür. Ancaq sizin müxalifət nümayəndəniz beynəlxalq aləmdə ölkənizi nüfuzdan salmağa çalışır. Bu necə müxalifətçilikdir? Hesab edirəm ki, bu müxalifətçilik yox, öz Vətəninə düşmənçilikdir.
Mən onunla tamamilə razıyam. Xatırladım ki, AXCP sədri Əli Kərimli Azərbaycan Parlament nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının ilk iclasına gedən zaman da AŞPA-nın rəhbərliyinə bizim nümayəndə heyətinin mandatını təsdiq etməmək barədə müraciət etmişdi. O vaxt da Moldovadan olan həmin müxalifət nümayəndəsi bu müraciəti ikrah hissi ilə qarşılamışdı. O demişdi ki, belə müxalifətçilik olmaz.
Son illərin təhlili göstərir ki, AXCP sədrinin fəaliyyəti heç zaman xalqın ümumi maraqları üzərində qurulmayıb. Hakimiyyətdən şəffaflıq, qanun, demokratiya və düzgünlük tələb edən Ə.Kərimlinin özü, görəsən, bu tələblərə niyə əməl etmir? 20 ildən artıqdır ki, partiyanın sədrlik postunu zəbt edən bu xəyanətkar gənclərimizin mənəviyyatını korlamaqla, onların antivətən ruhunda yetişdirilməsi üçün min oyundan çıxır. Hamımıza yaxşı məlumdur ki, gənclərimizin belə pis ruhda yetişmələrinin sifarişi ermənipərəst qüvvələrdən gəlir. Bu çirkin sifarişin icraçısı isə Ə. Kərimlidir. Xatirinizdədirsə o bir gənci aldadıb ermənilərlə danışığa, Azərbaycanda hakimiyyəti silahlı yolla devirmək üçün düşmənlərimizdən maliyyə dəstəyi almağa göndərmişdi. Son anda həmin gənc ifşa olundu, sonra da səhvini başa düşdü və əfv olunmaq üçün dövlət başçısına müraciət etdi. Ötən il ölkədə partlayışlar yolu ilə təxribatlar törətmək istəyən bir qrup gənc zərərsizləşdirildi və həbs olundu. Aparılan araşdırmalar zamanı məlum oldu ki, həmin gəncləri də AXCP sədri Əli Kərimli təlimatlandırıbmış. Onların da bir neçəsi səhv yolda olduqlarını, AXCP sədrinin yalan vədlərinə inandıqlarını etiraf etmiş və əfv olunmaq üçün ölkə Prezidentinə müraciət ünvanlamışdılar. Azərbaycan Prezidenti yüksək humanistlik nümayiş etdirərək həmin gəncləri əfv etmiş və gələcək həyatlarını düzgün müəyyənləşdirmək üçün onlara bir daha imkan yaratmışdır.
Son günlər Ə. Kərimli mitinq keçirmək və gənclərin beynini yenidən zəhərləmək, onları müxtəlif yollarla aldadaraq dövlətçiliyə qarşı mübarizəyə təhrik etmək sevdasına düşüb. Təbii ki, gənclərimiz onun təxribatçı və antimilli çağrışlarına səs verməyəcək. Çünki bundan əvvəl AXCP sədrinin gənclərin başına açdığı oyunlar hamının gözü qarşısındadır. Artıq gənclərimiz çox yaxşı bilir və hiss edirlər ki, Azərbaycan dövləti kifayət qədər güclüdür və bütün sahələrdə inkişaf müşahidə olunur. Gənc mütəxəssislərə, peşəkarlara böyük ehtiyac var. Bir vaxtlar iş axtarmaq üçün xarici ölkələrə üz tutan gənclərimiz artıq Vətənə qayıdırlar. Gənclərimizin beynəlxalq aləmə inteqrasiyası, biliklərini, dünyagörüşlərini genişləndirmək üçün bütün imkanlardan istifadə olunur. Axı, gələcəyinə qiymət verən xalq vətənpərvər və müasir təfəkkürlü gənc nəslin formalaşmasına böyük diqqət göstərməlidir. Təbii ki, bütün bunlar dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Ölkə gəncləri isə onlar üçün yaradılmış şəraitdən istifadə edərək, gənclik illərini faydalı əməyə həsr etməli, dövlətin, xalqın, Vətənin mənafeyini uca tutmalıdırlar. Gənclərimiz ayıq-sayıq olmalı, antimilli mövqeyindən hələ də əl çəkməyən, ermənipərəst dairələrin çirkli pulları hesabına əsas fəaliyyətini ölkəmizin nüfuzuna xələl gətirməyə istiqamətləndirən AXCP sədri Əli Kərimlinin yalan vədlərinə inanmamalıdırlar. Biz də inanırıq ki, onlar dövlətçilik əleyhinə yönəlmiş mitinqlərə “yox” deyəcək, xarici düşmənlərimizin sifarişlərini yerinə yetirən Əli Kərimli kimi xəyanətkarların çağırışına qoşulmayacaqlar.
Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində qara piar kampaniyasına başlayan ermənipərəst dairələrin, onlara donosbazlıq edən AXCP sədri Əli Kərimli və o əqidədə olan milli xəyanətkarların, satqınların bütün cəhdləri yenə də iflasa uğrayacaq. Onları qıcıqlandıran budur ki, beynəlxalq birlik Azərbaycana böyük etimad göstərir və birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə razılıq verib.
Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın dedikləri qara piar kampaniyası aparan bədxahlara tutarlı cavabdır: “ Avropa Olimpiya Oyunlarını ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir. Azərbaycan yaxşı anlayır ki, həm də Oyunların gələcək standartlarını müəyyənləşdirəcək. Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. İlk Avropa Oyunları ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək”.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.