Ötən həftə Avstriya parlamentinin müsəlman azlığının hüquqlarının genişləndirilməsini təmin edəcək yeni qanun layihəsini təsdiqlədiyi bildirilir. Yeni qanunun əsas vəzifələrindən birinin müsəlman icmalarının xarici ölkələrdən maliyyələşdirilməsinin qarşısının almaqdan ibarət olduğu vurğulanır. Avstriyanın radikal islamın yayılmasının qarşısını almağa yönəlmiş addımı Avropanın digər ölkələrində də maraqla qarşılanır.
Maraqlıdır ki, bir neçə ay müzakirəsi getmiş qanun layihəsinin 1912-ci ildə Avstriya-Macarıstan imperiyası dövründə, Bosniya və Herseqovinanın ilhaq olunmasından sonra İslam haqqında qəbul edilmiş qanunun yeni variantı olduğu vurğulanır. Həmin dövrdə təsdiqlənmiş qanun islama rəsmi status verməklə yanaşı, Avstriyanın Avropada tolerantlıq məsələsində önə çıxmasına şərait yaratmışdı. Hazırda 8,5 milyon əhalisi olan Avstriyada vətəndaşların 7 faizinin İslam dininə etiqad etdiyi məlumdur. İqtidar partiyasının təşəbbüsü ilə sözügedən qanunun da müsəlman azlığının hüquqlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunur. Ölkənin aparıcı müsəlman təşkilatları da məlum qanunu dəstəkləyir. Təqdirə layiq haldır ki, bundan sonra müsəlmanlar dini bayramlar günündə əlavə istirahət edə biləcəklər. Orduda, həbsxanalarda, xəstəxanalarda və ahıllar evində olan müsəlmanlar xüsusi qidalanma ilə təmin ediləcəklər.
Bununla belə, Avstriyada və Avropanın digər ölkələrində fəaliyyət göstərən bəzi müsəlman təşkilatlar yeniliklərə qarşı çıxış edirlər. Belə ki, əvvəllər imamlardan alman dilini bilmək tələb olunmurdu, indi isə hakimiyyət orqanları din xadimlərindən yerli dildə danışmalarını istəyir. Bundan başqa, Avstriya hökuməti din xadimlərindən yerli hakimiyyətə loyal münasibət göstərmələrini, ölkənin qanunlarına və dəyərlərinə hörmətlə yanaşmalarını, həmçinin dövlət attestasiyasından keçmələrini tələb edir. Bunun üçün Vyana Universitetində gələn ildən etibarən ilahiyyat kafedrasının fəaliyyətə başlayacağı bildirilir. Həmçinin Quran kitabının alman dilinə rəsmi tərcüməsinin də təsdiqlənəcəyi vurğulanır.
Yeni qanun ətrafında aparılan müzakirələrdən biri də yerli müsəlman icmalarının xarici ölkələrdən maliyyələşdirilməsinə qoyulan qadağadır. Amma qanunda qeyd olunmuş məhdudiyyətlər birmənalı qarşılanmır və belə məhdudiyyətlər ayrı-seçkilik kimi qiymətləndirilir. Artıq dövlət başçısı səviyyəsində də tənqidlər səsləndirilir. Məsələn, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriyanın məlum qanunu Avropa Birliyinin hüquqi normalarına zidd olduğunu bildirir. Türkiyənin dini məsələlər üzrə dövlət qurumunun rəhbəri Mehmet Hermez isə yeni qanunu tənqid edərək onun “Avstriyanı 100 il geriyə atdığı”nı açıqlayır. Amma Avstriya höküməti təndiqləri qəbul etmir və reallığa uyğun addım atdığını vurğulayır. Məsələn, xarici işlər və inteqrasiya naziri Sebastyan Kurtsun sözlərinə görə, belə bir qanun qəbul etməkdə əsas məqsəd Avstriya qəlibli İslam yaratmaqdır və onlar radikal islamın yayılmasının profilaktikasının prinsipləri barədə mülahizələrini dinləmək məqsədilə Almaniyadan, Fransadan və İsveçrədən dəvər alırlar.
İstənilən halda qanun qəbul edildi və Avstriyanın yeni addımının “Köhnə dünya”da dəstəklənəcəyi barədə konkret danışmaq çətindir. Amma Avropada müşahidə olunan müzakirələr belə bir qanunun digər ölkələr tərəfindən də qəbul ediləcəyi barədə səsləndirilən ehtimalları gücləndirir. Məsələn, Almaniyada dərc olunan və mühafizəkar baxışları ilə tanınan “Frankfurter Allgemeine” qəzeti yazır ki, Avstriyanın can atdığı hədəf bütün Avropanın arzusudur. Qəzet qeyd edir ki, Avstriya parlamentinin qəbul etdiyi qanun müsəlmanların dini həyatı və onların cəmiyyətə inteqrasiyası üçün çərçivələr müəyyənləşdirir. Buna görə də, dövlət hüquq normalarının dini normalardan üstün tutulması və Avstriyanın müsəlmanların bunu qəbul etmələrini gözləməsi normaldır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.