Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəlməsində yeni mərhələnin başlanğıcını qoydu

Azərbaycan ilə Bolqarıstan arasında  sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində daha geniş şəkildə təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərləri iki ölkə arasında əməkdaşlığın yeni səhifəsini yaratmışdır. Eyni zamanda, ikitərəfli  əlaqələrin yeni dövrü başlanmışdır. Söz yox ki, Azərbaycan-Bolqarıstan  strateji əlaqələri uzun müddətdir ki, yüksək səviyyədə davam  etdirilir. Siyasi əlaqələr sahəsində də əməkdaşlıq tərəfləri qane edən müstəvidə qurulub. Təbii ki, siyasi əlaqələrin güclü və davamlı olması digər sahələrə də öz müsbət təsirini göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq da iki ölkə arasında əlaqələrin getdikcə möhkəmlənməsindən xəbər verir.

Azərbaycan - Bolqarıstan münasibətlərinin 23 illik tarixi var. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 14-də tanımış və iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1999-cu il dekabr ayında fəaliyyətə başlamışdır. Dövlətimizin başçısı İlham Əliyev 2004-cü il aprelin 16-da Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır.

İki ölkə arasında əməkdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə, həmin səfər zamanı iki dövlət arasında ticari - iqtisadi və elmi - texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında, cinayət işləri üzrə hüquqi yardım haqqında, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər sazişlər, həmçinin müqavilələr imzalanmışdır.

Ulu öndər Heydər Əliyev Bolqarıstan Xalq Məclisində çıxış edərkən ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin sülhsevər olduğunu diqqətə çatdırmışdır: “Azərbaycan sülhsevər dövlətdir, biz Ermənistanın və digər qonşu ölkələrin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da başqa ölkəyə verə bilmərik. Buna görə də biz öz ərazi bütövlüyümüzü qoruyur, torpaqlarımızı müdafiə edirik və bu müharibəni ancaq və ancaq özümüzü müdafiə etmək üçün aparırıq”. Həmin vaxtdan da bolqar xalqında ölkəmizin sülhsevər dövlət olması barədə inam yaranmışdır.

Bundan sonra siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq daha da genişləndirilmişdir. İki ölkə  arasında  mədəniyyət, kənd təsərrüfatı, emal, qida sənayesi, turizm və digər  sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaranmışdır. Bolqarıstanın dövlət rəsmiləri Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulamış, mədəniyyətin və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə yüksək fikirdə olduqlarını bəyan etmişlər. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Bundan sonra davam edən qarşılıqlı səfərlər zamanı iki ölkə arasında müxtəlif sahələrin birgə əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsi barədə dövlət və hökumət başçıları arasında sənədlər imzalanmışdır.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini özünəməxsus şəkildə davam etdirən Prezident İlham Əliyev digər dövlətlərlə yanaşı, Bolqarıstanla münasibətlərin də  genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı  hər iki ölkənin mövcud əlaqələri daha da inkişaf etdirmək niyyəti ifadə olunmuşdur. Qarşılıqlı  səfərlər zamanı tərəflər arasında birgə bəyannamə, səhiyyə, iqtisadiyyat, nəqliyyat sahələrində yeni sazişlər imzalanmışdır.

Azərbaycan Prezidentinin Bolqarıstana bu günlərdə reallaşan rəsmi səfəri zamanı bu əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün böyük zəmin yaranmışdır. Bütün bunlardan sonra  Prezident İlham Əliyevin Bolqarıstana  rəsmi səfərinin  ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi artıq bəlli idi. Çünki əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və əlverişli imkanların yaranması üçün hər cür şərait var idi.

Həmin məlumatlar dövlətimizin başçısının  bu günlərdə Bolqarıstana rəsmi səfəri  zamanı bir daha müzakirə olunmuş, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi  və əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli  sənədlər imzalanmışdır. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində  keçirdiyi görüşlər, eləcə də, dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə təkan verən sənədlərin imzalanması ikitərəfli əlaqələrin köhnə təməllər əsasında uğurla davam etdiyinin təzahürüdür.

Prezidentlik fəaliyyəti dövründə Bolqarıstana üçüncü dəfə səfər etdiyini vurğulayan dövlət başçımız bunu iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması ilə əlaqələndirmişdir. Səfərin yekunlarını müsbət qiymətləndirən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu müddətdə aparılan  danışıqlar və fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə xalqını  əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlıq daha da möhkəmlənəcəkdir.

Respublikamızın rəhbəri iki ölkə arasında münasibətlərin qədim tarixə malik olduğunu da diqqətə çatdıraraq demişdir ki, Azərbaycan və Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində də əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləri - İvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi və bir çox başqalarını bu gün də Azərbaycanda sevərək oxuyurlar.

İqtisadi sahədə əlaqələrdən söhbət açan Azərbaycan Prezidenti iki dövlət arasında bu sahənin  inkişafı üçün yaxşı imkanlar olduğunu vurğulamışdır. Ölkə başçısı qeyd etmişdir ki, Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

Azərbaycan Prezidenti ölkəmizin yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynadığını da diqqətə çatdırmışdır. Regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını vurğulayan Prezident İlham Əliyev Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun işğal edilməsini, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmasını və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər: “Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm".

Bolqarıstan Prezidenti Rosen Pleveneliyev Azərbaycan Prezidentinin rəsmi səfərinin

Prezident Jelyu Jelev və Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf etdiyini bildirmişdir. O demişdir ki, hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı və çiçəklənməsi naminə qarşılıqlı hörmət və anlaşmanı bizə miras qoyublar.

R.Pleveneliyev iki ölkə arasında səmimi  münasibətlərin  tarixindən söhbət açaraq demişdir ki, ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik: “Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli və etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur”.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin sentyabrında Bakıya etdiyi səfər zamanı “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirakını xatırlatmış, Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını, regionda aparıcı ölkəyə, neft və qaz sahəsində beynəlxalq ticarətdə mühüm amilə çevrildiyini diqqətə çatdırmışdır.

Azərbaycan Prezidenti səfər çərçivəsində Bolqarıstanın Baş naziri Boyko Borisovla görüşmüş, Müqəddəs Sofiya kilsəsini ziyarət etmiş, məbədin xatirə kitabına ürək sözlərini yazmışdır. İki ölkə arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq, həmçinin turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində sənədlər imzalanmışdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında