“Amnesty International”, “Human Rights Watch” və “Freedom House” təşkilatları təxribatçı dairələrin sifarişlərini yerinə yetirməklə məşğuldurlar

Xəbər verildiyi kimi, İtaliyanın paytaxtı Romada iyun ayında ölkəmizdə keçiriləcək “Bakı 2015" - I Avropa Oyunlarının təqdimatı olub. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Yəni, Bakıda keçiriləcək  I Avropa Oyunlarının növbəti həyəcanı İtaliyanın paytaxtı Romada yaşandı.  Təqdimat mərasiminə bu ölkənin ictimai, siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar qatılmışdılar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletlər də təqdim edilmişdir.

Tədbir iştirakçılarına məlumat verilmişdir ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular isə yeniləşdirilərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Olimpiya stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya şəhərciyi də hazırlanır.

Təqdimat mərasimində iştirak edənlər Azərbaycanın sürətli inkişafını , mötəbər tədbirlərə ev sahibliyi etmək təcrübəsini və dünya birliyində reytinqinin getdikcə yüksəlməsini yüksək qiymətləndirdilər. İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo bildirdi ki, Azərbaycan bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək öhdəliyini çox uğurla icra edir: “Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etməyi bacaracaq. Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə və yüksək səviyyədə aparılması bu ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına hörmətini nümayiş etdirir”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdi.

Qeyd edək ki, 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq.

Göründüyü kimi, müstəqil dövlətimiz daha bir mötəbər beynəlxalq yarışa ev sahibliyi etmək ərəfəsindədir. Artıq  dünya ictimaiyyətinin nəzəri ölkəmizə dikilib.  Nəinki regionda, bütün postsovet məkanında və Şərqi Avropada Azərbaycanın sürətli inkişaf tempi, dünya birliyinə uğurlu inteqrasiyası və nüfuzunun getdikcə artması tanınmış ictimai-siyasi xadimlər tərəfindən də yüksək qiymətləndirilir. Bu uğurlarla hər birimiz fəxr edir və qürur hissi keçiririk.

 Ancaq, təəssüf ki, Azərbaycanın dünya birliyindəki mövqeləri gücləndikcə onu gözü götürməyən dairələrin və radikal müxalifət nümayəndələrinin yuxusu ərşə çəkilir. Belə xəbislər və məkrli niyyətlilər yalan və böhtanla dolu hesabatlar hazırlamaqla ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər.

Azərbaycana qarşı daim qeyri-obyektiv və qərəzli mövqeyi ilə seçilən “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” kimi ermənipərəst, riyakar və fəaliyyətini çirkli pullar hesabına quran beynəlxalq “hüquq müdafiə təşkilatları” I Avropa Oyunları ərəfəsində yenidən ölkəmizi hədəf seçiblər. Xatirinizdədirsə, “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçirilən zaman da ara qarışdırmağı özünə peşə seçmiş bu ikiüzlü və riyakar  təşkilatlar yerli xəyanətkar və antimilli qüvvələrin yalan və böhtan dolu “informasiya”larını dövriyyəyə buraxmaqla min oyundan çıxdılar. Onlar  Avropanın mahnı müsabiqəsini boykot etmək niyyəti ilə ən alçaq vasitələrə əl atdılar. Ancaq istəklərinə nail ola bilmədilər. Belə şər qüvvələrin yalan və böhtanlarına özləri əqidədə olanlardan başqa kimsə reaksiya vermədi. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil.

Dünyanın müxtəlif ölkələrində I Avropa Oyunlarının təqdimat mərasimlərinin yüksək səviyyədə keçirilməsi adlarını insan haqlarının müdafiəçisi qoyan, əslində isə insanların hüquqlarını kobud şəkildə pozan muzdlu beynəlxalq təşkilatları hərəkətə gətirib. Onlar bu işdən də “qaz vurub, qazan doldurmaq”  sevdasına düşüblər. Belə yerdə dahi Azərbaycan şairi M.Ə.Sabirin “Olmasaydı cahanda sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar” misraları yada düşür. Bakıda keçiriləcək  I Avropa Oyunları ərəfəsində  “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” kimi yaltaqlar sarsaqlardan pul qoparmaq üçün hər cür rəzilliyə əl atırlar. Bu muzdlu təşkilatlar  Azərbaycana qarşı daha bir təxribata əl atıblar. Onlar Avropa ölkələrinə bu ilin iyun ayında Azərbaycanda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağıran müraciət yayıblar. Müraciətdə  iddia edilir ki, Azərbaycanda insan haqları və söz azadlığına qarşı basqılar var, guya, müxalif düşüncəli insanlar təqib olunur. Onların  iddiasına görə, “bu kimi neqativ halların geniş vüsət aldığı” Azəbaycanda keçirilən I Avropa Oyunlarını boykot etmək ən doğru qərar olar. Təbii ki, belə qərəzli və böhtançı təşkilatların həmin çağırışına qoşulan dövlətlər tapılmayacaq. Avropanın bəzi qurumları tərəfindən I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə olan qısqanc münasibət ilk növbədə ölkəmizin dünya birliyindəki rolunun getdikcə artmasından qaynaqlanır.

Artıq dünya ictimaiyyətinə də bəllidir ki, “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” təşkilatları erməni lobbisinin maliyyəsi və təhriki ilə meydana atılıblar. Bu cür təşkilatların hansı bəyanat verməsindən asılı olmayaraq, cəmiyyət onları qəbul etmir. Beynəlxalq aləmə də bəllidir ki, həmin təşkilatların bəyanatları uzun illərdir ki, qərəz, şər və böhtandan ibarətdir. Artıq Avropa dövlətləri öz bəyanatlarını veriblər və bu mötəbər idman yarışmasında mütəşəkkil surətdə iştirak edəcəklər.

 İlk Avropa  Oyunlarına çox ciddi hazırlıq işləri görülür, bu yarışma ilə bağlı bütün tədbirlər yüksək səviyyədə həyata keçirilir və təhlükəsizlik tədbirləri görülür. Son vaxtlar işğalçı Ermənistan silahlı qüvvələrinin və onların havadarlarının atəşkəsi tez-tez pozmaları, erməni kəşfiyyat-diversiya qrupunun törətmək istədiyi təxribatların sayının artırılmasında da məqsəd I Avropa Oyunları ərəfəsində ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır. Lakin onlar öz layiqli cavablarını alır və bir müddət susmaq məcburiyyətində qalırlar. Həm araqarışdıranların, həm də onları bu işə təhrik edənlərin əsas məqsədlərindən biri  Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda  qeyri-sabit vəziyyətin hökm sürdüyü barədə dünyanın ictimai fikrini çaşdırmaqdır.

Azərbaycan ictimaiyyəti zaman-zaman şahidi olub ki, bu təşkilatlar hər dəfə ölkəmizin nüfuzlu bir tədbirə ev sahibliyi etdiyi ərəfədə və ya respublikamızda hər hansı bir seçki keçirilən zaman tələm-tələsik, qərəzli, heç bir fakta əsaslanmayan bir “hesabat” hazırlayır, oğurluğa, vergidən yayınmaya, kimlərinsə şərəf və ləyaqətinə, işgüzar fəaliyyətinə xələl gətirmək istəyən və buna görə də məhkəmə məsuliyyətinə cəlb olunanların guya müdafiəsinə qalxırlar. Cildlərini dəyişən belə böhtançı təşkilatlar  özlərini insan hüquq və azadlıqlarının qoruyucusu kimi göstərmək istəyirlər. Halbuki onların iç üzləri, məkrli niyyətləri hamıya bəllidir. Üzdəniraq hüquq müdafiəçisi Leyla Yunusu,  onun ermənilərlə iş birliyi qurub Vətənə xəyanət edən  əri Arif Yunusu, milli—mənəvi dəyərlərimizə ləkə olan Xədicə İsmayılovanı və bu əqidədə olanları az qala qəhrəman kimi təqdim edən “Amnesty International”, “Human Rights Watch” və “Freedom House”un xisləti  bax bundan ibarətdir.

 Onsuz da hamı bilir ki, Azərbaycanın sürətli inkişafını qəbul edə bilməyən bəzi yerli radikal müxalifətin və onların əməkdaşlıq etdikləri xarici dairələrin I Avropa Oyunlarını  boykot etmək və ölkəmizə qarşı “qara piar” kampaniyasını genişləndirmək cəhdləri heç bir nəticə verməyəcək.

Azərbaycan  Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələyə münasibət bildirərkən  deyib ki, bəzi  xarici təşkilat və KİV-lərin yaydıqları materiallar da buna misaldır. Onun fikrincə, “Amnesty İnternational”və digər beynəlxalq  təşkilatların I Avropa Oyunlarını boykot çağırışı bu cəhdlərin bariz nümunəsidir. Oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici kütləvi informasiya vasitələrində sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər də buna misaldır.

  Təşkilat Komitəsi I Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Bu hazırlıq işləri beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yadda qalacaq. “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” kimi riyakar təşkilatların və onlara “informasiya” ötürən radikal müxalifət nümayəndələrinin bütün xəyanətkar cəhdləri həmişəki kimi bu dəfə də iflasa uğrayacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında