Levon Ter-Petrosyanın etirafı Sumqayıt hadisələri

1990-cı  il sentyabr ayının 8-də SSRİ Ali Soveti palatalarının iclas zalında Ali Sovetin növbəti dördüncü sessiyasının gündəliyinə həsr olunmuş mətbuat konfransı keçirilirdi. Həmin konfransda iştirak edən yüzlərlə  jurnalistdən biri də mən idim. Konfransı Ali Sovetin sədri A. İ. Lukyanov aparırdı. Sessiyanın gündəliyində duran məsələlərdən söhbət açan sədr  bildirdi ki, yeni İttifaq müqaviləsinin proqram layihəsi hazırlanır. Orada ölkənin bütün xalqlarının, millətlərinin rəyi, fikri, arzusu nəzərə alınacaqdır.

Ali Sovet sədrinin bu sözlərindən sonra Ermənistandan gəlmiş jurnalistlər dil-boğaza qoymayaraq sualı sual ardınca yağdırırdılar: Sumqayıt hadisələrinə siyasi qiymət veriləcəkmi? DQMV-nin taleyi necə olacaq? 1988-ci il fevral ayının 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistan Respublikasına birləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərar Ermənistanın Ali Soveti tərəfindən dəstəklənib. Yeni İttifaq müqaviləsində bunlar öz əksini tapacaqmı? və sair və ilaxır.

Zala toplaşanlar ermənilərin həyasızlığından təngə gəlmişdilər. Təmkinli, səbirli olmaları ilə fərqlənən Yaponiya jurnalistlərindən biri dözməyərək: SSRİ Prezidenti Mixail Qorbaçovun fərmanlarına bəzi respublikalarda, o cümlədən  Ermənistanda əməl olunmur, buna Ali Sovet necə baxır? – deyə soruşdu.

– Çox pis. Biz SSRİ Prezidentinin fərmanlarının sözsüz yerinə yetirilməsinə çalışmalıyıq. – A.İ. Lukyanovun cavabı heç kəsi qane etməsə də, ermənilərdən yaxa qurtarmağa səbəb oldu.

Kremldən çıxıb “Rossiya” mehmanxanasının qarşısına gəldim. O vaxt ölkə rəhbərinin millətlərarası məsələlərə dair siyasətindən narazı qalan insanlar çadırları quraraq etiraz aksiyası keçirirdilər. Orta Asiya respublikalarından, Moldaviyadan, Abxaziyadan, Çeçenistandan gəlmiş etirazçılar çoxluq təşkil edirdi. Onların arasında Sumqayıtdan, Dağlıq Qarabağdan bir nəfər də erməninin olmamasına təəccüblənsəm də, yaşadığım “Moskva” mehmanxanasının dəhlizi boyu sərgilənmiş “Sumqayıt hadisələri”nin foto-şəkillərini görəndə matım-mutum qurudu. Həmin şəkillərə hamıdan çox “heyran”lıqla baxan ermənilərin özləri və onlar tərəfindən satın alınmış bəzi xarici informasiya agentliklərinin müxbirləri idi.

Ertəsi gün “Moskva” mehmanxanasının əsas korpusundakı 1013 nömrəli otağın qapısına vurulmuş plakatda  bu sözlər yazılmışdı: “Burada SSRİ xalq deputatları – yazıçı Zori Balayan və akademik Viktor Ambarsumyan DQMV-də Sovet orqanlarının fəaliyyətinin dayandırılmasına etiraz əlaməti olaraq siyasi aclıq elan etmişlər”. Bir azdan onlara DQMV-dən Ali Sovetə seçilmiş deputat V.Qriqoryan, ermənistanlı deputat, SSRİ Xalq artisti S. Sarkisyan və ləğv olunmuş  Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sədri S. Babayan da qoşuldular. Aclıq edənlər adından Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçova Dağlıq Qarabağda ölkə  Konstitusiyası tələblərinin kobud surətdə pozulduğu barədə məktub göndərilmişdi. Ölkə başçısına eyni məzmunlu müraciət bütün ermənilərin katolikosu ikinci Vazgen tərəfindən də edilmişdi.

SSRİ Ali Sovetinin dördüncü sessiyasının açılışına bir gün qalmış düzənlənən bu “şou”nun əsl məqsədini mən elə o vaxt  anlamışdım və qəzetimizin oxucularına bu barədə geniş məlumat vermişdim. “Moskovskaya pravda” qəzeti müxbirinin “Aclığınız nə qədər davam edəcək?” barədə sualını cavablandıran Zori Balayan demişdi: Bu, bizdən yox, Qorbaçovdan asılıdır.

“Komsomolskaya pravda” qəzeti isə həmin günlər Yerevandan xəbər verirdi ki, xalq deputatlarının bu “tədbiri” Ermənistanda böyük əks-səda doğurmuşdu. “Aclıq aksiyası” keçirənlərə Qorbaçovun köməkçisi işləyən Şahnazarovun, ölkənin iqtisadi siyasətini müəyyənləşdirənlərdən sayılan, akademiklər Aqanbekyan və  Sitaryanın, yüksək ranqlı erməni ordu generallarının, tanınmış hüquqşünasların, SSRİ Ali Sovetində ermənilərin vəkili kimi çıxış edən Qalina Staravoytovanın gündə bir neçə dəfə baş  çəkmələri onu göstərirdi ki, “arxalı köpək qurd basar” məsəli bədnam qonşularımızın devizinə çevrilmişdi.

Onu da xususi qeyd etmək lazımdır ki, dünyada öz məqsədinə çatmaqda ermənilər qədər fəndgir olan ikinci bir millət çətin tapılar. Onlar qarşılarına qoyduqları məsələnin həllində terror aksiyalarından, kütləvi qırğınlardan və məkrli təxribatlardan heç vaxt çəkinməyiblər. Bu barədə yüzlərlə tarixi fakt var. Heç  uzağa getməyək. Keçən  əsrin əvvəllərində regionumuzda  cərəyan  edən  hadisələri yada salaq. Bu gün dünyaya  car çəkərək Türkiyədə ermənilərin qondarma soyqırımının guya keçirilməsinin 100-cü ildönümünün beynəlxalq səviyyədə qeyd olunmasına çalışan daşnaklar halbuki Birinci dünya müharibəsi zamanı özləri tərəfindən qəsdən törədilmiş qırğınları türklərin adına çıxmaqla siyasi  dividend qazanmağa və  bunun  müqabilində Türkiyə  hökumətindən maddi təzminat və ərazi almaq niyyətindədirlər. Terroru dövlət səviyəsində dəstəkləyən ermənilər, dünyanın  hansı ölkəsində yaşamalarından asılı olmayaraq, öz çirkin əməllərindən əl  çəkmirlər. İnsanlığa, xüsusilə də azərbaycanlılara və türklərə qarşı olan nifrətlərini qəlblərinin ən dərin guşəsində gizlətməyi  bacaran  ermənilər fürsət düşəndə iç üzlərini açıq şəkildə büruzə verirlər.

1988-ci il fevral ayının 28-də və 29-da Sumqayıtda törədilmiş qanlı hadisələrin əsas təşkilatçıları və icraçıları da ermənilər olmuşlar. Bu, mərkəzi hakimiyyət tərəfindən aparılan istintaq materialları ilə sübuta yetirilmiş danılmaz faktdır. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı qopararaq Ermənistana  birləşdirmək üçün “Sumqayıt hadisələri” katalizator rolunu oynamalı idi. Oynadı da. Əgər biz 1988-ci ilin fevral ayında Azərbaycanın ərazisində baş verən hadisələrin xronologiyasını təhlil etsək bunu aydın görərik. Qeyd etdiyim kimi, fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası muxtar vilayəti Azərbaycanın tərkibindən ayıraraq Ermənistan Respublikasına birləşdirmək haqqında qərar çıxarmışdı. Bundan iki gün sonra Əsgəran rayonunda Əli və Bəxtiyar adlı azərbaycanlı gənclər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi.  Həmin gün Sov.İKP MK-nın katibi G.Razumovski Xankəndinə gəldi. Ertəsi gün  isə vilayət partiya komitəsinin birinci katibi V.Gevorkov vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə qeyri-leqal separatçı təşkilat kimi fəaliyyət göstərən, “Krunk”un rəhbərlərindən biri olan H.Poqosyan təyin edildi.

Fevral ayının 25-də Dağlıq Qarabağ ermənilərinin guya elçiləri olan Ermənistanda yaşayan şair Silva Kaputikyan və yazıçı Zori Balayan Moskvaya gedərək Sov.İKP MK-nın katibi A.Yakovlevlə görüşdülər. Bir gün sonra isə onları M.S.Qorbaçov qəbul etdi. Həmin görüşdə Sov.İKP MK baş katibinin  köməkçisi Şahnazarov da iştirak edirdi. Mixail Sergeyeviç Qorbaçov onların təkliflərini, fikirlərini öyrənmək istədi. Fevralın 27-də erməni emisarlarının  “təklif”ləri M.Qorbaçova çatdırıldı. Əvvəlcədən hazırlanmış plana görə, elə həmin gün Sumqayıtda mitinqlər başlandı. Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens xüsusi tapşırıqla Xankəndiyə gəldi. Bütün bunlar onu göstərirdi ki,  “Sumqayıt hadisələri”ndən Moskvanın  əvvəlcədən xəbəri olub.

Rusiyanın tanınmış jurnalisti Andrey Karaulov “Moskovski komsomolets” qəzetində yazdığı məqalədə qeyd edirdi ki, M.Qorbaçov Sumqayıtda törədiləcək faciə barədə əvvəlcədən xəbərdar olunub, üstəlik, həmin hadisələrin Dövlət Təhlükəsizliyi Komitəsinin bilavasitə nəzarəti altında keçirildiyini də bilirdi. Bu faktları 1993-cü ilin sentyabr ayında işıq üzü görmüş “Armyanski vestnik” həftəlik qəzeti də təsdiq etmişdi.

Əgər həqiqətən də, Sumqayıt hadisələri barədə M.Qorbaçovun və DTK-nın əvvəlcədən xəbərləri  olmasaydı, iğtişaşların qarşısı dərhal alınardı.  Hadisələrin cərəyan etdiyi vaxt SSRİ-nin hərbi prokuroru Katuşev Bakıda idi. Sov.İKP MK-nın məsul işçiləri də Azərbaycana gəlmişdilər. Onlar Moskvadan göstəriş gözləyirdilər, güc strukturlarını işə salmağa tələsmirdilər, ona görə ki, hələlik Azərbaycanı fakt qarşısında qoya biləcək qədər faciənin miqyası genişlənməmişdi.

Əllərində ermənilərin yaşadıqları ünvanlar və mənzillərin dəqiq nömrələri yazılmış siyahı olan təxribatçıların mitinq edənlərin arasına yeridilməsi, hündür binaların damında videoçəkiliş qruplarının yerləşdirilməsi, iğtişaş törədənlərin əksəriyyətinin qeyri-azərbaycanlı, o cümlədən, erməni və rus millətindən olmaları bir daha sübut edir ki, həqiqətən bu hadisələr daşnakların terror təşkilatları və SSRİ DTK-sı tərəfindən əvvəlcədən hazırlanıb icra olunurdu. Elə faciənin baş verdiyi gün onun ustalıqla montaj edilmiş video görüntülərinin bütün dünyaya yayılması belə qənaətə gəlməyə əsas verir.

Sumqayıtda yaşamış ermənilərin əmanət kassalarına qoyduqları vəsaitləri bir neçə ay əvvəl çıxarmaları faktının özü də göstərir ki, bu təxribat eyni mərkəzdən idarə olunmuşdur. Fevral ayının 28-də və 29-da Sumqayıtda baş verən iğtişaşlar zamanı 32 nəfər öldürülmüşdü. Onlardan  6-sı azərbaycanlı, qalanları isə erməni idi. Qətlə yetirilən  ermənilərin 6-sının qatili elə öz millətlərinin nümayəndəsi – Eduard Robertoviç Qriqoryan olmuşdu. Özü də bu cani xüsusi amansızlığı ilə fərqlənmiş, qadınlara təcavüz etdikdən sonra onları qətlə yetirmişdir.

Hadisələr zamanı Sumqayıt Şəhər Milis İdarəsinin rəisi vəzifəsini icra edən Xanlar Cəfərov deyir: “Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırova yalvardım ki, öz millətinin qanını tökməklə öyünən Eduard Qriqoryanın ifadəsini lentə alıb, Moskvaya göndərək, Mərkəzi televiziya ilə nümayiş etdirək. Əhəmiyyət verilmədi, əvəzində Moskvadan gələn müstəntiqlər bizi təqsirkar saydılar, istintaqı birtərəfli aparıb, günahı azərbaycanlıların üstünə yıxdılar.  Başda oturanlarımıza da, sanki, elə bu lazım idi. Hərəyə bir damğa vurub, Moskva qarşısındakı mütiliklərini bir daha nümayiş etdirdilər.”

Həmin günləri xatırlayan Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan müsahibələrinin birində təəssüf hissi ilə etiraf etmişdi ki, Sumqayıt iğtişaşlarından sonra Azərbaycan xalqı şok  vəziyyətinə düşmüşdü. Əgər SSRİ rəhbərliyi bu məqamdan istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, azərbaycanlılar buna etiraz edə bilməyəcəkdilər. Hazırda Ermənistanda ana müxalifət hesab edilən “Erməni Milli Konqresi” partiyasının rəhbəri olan Levon Ter-Petrosyanın etirafına təəccüblənmək yox, onun mahiyyətinə diqqət yetirmək lazımdır. Çünki “Sumqayıt hadisələri” adlanan dolaşıq kələfin ucu məhz bu etirafda gizlənir.

Telman ƏLİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında