Gələn həftə Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Sravros Lambrindisin Azərbaycana səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı, böyük ehtimalla, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı bir sıra qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilə bilər.
Şübhəsiz ki, narahatlıq doğuracaq məsələlər arasında Avropada demokratiya, getdikcə artan ksenofobiya, anti-semitizm, islamofobiya, miqrantlarla qeyri-insani davranış, artan korrupsiya, milli azlıqların hüquqlarının qorunması və sair məsələlər də yer ala bilər. Belə ki, aparıcı beynəlxalq təşkilatların və ixtisaslaşmış QHT-lərin monitorinq mexanizmlərindən və onların hesabatlarından aydın görünür ki, son illər ərzində Avropa İttifaqı üzv ölkələrində insan hüquqları və əsas azadlıqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin təmin edilməsi sahəsində bir sıra ciddi problemlər qeydə alınmışdır. Avropa Şurası Baş katibinin 2014-cü ilin mayında təşkilatın Vyanada keçirilmiş 124-cü Nazirlər sessiyasında təqdim etdiyi “Avropada demokratiya, insan hüquqları və qanunun aliliyinin vəziyyəti” adlı hesabatda Avropa İttifaqına üzv olan ölkələrin də daxil olduğu Avropa Şurası məkanında 39 ölkədə ksenofobiya, anti-semitizm, islamofobiya, irqi ayrı-seçkilik və milli azlıqların hüquqlarının pozulması halları, 30 ölkənin həbsxanalarında saxlama şəraitində çatışmazlıqlar, 26 ölkədə korrupsiya, 23 ölkədə hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, 20 ölkədə miqrant və sığınacaq axtaranların hüquqlarının təmin edilməsində pozuntular olduğu açıq şəkildə etiraf edilmişdir.
Göründüyü kimi, Avropada son dövrlər artmaqda olan ən ciddi təhdidlərdən biri dözümsüzlük və ayrı-seçkilik tendensiyalarıdır. “Human Rights Watch” təşkilatının hesabatına əsasən, Fransa, Almaniya və Böyük Britaniyada son dövrlər anti-semitizm və islamofobiya halları artmaqdadır.
Bu dövlətlərlə yanaşı, BMT-nin Universal Dövri İcmalı (UDİ) çərçivəsində təqdim edilmiş alternativ hesabatlar və İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) müvafiq ölkələr üzrə hesabatları da Belçika, Niderland, Polşa və Avstriya kimi ölkələrdə də irqi, dini və milli zəmində ayrı-seçkilik hallarının olduğunu göstərir. Bundan əlavə, “Human Rights Watch”, UDİ, ECRİ kimi təşkilatların hesabatlarında İrlandiya, Belçika, Almaniya və Niderland da daxil olmaqla bir sıra ölkələrdə irqi zəmində polis tərəfindən profilləşmə təcrübəsinə yer verildiyi qeyd olunur.
Son dövrlər ayrı-seçkiliyə məruz qalan qruplardan biri də qaraçılar olmuşdur. Belə ki, UDİ və ECRİ-nin hesabatlarına əsasən, bu qrupdan olan insanların xüsusilə sosial hüquqlarının pozulması hallarına Almaniya, Polşa, Fransa kimi ölkələrdə rast gəlinmişdir. Bu kontekstdə ən gərgin vəziyyət Fransada yaşanmışdır, belə ki, “Human Rights Watch” təşkilatının məlumatına əsasən, məhz bu ölkədə 2014-cü ilin yanvar-sentyabr aylarında 10 mindən artıq qaraçı müvəqqəti yaşadıqları yaşayış məntəqələrindən qovulmuşdur.
Ötən illər ərzində bir sıra Aİ ölkələrində ifadə və mətbuat azadlığı sahəsində də pozuntu hallarına rast gəlinmişdir. ATƏT-in KİV Azadlığı üzrə nümayəndəsi öz hesabatlarında Niderland və İsveçdə jurnalistlərə qarşı baş vermiş hücum hallarını, Niderland, Slovakiya və Danimarkada diffamasiya və böhtanla bağlı jurnalistlərə qarşı ittihamları, Polşada gizli mənbələrin açıqlanmasına məcbur edilməni ciddi tənqid etmişdir.
Korrupsiya da Aİ ölkələrində problemli sahələrdən biri hesab olunur. Avropa Komissiyasının anti-korrupsiya hesabatında etiraf edildiyi kimi, korrupsiya hər il Avropa İttifaqı iqtisadiyyatına 120 milyard avro ziyan vurur. Eyni hesabata əsasən, Almaniya, Niderland, Belçika, Estoniya və Fransada rəyi soruşulanların yarıdan çoxu bu problemin geniş yayıldığı qənaətindədir.
Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) müvafiq hesabatlarına əsasən, Almaniya, İrlandiya, Belçika kimi ölkələrdə parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiya hallarının qarşısının alınması ilə bağlı müəyyən nöqsanlar müşahidə edilmiş, İsveç, Estoniya, Fransa, Danimarka kimi ölkələrə korrupsiyaya qarşı mübarizə alətlərinin gücləndirilməsi, parlament üzvləri ilə bağlı “maraq toqquşması” hallarının qarşısının alınmasına dair tövsiyələr ünvanlanmışdı.
Avropa İttifaqı ölkələrində qeydə alınmış növbəti ciddi problem saxlama yerlərində çatışmazlıqlar, xüsusilə də bir sıra ölkələrdə həbsxanalarda tələb olunandan daha artıq məhbusun saxlanmasıdır. İşgəncələrə qarşı Avropa Komitəsinin (CPT) müvafiq hesabatlarına əsasən, sözügedən problem Belçika, Fransa və Böyük Britaniya kimi ölkələrdə özünü daha qabarıq göstərir. Bununla yanaşı, CPT, UDİ və Avropa İnsan Hüquqları Komissarının hesabatlarında Avstriya, Polşa, Yunanıstan, Latviya, Litva kimi ölkələrdə saxlama yerlərində polis tərəfindən pis rəftar hallarının da aşkar olunduğu qeyd olunur.
Aİ ölkələrində miqrant və sığınacaq axtaran şəxslərin hüquqlarının təmin edilməsi də ciddi problemlərin yaşandığı sahələrdən biridir. Belə ki, Sosial Hüquqlar üzrə Avropa Komitəsi, BMT-nin İnsan Hüquqları Komitəsi, CPT, Avropa İnsan Hüquqları Komissarı və UDİ-nin hesabatlarında Belçika, Fransa kimi bir sıra ölkələrdə bu kateqoriyadan olan insanların sosial hüquqlarının, o cümlədən tibbi yardımla təminatlarında çətinliklərin olduğu, Yunanıstanda onlara qarşı hücum faktlarının müşahidə edildiyi, Niderland və Maltada hüquq-mühafizə orqanları tərəfindən pis rəftar kimi hallarla üzləşdikləri bildirilir. Bundan əlavə, Avropa İnsan hüquqları Komissarının hesabatında Danimarkada sığınacaq axtaran şəxslərin hüquqlarının təmin edilməsində çatışmazlıqların olduğu qeyd edilmişdir.
Məsələ burasındadır ki, bu ölkələrin bəzi rəsmiləri öz ölkələrindəki problemləri həll etmək əvəzinə, başqa ölkələrə demokratiya, insan hüquqları, qanunun aliliyi kimi məsələlərdə dərs verməyə çalışırlar. Belə ölkələr bir şeyi unudurlar ki, bəzən onların əsrlər boyu qət etdikləri yolu bəzi ölkələr bir neçə ildə qət edə bilmişlər. Bu qəbildən, Azərbaycanın mədəniyyətlərarası dialoq, tolerantlıq sahəsindəki uğurları onlar üçün nümunə ola bilər. Hətta mümkündür ki, qısa müddət ərzində Azərbaycan digər sahələrdə də Avropa üçün nümunə olacaq səviyyəyə yüksələcəkdir. Bir sözlə, Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Sravros Lambrindisin Azərbaycana səfəri çərçivəsində geniş fikir mübadiləsi aparmaq mümkündür.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.