Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini saxlaya bilmişdir

Yanvar ayında ölkədə qeyri-neft sektoru 5,5 faiz artmışdır

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı davam edir. Son 11 il ərzində ölkəmiz dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən dövlətlər sırasında olmuş, bunu dünyanın mötəbər iqtisadi qurumları da təsdiqləmişdir. Davos İqtisadi Forumu 2014-cü ildə Azərbaycan iqtisadiyyatını dünyada rəqabətqabiliyətliliyinə görə 38-ci yerə layiq görmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ötən ildəki uğurlarından danışarkən demişdir:"2014-cü ildə ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır... Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.

Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək".

Son illər Azərbaycanda həyata keçirilən düşünülmüş və düzgün iqtisadi siyasət nəticəsində ölkədə möhkəm maliyyə-iqtisadi baza yaradılmış,  qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, regionların tarazlı inkişafı, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətlənmiş və son nəticədə Azərbaycanın hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir.

Sevindirici haldır ki, əldə olunan bu uğurlar daimi xarakter almışdır. Dövlət Statistika Komitəsinin yanvar ayının sosial-iqtisadi yekunları ilə əlaqədar yaydığı məlumat da bu deyilənləri təsdiq edir. Cari ilin birinci ayında ölkədə 3,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Bu isə keçən ilin müvafiq dövründəkindən 4,4 faiz çoxdur. Əlavə dəyərin 48  faizi məhsul istehsalı sahələrində, 42  faizi xidmət sahələrində istehsal olunmuş, 10  faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Həm də əlavə dəyərin 2,6 milyard manatı və ya 70,5 faizi qeyri-neft sektorunda istehsal edilmiş, ötən ilin yanvar ayı ilə müqayisədə 5,5 faiz artım əldə olunmuşdur.

2015-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 1,8 milyard manatlıq, yaxud 2014-cü ilin müvafiq dövründə olduğundan 1,4 faiz çox sənaye məhsulu istehsal etmişlər. Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 4,4 faiz, o cümlədən neft hasilatı 2,1 faiz, əmtəəlik qaz hasilatı isə 7 faiz artmışdır.

İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 58,1 faizi mədənçıxarma bölməsində, 30,2 faizi emal bölməsində, 10,7 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

Sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 8 faiz, kimya sənayesi məhsulları istehsalı 33,7 faiz, rezin və plastmas məmulatların istehsalı 19,3 faiz, hazır metal məmulatların istehsalı 2,7 faiz, tikinti materialları istehsalı 54,8 faiz, elektrik avadanlıqlarının istehsalı 85,2 faiz, avtomobil və qoşquların istehsalı 10,5 dəfə, sair nəqliyyat vasitələri istehsalı isə 74,3 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 3 faiz, elektrik enerjisi istehsalı isə 4,2 faiz artaraq 2,2 milyard kVt saat olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,9 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 1,8 faiz azalmış, neft sektorunda isə 2,6 faiz artmışdır.

Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, yanvar ayında 36,6 min ton diri çəkidə ət, 143  min ton süd, 135,2 milyon ədəd yumurta və 3  min ton tərəvəz istehsal edilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,8 faiz, süd istehsalı 6,8 faiz, yumurta istehsalı 9,5 faiz, tərəvəz istehsalı 6,1 faiz artmışdır. Kənd təsərrüfatında ümumi məhsul artımı 3,5 faiz olmuşdur.

Yanvar ayında ölkənin tikinti kompleksində 682,7 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 2,9 faiz çox vəsaitdən istifadə edilmiş və onun 502,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 259,4 milyon manatı yerli mənbələrdən daxil olmuşdur.  Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 121,2 min kvadratmetr yaşayış evləri, 45 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərində beton məmulatı zavodu və “Alyans tekstil” tikiş fabriki, Qusar rayonunda “Park chalet Shahdag” Oteli istifadəyə verilmişdir.

2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının üçüncü Dövlət Proqramının birinci ilində ölkədə 127,3 min yeni, o cümlədən 105,1 min daimi iş yeri açılmışdır.

Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 17,2 milyon ton yük və 137,6 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,2 faiz, sərnişin daşınması 4,1 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,7 faiz, hava nəqliyyatı ilə 16,4 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8 faiz, metro ilə 5,6 faiz, hava nəqliyyatı ilə 3  faiz artmışdır.

İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 133,6 milyon manat təşkil etmişdir.Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1820,8 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 615,5 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9,4 faiz, pullu xidmətlərin həcmi isə 5,5 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 913,8 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı və 907  milyon manatlıq qeyri-ərzaq malları almışlar.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2014-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 31  milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 70,4 faizini və ya 21,8 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 29,6 faizini (9,2 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 12,6 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 90,6 faizi və ya 28,1 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 9,4 faizi (2,9 milyard dolları) MDB üzvü ölkələri ilə aparılmışdır.

Ölkəmizə idxal olunmuş malların 77,3 faizi və ya 7,1 milyard dolları uzaq xarici dövlətlərdən, 22,7 faizi (2,1 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Gətirilmiş malların 28,1 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar, 8,8 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 13,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 4,6 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 9,7 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7,8 faizini kimya sənayesi məhsulları, 4,6 faizini bitki mənşəli məhsullar və s. təşkil etmişdir.

Ölkədən ixrac edilmiş malların 96,2 faizi, yaxud 21  milyard dolları uzaq xarici dövlətlərə, 3,8 faizi (0,8 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunmuşdur.

Əmtəə mübadiləsi daha çox İtaliya, Almaniya, İndoneziya, Rusiya, İsrail, Türkiyə, Fransa, ABŞ, Böyük Britaniya, Tailand və digər ölkələrlə   aparılmışdır. Ötən il qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar təşkil etmişdir.

Xam neftin ixracı barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 39,5 milyard dollar, o cümlədən ixrac 30,3 milyard dollar təşkil etmiş, 21,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.

Dövlət Statistika Komitəsinin yanvar ayının sosial-iqtisadi yekunları ilə əlaqədar məlumatından da göründüyü kimi, ölkəmiz 2015-ci ilinin birinci ayını uğurlu nəticələrlə başa vurmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrdən danışarkən demişdir: “Əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır”.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında