Ər-Riyadın Yaxın Şərq siyasətində bir sıra dəyişikliklər baş verir. ABŞ-ın bir sıra KİV-lərinin verdiyi məlumatlardan aydın olur ki, Səudiyyə Ərəbistanının rəhbərliyi guya Rusiyaya neft hasilatının həcmini azaltmağı təklif etmişdir ki, bu da beynəlxalq bazarda neftin qiymətinin artması ilə nəticələnməli idi. Bunun əvəzində Ər-Riyad Moskvaya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etməyi və ona qarşı ən azı bitərəf mövqe tutmağı vəd edib.
Aydındır ki, neftin qiymətinin kəskin düşməsi Səudiyyə Ərəbistanına da təsirsiz ötüşməmişdir. Amma unutmaq lazım deyil ki, böyük karbohidrogen ehtiyatları və toplanmış sərvət sayəsində neft hasilatı ilə məşğul olan digər ölkələrlə müqayisədə bu ölkə üçün hazırkı böhrandan çıxmağı daha asan olacaq. Bundan başqa, Səudiyyə Ərəbistanı aşağı riskli xarici aktivlərə yatırılmış 700 milyard dollar maliyyə ehtiyatına malikdir. Məhz buna görə də Səudiyyə Ərəbistanının bir neçə il ərzində bu cür aşağı qiymətlərlə yaşamaq imkanı var.
Ər-Riyad nümayəndələri keçmişdə də regional məsələlərdə bəzi güzəştlər əldə etməyə ümid edərək Rusiyaya sərfəli iqtisadi təkliflər irəli sürüblər. Amma hazırkı təklif, əgər həqiqətən belə bir təklif olubsa, neftin qiymətinin azalması şəraitində irəli sürülüb ki, bu da həmin təklifin əhəmiyyətini daha da artırır.
Görünür, Ukrayna problemi Suriya böhranını ikinci plana atıb. Amma bu Yaxın Şərq ölkəsində baş verən hadisələr nəinki “Suriya məsələsini’’ sıxışdırıb aradan çıxarır, həm də bu məsələni daha da mürəkkəb və ziddiyyətli edir. Suriyanın sərhədyanı ərazilərində radikal islamçıların hücumları daha mütəşəkkil xarakter alıb. Məlumdur ki, “İslam Dövləti’’ terror qruplaşması (İŞİD) Suriyada Bəşər Əsəd əleyhinə vuruşan döyüşçülərin əhəmiyyətli hissəsini öz nəzarəti altına toplaya və Bağdaddakı rejimə qarşı yönəltməyə nail olub.
Bu gün hərbi əməliyyatlar nəticəsində Suriyanın şərq ərazilərinin böyük hissəsi və İraqın qərb əyalətləri terror qruplaşmasının nəzarətindədir. Həmçinin məlumdur ki, bu hadisələrə cavab olaraq ABŞ-ın, Qərb ölkələrinin və Fars körfəzinin monarxiyalarının daxil olduğu beynəlxalq koalisiya yaradılmışdır. Bununla yanaşı, İraqdakı siyasi rejimə əhəmiyyətli dərəcədə hərbi dəstək verən İranın fəal şəkildə İŞİD-ə qarşı çıxması diqqətəlayiq haldır.
Bəşər Əsəd istefaya getmək niyyətində deyil. Sonuncu müsahibələrinin birində o bəyan etmişdir ki, Suriyadakı real təhlükə İŞİD və “əl-Qaidə’’yə bağlı qruplar tərəfindən yaradılır və məhz onlar bu gün müxaliflərin tərəfində vuruşanların əksəriyyətini təşkil edir.
Xarici ekspertlər əmindirlər ki, hətta Rusiya Əsədi dəstəkləməyi dayandırsa da İran yenə də onun əsas himayədarı olaraq qalacaqdır. Məhz Tehranın dəstəyi Əsədə bir sıra Yaxın Şərq ölkələrinin rəhbərlərinin devrildiyi “Ərəb baharı’’ olaylarına davam gətirməyə kömək edib.
Yanvarın sonunda Moskva Əsədin nisbətən mülayim əleyhdarlarının görüşünü təşkil edərək onları Suriya hökumətinin nümayəndələri ilə bir masa ətrafına yığmağa nail olmuş, bu görüş zamanı isə tərəflər Suriyanın suverenliyini və ərazi bütövlüyünü tanımış, həmçinin münaqişəyə xarici müdaxiləni rədd etmişlər. Amma görüşdə Suriya Milli Şurasının və müxalif və üsyançı qüvvələrin Milli Əlaqələndirmə Şurasının timsalında Əsədin ən güclü və eyni zamanda, ən uzlaşmaz rəqibləri iştirak etməmişdilər.
Aydındır ki, sanksiyalar Rusiyanın maliyyə-iqtisadi vəziyyətinə də təsirsiz ötüşməyib. Bunu bilərək Qərb vəziyyətdən Ukrayna məsələsində güzəşt əldə etmək üçün istifadə edir. Xarici bank hesablarında 700 milyard dollar ehtiyata malik olan Ər-Riyad üçün “qara qızıl’’ın qiyməti ilə oynamaq daha asandır.
Suriya Rusiya üçün öz sərhədində baş verən müharibə - Ukrayna böhranı ilə müqayisədə ikinci plana keçib. Amma Rusiyanın Ər-Riyadın təklifi ilə razılaşacağına və Əsədi dəstəkləməkdən əl çəkəcəyinə bel bağlamaq heç də real deyil. Yaxın Şərqdə baş verən hadisələr nəticəsində Moskva Əsədi dəstəkləməkdən əl çəkməyəcək. Hətta neftin qiymətinin artması ilə əlaqədar təklif nə qədər cazibəli səslənsə belə. (Əgər həqiqətən belə bir təklif mövcud olubsa.)
Elsevər ABDULLAYEV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.