Azərbaycanın uğurlu inkişafını güclü siyasi lider, novatorluq və dinamizm təmin edir

Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir.
Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından
Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli  mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial – iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı – faydalı əlaqələri eləcə də, dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi.

Ümummilli  lider təcrübəli dövlət başçısı və böyük siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və ustalıqla gəlmək  bacarığı nümayiş  etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli  və çoxtərəfli siyasi  münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan  Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq  mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.

1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də, xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Ölkəmizin beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə  iştirak etməsi  problemlərimizi dünya ictimaiyyətinə çatdırmaq  üçün mühüm əhəmiyyət kəsb etmişdir.

Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. Müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

Sosial-iqtisadi amillər

2003-2014-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik islahatlar və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Son illər ərzində Azərbaycan həm ictimai-siyasi, həm də iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır.

Son on il ərzində isə, Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməsidir.

Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarınından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilmişdir.

Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. 2014-cü ildə qeyri-neft sektorumuz təqribən 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur. Ölkənin strateji valyuta ehtiyatları hazırda 53 milyard dollardan çoxdur. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 8 faizdir. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, bu göstərici son on ildə təxminən on dəfə azalmış, işsizlik isə 5 faizə düşmüşdür.

Bununla yanaşı, 2003-cü ildən sonra ölkədə 1 milyon 360 mindən çox yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yerləridir və ölkədə inflyasiya 1,4 faiz səviyyəsindədir. Təkcə 2014-cü ildə 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir. Bu, Azərbaycanda uğurla aparılan makroiqtisadi siyasətin təzahürüdür. Nəticədə, Azərbaycan dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişdir və qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.

Azərbaycanın ümumi daxili məhsulu 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artmışdır. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelərdə dururuq. Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatı”nda ölkəmiz dünyada 38-ci, MDB məkanında isə 1-ci yerdədir. Bu, çox böyük nailiyyətdir və Azərbaycan iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini göstərir.

2008-ci ildə Azərbaycanın rabitə peykinin orbitə çıxarılması haqqında qərar verilmiş və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət idi.  Nəticədə Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur.

2014-cü ildə Azərbaycan ikinci peykin hazırlanmasına nail olmuş, bu peyk ölkəmizə təhvil verilmişdir. Artıq Azərbaycanın iki peyki mövcuddur: “Azerspace” və “Azersky”. “Azersky” peykinin xüsusiyyəti ondan ibarətdir ki, bu peyk Yer səthini yüksək dəqiqliklə müşahidə edir və  dünyada cəmi 20 ölkə belə peyklərə malikdir ki, bu da çox böyük uğur olmaqla yanaşı, ölkəmizin sürətli inkişafının göstəricisidir.  Beləliklə, Azərbaycanın milli maraqları, təhlükəsizliklə bağlı maraqları tam şəkildə təmin olunur, eyni zamanda, kosmik sənayemiz də inkişaf edir.

Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi, xüsusilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etmişdir ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycanın neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir.

Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında mühüm rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcəkdir. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır. Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacağa olan tələbatının ödənməsinə imkan verəcək. Bununla yanaşı, 2013-cü ildə TAP layihəsi – Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə olmuşdur.

Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi diqqət çəkir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. 2013-cü il dekabr ayının 17-də Bakıda layihə üzrə yekun investisiya qərarının imzalanması ilə “Şahdəniz” yatağının tammiqyaslı işlənməsi həlledici mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Şahdəniz- 2” enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan 20 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdırsa, “Şahdəniz- 2” XXI əsrin ən iri enerji layihəsidir.

2014-cü il sentyabrın 20-də   “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi. Simvolik haldır ki, məhz həmin gün “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir və bu nəhəng transmilli layihənin icrasında ölkəmiz öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürmüşdür.

Xarici siyasətdə və mədəni-humanitar sahədə qazanılan nailiyyətlər

Ölkəmiz Avropa təhlükəsizlik  arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa qonşuluq siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında  enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla  bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə  yeni mərhələyə qədəm qoymuşdur.

Bununla yanaşı, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  BMT-yə üzv olan 193 dövlətdən 155 dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsidir.  Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin  artan fəallığı danılmaz faktdır. Bu,  müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur.

Dövlətimiz BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla yanaşı, Qoşulmama Hərəkatının üzvü oldu. MDB ölkələrindən yeganə Azərbaycan Meksikada keçirilən “Böyük iyirmilik”in (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət aldı. Seulda keçirilən nüvə təhlükəsizliyinə qarşı mübarizəyə həsr olunmuş sammitdə, NATO-nun Çikaqo Zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli çıxışları çox maraqla qarşılandı.

Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır. Bakıda və bölgələrdə keçirilən Mədəniyyətlərarası Dialoq, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət, “Rusiya-Azərbaycan dialoqu-2012” beynəlxalq aləmdə yüksək əks-səda vermişdir. III Rusiya-Azərbaycan regionlararası forumlarına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Qəbələdə beynəlxalq musiqi festivallarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur.

Bununla yanaşı, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir.

Son on il ərzində Azərbaycanda 300-dən artıq beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir. Bu tədbirlərin, o cümlədən,  bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin mütəmadi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi AOK-da inam yaratmışdır. Ona görə də 2012-ci ilin dekabr ayının 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin uğuru olmaqla, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir. Bununla yanaşı, FİDE-nin qərarına əsasən, ölkəmizin Dünya Kuboku – 2015 və 2016-cı ildə Bakıda Şahmat Olimpiadasının keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Bundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə dair rəsmi qərar qəbul edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ərazilərimizin işğalı faktını nəzərə alaraq ordu quruculuğu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmiş və bu gün Azərbaycan Silahlı Qüvvələri maddi-texniki, silah-sursat təchizatı, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. 2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı müəssisələr işə salınmışdır. Həmin müəssisələrdə artıq 750 çeşiddə məhsul istehsal edilir. 2015-ci ildə ordu quruculuğuna, ordumuzun inkişafına 5 milyard dollara yaxın vəsait ayrılacaqdır ki, təcavüzkar Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollara yaxındır. Yəni, bizim ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütün xərclərindən təxminən iki dəfə çoxdur.

Ölkəmizin artan siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha da artırmışdır. Bununla yanaşı,  Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu  işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır.

Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyevin  münaqişənin nizama salınması prosesində hücum taktikasına üstünlük  verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsinə möhkəm zəmin yaratmışdır.

Azərbaycan artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir.  Hazırda Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı cənab İlham Əliyev qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyindəki mövqelərinin yüksələməsini təmin etmiş, bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problem –  işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına  olan ümidləri daha da artıraraq, perspektivdə Azərbaycanın ən qüdrətli dövlətər sırasında duracağını  şərtləndirmişdir.

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında