Azərbaycanda bütün azadlıqlar təmin edilib. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə gedib. Son on il ərzində iqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması da ölkəmizin uğurlu inkişafını şərtləndirib.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə xüsusi önəm vermişdir. Ulu öndərin düşünülmüş inkişaf strategiyası xalqımızın milli kimliyinin qorunub saxlanılmasında və bu gün beynəlxalq aləmə inteqrasiyasında müstəsna rol oynayıb. Azərbaycanda dini etiqad azadlığı ilə bərabər insan hüquq və azadlıqlarının müdafiəsi, azad sözün, müstəqil mətbuatın, demokratik dəyərlərin inkişafına xüsusi diqqət yetirilir.
Heydər Əliyevin siyasi xəttinə öz fəaliyyəti ilə daim sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyevin son 11 ildə həyata keçirdiyi siyasi strategiyanın prioritetindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, insanların seçki hüququnun, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikulturalizmin inkişafıdır. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan multikulturalizmin əsas məkanlarından biri kimi tanınır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzinə çevrilib. Dövlətimizin başçısı multikulturalizmi dövlət siyasəti elan edib. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatı ilə elmi cəhətdən əsaslandırılıb. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış bərabər hüquq və sərbəst fəaliyyət dünya birliyində də diqqətdən yayınmayıb. ABŞ Konqresinin “Rol Call” qəzeti bu məsələ barəsində araşdırma apararkən Azərbaycanda bütün dinlərin nümayəndələrinin heç bir maneə olmadan fəaliyyət göstərməsini yüksək dəyərləndirərək yazır: “Azərbaycan öz dini rəngarəngliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Hətta, əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. Məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanda bütün dini konfessiyalar qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər”.
ATƏT-in Bakıdakı layihələrinin əlaqələndiricisi Aleks Şaxtaxtinski isə respublikamızdakı tolerantlığı yüksək qiymətləndirərək demişdir: “Azərbaycan dini dözümlülük kimi tarixi ənənələrə malikdir və müxtəlif dini nümayəndələrin vətənidir. Onlar özlərinə qarşı dini dözümsüzlük, yaxud ayrı-seçkilik halları ilə rastlaşmayıblar. Təəssüf ki, dünyanın bir çox dövlətləri haqqında bu fikri söyləmək olmaz”. Belə faktlar istənilən qədərdir. Bu sitatlar bir daha təsdiqləyir ki, Azərbaycanda bütün azadlıqlar yüksək səviyyədə təmin edilib. Bu siyasi xətt ölkəmizin dünyaya açıq olmasından xəbər verir.
Respublikamızda bütün demokratik təsisatların yaradılmasının və inkişaf etdirilməsinin dövlət başçısının diqqət mərkəzində saxlanılması beynəlxalq aləmdə tərəfdaşlarımızın sayını getdikcə artırır. Bütün azadlıqlar – söz, sərbəst toplaşmaq, vicdan, mətbuat, internet, azadlıqlarının müasir tələblər səviyyəsində təmin edilməsi nüfuzlu qurumların ölkəmizə olan etimadını artırır. Onlar öz tədbirlərini Azərbaycanda keçirməkdə maraqlı olmaları ilə də bu etimadı təsdiqləyirlər. Bakıda keçirilən beynəlxalq humanitar forumlar, “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans, dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndənin, həmçinin 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də, Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələrinin də iştirak etdiyi dünya dini liderlərinin Bakı Sammiti ölkəmizə olan inam və etimadın bariz nümunəsi idi.
Respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, mutikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi, söz, vicdan, müstəqil mətbuat, internet azadlıqları və digər aktual problemlər geniş müzakirə olunur və ölkəmizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, dünyanın tanınmış ekspertləri tərəfindən yüksək dəyərləndirilir. Belə tədbirlərdə, həmçinin, ən yüksək tribunalarda da dəfələrlə bəyan edilib ki, müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib.
Söz, mətbuat azadlığı, insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün böyük demokratiya təcrübəsi olan ölkələrə nümunə ola biləcək mühitin son illərdə məhz Azərbaycanda formalaşması burada bütün azadlıqların yüksək səviyyədə təmin olunmasını bir daha təsdiqləyir. Məsələn, iki yüz ildən artıq demokratiya təcrübəsi olan ABŞ-da son illər baş verən insan haqlarının kobud şəkildə pozulması, insanlar arasında ayrı-seçkiliyin baş alıb getməsi, günahsız adamların küçədə güllələnməsi, polis özbaşınalığı bütün dünya ictimaiyyətinin ciddi qınağına çevrilib. Azərbaycanda isə hər hansı partiyaya mənsubluğundan asılı olmayaraq, insanların sərbəst toplaşamlarına yaradılan şərait, 5 minə yaxın kütləvi informasiya vasitəsinin heç bir maneə ilə qarşılaşmadan fəaliyyət göstərməsi, Bakının mərkəzində – metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) müxalifət nümayəndələrinin mitinqlərini keçirməsi üçün əlverişli şəraitin yaradılması, hətta, mitinq iştirakçılarının təhlükəsizliyinin dövlət tərəfindən təmin olunması ölkəmizdə demokratik təsisatlara böyük önəm verilməsinin nəticəsidir. Əgər bu gün radikal müxalifət nümayəndələri mitinq keçirməyə adam tapmırsa və ya onların çağırışlarına səs verən yoxdursa, bunun günahını elə özlərində axtarmalıdırlar.
Son on bir ildə siyasət, insan hüquq və azadlıqlarının qorunması və digər azadlıqların təmin edilməsi istiqamətində həyata keçirilən siyasi kurs xalqın ürəyincədir. Biz sonuncu prezident seçkilərində də bunun şahidi olduq. Şəffaf, ədalətli, obyektiv şəraitdə keçirilmiş seçkilərin nəticələri bir daha Azərbaycan xalqının iradəsini əks etdirdi. Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini verdi. Bu seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini Heydər Əliyev siyasi kursuna verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər uğurla icra edilib. Prezident seçkilərinin nəticəsi də təsdiqlədi ki, Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi.
Ölkəmizdə sabitliyin qorunması, demokratik təsisatların – söz, mətbuat, sərbəst toplaşmaq azadlığının daim diqqət mərkəzində saxlanılması son on il ərzində prioritet məsələ kimi daim gündəlikdə olub. Sabitliyin qorunmasında isə dövlət siyasəti xüsusi rol oynayır. Xalqla iqtidar arasındakı birlik – İlham – Xalq ayrılmaz birliyi bu sabitliyin təmin edilməsində əsas rol oynayır.
Azərbaycanın beynəlxalq əlaqələrinin böyük dərəcədə gücləndiyini, genişləndirildiyini qeyd edən dövlət başçısı respublikamızın son on il ərzində 39 ölkədə səfirlik açdığını və hazırda səfirliklərin sayının 57-yə çatdığını vurğulayıb: “On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açıb və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatıb. Beynəlxalq təşkilatlarla münasibətlərdə Azərbaycan öz prinsipial mövqeyini daim müdafiə edir və qoruyur. Biz on ildə bir neçə mötəbər beynəlxalq təşkilatın üzvü olmuşuq və bu təşkilatlarda öz maraqlarımızı müdafiə edirik”. Prezident İlham Əliyev, eyni zamanda, ikitərəfli formatda aparılan xarici siyasətin də uğurlu olduğunu qeyd edib: “Bizim dostlarımızın sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyildi”.
Azərbaycanda bütün azadlıqların təmin edilməsi artıq dünyanın ən yüksək tribunalarından da eşidilir: “Azərbaycanda bütün azadlıqlar təmin edilib. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir”.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Almaniyanın Kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında söyləyib. Dövlətimizin başçısı deyib ki, eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.