Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ilə Şimali Atlantika Alyansı - NATO arasında əlaqələr özünün inkişaf dövrünü yaşayır. Mövcud təhlükəsizlik mühitində yeni tələblərin ortaya çıxması və bu mənada Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda və dünyada xüsusi rola malik olması qarşılıqlı əməkdaşlığı zərurətə çevirir.
Bu mənada Qərb dövlətlərinin ümumi hərbi, siyasi və təhlükəsizlik maraqlarının təmsilçisi kimi çıxış edən Şimali Atlantika Alyansının Azərbaycan ilə əlaqələrinə xüsusi əhəmiyyət verməsi təbiidir. Rəsmi Bakı isə ölkəmizin milli mənafeyi və Avratlantik məkana inteqrasiya siyasəti çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf edən Azərbaycan - NATO münasibətləri bərabərtərəflilik prinsiplərinə əsaslanmaqla müasir dünyanın tələblərinə tam cavab verir.
Onu da deyək ki, Şimali Atlantika Alyansı ilə ölkəmiz arasında münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyev müstəsna rol oynayıb. 1993-cü ildə xalqın tələbiylə hakimiyyətə gələn böyük öndər Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan etdi. Ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olduqdan sonra 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşuldu. Beləliklə, Azərbaycan bu proqrama qoşulan 16-cı ölkə, Sovet İttifaqının keçmiş respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir. Bu fakt da göstərirdi ki, həmin gündən etibarən əsaslı dayaqlara söykənən NATO - Azərbaycan əməkdaşlığı inkişaf edəcək və keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır.
Xatırladaq ki, "Sülh Naminə Tərəfdaşlıq" proqramının əsas məqsədi Avratlantik məkanda siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müasir təhlükələrin azaldılması, eləcə də demokratik prinsiplərə sadiqlik ruhunda münasibətlərin möhkəmləndirilməsidir. Əsas mexanizmləri isə "Fərdi Tərəfdaşlıq Proqramı" və "Planlaşdırma və Analiz Prosesi", "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"dır. Azərbaycan 1996-cı ildə yuxarıda sadaladığımız fəaliyyət planlarına qoşulmaqla ölkəmizin təhlükəsizlik və müdafiə strukturlarının Qərb standartları səviyyəsinə yüksəldilməsinə şərait yaratdı.
Bu gün hər sahədə olduğu kimi Avratlantik məkana inteqrasiya məsələsində də ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Təsadüfi deyil ki, yuxarıda sadalanan planların icrasında əsas hüquqi çərçivəni Prezident İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" təşkil edir. Sənədin qəbul olunması ilə birlikdə Şimali Atlantika Alyansı ilə Azərbaycanın əməkdaşlığı həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli və tamamilə yeni mərhələyə qədəm qoyub.
Onu da qeyd etmək yerinə düşər ki, "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" Şimali Atlantika Alyansı ilə əməkdaşlığı daha da dərinləşdirmək məsələsində siyasi iradəsi olan dövlətlərə təklif olunur. Bu iradəni nümayiş etdirmiş Azərbaycan dövləti NATO ilə siyasi dialoq proqramını müəyyən edib. Plan böyük spektri əhatə edən sahələrdə praktik əməkdaşlığı nəzərdə tutur ki, onun da bir hissəsi bilavasitə müdafiə və təhlükəsizlik sektoruna aiddir.
Hazırda NATO ilə əməkdaşlıq çərçivəsində ölkəmizin sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirakı və təcrübə mübadiləsi davam etdirilir. Bu və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları hazırlanır və Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir. Ölkəmiz beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı tağımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2003-cü ildən İraqda və 2002-ci ildən isə Əfqanıstanda bir sülməramlı bölüyümüz sülhyaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri dəfələrlə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.
Qarşılıqlı faydalı əməkdaşlıq sayəsində ötən 16 il ərzində Avratlantik təhlükəsizlik strukturları ilə artıq sıx münasibətlər qurulub. "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO və ona üzv olan dövlətlərlə, həmçinin tərəfdaş ölkələrlə siyasi, iqtisadi, mədəni, hərbi və hərbi-texniki əməkdaşlıq gücləndirilib və bu proses davam etdirilir. Şimali Atlantika Alyansının "Əməliyyat İmkanları Konsepsiyası" proqramı çərçivəsində Silahlı Qüvvələrimizin müvafiq bölmələrinin əməliyyata uyarlılığı artırılıb, əməliyyat imkanları təkmilləşdirilib. Ordumuzun müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, NATO qüvvələri ilə birgə uzlaşma səviyyəsinin artırılması və Avratlantik məkana inteqrasiyanın dərinləşdiriliməsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir.
Təbii ki, istənilən dövlətin istər ölkələrlə, istərsə də beynəlxalq hərbi-siyasi, iqtisadi-mədəni və digər təşkilatlarla əlaqələri onun milli mənafeyinin tələblərindən irəli gəlir. Bu baxımdan, Azərbaycanın xarici siyasəti də düzgün və düşünülmüş əsaslar üzərində qurulub. NATO ilə münasibətlərdə rəsmi Bakı qarşı tərəfin müxtəlif səviyyəli əməkdaşlıq təklifini özünün maraqları prizmasından dəyərləndirir. Bu bir həqiqətdir ki, Şimali Atlantika Alyansı ilə əməkdaşlıq Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycanla sıx əlaqələr də NATO üçün bir o qədər vacib və zəruridir. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Qafqazda, Şərq ilə Qərbin arasında çox mühüm strateji və geostrateji mövqedə yerləşir. Azərbaycan Şərqin Qərbə, Qərbin də Şərqə açılan qapısıdır. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən dəhşətli terror hadisələrindən sonra "təhlükəsizlik sərhədləri"nin böyük Şərqi də əhatə etdiyinə inanan Qərb dövlətləri ölkəmizin əvəzolunmaz tərəfdaş olduğunu bir daha anladılar. Artıq bütün dünya qəbul edir ki, beynəlxalq terrorçu təşkilatların maliyyə mənbələrindən biri və əsası olan narkotik-psixotrop maddələrin daşınmasının məhz bizim coğrafi məkanımızda qarşısının qətiyyətlə alınması terrorizmə qarşı mübarizənin effektivliyini artırır. Əfqanıstanda çətin şəraitdə döyüşən sülhməramlılara və əfqan xalqına humanitar yardımın daşınması məsələsində də Azərbaycan əvəzolunmaz ölkədir və bu siyahıya digər amillər də əlavə oluna bilər. Ona görə də Azərbaycanın təhlükəsizliyinin qorunması, Cənubi Qafqaz regionunda sülh və sabitliyin tam bərpa olunması bu gün NATO və ona üzv olan dövlətlər üçün əsas prioritetlərdən birini təşkil edir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə qısa zamanda həlli məsələsi beynəlxalq ictimaiyyətlə yanaşı Şimali Atlantika Alyansının da diqqət mərkəzindədir.
Əslində, NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamır. Ancaq təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar. Bu günədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat münaqişənin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində qətiyyətlidir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində də Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdı. Yəni qurumun bu məsələdə mövqeyi Azərbaycanın mövqeyi ilə daim üst-üstə düşüb. Ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində aprelin 29-da NATO-nun o zamankı Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə də bu məsələ müzakirə mövzusu olmuşdu. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı Şimali Atlantika Alyansının ədalətli mövqeyinə görə təşkilat rəhbərliyinə təşəkkürünü bildirərək demişdi: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya olduqca minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik". Öz növbəsində NATO-nun eks Baş katibi Yaap de Hoop Sxeffer Azərbaycan rəhbərliyinin bir sıra məsələlərdə, xüsusən qarşılıqlı əməkdaşlıqda siyasi iradə nümayiş etdirməsini yüksək qiymətləndirib. Bu gün də NATO rəhbərliyi xüsusi vurğulayır ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçıdır və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var.
Əməkdaşlığın bariz nümunələrindən biri də Azərbaycanın Şimali Atlantika Alyansının tədbirlərində aktiv iştirak etməsidir. Yaddaqalan tədbirlərdən biri də bu ilin aprel ayında Bakıda keçirilən "NATO həftəsi" oldu. Həmin günlərdə NATO Parlament Assambleyasının Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin 22 üzvü Azərbaycana səfər etdi. Beynəlxalq katibliyin nümayəndələrinin də daxil olduğu heyət Azərbaycan parlamentində görüşlər keçirdi. Müdafiə, xarici işlər, sənaye və energetika, milli təhlükəsizlik nazirliklərində, ATƏT-in Bakı ofisinin rəhbərləri və müşavirləri ilə görüşlər oldu. Görüşlərdə əsas məqsəd Azərbaycan ilə NATO arasında hazırkı durumu müzakirə etmək idi. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin bugünkü vəziyyəti, aparılan danışıqlar da ətraflı müzakirə olundu. Ümumiyyətlə, belə tədbirlərin Bakıda keçirilməsi isə, həm ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırır, həm də Dağlıq Qarabağ münaqişəsinin yoluna qoyulmasında səylərin artırılmasına rəvac verir.
{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.