Naxçıvan Muxtar Respublikasının ərazisi Yer kürəsinin kiçik bir parçası, əhalisi isə dünya əhalisinin azacıq bir hissəsidir. Lakin böyüklük nə ərazi, nə də əhali ilə ölçülür. Özü balaca olsa da, tarix boyu bu diyarın şöhrəti və sərvəti böyük olub. Bu məmləkətdə torpaq elə bir möcüzədir ki, hər şey yetirir, əkəni-biçəni heç vaxt naümüd qoymur.
Qədim tarixə malik Naxçıvan torpağı Azərbaycan üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub. Arxeoloqların fikrincə, əlverişli təbii-coğrafi mövqeyə malik olan bu diyarda əcdadlarımız qədim daş dövründən məskən salmışlar. Qazma, Əshabi-Kəhf, Daşqala, Kilid, “Fərhad evi” kimi tanınan qədim mağaralardan və digər mənbələrdən əldə edilən çoxsaylı maddi-mədəniyyət nümunələri də deyilənləri təsdiqləyir.
Şahbuz rayonunun dillər əzbəri olan Batabat yaylağı ərazisində qədim İpək yolunun üstündəki qayada külünglə çapılaraq düzəldilən “Fərhad evi”ndə müxtəlif vaxtlarda aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, daş məmulatlarının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri bu ərazilərdə qədim insanların hələ paleolit dövründən məskunlaşdığını sübut edir.
“Naxçıvan tarixi” kitabında göstərildiyi kimi, mütəxəssislər tərəfindən aparılan tədqiqatlar nəticəsində o da sübut olunmuşdur ki, eramızdan əvvəl dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində Naxçıvan ərazisində qala-şəhər məntəqələri fəaliyyət göstərib. Yurd yerlərimizdə aparılan qazıntılar nəticəsində mixi yazı nümunələrinin qeydə alınması da regionun qədim tarixə malik olmasının göstəricisi kimi qiymətləndirilib. İnkişaf edib böyüyən bu ərazidə sonrakı illərdə də yaşayışın davam etdiyini sübut edən şəhərsalma mədəniyyətinin və qədim arxitektura nümunələrinin izləri aşkarlanmışdır.
Siyasi maraqların kəsişdiyi məkan
Tanrı bəxşişi olan Naxçıvan Şərqlə Qərbin qovuşağındadır. Di gəl, kənardan baxıb köks ötürmə bu torpağa, belə bir diyara sahib olmaq arzusunu boğ içində. Elə bu niyyətlə yanıb-qovrulan qurd xislətli ermənilər Naxçıvanı işğal etmək, özününküləşdirmək istəyilə qanlar töküb, fitnə-fəsad törədib, mənhus planlarını həyata keçirmək istəyiblər. Muxtariyyətimizin yaradılmasının necə böyük siyasi təzyiqlərə məruz qalması və vətənpərvər ziyalılarımızın başına gətirilən müsibətlər bunu bir daha təsdiqləyir. Muxtar respublikanın yaradılması tarixindən və o zaman aparılan siyasi oyunların məntiqi nəticəsini özündə əks etdirən missiyanın yerinə yetirilməsini şərtləndirən amillər haqqında Naxçıvan MR-in 90 illiyi münasibətilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mözusunda keçirən beynəlxalq konfransda müxtəlif fikirlər səsləndirilmişdir.
Həmin konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: “...1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə görə, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini həlli vacib olan məsələlər sırasına çəkmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu dövrdə yaranmış siyasi vəziyyəti nəzərdə tutaraq demişdir ki, Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etmişdir. Bu zərurət, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi. Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın digər ərazilərindən təcrid olunmuş və burada gərgin vəziyyət yaranmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü vəziyyətdən istifadə edən böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək, Türkiyə ilə Azərbaycan arasında əlaqəni kəsmək istəyirdilər. Erməni yaraqlıları ərazini azərbaycanlılardan təmizləmək üçün ən qəddar vasitələrə əl atır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin təzyiqi, nə də erməni hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında erməni istilaçılarına qarşı Naxçıvanda aparılan müqavimət hərəkatı barədə demişdir: “Naxçıvan öz qüvvəsi ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdir”.
...Bəs necə oldu ki, Naxçıvana muxtariyyət verildi? Sovet “tarixşünaslığı” uzun müddət Naxçıvana muxtariyyət verilməsində mərkəzi hökumətin rolunu qabartmışdır. Üstündən sükutla keçilən bir faktor vardı ki, o da naxçıvanlıların muxtariyyət uğrunda inadlı mübarizəsidir. İndi arxiv materialları aydın şəkildə göstərir ki, Naxçıvana muxtariyyət verilməmişdir, əksinə, naxçıvanlılar bu muxtariyyəti qazanmışdılar. Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də qazanılmışdır. Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə iş aparır və bolşevik Rusiyasının rəhbəri Vladimir Leninə “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”, – deyirdisə, Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar?” sualına: “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər” – cavabını vermişdir.
Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanmış, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur.
Deməli, Naxçıvan tarix boyu hərb meydanı, cəng meydanı olub və elə bu səbəbdəndir ki, bu torpağın sakinləri mücadilədə bişə-bişə, mətinləşə-mətinləşə beş min illik tarixi yaradıb və yaşamaq haqqı qazanıblar. Hətta, təklənəndə belə yağılara layiqli cavab veriblər. Təkcə silaha – silahla cavab verməyiblər, həm də elmin qabağına elmlə, incəsənətin qabağına incəsənətlə, mədəniyyətin qabağına mədəniyyətlə, siyasətin qabağına siyasətlə çıxıblar. Düşməni düşmən kimi, dostu dost kimi qarşılamağı bacarıblar və bacarırlar. Bu Vətənə, bu dövlətə xidməti həyat amalı bilib bu yurdun insanları. Torpağına sahib çıxan, sərhədlərini göz bəbəyi kimi qoruyan naxçıvanlılar uzun illərdən bəri zəhmətlə gülüstana çevirdikləri bu diyara günbəgün gözəllik naxışı vurmaqla bu gün də düşmənə göz dağı yaradırlar.
Dövlət qayğısı insanları daha yaxşı işləməyə, xariqələr yaratmağa ruhlandırır. Bəlkə elə buna görədir ki, “Naxçıvanın insanları da möcüzədir”, – deyirlər. Bənnası bənna kimi, ustası usta kimi yetişib, əsl sənətkar olub. Buna misal yüzlərlə sənət əsərlərini və sənətkarlıq məktəblərini göstərmək olar. Əcəmi Naxçıvaninin bütün Şərqə səs salan memarlıq, yaxud da Bəhruz Kəngərlinin rəssamlıq, boyakarlıq və qrafika məktəblərini göstərmək kifayətdir. Bu diyar bəşəriyyətə dahilər də verib. Şahtaxtinskilər, Məmmədquluzadələr, Ordubadilər, Cavidlər, Məmməd Arazlar, Yusif Məmmədəliyevlər, Cəmşid Naxçıvanskilər və XX əsrdə isə Heydər Əliyev kimi nəhəng şəxsiyyəti ilə tarixlərdə yaşayıb və yaşayacaq Naxçıvan. Bu torpaq varı ilə deyil, varisilə, fərdləri ilə deyil, mərdlərilə yaşayır.
Naxçıvan diyarı mürəkkəb, çətin və maraqlı bir inkişaf yolu keçib. Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üstündə yerləşən bu diyar həmişə fatehlərin, böyük dövlətlərin siyasi maraqlarının kəsişdiyi bir ünvan olub. Bu səbəbdən də onun mənsub olduğu və yaşadığı siyasi tarixin böyük bir qismi mübarizədə keçib.
Tarixə bir nəzər: Tarixçilərin yazdıqlarına görə, eramızdan əvvəl VIII əsrdə Manna dövlətinin tərkibində olan, sonralarsa skiflər tərəfindən ələ keçirilən Naxçıvan daha sonra Midiya, eramızdan əvvəl VI əsrdə isə Əhəmənilər tərəfindən işğal olunub. Eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin ordusunun hücumuna məruz qalan, imperiya dağıldıqdan sonra Atropatena dövlətinə qatılan Naxçıvanı bizim eranın 624-cü ilində Bizans imperatoru II İrakli ələ keçirib. VII əsrin 40-cı illərində isə bölgəni ərəblər işğal ediblər.
IX-XI əsrlərdə Azərbaycanın feodal dövlətlərinin tərkibinə daxil olan Naxçıvan Yaxın və Orta Şərqin gözəl, əzəmətli şəhərlərindən birinə çevrilib. XII əsrdə isə Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin paytaxtına çevrilməsindən sonra Naxçıvanın qüdrəti daha da artıb. XIII-XIV əsrlərdə o, Xarəzmşahların, monqolların, Qızıl Ordanın dağıdıcı yürüşlərinə məruz qalsa da, bütün dövrlərdə öz mədəniyyətini, dövlətçiliyini və tarixi ərazisini qoruyub saxlaya bilmişdir.
Gərgin və təzadlı dövr
1918-1920-ci illərdə Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvanın nə qədər gərgin və təzadlı bir dövr yaşaması tarixi mənbələrdə öz əksini tapıb. Belə ki, mənbələrdə göstərilən faktlara əsasən, demək olar ki, həmin dövrdə iki xarici dövlətin — ABŞ və İngiltərənin general-qubernatorluğunun fəaliyyət göstərməsi regiondakı ictimai-siyasi hadisələri daha da gərginləşdirmişdir. Həmişə Azərbaycan əraziləri hesabına “Böyük Ermənistan” dövlətini yaratmaq arzusu ilə fitnəkar planlarını tarixən başqalarının köməkliyi ilə həyata keçirmək istəyən ermənilər yenə də əl-qol açmağa başladılar.
Bir haşiyə:
“Böyük Ermənistan” — bu xəyali dövlət görəsən, harada olub və onun yaranması ideyası hansı dövrdən baş qaldırıb? Əgər ermənilər öz havadarlarının təşkilatçılığı ilə nə vaxtsa Xəzər, Qara və Aralıq dənizləri arasındakı ərazilərə gətiriliblərsə, onda belə çıxır ki, onların ayaqları dəyən hər yer xəyali dövlətin bir parçası olub. Onda belə çıxır ki, bir yeri-yurdu məlum olmayan erməni əyilib Arazdan su içibsə, bu çay erməni çayı olub. Yaxud da, bir erməni öz şələsini Naxçıvanın harasındasa yerə qoyub bir balaca dincəlibsə, deməli, ora erməni yaşayış məskəni olub?...
O dövrdə də əzəli dədə-baba yurdumuz olan Zəngəzuru elə bu hiylələrlə ələ keçirməklə kifayətlənməyən ermənilər həm də qədim oğuz-türk yurdu olan Naxçıvana da sahib çıxmaq istədiklərindən min-bir hiyləyə əl atıblar. Amma niyyətləri baş tutmayıb. Çünki bu yurda sahib çıxan oğulları, böyük şəxsiyyətləri, siyasi liderləri olub. Onlar zaman-zaman, elə indiki kimi, bu yurdu yağılardan qorumağı bacarıblar. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın bundan sonra da qorunması və muxtar dövlət kimi var olması üçün əməli tədbirlər görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda deyilir:
“Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir".
Naxçıvanın, qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi olan Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzur Azərbaycandan alınıb Ermənistana verilmişdir. Bu, böyük ədalətsizlik idi. Çünki tarixi, əzəli Azərbaycan torpağı olan Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar, bütün yaşayış məntəqələrinin adları isə Azərbaycan adları idi. Eyni zamanda, bu addım Azərbaycanı coğrafi baxımdan iki yerə böldü.
Beləcə tarixin müxtəlif dönəmlərində yaranmış ictimai-siyasi proseslərdən fitnəkar planlarının reallaşması üçün istifadə edən ermənilərin havadarlarının iştirakı ilə də bir çox siyasi hadisələr cərəyan etməyə başladı. Bu səbəbdən də o dövrkü tarix bölgə və onun əhalisi üçün həqiqətən də ağır və təlatümlü dövr olmuşdu. Belə ağır və məşəqqətli dövrdə ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi yenə də yeganə xilasını Azərbaycanın tərkibində qalmaqda gördü.
Türkiyə dövlətinin o dövrdə siyasi və hərbi cəhətdən bölgəyə göstərdiyi təmənnasız kömək sayəsində muxtariyyətin qorunub saxlanılması üçün lazımi tədbirlər görüldü. 1918-ci ilin iyulunda-Azərbaycan Xalq Cümhuriyyətinin yenicə möhkəmləndiyi dövrdə Kazım Qarabəkir Paşanın komandanlığı ilə Naxçıvana gəlmiş XI Qafqaz ordusu ermənilərin bu ərazidən qovulmasında naxçıvanlılara olduqca böyük kömək göstərmişdir. Elə həmin ilin noyabr ayında yaradılan Araz Türk Cümhuriyyəti də əhalinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında əhəmiyyətli rol oynamışdı. Cəmi beş ay fəaliyyət göstərən bu qurum torpaqlarımızın erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünə xidmət etmişdir. Onu da qeyd etmək lazımdır ki, paytaxtı Naxçıvan şəhəri olan bu siyasi qurumun ərazisi 16 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın olub. Həmin qurum təkcə Naxçıvan bölgəsindəki əraziləri əhatə etməyib. Onun çevrəsindəki ərazilər Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri də bu respublikanın tərkibinə daxil olub.
Naxçıvanlıların iradəsi ilə məkrli siyasətin qarşısı alındı
Tarixçilərin fikrincə, əgər 1918-1920-ci illərdə ermənilərin Naxçıvanı işğal etməklə bağlı cəhdləri daha çox hərbi və siyasi müstəvidə aparılmışdırsa, 1920-ci ilin aprelində, bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra daşnak Ermənistanın ərazi iddiası mərkəzi hakimiyyətin regional siyasəti səviyyəsinə qaldırılmışdır. O zamankı “fəhlə-kəndli hökuməti”nin apardığı bu məkrli siyasət Naxçıvanın öz fəhlə və kəndlilərinin qətiyyətli mövqeyi nəticəsində uğursuzluğa düçar oldu. Belə ki, 1921-ci ilin əvvəllərində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisi Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdir. Bundan sonra, ermənilərin zor gücünə, hərbi yolla Naxçıvanı işğal etmək niyyətləri baş tutmamışdır. O dövrdə Ermənistanın ilk baş naziri olmuş şəxs də etiraf etmişdir ki, “Naxçıvanda inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik. Silaha əl atmağa, qoşun yeritməyə və qırğın törətməyə məcbur olduq. Vedibasar və Naxçıvan ərazilərində öz hakimiyyətimizi hətta silah gücünə də qurmağa nail ola bilmədik. Məğlub olduq və geri çəkildik”.
Diplomatiya və siyasət meydanında
Muxtariyyət məsələsinin siyasi aktuallığını belə bir fakt da təsdiq edir ki, bu məsələ 1919-cu ildə bir neçə dəfə Zaqafqaziya Seymində, 1918-20-ci illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyətinin, Türkiyə Respublikasının və Ermənistanın milli şuralarında, parlamentlərində, 1919-cu ildə Versal Sülh Konfransında, 1920-1921-ci illərdə Azərbaycan və qonşu dövlətlərin inqilab komitələrində, 1921-ci il martın 16-da Rusiya Kommunist (Bolşeviklər) Partiyasının Siyasi Bürosunda, 1920-21-ci illərdə Rusiya Xalq Komissarları Sovetində müzakirə mövzusuna çevrilmişdir. Naxçıvan muxtariyyətinin yaradılmasında bu yurdun vətənpərvər və ziyalı övladlarının əvəzsiz rolu olmuşdur. Onlardan bu yolda həyatlarını belə qurban verməyə hazır olan Şahtaxtinskiləri göstərmək olar. Bu nəsilin oğlu, xalqına, dövlətinə özünəməxsus xidmətləri olan Behbud ağa Şahtaxtinskinin Naxçıvanın muxtariyyət statusunun qazanılmasında xüsusi yeri və rolu olmuşdur. Bunu tarixi faktlar da sübut edir.
Naxçıvanın tarixi taleyi yalnız 1921-ci ildə böyük uzaqgörənliklə imzalanmış iki beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində öz əksini tapa bilmişdir. Həmin il martın 16-da Moskvada imzalanan müqavilə Naxçıvanın artıq mövcud olan ərazi statusunu təsbit edərək ona Azərbaycan hakimiyyəti daxilində muxtariyyət verilməsini müəyyənləşdirdi.
Oktyabrın 13-də Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə hökuməti arasında Rusiya nümayəndəsinin iştirakı ilə bağlanan Qars müqaviləsi də əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. 20 maddədən və 3 əlavədən ibarət olan bu müqavilənin beşinci maddəsi Naxçıvanın gələcək statusundan bəhs edirdi: “Türkiyə hökuməti, sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin üçüncü əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar”. Müqavilənin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etmişdir.
Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun olaraq həll edilmişdi. Bu halda Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşmışdır.
Muxtariyyət yollarında
Naxçıvanın muxtar respublika kimi ötən əsrin son onilliklərində inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.
XX əsrin sonuncu onilliyində mənfur ermənilərin yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edərək, başladığı işğalçılıq siyasəti bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olmuşdur.
Bir fakta da diqqət yetirək: 1988-ci ildə məlum hadisələr zamanı sentiyabr ayında Ermənistan KP MK-nin plenumunda Zori Balayan quldur, cəllad və qarətçi Andronikin Sovet hakimiyyəti uğrunda mübarizəsindən danışaraq “Andronik Naxçıvanda Sovet hakimiyyəti quranlardan biridir”, deməklə xalqımızın tarixi keçmişinə ləkə vurmağa çalışmışdır. Bununla yanaşı, Z. Balayan bildirmək istəmişdir ki, Naxçıvan “Sovet Ermənistanı”nın bir parçasıdır. Belə bir dövrdə – odlar diyarının oda-alova düşdüyü zamanda yenidən Naxçıvanın muxtariyyət məsələsinin gündəmə gəlməsi ilə uzaqgörən siyasətçi Heydər Əliyev Naxçıvanın başı üstünü alan təhlükənin nə qədər ciddi olduğunu düzgün qiymətləndirərək bölgənin təhlükəsizliyinin əsas qarantı olan Qars müqaviləsinin təzələnməsi təklifini irəli sürdü və müqavilənin təzələnməsinə nail oldu. Beləcə, yaranmış gərgin vəziyyətdən istifadə etməyə çalışan maraqlı qüvvələrin qarşısına yeni bir keçilməz sədd çəkildi. Bu gün Naxçıvan Muxtar Respublikasının sürətli inkişaf yolu keçməsi və intibah dövrünü yaşaması o dövrdə muxtariyyətimizin qorunması ilə mümkün oldu. Akademik İsa Həbibbəylinin təbirincə desək, Naxçıvan Azərbaycanın dövlətçilik laboratoriyası oldu.
Naxçıvan Muxtar Respublikası tarixin bu mürəkkəb sınaq çağında da ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində öz muxtariyyətini qoruyub saxlaya bildi. Və bu, sonralar, 1998-ci ildə Konstitusiyamızda təsbit olundu.
Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə olduğu kimi, Prezidentimiz cənab İlham Əliyev də ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamışdır.
Bu gün də muxtar respublika əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin konkret tədbirlər görməsi, zəruri istiqamətləri müəyyənləşdirməsi blokada şəraitində yaşayan regionun hərtərəfli inkişafına stimul yaradır. Dövlət siyasətinin muxtar respublikamızda məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov öz diqqət və qayğısını əsirgəmir. Elə buna görə də regionda təhsilin, səhiyyənin, elm və mədəniyyətin inkişafına, tikinti, abadlaşdırma və bərpa işlərinə daim böyük diqqət və qayğı göstərilməsi sayəsində uğurlar, nailiyyətlər əldə olunur.
Naxçıvanın keçdiyi qədim və uzun tarixi inkişaf yolunun hər bir səhifəsi sübut edir ki, bu diyar ən qədim zamanlardan Azərbaycana məxsus olmuşdur, onun ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Naxçıvan bu gün dinamik inkişaf edən Azərbaycan Respublikasının tərkibində olan muxtar respublika kimi dünya birliyinə uğurla inteqrasiya edən çox önəmli bir modeldir. Çünki 1995-ci ilin dekabrından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov Heydər Əliyev ideyalarını məqsədyönlü şəkildə davam etdirən ölkə başçısının yürütdüyü siyasətə dəstək olmaqla yanaşı, həm də ardıcıl və prinsipial dövlətçilik fəaliyyəti ilə həyata keçirilən böyük quruculuq işlərinin muxtar respublikanın 90 illik tarixində xüsusi yeri və rolu vardır.
Muxtar respublikanın son iyirmi illik yeni inkişaf tarixini yazan Muxtar Respublika Ali Məclisinin sədri tərəfindən həyata keçirilən məqsədyönlü işlər bölgənin intibahına, sərhədlərinin möhkəmlənməsinə və muxtariyyətinin qorunmasına böyük töhfələr verdi. Əldə olunan uğurlar bir daha onu göstərdi ki, 90 illik tarixi dövründə Naxçıvan bu qədər inkişaf yolu keçməmişdi.
Tarix sübut edir ki, yol düzgün seçiləndə insanlar da xoşbəxt və firavan yaşamaq haqqı qazanırlar. Bu haqqı dəyərləndirmək bizim hər birimizin vətəndaşlıq borcudur.
Şəhla NƏBİYEVA,
Şahbuz rayonu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.