Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycan və ondan kənardakı siyasi dairələrin diqqəti ABŞ Konqresinə yönəlmişdi. Nümayəndələr Palatasının “Avropa, Asiya və yeni təhdidlər üzrə xarici əlaqələr alt komitəsi” ölkəmizlə bağlı dinləmələr keçirirdi. Komitənin rəhbəri Dana Rohrabaxerin sədrlik etdiyi dinləmələrdə mövzu “Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları” idi.
Əsas şahidlər qismində Azərbaycanda yaxşı tanınan 3 nəfər - keçmiş Sovet ölkələri üzrə araşdırmaçı, Bakıdakı Xəzər Universitetinin fəxri doktoru, professor Odri Altştadt, Güney Qafqaz, Türkiyə və Orta Asiya üzrə araşdırmaçı mütəxəssis, İsveçdəki Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel və 1994-97-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariç dəvət edilmişdi.
Şahidlərin çıxışlarından öncə Nyu Yorkdan olan konqresmen Gregori Miks, Nyu cersidən konqresmen Albio Sayrs və Floridanı təmsil edən konqresmen Ted Döyç qısa çıxış etdilər. Bütün çıxışlarda, təbii ki, Azərbaycanda insan haqları məsələlərinə toxunuldu və “tənqidlər” səsləndi. Amma məsələ ondadır ki, istər dinləmələrin başlanğıcında, istərsə də sonunda diqqətçəkən bu oldu ki: ABŞ siyasətçiləri və ümumiyyətlə, bu dinləmələri təşkil edənlər Azərbaycanın haqlı şikayətlərini və önəmini yetərincə başa düşürlər.
Demək olar ki, bütün çıxışçılar bir məsələdə yekdil fikrə gəldilər ki, Azərbaycan, xüsusən, Rusiya ilə yaşanan problemlər fonunda Qərb üçün olduqca önəmlidir. Enerji məsələləri, eyni zamanda, qlobal təhlükəsizliyin təmin edilməsində Azərbaycanın bölgəmizdə oynadığı və oynaya biləcəyi rol əvəzsizdir.
Belə bir sual da səsləndirildi ki, “Azərbaycan bölgə ölkələrinin hər hansı birinə təhlükə təşkil edirmi?” Salona sükut çökdü və yalnız R.Kozlariç Ermənistanla olan münaqişəni dilə gətirdi. Bunu da, təbii ki, Azərbaycanın təhlükə təşkil etməsi kimi nəzərdə tutmadı. İran və Rusiya arasında “sıxılıb qalmış” Azərbaycanın əlverişli durumda olmadığı da ayrıca qeyd edildi. Yəni ABŞ siyasətinin ordakı təmsilçiləri etiraf etdilər ki, bu Güney Qafqaz ölkəsi əlindən gələni edir ki, həm Rusiya, həm İran, həm də ABŞ başda olmaqla, Qərblə münasibətlərdə qarşılıqlı maraqlara zərər gətirməsin. Təbii ki, bu da alqışlanmalıdır və bəzi Qərb dairələrinin yersiz tənqid etməyə alışdığı Azərbaycanın uğuru kimi qeyd olunmalıdır.
Daha bir maraqlı məqam isə Azərbaycanın dünyəvi, modern bir dövlət olmasının təkrar-təkrar vurğulanması oldu. Yəni dinləmələr nə qədər tənqidə hesablansa da, ABŞ siyasətçiləri bu üstünlük və özəlliklərimizi etiraf etməyə bilmədi. Növbəti etiraf isə ondan ibarət oldu ki, Azərbaycan Qərbin ikili standartlarından əziyyət çəkir. Ukrayna münaqişəsi dilə gətirildi, rəngli inqilablar məsələsi qeyd edildi və deyildi ki, Azərbaycan siyasi çevrələri ABŞ və bütövlükdə, Qərbin ikili standartlarından narahatdır.
Bunun özü ayrıca təqdir ediləsi məqamdır. Çünki uzun illərdir ölkəmizə qarşı ikili standartların tətbiq edilməsindən dad edirik, amma heç kim bunu dilinə gətirmək istəmir. Bu dinləmələrdə aydın oldu ki, artıq ABŞ rəsmi dairələri ikili standartlar məsələsində çox irəli getdiklərini anlayırlar və bunu etiraf etməklə, əslində, Azərbaycanın könlünü almağa çalışırlar.
İnsan haqları məsələlərinə keçməzdən öncə, onu da qeyd edim ki, dinləmələr bir gerçəyi də təsdiqlədi: ABŞ-da artıq başa düşürlər ki, Azərbaycanda dini tolerantlıq hökm sürür. ABŞ siyasətinin öndə gələnlərinin bunu anlaması sevindiricidir.
Baxmayaraq ki, Azərbaycan müəyyən qədər tənqid olundu, ümumilikdə, düşünürəm ki, bu çıxışlar “sifarişli tənqidlər” kimi dəyərləndirilə bilər. Son zamanlar Azərbaycanla bağlı sərt tənqidlər səsləndirən R.Kozlariçin bu dəfəki tənqidi yumşaq sayıla bilər. Əcəba, nə oldu, nə baş verdi, görəsən? Deyəsən, yuxarıda da qeyd edildiyi kimi, ABŞ-ın və bütövlükdə, Qərbin ikili standartlarının daha işə yaramayacağı anlaşılır. Digər tərəfdən, Azərbaycanı uzun-uzadı haqsız yerə tənqid etməyin, bu ölkəylə diktə dilində danışmağın faydasız olduğu artıq dərk edilir.
Azərbaycanda daxili sabitliyin və iqtisadi inkişafın ən önəmli amillər olduğunu ABŞ rəsmiləri də anlayırlar. Onların dərdi heç də iddia edildiyi kimi, ümumilikdə, insan haqları deyil. Əsas dərd ABŞ kəşfiyyatına bağlı media qurumları, QHT-lər və təbii ki, onların əsas fiqurlarının fəaliyyətinə şərait yaradılmasına nail olmaqdır. Elə olmasaydı, insan haqlarının kütləvi şəkildə pozulmasından danışdıqları halda kütləvi faktlar da təqdim edə bilərdilər. Amma bu, olmadı. Çünki hardansa, nəsə eşidiblər, o da ayrıntılı şəkildə yadlarında qalmayıb.
İddia edildi ki, guya, Azərbaycanda 90-dan artıq “siyasi məhbus” var. Alternativ medianın fəaliyyətinə “yasaq” gətirilib və insanlar ifadə azadlığından yararlana bilmirlər. “Sübutlar” da təqdim edildi: ABŞ-a bağlı bir neçə QHT-nin fəaliyyəti, guya, əngəllənib, bəzi jurnalistlər həbs edilib. Həbs edilmiş jurnalistlərə gəlincə, iddia edildi ki, guya, “Azadlıq” radiosunun jurnalisti “Kadica İzmaliyeva” tutulub və jurnalist təşkilatının rəhbəri Emin Hüseynov təqib edilir. Sonuncunun həyat yoldaşı isə ABŞ vətəndaşıdır...
Elə əsas məsələ də, əslində, bundadır. Bu dinləmələrdən belə anlaşıldı ki, ABŞ tərəfini onların iddia etdiyi kimi, heç də siyasi məhbusların taleyi maraqlandırmır. Onları narahat edən Mərkəzi Kəşfiyyat İdarəsinin təbliğat ruporu olan “Azadlıq” radiosunun yerli bürosunun qapanması və həyat yoldaşının ABŞ kəşfiyyatına bağlılığı şübhə doğurmayan Emin Hüseynovun fəaliyyətinin araşdırılmasıdır. Yalnız bu qədər.
Bu arqumentimizi o da gücləndirir ki, qardaşı Ramis Yunusun salonda olmasına baxmayaraq, Arif və Leyla Yunusların adları, ümumiyyətlə, çəkilmədi. Elə ona görə də demək olar ki, bütün çıxışçılar Azərbaycanı bir dəfə tənqid edəndə, beş dəfə də ölkəmizin əhəmiyyətini etiraf etməli oldular. Necə deyərlər, ayının min oyunu məsələsi. Belə anlaşılır ki, ABŞ-ın əsas istəyi bu ölkəyə bağlı qurum və şəxslərin fəaliyyətinə Azərbaycanda “əlverişli” şərait yaratmaqdır.
Azərbaycan isə dəfələrlə bəyan edib ki, xarici təşkilatların fəaliyyətinə ölkə qanunları çərçivəsində heç bir əngəl yoxdur və ola da bilməz. Əgər ABŞ təşkilatları da burada fəaliyyət göstərmək istəyirsə, buyurub qanunlarımıza uyğun iş qursunlar. Həm də fəaliyyətlərində şəffaflığı təmin etsinlər. Amma onlar bunu etmirlər. Əgər belədirsə, Azərbaycan dövləti niyə onlara öz ərazisində işləməyə izn verməlidir?
Bu yerdə yenidən zəruri bir xatırlatma aktuallaşır: cənablar, bəlkə, sürəkli olaraq Azərbaycanı tənqid etməkdənsə, bu ölkənin beynəlxalq normalarla heç bir ziddiyyət təşkil etməyən qanunları çərçivəsində fəaliyyət qurasınız?
Azər HƏSRƏT,
Orta Asiya və Güney Qafqaz
Söz Azadlığı Şəbəkəsinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.