“Freedom House”u çirkli pullar “danışdırır”

Bu təşkilatın mayası qərəz və böhtandan yoğrulub

Azərbaycanın sürətli iqtisadi inkişafı, dünya birliyində reytinqinin getdikcə yüksəlməsi bir sıra beynəlxalq qurumların, o cümlədən, bu uğurları gözü götürməyən dairələrin təşvişinə səbəb olub. Mayaları böhtan və qərəzdən yoğrulmuş belə riyakarlar müxtəlif vasitələrlə ölkəmizə təzyiqlər göstərir, böhtanla dolu “hesabatlar”hazırlayaraq beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmağa cəhd edirlər. Çirkli pullar hesabına “danışan” belə ikiüzlü qurumlara artıq inanan yoxdur. Çünki onların hazırladıqları yalanla dolu hesabatlar artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çoxdan ortaya qoyub.

Ayrı-ayrı qrupların və satqınların  sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan “Freedom House”, “Human Rights Watch”,  “Amnesty International ” və digər ermənipərəst qurumlar  zaman-zaman ölkəmiz haqqında qərəzli hesabatlar hazırlasalar da xəbis niyyətlərinə nail ola bilməyiblər. “Freedom House”un  budəfəki hesabatı da əvvəlkilərdən heç nə ilə fəqlənmədi. Bu qərəzli təşkilat  son illər Azərbaycanın daha da inkişafına və beynəlxalq nüfuzunun artmasına qısqanclığını gizlədə bilmədi. Bu sənəd sübut etdi ki, yalan və böhtanla dolu hesabat hazırlayan “Freedom House” ölkəmizdə baş verən  reallıqları təhrif etməklə dünya birliyində  yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirir. Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəni tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi, xüsusilə 4 aydan sonra Bakıda start götürəcək I Avropa Oyunları ölkəmizin qazandığı nailiyyətləri gözü götürməyənləri qıcıqlandırır və onlar “Freedom House” kimi böhtançı qurumu ortaya ataraq özlərinin şirkli pulları hesabına belə üzdəniraq hesabatlar hazırladırlar. Çirkli pullardan ötrü bütün varlığını  qurban verməyə hazır olan qərəzli təşkilatı bundan artıq heç nə maraqlandırmır. Bu təşkilatın hesabatlarında  həmişə Azərbaycanda baş vermiş müxtəlif hadisələr həddindən artıq  şişirdilir və guya, Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur.

Hesabatda ən çox təəccüb doğuran məqamlardan biri də Azərbaycanın “qeyri-azad”, Ermənistanın isə “qismən azad” ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan hüquq və azadlıqlarının pozulması və məhz bu səbəbdən çoxlu sayda sakininin Ermənistandan getməsi faktı hesabatı hazırlayanların “nəzərindən qaçıb”. “Freedom House”un Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü durumu görməməsi, qonşu ölkənin ərazisinin 20 faizini işğal edən, bu gün də işğalçılıq siyasətini davam etdirən, bir milyondan artıq insanı öz doğma ocaqlarında didərgin salmaqla onların yaşamaq hüquqlarını pozan bir ölkəni – Ermənistanı “qismən azad” göstərməsi bu quruma beynəlxalq ictimaiyyətdə nifrət oyadıb.

Artıq dünya ictimaiyyətinə də bəllidir ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Freedom House” və digər bu kimi qərəzli, həmçinin,  muzdla işləyən təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur.  Məlum olduğu kimi, “Freedom House” təşkilatının xərclərinin 80 faizi ABŞ Beynəlxalq İnkişaf Agentliyi və ABŞ İnformasiya Agentliyi (USİA) tərəfindən maliyyələşdirilir. Digər mühüm donorlardan biri də “Soros Foundations”dir. “Ərəb baharı” prosesində Misirdə, Tunisdə  “Freedom House”dan bir alət kimi istifadə olunmuşdu. Göründüyü kimi, “Freedom House” və bu qəbildən olan digər qondarma insan haqqları müdafiəçiləri bir mərkəzdən idarə olunur. Xatırladaq ki, Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də Azərbaycanın əleyhinə qara piar aparan “Freedom House”,“Amnesty International”, “Human Rights Watch”  kimi beynəlxalq təşkilatların əsas  məqsədləri ölkəmizi gözü götürməyən dairələrin sifarişlərinin reallaşdırılması idi.

Ona görə də ictimaiyyət də artıq ABŞ-da fəaliyyət göstərən “Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair mütəmadi olaraq yaydığı yalan və böhtanlara qarşı bir növ allergiya yaranır və  artıq bu “hesabatlara” əhəmiyyət verən yoxdur. Çünki bu sənədin əksər hissəsi qeyri-obyektiv mülahizələr əsasında tərtib olunur. Odur ki, qurumun budəfəki hesabatını  da ölkəmizə qarşı növbəti  böhtan və qərəz kimi dəyərləndiririk.

Artıq beynəlxalq aləmə də bəllidir ki, ölkəmizdə insan hüquq və azadlıqları daim dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir.  Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamı ilə son 11 ildə 35 min 498 nəfər məhkuma azadlıq bəxş edilib.  Ötən ilin dekabr ayında imzalanan sayca 58-ci sərəncama əsasən 79 məhkumun azadlığa qovuşması ilə 320 ailə sevindi. Ümumilikdə isə, 58 əfv  sərəncamı ilə 6017 nəfər əfv olunub.

Prezident İlham Əliyev 2003-2014-cü illərdə 3 amnistiya aktı da imzalayıb. 2007-ci ildə  9877, 2009-cu ildə 9564, 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. İndi “Freedom House”un rəhbərlərinə aydın oldumu ki, dünyanın heç bir ölkəsində insan hüquq və azadlıqları Azərbaycanda olduğu kimi yüksək səviyyədə qorunmur?  Elə bu təşkilatın maliyyə mənbəyi olan və özünə məskən tapdığı ABŞ-da insan haqlarının vəziyyəti necədir?  Öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran  “Freedom House” yaxşı olardı ki, dünyaya demokratiya dərsi keçən ABŞ-dakı vəziyyət barədə də hesabat hazırlayaydı. Əgər fakt “tapmırsa”, bəzi məqamları bu böhtançı təşkilatın rəhbərlərinin nəzərinə çatdıraq: Birləşmiş Ştatlarda irqi ayrı-seçkilik fonunda qarşıdurma səngimir. Missuri ştatında yaşananlardan sonra növbə Arizona ştatına çatıb. “Rəngli”, daha doğrusu, “qara” inqilab qorxusu artıq Birləşmiş Ştatların başının üstünü Domokl qılıncı kimi almağa başlayıb. Bu dəfə ABŞ-ın Arizona ştatında polis zabiti  34 yaşlı Afrika mənşəli yerli vətəndaşı güllələyib. Mülki şəxs əlini döş cibinə atdıqda, polis onun silah çıxaracağını zənn edərək atəş açıb. Halbuki orada dərman var imiş. Hadisədən əvvəl polis həmin şəxsin narkotik alveri ilə məşğul olmasından şübhələnib və onunla əlbəyaxa olub.

ABŞ-ın bir sıra digər şəhərində də son vaxtlar etiraz aksiyaları keçirilir. Avqust ayında afroamerikalı gənc Maykl Braunu güllələyən Darren Uilson adlı polis məhkəmənin qərarı ilə həbsdən azad edildikdən sonra aksiyalar yeni vüsət alıb. Nyu-Yorkda qaradərili Erik Qarneri boğaraq öldürən polis Deniel Pantaleo haqqında  da analoji qərar verilib. Buna etiraz olaraq Nyu-Yorkda minlərlə insan küçələrə çıxıb. Manhetten körpüsündə nəqliyyatın hərəkəti bir neçə dəfə dayandırılıb. Polis bəzi aksiya iştirakçılarını həbs edib. Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində də aksiyalar keçirilib.

ABŞ-da getdikcə genişlənən irqi ayrı-seçkilik Avropa telekanallarının, müxtəlif kütləvi informasiya vasitələrinin, Rusiyanın “Rossiya-1” telekanalının gündəmindən düşməsə də, nədənsə  “Freedom House”un diqqətini cəlb etməyib.  Çünki bu təşkilatın əsas hədəfi  müsəlman ölkələri, xüsusilə də Azərbaycandır. Təəssüflə bildiririk ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramer “Freedom House” təşkilatına rəhbər təyin olunandan sonra bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çalarları gətirdi. Bu təşkilatı “ağ günə” cıxaran  Devid Kramer hazırda Vaşinqtondakı Makkeyn İnstitutuna rəhbərlik edir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri hesab edilər ki, təşkilatın Azərbaycanla bağlı iddiaları gerçəkliyi əks etdirmir, qeyri-ciddidir və xarici anti-Azərbaycan dairələrin sifarişinin məhsuludur. “Freedom House” anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil və balanslı araşdırma aparmadan öz yekun qənaətini yalnız bu  dezinformasiyalar əsasında formalaşdırır.

Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar erməni işğalçıları tərəfindən işğal edilməsinə, insan hüquq və azadlıqları kobud surətdə pozularaq azərbaycanlıların öz yurdundan qovulmasına göz yuman bu hesabat müəllifləri, beynəlxalq normalarda da təsbit olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasını, oradan qovulmuş  yüz minlərlə soydaşlarımızın öz doğma torpaqlarına qayıtması zərurətini, o yerlərin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasının və digər problemlərin vacibliyini həmişəki kimi “unudurlar”.

“Freedom House” təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı Azərbaycana qarşı növbəti təzyiq vasitəsidir. Bu qərəzli və böhtançı hesabat təşkilatın iç üzünü bir daha açdı.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında