Prezident İlham ƏLİYEV: “Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik

Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. İndi isə növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır... 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu - TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Son illərdə Azərbaycanın  iqtisadi qüdrətinin artması, neft-qaz resurslarından daha  səmərəli istifadə ölkəmizin beynəlxalq və regional miqyaslı enerji layihələrinin əsas təşəbbüskarına və icraçısına çevirmişdir. Hazırda  Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti durmadan artır. Çox mühüm coğrafi mövqedə yerləşən Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, çox zəngin neft və qaz potensialına malik dövlətdir.

Bu il  fevralın 6-da 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır. Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi - “Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq”.

Dövlət başçısı daha sonra vurğulamışdır ki,  Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün respublikamıza nəqliyyat marşrutları lazım idi. Bunun üçün 1994-cü ildə, enerji strategiyamızın reallaşdırıldığı ilk vaxtlarda neft şirkətlərindən ibarət beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün investisiyalar cəlb edildi. Tarixdə ilk dəfə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru kəmərlərinin inşasına başlanıldı. Artıq bu enerji dəhlizinin tikintisi başa çatdırılmışdır. On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara vermiş, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm uğura imza atmışdır.

Ümumiyyətlə, yeni neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulması, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft  və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz ixrac boru kəmərlərinin tikilərək istifadəyə verilməsi Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılmasında önəmli rol oynamışdır.

BTC həm də  Mərkəzi Asiya dövlətləri üçün müstəsna əhəmiyyət kəsb edir. İllik ötürücülük qabiliyyəti 60 milyon ton olan bu kəmər sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Azərbaycan Prezidenti demişdir: “Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. İndi isə növbə təbii qaza çatıb.

Böyük “Şahdəniz” yatağı Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz artıq Azərbaycan qazını hasil və onun regional bazarlara çıxışını təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu - TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı”.

Məlum olduğu kimi, hazırda respublikada təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” strukturundan əldə edilir. Ölkəmizin ən iri bu qaz-kondensat yatağı 1999-cu ildə kəşf olunmuşdur. Xarici tərəfdaşlarla birlikdə işlənilən “Şahdəniz” yatağının  ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza “Cənub” qaz dəhlizi layihəsi üçün əsas mənbə kimi baxılır.

Azərbaycanın müstəqillik illərində qaz ehtiyatlarının kəşfi sahəsində əldə etdiyi uğurlar təkcə “Şahdəniz”lə yekunlaşmır. Müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin öz gücü ilə kəşf etdiyi ilk qaz yatağı olan “Ümid”strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Bundan başqa, buraya “Babək” strukturundakı 400 milyard kubmetr qaz və 80 milyon ton kondensatı, həmçinin ilkin hesablamaları aparılan “Abşeron” yatağındakı 350 milyard kubmetr qaz və 45 milyon ton kondensatı, “Naxçıvan” perspektiv strukturundakı 300 milyard kubmetr qaz və 40 milyon ton kondensatı, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən 360 milyard kubmetr qaz ehtiyatını da əlavə etsək kifayət qədər böyük rəqəmin alındığını görərik. Bu isə ölkəmizin böyük qaz ixracatçısı kimi dünya bazarlarına yol axtarmasına zəmin yaradır.

Əvvəldə qeyd edildiyi kimi, Türkiyə Respublikası və Azərbaycan dövləti arasında TANAP qaz boru kəməri haqqında sazişin imzalanması ilə belə bir yol tapıldı və Avropanın enerji təminatında yeni mərhələnin möhkəm əsası qoyuldu. TANAP kəmərinin uzunluğu təxminən 2000 kilometr olacaq.  Gürcüstan-Türkiyə sərhədindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan və neçə-neçə digər bölgədən keçəcək. 56 düymlük bu boru xəttinin Avropaya çıxış nöqtələri Yunanıstan və Bolqarıstan sərhədləri olacaq. Türkiyənin özünün daxilində isə kəmər Əskişəhər və Trakya bölgələrinə çıxacaq.

Bu layihə iki qardaş dövlətin enerji sahəsində bundan əvvəl Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə vüsət alan, “Petkim”lə davam etdirilən əməkdaşlıq və tərəfdaşlığını daha da möhkəmləndirəcək.  TANAP həm də Azərbaycanla Avropa ölkələri arasında bir körpü olacaq. Yəni, Avropaya istiqamətlənən yanacağı TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) məhz TANAP ötürəcəkdir. Qazın Avropaya nəqli üçün TAP intensiv qiymətləndirmə nəticəsində bir neçə kəmərin sırasından seçilmişdir. Bu kəmər başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatdırılacaqdır. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcək.

2014-cü il sentyabrın 20-də Bakıda böyük təntənə ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Artıq Avropanın enerji təminatına mühüm töhfə verəcək layihənin icrasına başlanılmışdır. Azərbaycan Prezidenti bununla bağlı demişdir: “Şahdəniz” yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır. Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi.

Azərbaycan, Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək dəmir yolu layihələrinin icrasına nail olublar. İndi komandamızda Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır”.

Yeri gəlmişkən, onu da əlavə edək ki, Azərbaycandan daxil olan qaz yaxın gələcəkdə Avropa istehlakçılarının əldə edəcəyi yeganə yeni mənbədir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Dünən Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasının iclası öz işinə başladı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə baş tutan tədbirə layihədə iştirak edən bütün ölkələrdən – Gürcüstandan, Türkiyədən, Bolqarıstandan, Yunanıstandan, Albaniyadan və İtaliyadan yüksək səviyyəli rəsmilər dəvət olunublar.  Layihənin sonrakı mərhələsində   Balkan ölkələrindən tərəfdaşların cəlb olunması istiqamətində işlər aparılacaq. Artıq  Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanıb. Əsas məqsəd Avropa təşkilatlarının güclü dəstəyinə nail olmaq və görüləcək işlərin operativ əlaqələndirilməsini təmin etməkdir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, ”Şahdəniz-2" layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq”.

Azərbaycan dövləti zəngin  qaz ehtiyatlarını nəzərə alaraq hələ də “Cənub” qaz dəhlizi layihəsinə qoşulmayan, lakin Nabukko layihəsinə tərəfdaş olan ölkələri yeni komandaya cəlb etməyə çalışır. Artıq Bolqarıstan TAP-ın üzvləri sırasına daxil olub. Bu ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərəcək. Bu layihəni  Rumıniya, Macarıstan və Avstriya ərazilərindən daha uzaqlara aparmaq mümkündür. İlkin hesablamalar göstərir ki, Avropaya nəql ediləcək Azərbaycan qazının həcmi kifayət qədər çoxdur. Bundan başqa, regionun digər qaz mənbələrinin də yeni kəmərə qoşulması şansı vardır. Bütün bunlar o deməkdir ki, Azərbaycandan Avropaya uzanan yeni qaz kəməri böyük potensiala malikdir.

Dövlətimizin başçısı Münhen konfransındakı çıxışını bu sözlərlə yekunlaşdırmışdır: “Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər qrafik üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş olunub, podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır”.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında