Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq..
Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?
Almaniyada keçirilmiş 51-ci Münhen Təhlükəsizlik Konfransı öz işini başa çatdırdı. Builki tədbirin əsas mövzusu Ukrayna böhranı və ondan çıxış yolları idi. Konfransda 21 dövlətin başçısı, 60 ölkədən isə müdafiə və xarici işlər nazirləri içtirak edirdilər. Konfrans iştirakçıları arasında bir çox dövlət başçıları, NATO və ATƏT rəhbərləri, ABŞ-ın vitse-prezidenti Co Bayden, NATO və ATƏT rəhbərləri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və başqaları var idi. Cənubi Qafqaz ölkələrini bu mötəbər ədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan təmsil edirdilər.
Göründüyü kimi, Ermənistan prezidenti Serj Sarkisyan Münhen tədbirinə qatılmayıb. Erməni politoloqları S.Sarkisyanın belə nüfuzlu tədbirə qatılmamasını birmənalı qarşılamayıblar. Onların fikrincə, Ermənistan Rusiyadan asılı bir ölkədir və öz müstəqilliyini çoxdan Rusiyaya güzəştə gedib. Ona görə də S.Sarkisyanın proseslərə təsir imkanı sıfıra bərabərdir. Bütün bunları dərk edən Ermənistan prezidenti Münhen Təhlükəsizlik Konfransına getməyib. Ermənistanın tanınmış ictimai-siyasi xadimləri bəyan ediblər ki, S.Sarkisyanın maraqlarını çoxdandır ki, Rusiya “ifadə edir”. Ona görə də Ermənistan prezidenti belə bir əhəmiyyətli tədbirə qatılmayıb.
Ukraynada baş verən hadisələr dünyanın super güclərini hərəkətə gətirib. Rusiyaya qarşı reallaşdırılan siyasi sanksiyalar da bu hadisələrin nəticəsidir. Hadisələrin gedişatı göstərir ki, dünyanın güclü dövlətlərinin Ukrayna böhranı ilə əlaqədar başladıqları siyasi proses Dağlıq Qarabağın da taleyinə öz təsirini göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen konfransı çərçivəsində keçirdiyi görüşlər və bu görüşlər zamanı apardığı müzakirələr, həmçinin “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa”da, “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsindəki çıxışları, eyni zamanda verilən suallara cavabları ölkəmizin milli maraqlarının qorunması ilə yanaşı, işğalçı Ermənistanın bir daha ifşası ilə nəticələndi.
Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələri və ətrafda gedən prosesləri düzgün qiymətləndirən dövlətimizin başçısının bu tədbirdə iştirakı və çıxışı, əlbəttə ki, milli maraqlarımız, o cümlədən, Dağlıq Qarabağ məsələsinin ədalətli həll istiqamətində irəliyə doğru atılmış daha bir addım idi. Bu istiqamətdə irəliləyişin artıq şahidi olmuşduq. Prezident İlham Əliyevin bu ilin yanvarında Almaniyaya səfəri çərçivəsində Kansler Angela Merkellə keçirdiyi görüş zamanı Dağlıq Qarabağ probleminin aradan qaldırılması ilə əlaqədar səslənmiş fikirlər, daha dəqiq desək, A.Merkelin açıqlaması postsovet məkanındakı münaqişələrə Qərbin yanaşmasında yenilik kimi də qiymətləndirilir. Bu baxımdan 51-ci Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ probleminin yenidən müzakirəyə çıxarılması münaqişənin bu vaxta qədər uzanmasında Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsi, eyni zamanda dünyada ikili standartların açıq şəkildə mövcudluğu özünü qabarıq büruzə verəcəkdi. Biz dövlət başçısı İlham Əliyevin çıxışı və ona ünvanlanmış suallara verdiyi cavablar zamanı da bunun şahidi olduq.
Qeyd edək ki, Münhen tədbiri təkcə konfrans şəklində keçirilmirdi. Tədbirdə müxtəlif mövzularda “dəyirmi masa”lar və panel diskussiyalar da təşkil olundu. Orada müxtəlif ölkələrin rəhbərləri çıxış edərək, bu və ya digər məsələ ilə bağlı öz mövqelərini bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı böyük maraqla qarşılandı. Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger Prezident İlham Əliyevə bu müzakirələrdə iştirakına görə təşəkkür etdi.
Konfrans çərçivəsində enerji təhlükəsizliyinə həsr olunmuş “Şaxələndirmə strategiyaları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən dövlətimizin başçısı dedi ki, enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, ölkəmiz yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır. İndi - “Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.
“Dəyirmi masa” iştirakçıları son 11 ildə neft-qaz boru kəmərlərinin inşasında Azərbaycanın həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələr tanış oldular. Respublikamızın rəhbəri vurğuladı ki, on il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. İndi isə növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağının Azərbaycan üçün nəhəng ehtiyat olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun dünya miqyasında ən böyük qaz yataqlarından biri olduğunu bildirdi. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, artıq Azərbaycan qazının hasili və onun regional bazarlara çıxışı təmin edilib. Qonşu dövlətlər – Gürcüstan, Türkiyə, İran və Rusiya hazırda Azərbaycan qazını alırlar. Dövlətimizin başçısı digər iri həcmli layihələrdən söhbət açaraq dedi ki, 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Trans-Anadolu - TANAP qaz boru kəməri haqqında saziş imzalanıb. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı.
Azərbaycanın qaz ehtiyatları Avropanın gələcəkdə enerji təminatında böyük rol oynayacağından xəbər verir. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.
Qarşıda duran iri infrastruktur layihələrin inçası barədə məlumat verən Azərbaycan Prezidenti bildirdi ki, biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük.
51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda keçirilən panel müzakirəsində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və sualları cavablandırıb.
İlk sual Sloveniya Respublikasının Prezidenti Borut Pahordan gəlib. Respublikamızın rəhbəri həmin suala cavab verməklə Ermənistan rəhbərliyinin iç üzünü açıb və beynəlxalq aləmin bu ədalətsizliyə bu vaxta qədər göz yummasını, həmçinin ikili standartların hələ də davam etdiyini kəskin tənqid edib: “..Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb”.
Azərbaycan Prezidenti Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiqlərin olmadığını da diqqətə çatdırıb. Ölkə başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir: Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib".
Tədbirdə iştirak edən Ermənistan nümayəndəsinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində, Azərbaycan Ordusunun ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham etməyə cəhdi həm onun özünün, həm də Ermənistanın ifşası ilə nəticələndi.
Azərbaycan Prezidenti bu ittihamlara cavab oaraq bildirdi ki, günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır: “ Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”
Dövlət başçısı Ermənistanın vəziyyəti gərginləşdirilməsi ilə bağlı konkret faktlar da göstərdi. Prezident ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğulayıb və Vladimir Putinin avqust ayında Serj Sarkisyanla onun görüşünü təşkil etməsini xatırladıb: “Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf - həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24" hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq”.
Sonda Azərbaycan Prezidenti Ermənistana mesaj da göndərdi: “Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir”.
Azərbaycan Prezidentinin 51-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı və çıxışı cox uğurlu olmuşdur. Tədbir çərçivəsində keçirilən görüşlər, cıxışlar, verilən sualların cavablandırılması bir daha Azərbaycan həqiqətlərini ortaya qoydu, Ermənistanı isə ifşa etdi.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.