Terroru pisləyənlərin “mənəvi terror”u

Müasir dünya demokratiya pərdəsi altında “gizlənmiş” bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin zaman-zaman şahidi olub. Son illər bəzi dövlətlərin beynəlxalq hüquq normalarına münasibətlərinin siyasi avantürizm formasında təzahürü istər-istəməz belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında əsl demokratik dəyərlərə “ikili standart”la yanaşma getdikcə güclənir. Başqa sözlə, özünü “demokratiyanın beşiyi” sayan bəzi dövlətlər hətta insan hüquqlarına münasibətdə özlərinin geosiyasi maraqlarından çıxış edir, beynəlxalq gərginliyi süni şəkildə artırırlar.

Bu ilin əvvəllərindən başlayaraq Avropada islamafobiyanın pik həddə çatması, söz, fikir, mətbuat azadlıqlarının təminatı adı altında insanların vicdan azadlıqlarının kobud şəkildə pozulması, şərəf və ləyaqətlərinin, milli və dini heysiyyətlərinin alçaldılması, bir sözlə, dini dözümsüzlüyün tüğyan etməsi bu həqiqəti bir daha təsdiqləyir. Bir qədər də konkretləşdirsək, bu ilin yanvar ayının 7-də Fransanın “Şarli Ebdo” jurnalının redaksiyasının əməkdaşlarına qarşı törədilmiş terror aktı zəminində cərəyan edən hadisələr rəsmi Parisin söz və məlumat azadlıqları ilə manipulyasiya etdiyini bir daha təsdiqlədi. Uzun illər ərzində İslam dininə etiqad edən insanları qıcıqlandırmaq yolunu seçən, Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını dəfələrlə dərc edən sözügedən jurnalın redaksiyasına silahlı hücumun təşkili və 10-dan çox əməkdaşının qətlə yetirilməsi Avropada islam dininə və ümumən müsəlmanlara qarşı yeni hücumlara başlanılması üçün cılız bəhanəyə çevrilib. Nəinki Fransanın, eləcə də Avropanın bir çox dövlətlərinin rəsmilərinin “Şarli Ebdo” jurnalının müsəlmanları aşağılamasına və onların müqəddəs inanclarını təhqir etməsinə söz və mətbuat azadlığı kontekstindən bəraət qazandırmaq cəhdləri isə ikili standart yanaşmaların təzahürü kimi ikrah hissi doğurur.

Şübhəsiz, müasir dünyada söz, fikir və mətbuat azadlıqları hər bir sivil dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu azadlıqlar hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Bu da təsadüfi deyildir ki, bəşəriyyətin mövcudluq tarixi söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə ifadə etməyə, eyni zamanda dəqiq, obyektiv informasiya almağa mənəvi ehtiyac duyub.

Bununla yanaşı, bir həqiqəti də unutmaq olmaz ki, heç bir hüquq və azadlıq mütləq xarakter daşımır, yəni hüdudsuz ola bilməz. Söz, fikir və mətbuat azadlıqları da hüdudsuz olmayıb müəyyən konvensiya, saziş və sənədlərlə tənzimlənir, zəruri hallarda qanunla məhdudlaşdırılır. Beynəlxalq hüquqda isə hər bir dövlət bərabərhüquqludur. Fransa da insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasını birmənalı şəkildə yasaqlayan bir sıra beynəlxalq konvensiyaları, sazişləri ratifikasiya etməklə üzərinə ciddi öhdəliklər götürüb. Həmin beynəlxalq sənədlərdə insan hüquq və azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, universal səciyyə daşıdığı birmənalı şəkildə vurğulanır. Əgər hansısa dövlətin qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlarla həmin dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur. Həmin prinsip hər bir ölkədə insan hüquq və azadlıqlarının təminatı məsələsində beynəlxalq konvensiya və sazişlərin daha üstün olmasını preventiv məsələ kimi önə çəkir. Bu baxımdan Fransanın söz və mətbuat azadlıqlarını vicdan azadlığından daha üstün tutmasına nə mənəvi, nə də hüquqi baxımdan bəraət qazandırmaq mümkündür.

Avropanın bir çox dövlətlərinin mövqeyində rast gəlinən bu yanlış yanaşmanın insan hüquq və azadlıqları sahəsindəki beynəlxalq konvensiyalarla ziddiyyət təşkil etdiyini isə konkret misallar əsasında göstərmək mümkündür. Məsələn, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”sinin 30-cu maddəsində göstərilir ki, “Bu Bəyannamədə heç nə hər hansı dövlətə, şəxslər qrupuna və ayrı-ayrı şəxslərə Bəyannamədə elan olunmuş hüquq və azadlıqların qadağan edilməsinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı hərəkəti törətmək hüququnun verilməsi kimi təfsir oluna bilməz”.

Avropa Şurasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” 4 noyabr 1950-ci il tarixli Konvensiyasında da insanların söz, fikir, sərbəst düşüncə, əqidə azadlıqları birmənalı təsbit olunub. Həmin konvensiyanın 10-cu maddəsində (Fikri ifadə etmək azadlığı) göstərilir ki, “1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq, yaymaq azadlıqları daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları; iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın qorunması; digər şəxslərin nüfuzunun və hüquqlarının müdafiəsi; gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması; ədalət mühakiməsinin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.

1789-cu il tarixli Fransa “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi”ndə də söz və mətbuat azadlıqlarından sui-istifadə yolverilməz sayılır. Həmin Bəyannamənin 11-ci maddəsində göstərilir ki, “Fikir və düşüncə azadlıqlarının azad ifadəsi insanın mühüm hüquqlarındandır. Hər kəs azad danışa, yaza və nəşr etdirə bilər. Lakin bu məsələdən sui-istifadə edən şəxs qanunun müəyyən etdiyi hallarda məsuliyyət daşıyır”.

Bu sənədlər bir daha göstərir ki, insan hüquq və azadlıqları heç bir ölkədə hüdudsuz deyildir və lazımi hallarda qanunla məhdudlaşdırıla bilər. İnkişaf etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar, sosial gərginlik və digər oxşar hallarda hakimiyyət medianın informasiyaya çıxışı, informasiya əldə etmək və yaymaq hüququnu sərt şəkildə məhdudlaşdırır. Məsələn, 2013-cü il oktyabrın 30-da Böyük Britaniya Kraliçası II Yelizaveta Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən Kral Xartiyasını imzalayıb. Yeni qaydalara görə, Britaniya KİV-ləri jurnalistlərin etik normalara riayət etməsini tənzimləyən qurum yaratmalıdır. Həmin tənzimləyici qurum etik normaların pozulması faktını aşkarladığı media orqanını bir milyon funt sterlinq məbləğində cərimələyə bilər. Üstəlik, bu tənzimləyici qurumun işinə nəzarət edən xüsusi rəsmi dövlət orqanı da formalaşdırılıb. Bir tərəfdən, diffomasiya haqqında qanunun qəbulunu zəruri sayan, digər tərəfdən, fikir, söz və məlumat azadlıqlarını məhdudlaşdıran Avropa ölkələrinin Məhəmməd peyğəmbərin (s.ə.s) təhqir olunmasını söz azadlığı nümunəsi kimi təqdim etməyə çalışması heç bir mənəvi, hüquqi, siyasi çərçivəyə sığmır.

Başqa bir problem kimi isə sosial şəbəkələrdə qeyri-obyektiv, qanunazidd informasiyaların yayılmasını göstərmək olar. Məlumdur ki, bir sıra hallarda sosial şəbəkələr yayılması qanunla qadağan olunmuş informasiyanın mənbəyi rolunda çıxış edir, sonra isə həmin məlumatlar internet media tərəfindən tirajlanır. Artıq Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən də bəlli olduğu kimi Youtube, Google, Tvitter, Facebook kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələr qanunlara uyğun qərarlar qəbul ediblər. Eyni zamanda, həmin şəbəkələrə cəmiyyətin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq xəbərdarlıqlar da edilib. Həmçinin kəşfiyyat xarakterli, cəmiyyətdə gərginlik yarada biləcək məlumatların sızmasının qarşısını almaq məqsədilə bəzi ölkələrdə sosial şəbəkələrə qarşı daha sərt addımların atılması faktları da mövcuddur. Məsələn, 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı Facebook və Tvitter sosial şəbəkələrinə giriş məhdudlaşdırılmışdı.

Bir sözlə, söz, fikir, məlumat azadlıqlarının insanların digər azadlıqlarının təminatına problem yaratması, dini, milli, irqi zəmində qarşıdurma yaratması yolverilməz sayılır. Bu kontekstdən yanaşdıqda Fransanın “Şarli Ebdo” jurnalının redaksiyasının öz fəaliyyətində beynəlxalq konvensiyalara və insanların vicdan azadlığına sayğısız yanaşdığı aydın görünür. Yəni söz və mətbuat azadlıqları adı altında insanların dini inanclarının təhqir olunması, aşağılanması tamamilə yolverilməzdir; bu fakt özünü “insan hüquqlarının və demokratiyanını beşiyi” sayan Fransada islamofobiyanın hökm sürdüyünü təsdiqləyir.

Bundan başqa, bu gün Fransa dövlətinin söz, fikir və məlumat azadlıqlarının yüksək səviyyədə təminatı məsələsində səmimi olmadığını, ikili standartlardan çıxış etdiyini yaxın tarixi keçmişdə baş vermiş hadisələr də təsdiqləyir. Təxminən 3 il əvvəl “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsi Fransa Parlamentinin yuxarı palatası olan Senatda qəbul edilmişdi. Bu fakt Fransanın söz və mətbuat azadlıqlarına gerçək münasibətini təsdiqləmişdi. Fransa Senatının qəbul etdiyi qanun, ilk növbədə, beynəlxalq konvensiya və sazişlərdə, protokollarda əksini tapmış fundamental insan haqlarının bu ölkənin yurisdiksiyası çərçivəsində açıq-aşkar məhdudlaşdırılması demək idi. Məhz buna görə də Fransa Konstitusiya Məhkəməsi bu qanunu ləğv etmək məcburiyyətində qalmışdı. Demokratik dəyər və ideallar uğrunda çoxəsrlik mübarizəsi ilə öyünən Fransa XXI əsrdə müsəlmanlara qarşı başladığı ayrı-seçkiliklə faktiki olaraq geriyə addım atır. Söhbət insanların vicdan azadlıqlarının, şərəf və ləyaqətlərinin mətbuatda kobud şəkildə tapdanmasından, dövlətin bu prosesə dolayısı ilə dəstək verməsindən gedir.

Qəribə tendensiya həm də bundan ibarətdir ki, vaxtilə Avropanın özünün fundamental dəyər kimi önə çəkdiyi tolerantlıq prinsipi son illər məhz bu geosiyasi məkanda ciddi aşınmaya məruz qalır. Hələ 2011-ci il iyulun 22-də Norveçdə 70 dinc insanın ölümü ilə nəticələnən terror aktı Avropada antiislam kampaniyasının yenidən gücləndiyini, bu coğrafi məkanda müsəlmanlara qarşı tolerant olmayan münasibətin hökm sürdüyünü göstərmişdi. Avropanın ən firavan və dinc ölkələrindən birində baş vermiş bu dəşhətli faciə yeni postsosialist dövlətlərinə “demokratiya ixracı”na çalışan bəzi Qərb ölkələrində islamofobiya meyillərini qabarıq şəkildə təzahür etdirmişdi.

Norveçdəki qanlı hadisə bu qənaəti bir daha təsdiqlədi ki, terrorçunun dini, milləti, vətəni olmur. Sadəcə, onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün müəyyən dini-ideoloji ehkamlardan çətir kimi istifadə etməyə çalışırlar. Bu gün həm İslam, həm də xristian “pərdəsi altında gizlənərək” məkrli niyyətlərini həyata keçirməyə, gərginlik yaratmağa çalışan terrorçu qruplaşmalar var. “əl-Qaidə” təşkilatı, mərkəzi qərargahı Livanda olan “Hizbullah” hərəkatı, Ermənistanın dəstəklədiyi ASALA, ABŞ-da “Ku-klus-klan”çıların yaratdığı “xalq drujinaları”, Yaponiyada fəaliyyət göstərən “Aum Sinrikyö” təşkilatının fəaliyyəti dinləri gözdən salmağa, terrorla əlaqələndirməyə yönəlib. Bu da bir həqiqətdir ki, adıçəkilən terror təşkilatları müəyyən qüvvələr tərəfindən və konkret məqsədlər üçün yaradılıb.

Digər tərəfdən, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, heç bir dövlət bu qruplaşmaların törədə biləcəyi vəhşiliklərdən sığortalanmayıb. Müasir dövrdə terrorizm bütövlükdə dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə, bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir. Mahiyyətindən, baş vermə səbəblərindən asılı olmayaraq “Şarli Ebdo” jurnalı redaksiyası əməkdaşlarının zorakılıqla öldürülməsi terror cinayəti kimi müsəlmanlar tərəfindən də pislənilir, vandalizm aktı kimi qiymətləndirilir. İslam dini birmənalı şəkildə insanların öldürülməsinə, onlara qarşı qəddarlıqların törədilməsinə qarşı çıxır. İslam dini tolerantlığı əsas dəyərlərdən biri kimi qəbul edir. Qurani-kərimdə bununla bağlı buyurulur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən insanların müxtəlif inamda, fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. İslama görə, tolerantlıq gücü qarşısında dözümlülük nümayiş etdirmək deyildir, əksinə, özündən zəifə, yaxud bərabər olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. Yəni İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında sülh, həmrəylik və tolerantlıq ovqatının vacibliyini önə çəkir.

Fransadakı məlum hadisə fonunda Avropada özünü göstərən neqativ tendensiyalardan biri də islamın terrorla əlaqələndirilməsi və bu yolla sivilizasiyalararası toqquşmanın yaradılması, dövlətlərin bir-birinə inam və etimadının zəiflədilməsi cəhdləridir. Hələ 2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra bu məqsədləri rəhbər tutan bəzi dövlətlər islamı guya “terrorçuluğa zəmin yaradan” din kimi qələmə verməyə çalışsalar da, mütərəqqi dünya bu yanaşmanı əsassız və təhlükəli saydı. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə münasibət bildirərkən islam dininin terrorla əlaqələndirilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulayıb, terrorçunun dininin olmadığını bildirib. Dövlət başçısı hesab edir ki, heç bir din terror aktlarına, zorakılığa haqq qazandırmadığı halda, terrorçuların fəaliyyətinin bu rakursda şərh edilməsi də yanlış və qərəzlidir: “Bizi narahat edən məsələ bəzi ölkələrdə İslama nifrət meyillərinin güclənməsidir. Biz indi sivilizasiyalar arasında dialoqdan çox danışırıq, amma əslində, real həyatda bunun əksini görürük. Onu görürük ki, müxtəlif ölkələrdə dini zəmində ayrı-seçkilik halları artır, İslam dininə mənsub olan insanlara münasibət bəzi hallarda lazımi səviyyədə deyil və bu dini ayrı-seçkiliyə biz yox deyirik. İndi biz qloballaşmadan söhbət açırıq, sivilizasiyalararası dialoqdan söhbət açırıq, demokratik dəyərlərə daha da sürətlə yiyələnirik. Belə olan halda biz hər hansı zəmində - dini, yaxud da ki, milli zəmində ayrı-seçkiliyin olması, hansısa dinin nümayəndələrinə mənfi münasibət göstərilməsi ilə heç cür barışa bilmərik”.

Yanvarın 7-də törədilmiş məlum terror aktından sonra yüksək tirajla çap olunan “Şarli Ebdo” jurnalının Məhəmməd peyğəmbərin (s.ə.s) yeni karikaturalarını dərc etməsi müsəlmanların heysiyyətinə toxunmaqla, sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirməyə xidmət edən addımdır. Təsadüfi deyildir ki, həm Roma Papası, həm də bir çox ölkələrin ali dini rəhbərləri bəyanatla çıxış edərək bu addımı qətiyyətlə pisləmiş, insanların vicdan azadlıqlarına hörmətlə yanaşılmasının vacibliyini diqqətə çəkmişlər. Lakin ayrı-ayrı Avropa ölkələrində müsəlmanlara qarşı başlanmış geniş kampaniya, İslam dininə etiqad edən insanların sıxışdırılması, onların deportasiya edilməsi sözügedən coğrafi ərazidə milli kökə qayıtmaq adı altında, əslində qatı millətçilik ovqatının genişlənməsinə cəhdlər edildiyini göstərir. Bir qayda olaraq İslam dininin, müsəlmanların terrorla əlaqələndirilməsi də daha çox etnik-dini ziddiyyətlərin təzahürü kimi özünü göstərir. Nədənsə unudulur ki, baş verənlər fonunda bu gün hansısa müsəlman ölkəsində İsa peyğəmbərin, İncilin, Zəburun, Tövratın təhqir olunmasına, yandırılmasına rast gəlinməyib. Bunun dindən gələn səbəbi də var ki, İslam özündən əvvəlki peyğəmbərləri və dini kitabları qəbul edib təsdiqləyən dindir.

Təəssüflə vurğulamaq lazımdır ki, bəzən islami dəyərlərin hakim olduğu müsəlman ölkələrində də tolerantlıq prinsipi ilə uzlaşmayan, hətta Qurani-kərimlə yasaq olunan addımlar atılır. Dini fundamentalizmin və cəhalətin bariz təcəssümü olan bu addımlar isə yanlış olaraq İslamla əlaqələndirilir. Məsələn, Suriya və İraqda İŞİD terror qruplaşmasının cihad adı altında törətdiyi dəhşətli cinayətlər, insanlığa sığmayan əməllər, əslində, islamın gerçək mahiyyətinin təhrif edilməsinə, onun gözdən salınmasına, beynəlxalq ictimaiyyətdə yanlış təəssüratın formalaşdırılmasına xidmət edir. Sözsüz ki, bu əməlləri törədənlər də həmin təşkilatı formalaşdıran, İslamı gözdən salıb zəiflətmək istəyən qüvvələrin diktəsi altında hərəkət edirlər.

Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinhedləri və digər millətçi təşkilatlari göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.

Nəhayət, bu gün Avropa bir mühüm məqamı unutmamalıdır: insanların söz və mətbuat azadlıqları kimi, vicdan və etiqad azadlıqları da qorunmalı, mətbuatın milli, dini, irqi qarşıdurma yaratmaq cəhdləri qanun çərçivəsində məhdudlaşdırılmalıdır. Bu, bəşəriyyətin sülh və əmin-amanlıq içində yaşamasının ən ümdə şərtidir. Milyonlarla insanın dini inancının məsxərəyə qoyulması, müqəddəs saydığı peyğəmbərlərin təhqir olunması demokratiya deyil, “mənəvi terror” kimi dəyərləndirilməlidir. Terroru pisləyənlər isə əvvəlcə özləri terrora haqq qazandırmaq kimi riyakar siyasətdən əl çəkməlidirlər.

Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında