(əvvəli ötən sayımızda)
Təqdirəlayiq haldır ki, dövlət rəhbəri İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi məqsədyönlü siyasətlə ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın nəcib fəaliyyəti həmahəngdir. Prezidentimiz və onun xanımı Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də bütün dünyada aparıcı mövqeyə çıxması, dünya birliyində layiqli yerini tutması, qüdrətli, inkişaf etmiş dövlətə çevrilməsi üçün yorulmadan çalışırlar. Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, ümumbəşəri dəyərlərə sadiq qalması, təhsilimizin, elmimizin inkişafı istiqamətində bu xeyirxah xanımın göstərdiyi xidmətlər, gördüyü dəyərli işlər xalqımız, millətimiz, Vətənimiz üçün müstəsna əhəmiyyətə malikdir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq dövlətçilik tariximizdə misilsiz tarixi xidmətlər göstərmiş qüdrətli bir şəxsiyyətin — Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin qorunması və təbliği kimi ali bir missiyanı da layiqincə yerinə yetirir. Ulu öndər Heydər Əliyev zəngin dövlətçilik və siyasi irsinin qorunması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsi Azərbaycan xalqının milli dövlətçilik şüurunun inkişafının və yetişməkdə olan gənc nəslin dövlətçilik ənənələrinə sədaqət, azərbaycançılıq ideologiyası, Azərbaycan məfkurəsi ruhunda tərbiyə olunmasının ən vacib şərtlərindən biridir.
UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011 və 2013-cü illərdə Bakıda I və II Ümumdünya mədəniyyətlərarası forumları keçirilmişdir. 2011-2013-cü illərdə I, II və III Bakı Beynəlxalq humanitar forumları və başqa nüfuzlu tədbirlər Bakıda təşkil olunmuşdur. Növbəti - IV Bakı Beynəlxalq humanitar Forumu ötən ilin oktyabr ayında keçirilmişdir. 2014-cü ilin 2-3 oktyabr tarixlərində keçirilən Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nəfər iştirak etmişdir. Onlardan 4 nəfəri sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimai və siyasi xadim idi.
Ölkəmizdə son illərdə sahibkarlığa göstərilən maliyyə dəstəyi daha da gücləndirilmiş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsaitlər, 125 milyon manatını isə əvvəlki illərdə sahibkarlara verilmiş və geri qaytarılan kreditlər təşkil edir. Bu kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsinin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 72,1 faizi ölkə regionlarının, 27,9 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Son on bir il ərzində Azərbaycanda 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, onlardan da 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi, demək olar ki, öz həllini tapmışdır. Azərbaycanda ölkə rəhbəri İlham Əliyevin düşünülmüş siyasəti sayəsində işsizlik 5 faizə qədər azalmışdır.
Prezidentimiz bildirmişdir ki, biz ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstəririk:”Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da güclənmişdir. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk”.
Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi kimi tanınan Azərbaycanın təchizatçısı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsi ilə ölkəmiz qlobal enerji bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir. Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yeni inkişaf mərhələsi isə, öz növbəsində, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zərurətini yaradır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi məhz bu sahəyə dövlət başçısı tərəfindən göstərilən böyük diqqət və qayğının əyani təzahürüdür.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənmiş dövlət proqramları ilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmışdır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Maliyyə və iqtisadi böhran illərinə baxmayaraq, ölkəmizdə iqtisadi inkişaf sahəsində pozitiv təmayüllər saxlanmaqdadır. 2013-cü il ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki illə müqayisədə 3,4 faiz artmışdır.
“Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”. Ulu öndər Heydər Əliyevin bu fikri dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsasında dayanır. 2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər imzalanmışdır. Transadriatik boru xətti layihəsinə dair qərarın qəbul edilməsi, TAP-ın əsas marşrut kimi seçilməsi ötən ilin strateji əhəmiyyətli hadisələridir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri hələ uzun illər ölkə iqtisadiyyatına öz səmərəsini verəcəkdir.
Bundan başqa, dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsinə şərait yaradacaqdır. 2014-cü il sentyabrın 20-də ”Cənub” qaz dəhlizinin təməli qoyuldu. Bu tarixi gün məhz 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsinin”nın imzalanmasından və onun uğurla icra edilməsindən düz 20 il ötdüyü gün idi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi tarixi nailiyyətlərdir. Prezidentimizin sözlərinə görə, bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq:”Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir”.
Ölkə rəhbərliyini apardığı uğurlu iqtisadi siyasət və yaradılan əlverişli sərmayə mühiti nəticəsində hər il ölkə iqtisadiyyatına böyük həcmdə investisiya qoyulur. Hazırda Azərbaycanın 53 milyard dollardan çox valyuta ehtiyatları var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, həm də neft-qaz sənayesinin inkişafına. Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artım yüksək sürətə malikdir. Hazırda neftin qiyməti kəskin şəkildə aşağı düşür. Lakin ölkə rəhbərliyi qeyri-neft sektoru hesabına iqtisadiyyatın dayanıqlı inkişafını davam etdirir və bu, xalqın rifahının getdikcə daha da yaxşılaşmasının təminatıdır.
Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən edən strateji fəaliyyət istiqamətidir. Xüsusilə, qloballaşma dövründə yeni informasiya,intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı bir mühitdə hər bir cəmiyyətin inkişafında təhsilin və elmin rolu danılmazdır. Hörmətli Prezidentimiz İlham Əliyev çox haqlı olaraq vurğulayır ki, “biz iqtisadi potensialımızı intellekt potensialına çevirməliyik”. Müasir təhsil sistemini keçmiş təhsil sistemindən fərqləndirən cəhət onun məhz milli xarakter daşımasıdır. Millilik ilk növbədə ölkənin inkişaf perspektivlərinə, xalqımızın mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanır.
Qeyd etdiyimiz kimi, təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2003-cü illə müqayisədə təhsilə ayrılan ümumi xərclər də dəfələrlə artıb. 2014-cü ildə ölkəmizin dövlət büdcəsi 14 dəfə, minimum əmək haqqı 18 dəfə, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclər 9 dəfə, təhsilin maliyyələşdirilməsi və investisiya qoyuluşu 47 dəfə, təhsil işçilərinin orta aylıq əmək haqqı 8 dəfə artmışdır. 2003-cü ildən sonra təhsil sahəsində həyata keçirilən inkişaf yönümlü dövlət proqramları və layihələrin sayı 25-ə çatır. Son on bir ildə ölkədə 3000-ə yaxın yeni məktəb və əlavə korpuslar tikilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş, təhsil sisteminin informasiyalaşdırılması proqramı respublikanın bütün təhsil müəssisələrində uğurla başa çatdırılmışdır. Azərbaycanda 2015-ci il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, növbəti ildə təhsil xərcləri üçün 1717,2 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19 faiz çoxdur. Gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur.
Müstəqil Azərbaycan dövlətinin mövcudluğu şəraitində yüksək səviyyədə ölkə rəhbəri tərəfindən gənclər siyasəti həyata keçirilir. İlham Əliyev dövlətimizin bugünkü və gələcək inkişafının onun intellektual potensialından asılı olduğunu qeyd edərək bildirmişdir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda görürük: o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir... Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılıdır.
Ölkə rəhbərliyi tərəfindən gənclərin vətəndaşlıq tərbiyəsi və cəmiyyətdə iştirakı, intellektual və yaradıcı gənclərin inkişafı üçün şəraitin yaradılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, gənclər siyasəti infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, regionda yaşayan gənclərin fəallığının artırılması məsələlərinə daim xüsusi diqqət yetirilir. Gənclər, bədən tərbiyəsi və idman siyasətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə “2014-2024-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2014-2020-ci illər üçün Milli Strategiya”nın layihələri hazırlanmışdır.
Ölkə rəhbərliyinin təhsilə, səhiyyəyə olan diqqət və qayğısı gələcəyimiz olan sağlam, savadlı və vətənpərvər gəncliyin yetişdirilməsi kimi strateji məqsəd daşıyır. Azərbaycan Respublikası Prezidentinin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında məlum fərmanları səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır. Səhiyyənin inkişaf tendensiyası 2013-cü ildə də davam etdirilmiş, bu da öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün əsaslı zəmindir. Belə ki, son 10 il ərzində doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxıb, ölüm isə 6 -dan 5,9-ə düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edir. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulmuşdur ki, bu da 2013-cü illə müqayisədə 8 faizdən çox artım deməkdir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib.
Ölkə rəhbərliyi tərəfindən bundan sonra da hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetləri müəyyənləşdirilmişdir. Bu il də makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun əsasən ölkənin sənaye potensialından istifadə etməklə inkişafı, infrastruktur layihələrinin davam etdirilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, regionların və Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı tədbirlərinin davam etdirilməsi, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsi, ekoloji tədbirlərin sürətləndirilməsi davam edəcək.
Azərbaycan xalqı xoşbəxtdir ki, ulu öndərin alternativi olmayan düşünülmüş və müdrik siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı xoşbəxtdir ki, dövlətçilik sükanı etibarlı əllərdədir. Azərbaycan xalqı xoşbəxtdir ki, xalqını dərindən sevən prezidenti ilə əl-ələ verib qüdrətli dövlət, güclü Azərbaycan qurur!
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri,
YAP Siyasi Şurasının üzvü,
Əməkdar müəllim,
Beynəlxalq “Sokrat” mükafatı laureatı,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.